Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5575/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5377/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 ASC tərəfindən verilmiş şikayəti nəzərdən keçirib Müəyyən etdi: İddiaçı Ruslan oğlu Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(001)- 5377/2025 saylı qərardadı ilə iddia ərizəsi, ərizəyə əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alınmışdır. İddiaçı Ruslan oğlunun Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(001)- 5377/2025 saylı qərardadından şikayəti məhkəməyə daxil olmuşdur. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5337/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)- 5377/2025 saylı qərardadı ləğv edilmiş, İddiaçı Ruslan oğlunun Cavabdeh2 ASC-yə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5337/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 ASC şikayət vermişdir. Məhkəmənin eyni nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət qeyri-mümkün hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 395.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: - bu Məcəllədə göstərilən hallarda; - məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. MPM-in 395.2-ci maddəsinə görə birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi cavabdehin şikayəti Məhkəmənin 11 avqust 2025-ci il tarixli qərardadının ləğv edilməsi ilə bağlıdır və Məhkəmə həmin qərardadla iddia ərizəsinin məhkəmə icraatını mümkün hesab etmişdir. Kollegiya qeyd edir ki, MPM-in 152.3-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında, 153.6-cı maddəsinə görə isə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 154.1-ci maddəsində göstərilmişdir ki, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən müddəasının mənasından da göründüyü kimi məhkəmənin işə baxarkən qəbul etdiyi bütün qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Yalnız Mülki Prosessual Məcəllədə birbaşa göstərilən hallarda, həmçinin qərardad işin sonrakı hərəkətinə mane olduqda qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Göründüyü kimi, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi barədə qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bununla belə işdə işdə iştirak edən şəxslər iddia ilə razılaşmadıqda müvafiq mülahizələrini MPM-in 154.1-ci maddəsində təsbit olunmuş hüquqdan istifadə edərək iddiaya etiraz formasında təqdim edə bilərlər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bu qəbildən olan qərardaddan şikayət verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli qərardaddan verilən şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud olmadığından, həmin şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Qeyd olunmalıdır ki, əslində bu cür vəziyyət birinci instansiya məhkəməsinin prosessual hüquq normasını düzgün tətbiq etməməklə öz qərardadında ondan şikayət verilə bilməsi imkanını əks etdirməsi nəticəsində yaranmışdır; bununla belə nəzərə alınmalıdır ki, bu hal, həmin səhvin apellyasiya instansiyası məhkəməsi tərəfindən təkrarlanmasına səbəb ola bilməz. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qərardaddan verilmiş şikayəti qeyri-mümkün hesab edilərək, geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 361, 363.1.5, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-5377/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 ASC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-5575/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5575/2025
03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver