Məhkəmə qərarları › İş №2(103)-5572/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5572/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5572/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Məmmədov Səbuhi Əli oğluna qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) X2 İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və X1 ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2551/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsindən cavabdeh Məmmədov Səbuhi Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. xx.xx.2020-ci il tarixli, 22-Y-2-0-311-20 saylı kredit müqaviləsi ilə Məmmədov Səbuhi Əli oğluna 36 ay müddətinə illik 18 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Məmmədov Səbuhi Əli oğlu İddiaçı ASC-nə 5999.12 manat əsas, 452.68 manat faiz, 164.55 cərimə borcu olmaqla, ümumilikdə cəmi 6616.35 manat borcu yaranmışdır.

3. 07.02.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur.

4. 23.02.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçıASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 85.34 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdeh Məmmədov Səbuhi Əli oğluna qarşı – Məmmədov Səbuhi Əli oğlu ilə Yelo Bank" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi və Məmmədov Səbuhi Əli oğlundan “Yelo Bank" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5999.12 manat əsas borc, 452.68 manat faiz borcu və 82.28 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6534.08 manat və 85.34 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Məmmədov Səbuhi Əli oğlu xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. xx.xx.2021-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Məmmədov Səbuhi Əli oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka 5999.12 manat əsas borc, 452.68 manat faiz borcu və 164.55 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6616.35 manat borcu vardır. Məmmədov Səbuhi Əli oğlunun xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 164.55 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 82.28 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2551/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddianın təmin edilməsi, Məmmədov Səbuhi Əli oğlu ilə Yelo Bank" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsini ləğv edilməsini, Məmmədov Səbuhi Əli oğlundan xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5999.12 manat əsas, 452.68 manat faiz, 82.28 manat cərimə borcu olmaqla, ümumilikdə 6534.08 manat və 85.34 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.2.1, 448.1, 739 və 743-cü maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh Məmmədov Səbuhi Əli oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamə çıxararkən qanunvericiliyin normaları düzgün tətbiq etməmiş, işə tam, hərtərəfli baxmayaraq qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsinin iş üzrə çıxardığı qətnaməsi onun hüquqlarını sərt şəkildə pozur və bu səbəbdən hesab edir ki, həmin qətnamə ləğv edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə aralarında bağlanan xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 18 faizlə 36 ay müddətinə 15.000 manat pul kreditə götürmüşdür. Aralarında bağlanmış xx.xx.2021ci il tarixli Əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. Borc məbləğinin böyük bir hissəsinin geri qaytarılmasına və kredit müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq iddiaçı əsassız yerə tələblə ondan pul tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi onun məhkəmə iclasında iştirakını təmin etmədən, heç bir araşdırma aparmadan və tərəflərin izahatlarını dinləmədən iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə iş üzrə çıxarılan qətnaməni prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərə çatdırılmalı olsa da, məhkəmə qətnaməsi ona yalnız icra məmurunun onu məlumatlandırması nəticəsində xəbəri olmuşdur. Məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində qətnaməni əldə etmişdir, məhkəmə prosesindən və çıxarılan qətnamədən mənim ümumiyyətlə məlumatım olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Məmmədov Səbuhi Əli oğlu isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 385 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 421.2 tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

15. Maddə 442.1 öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 739. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

19. Maddə 741 əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

20. Maddə 743. əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2551/2023 nömrəli, 19 aprel 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

31. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır.

32. Borc məbləğinə aid hissədə kollegiya qeyd edir ki, iş materiallarında olan hesabdan çıxarışdan və maliyyə arayışından göründüyü kimi, Məmmədov Səbuhi Əli oğlu İddiaçı ASC-nə 5999.12 manat əsas, 452.68 manat faiz borcu yaranmışdır.

33. Dəbbə pulu hissəsinə mübasibətdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

34. Göründüyü kimi, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borca tənasübdür. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, 82.28 manat məbləğində cərimə borcu cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır.

35. Məhkəmə eyni zamanda iddia tələbinin “cavabdeh Məmmədov Səbuhi Əli oğlu ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi”nə dair hissəsi üzrə də düzgün nəticəyə gəlmişdir. Belə ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən və götürdüyü borcu qaytarmadığından, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur.

36. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə iclaslarıda məlumatı olmamışdır. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini əsassız hesab edir. Belə ki, iş materialarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxt və yeri barədə cavabdehin qeydiyyatda olan ünvanına məhkəmə bildirişi və istifadəsində olan mobil nörmərələrə isə sms bildiriş göndərilmişdir. MPM-nin 135.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir.

37. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, borc məbləğinin böyük hissəsinin geri qaytarılmasına və kredit müqaviləsinin müddətinin bitməməsinə baxmayaraq iddiaçı əsassız yerə tələblə ondan pul tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini də əsasız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 7.1ci maddəsinin tələbindən görünür ki, kreditor bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə biləcək hallarda (borcalan ona verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə ödəmədikdə və.s) verdiyi krediti hesablanmış faizi ilə birlikdə qaytarılmasını borcalandan tələb edə bilər. Hazırkı işin hallarında məlum olur ki, cavabdeh (borcalan) ona verilmiş krediti və hesablanmış faizi ödəniş qrafiki üzrə vaxtında ödəməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

40. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Məmmədov Səbuhi Əli oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2551/2023 nömrəli, 19 aprel 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh Məmmədov Səbuhi Əli oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar