Məhkəmə qərarları › İş №2(103)-5570/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5570/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5570/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və onun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-796/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı – cavabdehə vermiş olduğu 7800 manat məbləğində borcun ondan tutularaq xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-796/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qərara alınmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, hazırkı qətnamə ilə ondan tutulan 1500 manat pul əslində iddiaçının bacısı A.Mirzəyevdan alınmış borc olub ki, həmin pul məbləği də A.Mirzəyevanın iddiası əsasında Xətai Rayon Məhkəməsinin icraatında olmuş, məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 1100 manat pul iddiaçının xeyrinə ondan tutulmuşdur. Eyni zamanda, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili M.Ağalarov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Bakı şəhəri Yasamal rayon polis idarəsinin istintaq şöbəsinin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh Bakı şəhər prokurorluğuna ərizə ilə müraciət edərək bildirmişdir ki, Aygün Mirzəyeva ona borca pul verərək, sonradan faizlə pullarını tam geri qalmasına baxmayaraq əlavə pul almaq məqsədi ilə ona öldürməklə hədə-qorxu gəlmişdir. Həmçinin xx.xx.2016-cı il tarixdə X1 rayon 27-ci polis bölməsinə ərizə ilə müraciət edərək Cavabdeh onun 1100 manat və 4000 ABŞ dollarını ələ keçirib ona qarşı dələduzluq etdiyini bildirmişdir. Eləcə də, xx.xx.2016-cı il tarixdə İddiaçı və X2 rayon 27ci polis bölməsinə ərizə ilə müraciət edərək, İddiaçı bildirmişdir ki, banka olan kredit borcunu qaytarmaq üçün 8200 manat miqdarda pulu borc kimi, S.Talıbova isə oğlu Tural Talıbovu Dövlət Statistika Komitəsinə işə düzəltmək məqsədi ilə 1500 manat pulu Dövlət Statistika Komitəsində işləyən Cavabdeh verdiklərini, lakin Cavabdeh heç bir iş görməyərək həmin pulları mənimsədiyini bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş Cavabdeh ifadəsində S.Talıbova, A.Mirzəyeva, İddiaçı ifadələrində göstərdiyi halları və xüsusatları təkzib edərək göstərmişdir o, 1996-cı ildən hal hazıradək Dövlət Statistika Komitəsində baş məsləhətçi vəzifəsində işləyir. Belə ki, Aygün Mirzəyeva 2016-cı ilin yanvar ayınadək onun işlədiyi Dövlət Statistika komitəsində iqtisadçı vəzifəsində işləyib və bu yolla da 2007-ci ildən başlayaraq onunla tanış olaraq aralarında xoş münasibətlər yaranmışdır. Buna görə də sonradan, yəni 2013-cü ildə Aygün Mirzəyeva vasitəsi ilə onun doğma bacısı İddiaçı ilə tanış olmuşdur. 2008-ci ildə sağ süd vəzində şiş əmələ gəldiyi üçün məcbur olub Respublika Onkoloji Mərkəzində əməliyyat olunmuş və sonrakı illər ərzində bədənində həmin istiqamətdə digər fəsadlar yarandığı üçün yenidən yatağa düşmüşdür. Son nəticədə də 2013-cü ildə «Lanset» adlanan Cərrahlıq Klinikasında təkrarən qadın orqanlarından əməliyyat edilmişdir. Bununla da o, onkoloji xəstə olduğu üçün həmin illər ərzində müalicəsi ilə bağlı ona xeyli miqdarda pul lazım olmağa başlamışdır. Bununla əlaqədar olaraq o, ilkin öz şəxsi vəsaitlərini xərcləyərək müalicəsinə sərf etmişdir. 2013-cü ildə isə pul tapa bilmədiyindən məcbur olub Aygün Mirzəyevaya müraciət edərək ona faiz ödəmək şərti ilə borca pul almış, ona görə ki, Aygün qeyri-rəsmi olaraq işlədikləri Komitətdə müəyyən adamlara faizə borca pul vermişdir. Beləliklə də, o, Aygünə müraciət edib xəstəliyi ilə bağlı borca pul istədikdə o, onunla razılaşaraq 2013-cü ilin avqust ayından başlayaraq 2014-cü ilin yanvar ayına qədər olan müddət ərzində (dəqiq günü və ayları xatırlamır) ilk dəfə 1500 manat pulu hər növbəti ay üçün 7 faiz miqdarda pul ödəməyi şərti ilə ona borc vermişdir. Sonradan isə həmin müddət ərzində o, yenidən əlavə olaraq eyni məqsədlə Aygün Mirzəyevadan pul istəyərək ümumilikdə ondan 5100 manat pulu eyni şərtlə borca götürmüşdür. Götürdüyü həmin pulların müqabilində o, hər ay üçün 7 faizdən olmaqla Aygün Mirzəyevaya gəlir kimi pul ödəmişdir. 2013-cü ilin təxminən payız aylarında isə Aygün Mirzəyeva Bakı şəhərində olmadığından o, onu doğma bacısı Mehrabanla calayaraq, borc götürdüyü pulların faizlərini Mehribana verməsini xahiş etmişdir. Buna görə də, həmin ərəfədə o, Aygünün vasitəsi ilə onun bacısı Mehribanla işlədiyi Komitənin qarşısında ilk dəfə görüşərək tanış olmuş və həmin vaxt faizları Mehribana çatdırmışdır. Bu yolla o, həmin ərəfədə təxminən 2-3 ayın faizlərini Mehribana çatdırmışdır. Daha sonra isə Aygün Mirzəyeva özündə pulunun olmadığını deyərək bildirmişdir ki, ona yenidən əlavə pul lazım olarsa, onda onun bacısı Mehribandan eyni qaydada, yəni ayda 7 faiz ödəmək şərti ilə borc götürə bilər. Məhz bu səbəbdən də, o, sonradan, yəni 2014-cü ilin yanvar ayından sonra Aygünün bacısı Mehribandan hissə-hissə olmaqla hər ay 7 faiz ödəmək şərti ilə cəmi 6900 manat pulu borca götürdüyü üçün hər iki bacılardan götürdüyü ioulların ümumi miqdarı 12000 manat təşkil etmişdir. 2 il müddətinə o, Aygün və Mehriban bacılarına onlardan borc aldığı pulların hesabına 20000 manatdan artıq miqdarda faiz pulunu gəlir kimi ödəmişdir. 2015-ci ilin yanvar ayında isə Aygün ona zəng edib onunla bacısı Mehribana məxsus dan bütün pullarını təcili qaytarmağını tələb etmişdir. Həmin vaxt isə onun pulu olmadığından o onların pullarını qaytara bilməmiş və buna görə də onun doğma bacısı X8 ona köməklik etmək məqsədi ilə məcbur olub özünə məxsus 2014-cü ilin aprel ayında 19500 manata almış olduğu «KİA-Cerato» markalı avtomobili 2015-ci ilin fevral ayında 13000 manata sataraq həmin pulun 12000 manatını ona vermişdir. O da xx.xx.2015-ci ildə həmin 12000 manat pulu Aygünün iştirakı ilə onun bacısı İddiaçı qaytarmışdır. O da həmin pulu ondan təhvil alması barədə yazdığı qəbzi öz imzası ilə təsdiq etmişdir. Həmin vaxt üçlükdə aralarında apardıqları haqq-hesabat nəticəsində müəyyən etmişlər ki, onun, onlara, yəni Aygün və Mehriban bacılarına ödəməli olduğu faiz pullarının miqdarının ümumi qalığı cəmi 3800 manat təşkil edir. Belə ki, həmin 3800 manat ona verilmiş əsas borc pulların faizləri olmaqla onlardan 1500 manatı İddiaçı, qalan 2300 manatı isə Aygün Mirzəyevaya aid olmuşdur. Həmin vaxt bu kimi haqq-hesabat apardıqdan sonra Aygün ondan əlavə qəbz yazmağını tələb etməsə də, onun bacısı Mehriban ondan yazılı qəbz verməyini tələb etmişdir. Bu səbəbdən də o, həmin görüşləri zamanı Mehribanın tələbi ilə bu barədə özü qəbz yazıb Mehribana verərək təsdiq etmişdir. Ona cəmi 1500 manat miqdarda faiz borcu qalmışdır. Bundan sonra o, növbəti aylar, yəni 2015-ci ilin mart, aprel, may, iyun və iyul ayları üçün həmin 3800 manat faiz borcunun faizları olan 365 manat pulu Aygün və Mehriban bacılarına ödəmişdir. 2015-ci ilin iyul ayının 13-də o, əlavə olaraq Aygünə 400 manat ödəyərək bu barədə ona qəbz imzalatdırmışdır. Həmin qəbzi, yəni balaca sarı rəngli «stiker» adlanan kağız parçasını ifadəsinə əlavə etmişdir. Mülki işdə olan qəbzin surətindən görünür ki, Cavabdeh Mehriban xanımdan götürdüyü 12000 manat pul vəsaitini xx.xx.2015-ci ildə qaytarmasını və İddiaçı həmin vəsaiti qəbul etməsini öz imzaları ilə təsdiq etmişlər. Mülki işdə olan qəbzdən görünür ki, Cavabdeh Mehriban xanıma 1500 manat borcu qalmasını xx.xx.2015-ci il tarixdə təsdiq etmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının iddia tələbinin qanuni əsasını MM-nin 739-cu maddəsi (borc müqaviləsi) təşkil edir. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllə, maddə 739.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Rayon məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, tərəflər pulun alınıb-verilməsi zamanı öz aralarında bunu yazılı qəbzlərlə təsdiq etmişlər. Yəni cavabdehin iddiaçıya son olaraq 1500 manat borcunun qalmasını təsdiq etdiyi yazılı qəbz olmuşdur (i/v 57). Cavabdeh həm polisə, həm də məhkəməyə verdiyi izahatlarında borcunu tam qaytarmasına istinad etsə də, lakin 1500 manat borcunu qaytarmasını təsdiq edən hər hansı sənəd və ya digər mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı isə hazırda cavabdehin ona 1500 manat borcdan əlavə də 6300 manat borcunun qalmasına istinad etsə də, lakin qeyd edilən borcun cavabdehə verilməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi 1500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsinə dair hissədə təmin edilməli, qalan hissədə isə sübuta yetirilmədiyindən rədd edilməlidir. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində ondan hazırkı qətnamə tutulan 1500 manat pulun əslində iddiaçının bacısının xeyrinə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan tutulduğunu qeyd etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdehin iddiaçıya 1500 manat borcunun qalması barədə qeydi hazırkı işin mübahisəsiz halıdır (i/v 57). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya cavabdehin apellyasiya şikayətinin digər dəlili iddiaçı müddətinin ötürülməsi ilə bağlı isə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülməmişdir. Ona görə ki, tərəflər arasındakı borc münasibətləri ilə bağlı 2016-cı ildən 2018-ci ilin sonuna kimi cinayət işi davam etdiyindən, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı tərəfindən Yasamal RPİ 27-ci Polis Bölməsinə ünvanladığı ərizəsi əsasında toplanmış materiallara əlavə edilən Cavabdeh tərəfindən 2016-cı ildə verilmiş izahatdan görünür ki, o, 1500 manat məbləğində pul vəsaitini aldığını və qəbzi imzaladığını etiraf etmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidənbaşlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Cavabdeh iddiaçının ərizəsi əsasında toplanmış materiallar əsasında 2016-cı ildə verdiyi izahatında iddiaçıya 1500 manat məbləğində pul vəsaiti borclu olmasını etiraf etdiyindən, bununla da, borcun etirafı ilə əlaqədar hərəkətlər edildiyindən məhz həmin dövr ərzində iddia müddətinin axımı kəsilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iş üzrə Yasamal RPİ 27-ci Polis Bölməsi tərəfindən ilk qərar (cinayət işinin başlanmasının rədd edilməsi haqqında) xx.xx.2016-cı il tarixdə qəbul edilmişdir. Daha sonra dəfələrlə həmin qərardan şikayətlər verilmiş, iş üzrə müxtəlif tarixlərdə qərarlar qəbul olunmuş, cinayət işi üzrə araşdırmalar davam etdirilmişdir. Hazırkı iş üzrə Yasamal RPİ 27-ci Polis Bölməsi tərəfindən sonuncu qərar xx.xx.2018-ci il tarixdə qəbul edilmiş, cinayət işi üzrə icraata xitam verilmişdir. Bu səbəbdən Kollegiya iddia tələbi üzrə iddia müddətinin ötürülmədiyini hesab edir. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxxxxx 2018-ci il tarixindən qüvvəyə minmiş) xx xxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, həmin qanunun mənasından müəyyən olunur ki, hazırkı qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır, qətnamədən yalnız iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 404-1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-796/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar