Məhkəmə qərarları › İş №2(103)-5569/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5569/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5569/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçı Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(011)-934/2020 saylı qətnaməsindən iddiaçı “xxxxxxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim L.Rəhimli, iş N 2(011)-934/20) iddia qismən təmin edilmiş, 5572,91 (beş min beş yüz yetmiş iki manat doxsan bir qəpik) manat məbləğində əsas borc və 19,11 (on doqquz manat on bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 5591,9 (beş min beş yüz doxsan bir manat doxsan qəpik) manat məbləğində kredit borcunun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 alınaraq “xxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. İddiaçı “xxxxxxxx” ASC apelyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı “xxxxxx” İKB (bundan sonra “xxxxxxxxx” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 6593,41 manat əsas, 349,38 manat faiz, 19,11 manat cərimə borcu olmaqla, cəmi 6961,9 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxxxx” İKB ASC-dən illik 29 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüş, lakin müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx.xx.2019-cu ilədək Cavabdeh1 banka xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 6593,41 manat əsas, 349,38 manat faiz, 19,11 manat cərimə borcu olmaqla, cəmi 6961,9 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınır. İşin müəyyən edilmiş hallarından görünür ki, “xxxxxx” İKB ASC ilə Cavabdeh1 arasında imzalanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 29 faiz ödəmək şərtilə 36 ay müddətinə 10000 manat məbləğində kredit xətti açılmışdır. Həmçinin borcun təminatı olaraq “xxxxxx” İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin borcalanla birgə kreditor qarşısında kredit müqaviləsinə dair borcalanın daşıdığı öhdəliklər üzrə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə “xxxxxx” İKB ASC-yə 6593,41 manat məbləğində əsas, 349,38 manat faiz və 19,11 manat cərimə olmaqla, cəmi 6961,9 manat məbləğində kredit borcu vardır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdə 100 manat, xx.xx.2019- cu il tarixdə 470 manat, xx.xx.2020-ci il tarixdə 400 manat, xx.xx.2020-ci il tarixdə 400 manat kredit ödənişi etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanun cərimənin məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutsa da, əsas və faiz borcuna bu halı aid etməmişdir. Cavabdehin iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən sonra etdiyi ödənişlər Bank tərəfindən əsas və faiz borcu ilə yanaşı, cərimə bocuna da aid edilmiş olsa da, məhkəmə ödənilən məbləği əsas və faiz borcundan silmiş, cəriməyə silinmiş məbləği isə nəzərə almamışdır. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apelyasiya şikayətinin məzmunundan göründüyü kimi, iddiaçı qətnaməni yalnız iddianın təmin edilməyən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız apelyasiya qaydasında mübahisələndirilən hissədə və yalnız iddiaçının apelyasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, Cavabdeh1 izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırda tələb etdiyi borc məbləğindən cavabdeh xx.xx.2019-cu il tarixdən sonra 1370 manat məbləğində pul vəsaiti ödəniş etmiş, həmin ödənişin əsas və faiz borcuna yönəldilməsi nəticəsində Cavabdeh1 iddiaçıya olan cari faiz borcu qalmamış (faiz borcunu edilən ödənişdən çıxdıqda tamamilə silinir, əlavə olaraq 1020,62 manat pul vəsaiti qalır), cari əsas borcu 5572,79 manat (6593,41-1020,62), 19,11 manat cərimə olmaqla, cəmi 5591,9 manat təşkil edir. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 470.1, 470.2, 739.1, 739.2-ci maddələrinə istinad etmişdir. Apelyatorun mövqeyinə görə qanun cərimənin hakim tərəfindən azaldılmasını nəzərdə tutsa da, əsas və faiz borcuna bu halı aid etməmişdir. Tərəfin iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən sonra etdiyi ödənişlər bank tərəfindən əsas və faiz borcu ilə yanaşı cərimə borcundan da silinsə də, məhkəmə ödənilən məbləği yalnız əsas və faiz borcundan silmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş dəbbə pulunun azaldılması əsasları ilə birinci instansiya məhkəməsinin hazırkı iddia üzrə əsas və faiz borcunun azaldılması əsasları eyni deyildir. Belə ki, hazırkı vəziyyətdə əsas və faiz borcu cavabdeh tərəfin ödənişləri əsasında azaldılmışdır. Qeyd edilməlidir ki, Cavabdeh1 tərəfindən 1370 manat manat pul vəsaitinin ödənilməsi barədə məhkəməyə ödəniş qəbzləri təqdim edilmişdir. Məhkəmə həmin ödənişləri məhz iddiaçının özünün təqdim etdiyi maliyyə arayışı və ödəniş qrafiki əsasında əsas və faiz borcundan silmişdir. Digər tərəfdən, tərəflər arasında kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə 36 ay müddətinə bağlanmış və bank müqavilə müddəti bitənədək məhkəmədə iddia qaldırmışdır. Müqavilə müddəti ərzində Bankın məruz qaldığı zərər isə yalnız əsas və faiz borcunun ödənilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, kredit müqaviləsi üzrə kreditorun müqavilə müddətində çəkdiyi mümkün zərər müqavilədə əsas borca görə nəzərdə tutulan faiz məbləğinin vaxtında ödənilməməsidir. Belə ki, kredit müqaviləsinə görə borcluya verilmiş kredit məbləğinin ödənilməsi gecikdirilsə də bu məbləğə görə müqavilə müddətində faizlərin hesablanması əsas borca münasibətdə aparıldığından, yəni kreditorun mənafeyinə uyğun olaraq əsas borc dövriyyədə olmaqla faizlərə münasibətdə ona gəlir gətirdiyindən müqavilə müddətində kreditor əsas borca görə zərər çəkmir. Lakin əsas borca görə faizlərin vaxtında ödənilməməsi kreditoru vaxtında əldə etməli olduğu pul məbləğini yenidən dövriyyəyə buraxmaqla gəlir əldə etmək imkanından məhrum edir. Qanunvericilik qeyd olunanları nəzərə alaraq borclunun kredit müqaviləsi üzrə kreditor qarşısında üzərinə götürdüyü öhdəliklərin təmini üsullarını nəzərdə tutmuşdur ki, həmin üsullar da kreditorun mümkün zərərdən qorunmasına təminat verir. İddianın təmin olunan hissəsi cavabdeh tərəfindən apelyasiya qaydasında mübahisələndirilmədiyindən məhkəmə kollegiyası 19 manat 11 qəpik məbləğində cərimə borcunun tutulması hissəsində qətnamənin əsaslılığına münasibət bildirmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddianın təmin olunmayan hissəsində) iddiaçının apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar