Məhkəmə qərarları › İş №2(103)-5575/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5575/2023

20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5575/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun olmaması üzrə məlumatların Azərbaycan Kredit Bürosu MMC-yə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Əzimov Rauf Nəriman oğlunun iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-571/2023 nömrəli 14 iyun 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İşin hallarından görünür ki, QSC “Bank Standard ilə İddiaçı arasında xx.xx.2008-ci il və xx.xx.2008-ci il tarixli il kredit müqavilələri bağlanılmışdır. Hazırda iddiaçı Banka olan borcun olmamasını və bank tərəfindən iddia müddətinin ötürülməsini iddia edərək, kredit müqavilələri üzrə borcun olmaması barədə Azərbaycan Kredit Bürosu MMC-yə verilməsi vəzifəsinin ləğv prosesində olan "xxxx" QSC-yə həvalə edilməsini tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" QSC-yə qarşı "kredit müqaviləsi üzrə borcun olmaması üzrə məlumatların Azərbaycan Kredit Bürosu MMC-yə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırlmışdır ki, 20 oktyabr 2008-ci il və 26 dekabr 2008-ci il tarixlərində QSC “Bank Standard” KB-lə iddiaçı arasında illik 25 faiz olmaqla, 24 ay müddətinə ödəmək şərti ilə müvafiq olaraq 3970 və 4000 azn məbləgində olmaqla kredit müqavilələri baglamışdır. 2010-ci ildə kredit üzrə öhdəliklər iddiaçı tərəfindən tam icra edilmişdir. Lakin 2022-ci il oktyabr ayında poçt vasitəsi ilə ünvanına daxil olmuş məktublardan məlum olmuşdur ki, guya iddiaçının QSC "Bank Standard" KB-na yuxarıda qeyd edilən kredit müqavilələri üzrə ümumilikdə müvafiq olaraq 7896,96 və 10963,64 manat məbləgində borcu qalmışdır. Həmin məktublarda qeyd edilmişdir ki, 3 gün ərzində tam borcu faizlə birlikdə ödəməyi tələb edilir. Yaranmış vəziyyətdə qanunu hüquqlarını müdafiə etmək məqdəsi ilə hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Artıq 12 ildən artıq vaxt keçmiş və onun həqiqətən borcu olsaydı bu saman ərzində öncədən bank, sonra onun ləğvedicisi ƏSF-u müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edərdi. Lakin bu qədər zaman ərzində və hələ bu gündə belə ƏSF-u ona qarşı bu iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Deməli bu borc reallıqda mövcüd deyil. Sössüz ki, indi belə bir iddianı ləğvedici olaraq ƏSF tərəfindən məhkəmədə qaldırarsa, bu işin onlar üçün qanuni perspektivi yoxdur. Belə ki, bu işlə bağlı iddia müddəti çoxdan ötürülmüşdür. Qanunvericiliyin tələblərinə uyğun olaraq bu tip müqavilələr üzrə tələb etmə müddəti müqavilənin bitdiyi gündən 3 il ərzində mümkündür, yəni bank bu tələblə iddianı 26 dekabr 2012-ci ilə qədər məhkəmədə qaldırmaq imkanı olmuşdur. Digər tərəfdən vəziyyətin bu formada qalması onun vətəndaş olaraq bir çox hüquqlarını məhdudlaşdırır. İpoteka yolu ilə mənzilə sahib olmaq, kreditlə avtomobil almaq və yaxud ev əşyaları almaq – bütün bunlar onun üçün hal-hazırda mümkün deyil. Çünki kredit üçün müraciət etdiyi halda banklar da məhz bu əsas görə ona kredit verməkdən imtina edəcəklər. Cavabdehin tutduğu mövqedən istifadə edərək onun hüquqlarını məhdudlaşdırılması yolverilməzdir. Göstərilənlərə əsasən İddiaçı ilə QSC Bank Standart KB-nın arasında bağlanmış 20 oktyabr 2008-ci il və 26 dekabr 2008-ci il tarixli kredit müqavilələri üzrə borcun olmaması barədə məlumat verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək İddiaçı ilə QSC “Bank Standard” KB-nın arasında bağlanmış xx.xx.2008-ci il tarixli və xx.xx.2008-ci il tarixli kredit müqavilələri üzrə borcun olmaması barədə Azərbaycan Kredit Bürosu MMCyə verilməsi vəzifəsinin ləğv prosesində olan "xxxx" QSC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-571/2023 nömrəli 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat İddiaçı tutulub Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 6.2, 385.1, 425.1, 442-ci maddələrinə, zərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 76, 77.1 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edərək iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, iş üçün əhəmiyyətli hallar bu hissə ilə bağlı sübut olunsa da məhkəmə əsassız olaraq sübut olunmaması barədə nəticəyə gəlmişdir. İşdə borcun olması ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Ümumiyyətlə nəyə görə bu borc tələb olunmur, bu məsələdə aydınlaşdırılmamamışdır. Əgər borcun olması təsdiqlənirsə onda demək iddiaçı pulu ödəmişdir. İddiaçının öhdəliyi yoxdur. Olmayan öhdəliyə görə tələb oluna bilməz. Bu halda olmayan borca görə borcun olmaması barədə məlumatların verilməsi tələbi qanuni tələb idi. Ümumiyyətlə birinci instansiya məhkəməsinin qətnaməsində iddianın təmin olunmaması ilə bağlı göstərilən hallar işin nəticəsinə uyğun deyil. Sübutlar sadalanmış, lakin düzgün qiymət verilməmişdir. İşdə olan sübutlarla iddia təmin olunmamalı idi. İş materiallarında olsa da məhkəmə sübutlara düzgün qiymət verməmişdir. Həmin sübutlar apellyasiya məhkəməsində yenidən araşdırılmalıdır. Eyni zamanda Bank Standart tərəfindən İddiaçı verilmiş 14 mart 2013-cü il tarixli 11/1835 saylı arayış sübut kimi qəbul olunaraq digər sübutlarla birlikdə tədqiq olunmalıdır. Çünki bu sübut rayon məhkəməsinin qətnaməsi qəbul olunduqdan sonra sənədlərin arasından tapılmışdır. Ona görə də qəbul olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Əzimov Rauf Nəriman oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

13. Maddə 6.2. fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

14. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 390.1. fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Maddə 425.1 öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

22. Maddə 218.3 hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-571/2023 nömrəli 14 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. • Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) • İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

31. Məhkəmə kollegiyası hazırkı iddia tələbi üzrə birinci insansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab edir.

32. Belə ki, iş materiallarında olan QSC «Bank Standard» Kommersiya Bankı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 130/01/242/08 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 25% olmaqla, 3970 manat məbləğində kredit verilmişdir. Kredit borcalana məişət texnikasının alınması məqsədi üçün verilmişdir.

33. İş materiallarında olan QSC «Bank Standard» Kommersiya Bankı ilə İddiaçı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 130/01/758/08 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 24 ay müddətinə, illik 25% olmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Kredit borcalana məişət texnikasının alınması məqsədi üçün verilmişdir.

34. İş materiallarında ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

35. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ilə QSC «Bank Standard» Kommersiya Bankı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 130/01/242/08 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə onun QSC «Bank Standard» Kommersiya Bankına 1794,34 AZN əsas, 4192,5 AZN faiz, 819,87 AZN cərimə, 1124 AZN gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla, ümumilikdə 7930 AZN məbləğində borcu vardır.

36. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, İddiaçı ilə QSC «Bank Standard» Kommersiya Bankı arasında bağlanmış xx.xx.2008-ci il tarixli, 130/01/758/08 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə onun QSC «Bank Standard» Kommersiya Bankına 2491,57 AZN əsas, 5830,52 AZN faiz, 1138,55 AZN cərimə, 1550,15 AZN gecikdirilmiş vaxt üçün hesablanan illik 5% olmaqla, ümumilikdə 11010,79 AZN məbləğində borcu vardır.

37. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2443 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2008-ci il tarixli, 130/01/242/08 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları xx.xx.2008-ci il tarixli, 130/01/242/08 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixinə İddiaçı QSC «Bank Standard» Kommersiya Bankına olan borcu 1649,78 AZN məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 1309,64, faiz borcu 340,14 AZN. xx.xx.2008-ci il tarixli, 130/01/758/08 saylı kredit müqaviləsi üzrə təqdim edilmiş hesabdan çıxarış məlumatları xx.xx.2008-ci il tarixli, 130/01/758/08 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla müqavilə müddətinin bitdiyi xx.xx.2010-cu il tarixinə İddiaçı QSC «Bank Standard» Kommersiya Bankına olan borcu 2981,84 AZN məbləğində müəyyən edilir, o cümlədən: əsas kredit borcu 2283,96 AZN, 697,88 AZN faiz borcu.

38. Məhkəmə kollegiyası iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

39. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

40. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi, İddiaçı Banka olan borcunu tam olaraq ödədiyini bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş maliyyə arayışlarından, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2443 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, iddiaçının Banka ödənilməmiş borcu mövcuddur.

41. İddiaçı tələbini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.

42. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

43. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

44. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

45. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Obyektiv həqiqətin tapılması zəruri olan icraatdan fərqli olaraq, formal həqiqət prinsipinə görə hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır.

46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün müddətin keçməsinə istinad etsədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə iddiaçının öhdəliyi bitməmiş və tam icra edilməmişdir. Yalnız tələbkarın iddiası iddia müddətini keçirməsi iddiaçını qeyd olunan hüquqi mövqeyə görə üzərinə götümüş olduğu öhdəliyindən azad etmir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil.

48. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

49. Kollegiya iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş 14 mart 2013-cü il tarixli 11/1835 saylı arayışa münasibətdə qeyd edir ki, həmin sənəd hazırkı halda iddia tələbinin təmin edillməsi üçün əsaslı sübut hesab edilə bilməz. Belə ki, MPMnin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə isə yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

50. Göründüyü kimi, iddiaçı tərəf həmin sübutu birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməli olduğu halda apellyasiya icraatı zamanı təqdim etmiş, lakin həmin sübutu birinci instansiya məhkəməsində təqdim edilməsinin odan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir.

51. Kollegiya onu da qeyd edir ki, 14 mart 2013-cü il tarixli 11/1835 saylı arayış apellyasiya icraatı zamanı sübut kimi qəbul edilmiş olsa belə, arayışda iddiaçının banka hər hansı borcunun olmadığı deyil, kredit müqavilələri üzrə bank tərəfindən iddiaçı qarşı iddia olmadığı qeyd edilmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

54. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-571/2023 nömrəli 14 iyun 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar