Məhkəmə qərarları › İş №2(103)-5574/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5574/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5574/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin və əlavə xərclərin artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "alimentin və əlavə xərclərin artırılması" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-1798/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016cı il tarixli, 2(102)-3836/16 nömrəli qərarı ilə iddiaçının şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(103)-2527/2016 saylı qətnaməsinin cavabdehdən əlavə xərclərin tutulmasına aid hissədə ləğv edilməsi, bu hissədə yeni qərar qəbul edilməsi, iddianın qismən təmin edilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X2 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 75 manat məbləğində, ayda cəmi 150 manatın tutularaq İddiaçı Nizam qızına verilməsi qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017ci il tarixli, 2(102)-1802/2017 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-6715/2016 saylı qətnaməsinin aliment məbləğinə dair hissədə dəyişdirilməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-582/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı Nizam qızına verilməsi qərara alınmışdır.

4. X12 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışlarına əsasən X3 "mürəkkəb miopik astiqmatizm" diaqnozu və X4 “müştərək xarici çəpgözlük, mürəkkəb miopik astiqmatizm” diaqnozu qoyulmuşdur.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli AB 6185/2023 saylı arayışına əsasən X3 “ikitərəfli anadangəlməyastıpəncəli İİİ dərəcə" diaqnozu qoyulmuşdur.

6. Respublika Kliniki Uşaq Xəstəxanasının xx.xx.2023-cü il tarixli Pediatrik transtorakal Exokardioqrafıya protokoluna əsasən X3 MVP yüngül.MÇ min diaqnozu qoyulub.

7. İddiaçı "Azərbaycan Dövlət İqtisad Universiteti" PHŞ-də dosent kimi çalışmaqla aylıq əmək haqqı 1.350 manat təşkil edir.

8. Cavabdeh Tovuz rayon Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyatdadır.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı "alimentin və əlavə xərclərin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-1802/2017 saylı qərarı ilə xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər uşaq üçün hər ay 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(102)-3836/16 saylı qərarı ilə Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X2 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə 75 manat məbləğində, ayda cəmi 150 manat tutulan pulun artırılaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X2 müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 500 manat məbləğində, ayda cəmi 1.000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödəilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı iş üzrə Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 doğulub. Cavabdehlə ailə münasibətləri pozulduğu üçün Cavabdeh qarşı "nikahın pozulması və aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(006)-4162/2012 saylı qətnaməsi ilə Cavabdeh qarşı “nikahın pozulması və aliment tələbinə dair” iddia ərizəsi təmin edilmişdir. Hazırda uşaqların saxlanılması üçün ümumilikdə 470 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması zəruridir. Qanuni qüvvəyə minmiş qətnamələrlə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 12 saylı Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli 136 saylı həkim məsləhət komissiyasının rəyinə əsasən “xx.xx.2012-ci il təvəllüdlü ekiz uşaqlar - X8 və X10 ensefalopatiya, əqli inkişafın ləngiməsi, nitq pozuntusu" diaqnozu ilə dispanser qeydiyyatındadır. Ambulator, stasionar xəstənin tibbi kartasından çıxarışa əsasən “xx.xx.2012-ci il təvəllüdlü X8 və X5 mərkəzi sinir sisteminin hipoksiyası, motorikanın ləngiməsi” diaqnozu qoyulub. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 12 saylı Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli 94 saylı məktubuna əsasən xx.xx.2012-ci il təvəllüdlü X8 “əqli inkişafın ləngiməsi nitq pozuntusu ilə, şəplik, MMS oyanıqlıq’’ diaqnozu ilə dispanser qeydiyyatındadır, ümumi vəziyyəti kafidir. Psixifiziki inkişafı geri qalır. İntellekt inkişafı yaşına uyğun deyil. xx.xx.2012-ci il təvəllüdlü X10 “ensefalopatiya, əqli inkişafın ləngiməsi, nitq pozuntusu, sadə hipermetopik astiqmatzm” diaqnozu ilə dispanser qeydiyyatındadır. Psixi-fiziki inkişafında ləngimə qeyd olunur, əsəbidir, narahatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 12 saylı Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli 110 saylı məktubuna əsasən xx.xx.2012-ci il təvəllüdlü X10 "sadə hipermetropik astiqmatizm", xx.xx.2012-ci il təvəllüdlü X8 "mürəkkəb miopik astiqmatizm, çəpgözlük" diaqnozu ilə oftalmoloji kabinetdə qeydiyyata götürülüblər. Hər iki uşaq “impetiqo diaqnozu ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci ilədək 3N-1İ uşaq X6 müayinə olunmuş və uşaqlar ambulator müalicə almışlar. X12 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2016-cı il tarixli tibbi rəyləri ilə X3 “sadə hipermetropik astiqmatizm, refransion ambliopiya” diaqnozu və X4 "mürəkkəb miopik astiqmatizm, müştərək xarici çəpgözlük, habelə refrarision ambliopya” diaqnozu qoyulmuşdur. X12 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışına əsasən X3 "mürəkkəb miopik astiqmatizm" diaqnozu qoyulmuşdur. X12 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023cü il tarixli arayışına əsasən X4 “müştərək xarici çəpgözlük, mürəkkəb miopik astiqmatizm” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” Publik Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli AB 6185/2023 saylı arayışına əsasən X3 “ikitərəfli anadangəlməyastıpəncəli İİİ dərəcə" diaqnozu qoyulub. Respublika Kliniki Uşaq Xətəxanasının xx.xx.2023-cü il tarixli Pediatrik transtorakal Exokardioqrafiya protokoluna əsasən X3 MVPyüngül.MŞmin diaqnozu qoyulub. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, uşaqları daim həkim müayinəsində və müalicəsində olmalıdırlar. Bununla bağlı müayinə və müalicə xərclərini ödəyir, dərman preparatları alır, zəruri digər xərcləri qarşılayır. Odur ki, uşaqların müalicələri ilə əlaqədar hər ay hər uşağa görə 500 manat məbləğində, ayda cəmi 1.000 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məlumat üçün bildirir ki, cavabdehin əlavə xərcləri ödəməyə kifayət qədər maddi imkanı var. Belə ki, o, kafe işlədir.

11. Cavabdeh iddiaya qarşı etiraz verərək qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, cavabdeh heç bir yerdə işləmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-1802/2017 saylı qərarı ilə müəyyən edilmiş hər uşaq üçün 130 manat sabit pul məbləğində alimenti çətinliklə ödəyir. Cavabdehin hər ay hər uşağa görə 130 manat sabit pul məbləğinddə alimenti ödəməyə maddi imkanı çatmadığı halda aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat müəyyən edilməsi ilə bağlı iddiaçının iddiasını tam əsassız hesab edir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən aydın olur ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(102)-1802/2017 saylı qərarının qəbul edilməsindən sonra cavabdehin gəlirinin artması maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir rəsmi sənəd əlavə etməyib. Qeyd edir ki, cavabdeh işsiz kimi qeydiyyatdadlr. Hal-hazıra kimi işsizdir. Bu barədə arayışını etiraza əlavə etmişdir. Bundan əlavə, iddiaçının Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(102)-3836/16 saylı qərarı ilə Cavabdeh hər ay hər uşağa görə 75 manat məbləğində, ayda cəmi 150 manat tutulan pulun artırılması hissəsində iddia tələbini də tam əsassız hesab edir. Belə ki, ölkədə bütün tibbi xidmətlər icbari tibbi sığorta xidməti vasitəsi ilə tam pulsuz aparılır. Bu barədə məhkəməyə hər hansı sübut təqdim etməyə ehtiyac yoxdur. Belə ki, ölkə qanunvericiliyi bunu tam təsdiq edir. Həmçinin iddiaçı tərəfindən uşaqların müalicəsinə hər ay 500 manat pul xərclənməsi barədə heç bir sübut əlavə etməmişdir. Bu da onun iddiasının bu hissədə də tam əsassız olmasını göstərir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1798/2024 nömrəli qətnaməsi ilə (hakim V.V.Musayeva) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2012-ci il təvəllüdlü X1 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentlərin tutulmasının bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, ödənilmiş dövlət rüsumuna görə 33,20 məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 66,80 (altmış altı manat səksən qəpik) manat hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qeyd olunan, 2017-ci ildə qəbul edilmiş qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir. Odur ki, iddia tələbi məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin miqdarının günün tələblərinə uyğun şəkildə artırılması hissəsində tam əsaslı olduğundan bu hissədə iddia cavabdehin işləməməsi barədə irəli sürdüyü dəlillərdən asılı olmayaraq təmin edilməlidir.

14. Məhkəmə məhkəmə iddia tələbinin uşaqlara göstərilən tibbi xidmətlərə görə çəkilən xərclərlə əlaqədar cavabdehdən tutulan vəsaitin artırılması hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında daha əvvəlki məhkəmə mübahisəsi ilə cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün 75 manat məbləğində əlavə xərclərə görə vəsaitin tutulması zamanı məhkəmə öz qərarında Səhiyyə Nazirliyi Nəsimi rayon 12 saylı Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli 94 saylı məktubuna istinad etmişdir. Həmin məktubda göstərilmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü X8 hal-hazırda “əqli inkişafın ləngiməsi nitq pozuntusu ilə çəplik, MMS oyanıqlıq” diaqnozu ilə dispanser qeydiyyatındadır, ümumi vəziyyəti kafidir. Psixi -fiziki inkişafı geri qalır.İntellekt yaşına uyğun deyil. 28 may 2012-ci il təvəllüdlü X9 “ensefalopatiya, əqli inkişafın ləngiməsi,nitq pozuntusu, sadə hipermetropik astiqmatizm” diaqnozu ilə dispanser qeydiyyatındadır. Hal-hazırda uşağın vəziyyəti kafidir.Psixi-fiziki inkişafında ləngimə qeyd olunur, əsəbidir, narahatdır. Həmçinin məhkəmə qərarında 12 saylı Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli məktubuna da istinad etmişdir. Həmin məktubda göstərilmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü X9 “sadə hipermetropik astiqmatizm”, X8 isə “mürəkkəb miopik astiqmatizm, çəpgözlük” diaqnozu ilə oftalmoloji kabinetdə qeydiyyata götürülmüşlər.Hər iki uşaq impetiqo diaqnozu ilə xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək 3№li X6 müayinə olunmuş və ambulator müalicə almışlar.

15. Göründüyü kimi, İddiaçı daha əvvəllər də uşaqların tibbi xərclərinə görə Cavabdeh qarşı iddia tələbi ilə müraciət edərkən uşaqların xroniki xəstəliklərinin olması müəyyən edilmişdir. Hazırda cavabdehin etirazında da göstərildiyi kimi ölkədə icbari tibbi sığorta tətbiq edilməkdədir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə tibbi xidmətlərin toplusu xidmətlər zərfini təşkil edir. Həmin qanunun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.

16. İxtisaslaşdırılmış ambulator tibbi xidmətlərə hazırda tərəflərin birgə nikahdan olan övladlarının əziyyət çəkdiyi xəstəliklərə görə həkim müayinələri də daxildir. Bundan əlavə həmin xəstəliklərə görə məhz 500 manat vəsaitin zəruri olmasını sübutetmə yükü isə iddiaçının üzərinə düşdüyündən, iddiaçı isə uşaqlar üçün yazılmış xx.xx.2023- cü il tarixli həkim reseptlərini məhkəməyə təqdim etməklə kifayətlənmiş, iddiasını əsaslı edəcək kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 112.1-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli 8 nömrəli qərarının 8.13, 8.14-cü bəndlərinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddəsinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 9.1.2ci maddəsinə, Mülki Poressual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə özü də bildirir ki, tərəflərin birgə nikahlarından olan övladlarının müəyyən xroniki xəstəliklərdən əziyyət çəkməsi mübahisəsiz hallardır. Belə olduğu təqdirdə ötən illər ərzində hər sahədə o cümlədən tibbi ləvazimatların, dərman peraparatlarının və sairin dəyərində də kifayət qədər artmalar olmuşdur ki, məhz bu halın özü təyin olunmuş əlavə xərclərin artırılması tələbimə əsas verir. Məhkəmə isə övladlarının əziyyət çəkdiyi xəstəliklərə görə hər uşaq üçün təyin olunmuş 75 manat pulu (iki uşaq üçün 150 manat) yetərli hesab edib. Birinci instansiya məhkəməsinin, uşaqların müalicəsindən irəli gələn əlavə xərclərə görə cavabdehdən tutulan alimentin miqdarının artırılması üçün sübutun olmaması barədə qənaəti, ötən müddətdə ölkədə gedən qiymət artımlarına, o cümlədən də dərman və tibbi ləvazimatların qiymətlərində gedən aşkar qiymət artımlarına münasibətdə təkzib olunur.

20. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə də rədd edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə onun etirazda qeyd etdiyi halları yalnız tələbin əlavə xərclər hissəsində düzgün qiymətləndirmiş, qalan hissədə isə etirazda qeyd etdiyi hallara qiymət verməmişdir. Belə ki, o işsizdir. Ali Məhkəmənin müəyyən etdiyi alimenti və əlavə xərcləri çətinliklə ödəyir. Son 1 il ərzində icra məmuru alimenti 1 gün gecikdirən kimi onun barəsində məcburi icra tədbiri görür, məcburi gətirmə haqqında məhkəməyə təqdimat verir və onu axtarışa verir. Bu hallar elektron kabinetdə açıq görünür. Lakin məhkəmə bunu nəzərə almadan iddianı alimentin artırılması hissəsində qismən təmin edərək, cavabdehin onsuzda çətin olan vəziyyətini bir az da çətinləşdirib. Ölkədə 2024-cü il üçün müəyyən olunmuş uşaqların yaşayış minimumu 235 manat təşkil edir. Onda həmin məbləğin bir uşaq üçün 130 manatını, yəni yarıdan çox hissəsini cavabdeh ödəyir. Elektron sistemdə onun barəsində icra məmurunun verdiyi təqdimatlar öz əksini tapsa da, məhkəmə bu halı araşdırmadan qətnamə qəbul edib. Halbuki bu hal iş üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə onun tərəfindən hər ay hər uşaq üçün 235 manat aliment ödəməyini müəyyən edən zaman, onun həmin məbləğdə alimenti və Ali Məhkəmənin müəyyən etdiyi əlavə xərcləri ödəmək iqtidarında olub-olmamağınmı aydınlaşdırmayıb. Bu isə onun ödəyə bilməyəcəyi məbləğlə yüklənməyinə və sonda inzibati və cinayət məsuliyyətinə cəlb olunmağına gətirib çıxacaqdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətllərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17, hissə İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

26. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

27. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

28. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

29. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

30. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı: Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 233.4. Cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırki işdə iddia qismən təmin olunduğundan və iddiaçı apellyasiya şilkayətində qətnaməni iddianın təmin olunmayan hissəsində, cavabdeh isə apellyasiya şilkayətində qətnaməni iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır.

36. Belə ki, aliment məbləğinin sonuncu dəfə artırıldığı vaxtdan artıq yeddi ildən çox müddət keçmiş, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimunun məbləği dəyişmişdir. Kollegiya hesab edir ki, hazırda iki uşağa görə alimentin 260 manat məbləğində müəyyən edilməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.

37. Nəzərə alınmalıdır ki, qanunvericiliklə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. O da qeyd edilməlidir ki, aliment ödəyən valideynin az qazanca malik olması onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

38. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı hazırda hər uşağın müalicəsi üçün hər ay 500 manat məbləğində vəsaitin tələb olunduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

39. Kollegiya həmçinin qeyd edir ki, hazırda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkədə icbari tibbi sığorta tətbiq edilməkdədir.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

41. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin olunmasın. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)- 1798/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar