Məhkəmə qərarları › İş №2(103)-5574/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5574/2025

13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5574/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1975/2025 saylı, 12 avqust 2025-ci il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Hacıqabul rayon Notariat Ofisinin notariusu X1 və "xxxx" ASCyə qarşı vurulmuş zərərə görə pul tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək X2 və "xxxx" ASC-dən müştərək qaydada 11500(on bir min beş yüz) manat zərər əvəzinin və 125(150) dövlət rüsumuna görə xərcin əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1975/2025 saylı, 12 avqust 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Hacıqabul rayon Notariat Ofisi, Salyan rayon 2 saylı Notariat Ofisi və "xxxx" ASC-yə qarşı “zərər” tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi; iddia ərizəsinin İddiaçı qaytarılması; İddiaçı tərəfindən Bakı şəhəri Səbail rayon Məhkəməsinə verilmiş iddia ərizəsinə görə ödənilmiş 125 manat məbləğində dövlət rüsumunun (ödəniş qəbzinin nömrəsi: **********) İddiaçı geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət verərək ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş edib göstərir ki, məhkəmənin gəldiyi nəticə səhv və əsassızdır. Belə ki, iddia tələbi cavabdehlər Hacıqabul rayon notariat ofisi və "xxxx" ASC-yə qarşı verilmişdir. İddia tələbində Salyan rayon 2 saylı Notariat Ofisi cavabdeh qismində göstərilməmişdir. İddia tələbi isə “vururlmuş zərərə görə pul tələbidir”. Yəni, burada MPM-nin 153.2.2-ci maddəsinin tərkib hissəsi yoxdur. İddia predmeti olan avtomaşın da başqa maşındır. Deməli, burada Bakı şəhəri Səbail Rayon Məhkəməsinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair qətnaməsinin olması barədə göstərilənlər öz təsdiqini tapmır. Yəni, belə bir hal yoxdur. İddia tələbi yeni tələbdir və məhkəmədə belə iddia ərizəsinə baxılmamışdır. Hesab edir ki, məhkəmə qəbul etdiyi əsassız qərardadı ləğv edərək iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul etməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1975/2025 saylı, 10 sentyabr 2025ci il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.2.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Əvvəla, birinci instansiya məhkəməsinin istinad etdiyi məhkəmə aktları iş materiallarına əlavə edilməyib. Bu aktlara əsasən qərardad qəbul edirsə, demək onlar iş materiallarında da olmalıdır. Əks halda apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə mübahisələndirilən qərardadın əsaslılığını və qanuniliyinin yoxlanılması mümkünsüz ola bilir. Bundan əlavə, məhkəmə MPM-in 153.2.2-ci maddəsinə istinad edərək, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan hazırkı ərizənin icraata qəbulundan imtina edib, ancaq istinad etdiyi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1841/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin qəbul edildiyi tarixi nəzərə almayıb. Yəni, xx.xx.2025-ci ildən qərardad qəbul etdiyi xx.xx.2025-ci il tarixə cəmi 19 gün keçib. Demək ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini birinci instansiya məhkəməsi istəsə idi belə, yenə də 19 günə qanuni qüvvəyə mindirə bilməzdi. Əlbətdə ki, əsas olduğu halda məhkəmə MPM-in 153.2.4-cü maddəsinə əsasən, yəni eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edə bilərdi. Çünki Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1841/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci ildə qanuni qüvvəyə minməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi iddianın cavabdehlər Hacıqabul rayon Notariat Ofisi, Salyan rayon 2 saylı Notariat Ofisi və "xxxx" ASC-yə qarşı verildiyini göstərib, lakin işdən, o cümlədən iddia ərizəsində Salyan rayon 2 saylı Notariat Ofisinə qarşı iddia irəli sürüldüyü görünmür. Məhkəmə tərkibində belə təəsürat yaranır ki, birinci instansiya məhkəməsi ümumiyyətlə iddia ərizəsinə baxmamışdır. Əks halda iddianın hansı cavabdehlərə qarşı yönəldiyini görməyə bilməzdi. Göstərilənlərdən əlavə, hazırkı iddia ərizəsi “Toyota Prius” markalı ** VJ ***(hazırda 77CF886)dövlət qeydiyyat nişanlı avtomobillə bağlı olub. Düzdü Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1841/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində “Toyota Prius” markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı müqaviləsində satıcıya sərəncamvermə hüququ verən etibarnamənin Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edildiyindən Salyan rayon 2 saylı Notariat Ofisininin notariusunun iddiaçıya zərər vuran hərəkəti müəyyən edilmədiyindən iddiaçının Salyan rayon 2 saylı Notariat Ofisinə yönəlmiş tələbi düzgün cavabdehə qarşı irəli sürülmədiyinə görə təmin edilməmişdir. Həmin işdə Salyan rayon 2 saylı Notariat Ofisi cavabdeh olub, ancaq qeyd olunduğu kimi hazırkı işdə cavabdeh kimi göstərilməyib. Demək ki, “Toyota Prius” markalı ** VJ ***(hazırda 77CF886)dövlət qeydiyyat nişanlı avtomobillə bağlı həmin işdə də iddia olsa da, ancaq Salyan rayon 2 saylı Notariat Ofisinə qarşı yönəlmişdi, hazırkı işdə isə eyni avtomobillə (“Toyota Prius”) bağlı yenidən iddia qaldırılıb, lakin bu dəfə iddia Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1841/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində qeyd olunduğu kimi Bakı şəhəri 43 saylı Notariat Ofisinə qarşı deyil, həmin işdə digər avtomobil - ”Opel Zafira” üzrə cavabdeh olan Hacıqabul rayon Notariat Ofisi və "xxxx" ASC-yə qarşı yönəlib. Bu halların isə, iddia ərizəsinin MPM-in 153.2.2 və ya 153.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsindən əvvəl yoxlanılması tələb edilirdi. Ancaq birinci instansiya məhkəməsi bu halların yoxlanılmasına ümumiyyətlə cəhd göstərməmiş, ən azından qrardaddan bu görünmür. Üstəlik özünün MPM-in 269-cu maddəsində nəzərdə tutulan səlahiyyətlərdən istifadə qərardaddan verilən şikayətdəki dəlilləri yoxlamadan əvvəlki əsassız qərardaddakı mövqeyini təkrarlamışdır. Mülki Prosessual Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1975/2025 saylı, 12 avqust 2025-ci il tarixli qərardadı ləğv edilməli və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 399, 400-402-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiya məhkəməsi qəraraaldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1975/2025 saylı, 12 avqust 2025-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar