Məhkəmə qərarları › İş №2(103)-5577/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5577/2022

26.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5577/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdehnə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-5577/2022 Açar sözlər:(maddi ziyanın ödənilməsi, müqavilənin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsivə vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndasi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(006)-592/2022 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh MTK arasında 09 may 2018-ci il tarixdə "mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi" haqqında Müqavilə bağlanmışdır. 2.Bağlanmış müqavilənin şərtlərinə əsasən mülkiyyətçi İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv metr olan və tam mülkiyyət hüququ ilə ona məxsus olan 30 saylı mənzili yeni yaşayış kompleksinin tikintisi məqsədilə “Koorperativ”ə təhvil verir. Koorperativ isə həmin qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda inşa ediləcək yeni binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 263.5 kv.m olan 5 saylı qeyri-yaşayış sahəsini mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürür. 3.Tərəflər müqavilə öhəliklərindən irəli gələn iddia tələbləri ilə məhkəməyə müraciət etmişlər. a)Birinci instansiya məhkəməsində icraat 4.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbindən iddiaçıya dəymiş maddi ziyana görə 35.000 manat pul vəsaitinin, həmçinin müqavilə üzrə hər ay üçün iddiaçının bank hesabına köçürülməli olan 2000 manat pul vəsaitinin ödənilməmiş dövr ərzində toplanan məbləğin, yəni 62.000 manatın, hüquqi xidmətə çəkdiyi xərcin əvəzi olaraq 220 manatın, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 381 manatın, cəmi 97.601 manatın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 09 may 2018-ci il tarixli “mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında 09 may 2018-ci il tarixdə “mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi” haqqında Müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən “Kooperativ” Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 104 və Xəqani küçəsi 65 saylı binaların kəsişməsində 1 nömrəli yaşayış ərazisində yerləşən istismar müddəti ötmüş yaşayış binasının söküntüsünü və bu sahədə yeni yaşayış kompleksinin tikintisini həyata keçirməli idi. Bağlanmış müqavilənin şərtlərinə əsasən mülkiyyətçi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv metr ona, yəni İddiaçı tam mülkiyyət hüququ ilə məxsus olan 30 saylı mənzili yeni yaşayış kompleksinin tikintisi məqsədilə “Koorperativ”ə təhvil verir. Koorperativ isə həmin qeyri-yaşayış sahəsinin əvəzinə həmin ünvanda inşa ediləcək yeni binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 263.5 kv.m olan 5 saylı qeyri- yaşayış sahəsini Mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Belə ki, 09 may 2018-ci il tarixli Müqavilənin 2.1.3-cü bəndində Kooperativdən yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 2000 manat kirayə haqqının mülkiyyətçinin hesabına köçürülməsini Koorperativdən tələb etmək hüququ öz əksini tapmışdır. Həmin Müqavilənin 2.2.4-cü maddəsində qeyd olunur ki, hal-hazırki binanı 01 iyul 2018-ci il tarixədək sökməmək və yəni tikiləcək binanı 24-30 ay müddətində başa çatdırmaq və mülkiyyətçiyə yaşayış üçün yararlı vəziyyətdə qeyri-yaşayış sahəsini tam təmir edib təhvil vermək kooperativin vəzifəsidir. Müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Yeni yaşayış kompleksi tikilib ona təhvil verilmədiyi kimi, həmçinin müqavilə üzrə nəzərdə tutulmuş hər ay üçün kirayə haqqı (2000 manat) yalnız 2018-ci il sentyabr- 2019-cu il yanvar ayları ərzində ödənilmişdir. Yəni müqavilə üzrə cəmi 5 ay ərzində ona ödəniş olunmuşdur. Digər aylar üçün heç bir ödəniş ödənilməmişdir. Həmçinin, həmin qeyri-yaşayış sahəsini cavabdeh tərəfə təhvil verdiyi üçün, həmin sahədə fəaliyyət göstərən turizm şirkətini fəaliyyətini davam etdirmək məqsədilə Kövkəb Səfərəliyev 16 H ünvanında yerləşən icarə haqqısı aylıq 2.500 manat olan qeyri-yaşayış sahəsi icarəyə götürmək məcburiyyətində qalmışdır. Çünki həmin şirkət qarşısında öhdəlikləri mövcu idi. Bu öhdəlikləri icra etməkdən və əlavə məhkəmə mübahisəsindən yayınmaqdan ötrü götürülmüş qeyri-yaşayış sahəsinin təmiri ilə bağlı 35.000 manat xərc çəkmişdir. Hazırda cavabdehin əməlləri nəticəsində onun hüquq və mənafelərimin pozulması ilə nəticələnmiş və xeyli miqdarda maddi ziyan çəkmişdir. 7.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 20 noyabr 2017-ci il tarixli, 303 saylı sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1979 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizini nəzərə alaraq, Nəsimi rayonu, Nizami küçəsi 104 və Xaqani küçəsi 65 saylı binaların kəsişməsində 1 nömrəli yaşayış ərazisində yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Cavabdeh MTK ilə İddiaçı arasında 09 may 2018-ci il tarixli “mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında” müqavilə imzalanmışdır. Müqavilənin müddəalarına əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv.m olan 30 saylı mənzili Kooperativə təhvil verməyi, Kooperativ isə qeyri-yaşayış sahəsinin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 263.5 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı təhvil verir. Həmçinin İddiaçı mənzili tam boşaldaraq, mənzilin yüklü olmaması haqqında Kooperativə arayış təqdim etməli, Kooperativ isə yeni qeyri-yaşayış sahəsi təhvil verilənədək aylıq 2000 manat məbləğində kirayə haqqını iddiaçının bank hesabına köçürməlidir. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, mülkiyyətçi tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsi tam şəkildə Cavabdeh MTK-ya təhvil verilməmişdir. Lakin Cavabdeh MTK tərəfindən buna baxmayaraq xoş niyyət olaraq İddiaçı xahişini nəzərə alaraq beş ay ərzində hər ay üçün kirayə haqqı 2000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Lakin Bakı şəhəri Nəsimi rayonu, Nizami küçəsi 104 və Xaqani küçəsi 65 saylı binaların kəsişməsində 1 nömrəli yaşayış ərazisində tikilməli olan yeni yaşayış binasının tikintisinin həyata keçirilməsi müvafiq dövlət qurumları tərəfindən zəruri sənədlərin verilməsinin təmin edilməməsi səbəbindən mümkün olmamışdır. Bu zaman İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin açarlarını götürmüşdür. İddiaçı 07 mart 2022-ci il tarixində keçirilən məhkəmə iclasında öz ifadəsi ilə etiraf etmişdir ki, 5 ay ərzində tikintinin aparılmadığını və ona aylıq ödənişin ödənilmədiyini gördükdə 6-cı aydan qeyri-yaşayış sahəsini cavabdehdən geri almışdır. Göründüyü kimi tərəflər arasında müqavilə öhdəliklərini tam şəkildə yerinə yetirilməsi onlardan asılı olmayan səbəblərdən imkansız olmuşdur. 8.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 16 may 2022-ci il tarixli, 2(006)-592/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Anar İbadzadə) ilkin və qarşılıqlı iddia tələbləri rədd edilmişdir. 9.xx.xx.2018-ci il tarixli Mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilədən görünür ki, “Mülkiyyətçi” mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv.metr İddiaçı tam mülkiyyət hüququ üzrə məxsus olan 30 saylı mənzili yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə “Kooperativ”-ə təhvil verir. “Kooperativ” isə həmin qeyri-yaşayış sahəsinin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 263.5 kv/m(2 mərtəbəli qeyri-yaşayış sahəsi, 1-ci mərtəbədə 92.2 kv/m, 2-ci mərtəbədə 171.3 kv.metr) yerləşən (qeyri-yaşayış sahəsinin içində olan arakəsmələr, ikinci mərtəbəyə olan piləkən, su, elektrik sayğacları quraşdırılmış vəziyyətdə) 5 nömrəli qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”-yə təhvil verir. “Mülkiyyətçi”, mülkiyyətində olan mənzili söküntü üçün “Kooperativ”ə təhvil verməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqavilənin 2.1.3-cü bəndinə əsasən “Kooperativ”dən yeni qeyri-yaşayış sahəsini təhvil verilənədək, aylıq 2000.00 manat kirayə haqqının “Mülkiyyətçi”nin bank hesabına köçürülməsini tələb etmək İddiaçı hüququ kimi müəyyən edilmişdir; 10.İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən bu saziş xx.xx.2018-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olmaqla, tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmışdır. Həmin sazişə görə aralarında bağlanmış 09 may 2018-ci il tarixli, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqaviləyə əsasən 2.1.3 bəndinə “Kooperativ” tərəfindən “Mülkiyyətçi”yə 2018-ci ilin sentyabr və oktyabr ayları üçün hər ay 2000 manat olmaqla, cəmi 4000 manat məbləğində kirayə haqqı əvvəlcədən ödənildi” əlavə olunmuşdur. 11.İcarəyə verən X4 ilə icarəçi “Azərbaycan-X12” MMC (MMC-nin adından X6) arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 166,0 kv.m olan qeyri-yaşayış sahəsinin bütöv sahəsini icarədarın müvəqqəti istifadəsinə icarəyə verir. 12.“X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2021-ci il tarixli093/21 saylı Qiymətləndirmə hesabatından görünür ki, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində görülən təmir-tikinti işlərinə sərf olunan vəsaitin ümumi miqdarı 39000 manat təşkil edir. 13.Məhkəmə təqddqiqatı zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli Mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqaviləsi bağlanmış və müqavilə ilə şərtləşdirilmişdir ki, “Mülkiyyətçi” mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 102.1 kv.metr olan 30 saylı mənzili yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə “Kooperativ”-ə təhvil verməyi və müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi, “Kooperativ” isə həmin qeyri-yaşayış sahəsinin əvəzində həmin ünvanda inşa ediləcək binada tikinti işləri başa çatdıqdan sonra ümumi sahəsi 263.5 kv/m (2 mərtəbəli qeyriyaşayış sahəsi, 1-ci mərtəbədə 92.2 kv/m, 2-ci mərtəbədə 171.3 kv.metr) yerləşən(qeyri-yaşayış sahəsinin içində olan arakəsmələr, ikinci mərtəbəyə olan piləkən, su, elektrik sayğacları quraşdırılmış vəziyyətdə) 5 nömrəli qeyri-yaşayış sahəsini “Mülkiyyətçi”-yə təhvil verməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi Cavabdehnə təhvil verilmişdir. Cavabdeh tərəfindən aylıq kirayə haqqı üzrə İddiaçı 5 dəfə ödəniş edilmiş, sonra ödənilməmişdir. İddiaçı 5 aydan sonra aylıq kirayə haqqının ödənilməməsini və söküntü və tikinti işlərinin aparılmamasını görərək qeyri-yaşayış sahəsinin açarını və reyestrdən çıxarışı geri almışdır. Qeyriyaşayış sahəsi hazırda İddiaçı istifadəsindədir. Cavabdeh tərəfindən söküntü və tikinti işləri müvafiq icazələrin alınması ilə bağlı dövlət orqanlarının hərəkətləri nəticəsində həyata keçirilməmişdir. 14.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında müqavilə bağlansa da, sonradan Cavabdehndən asılı olmayan səbəblərdən söküntü və tikinti işləri həyata keçirilməmiş, müqavilə bağlandıqdan sonra İddiaçı tərəfindən isə qeyri-yaşayış sahəsi geri alınmışdır. Yəni tərəflər müqavilənin icrasından könüllü surətdə imtina etmişlər ki, bu halda müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinin tələblərinə əsasən müvafiq surətdə ləğv edilmiş sayılır. Bu halda isə müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir. 15.İlkin iddiaya münasibətdə məhkəmə hesab etmişdir ki, İddiaçı müqavilənin icrasından imtina etdiyinə görə ilkin iddia təmin oluna bilməz. 16.Qarşılıqlı iddiaya münasibətdə məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinin tələblərinə əsasən ləğv edilmiş sayıldığından qarşılıqlı iddia təmin edilə bilməz. 17.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 399.3, 421.1, 424.2, 421.3-cü; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 18.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddianın təmin olunmayan hisəəsində ləğv edilərək tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, həmin müqaviləyə xitam verilməmiş, müqavilənin müddəti bitmişdir. Müqavilənin müddətinin keçməsinə baxmayaraq o, yenə də müqavilə öhdəliklərinə sadiq olaraq həmin sahəni istifadə etməmişdir. Qətnamədə istinad olunan və qeyd olunan hallardan biridə onun müqavilənin icrasından imtina etməyi səbəbindən iddianın təmin oluna bilməməsi qənaətidir. Belə çıxır ki, şəxsin müqaviləni icra etməməyinin səbələri aydınlaşdırılmadan, öz öhdəliklərini qarşı tərəfin əhəmiyyətli dərəcədə pozması nəzərə alınmadan, müqavilənin ləğv olunmasını əsas gətirərək, lakin hansı səbəbdən ləğv olunmasına əhəmiyyət vermədən iddia tələbi rədd edilməlidir? İşin hallarından da da göründüyü kimi cavabdeh “Kooperativ” müqavilədə nəzərdə tutulmuş öhdəliklərinin heç birini tam şəkildə yerinə yetirməmişdir, mənzilin tikintisini başa çatdırıb iddiaçıya təhvil verməmişdir, ən azından tikinti başa çatdırılana qədər kirayə haqqını ödəməli olduğu təqdirdə bu öhdəliyini belə yerinə yetirməmişdir. Buna görə də, ona xeyli miqdarda maddi zərər vurulmuşdur. Məhkəmə qətnamədə başdan-sona müqavilənin ləğv edilməsi və öhdəliklərə xitam verilməsini vurğulayaraq, izahatlarına, çıxışlarına əhəmiyyət verməyərək zərər məsələsinə etinasız yanaşmışdır. Maddədə nəzərdə tutulan zərərin əvəzini tələb etmə hüququ təmin edilməmiş və iddiası rədd edilmişdir. Cavabdeh tərəfin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində ona müqavilə üzrə hər ay ödənilməli olan aylıq 2000 manatın ödənilməmiş dövr ərzində toplanan 62.000 manat məbləğ, həmçinin mülkiyyətində olan qeyri yaşayış sahəsini “Kooperativ”ə təhvil verdiyi üçün həmin sahədə fəaliyyət göstərən turizm şirkətini fəaliyyətini davam etdirməsi üçün məcbur qalıb Kövkəb Səfərəliyev 16 H ünvanında icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin təmiri ilə bağlı çəkdiyi 35.000 manat xərc ona dəymiş maddi zərərdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 21.Məhkmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, ilk tələb və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 22.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmiş, ona verilən suallara əsasən qeyd etmişdir ki, bina sökülməmiş, tam olaraq yerində qalmışdır. Həmin binada bütün sakinlər öz evlərində yaşayırlar. Onlar 5 ay üçün kirayə haqqını almışlar. Ona sənədlər lazım olduğu üçün, açarı və sənədləri Cavabdeh MTK-dan götürmüşdür. 23.Növbət məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi və vəkili Vəkil başqa məhkəmə prosesində olması, nümayəndə X2 Azərbaycan Respublikasında olmaması səbəbindən işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin əvvəlki məhkəmə iclaslarında iştirak edərək, iş üzrə ətraflı olaraq apellyasiya şikayətlərinin dəlilləri həcmində izahat vermələrini nəzərə alaraq, işin baxılmasının təxirə salınmasına lüzum olmadığı qənaətinə gələrək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 24.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək qeyd etdi ki, MTK verilmiş sərəncam əsasında tikintini aparmaq istəmiş, lakin buna imkan verilməmişdir. Son nəticədə İcra Hakimiyyəti onlara verilmiş sərəncamı ləğv etmişdir. MTK tərəfindən iddiaçıya 5 ay üçün hər ay 2000 manat olmaqla, 10000 manat məbləğində kirayə haqqı ödənilmişdir. Bina sökülməmiş, bütün sakinlər öz evlərində yaşayırlar. Əslində MTK zərərə uğramışdır. Beş aydan sonra iddiaçı tikintinin aparılmasına icazənin verilmədiyini görüb, mülkiyyətində olan mənzilin açarını və sənədlərini gəlib götürmüşdür. Xahiş etdi ki, apellyasiya şikayəti əsassız olduğundan rədd edilsin. 25.Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndasi X3 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 20 noyabr 2017-ci il tarixli, 302 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və/və ya ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uüğunluğunun müəyyənləşdirilməsi qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1979 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə razılaşdırılmış, Nəsimi rayonu, Nizami küçəsi 104 və Xəqani küçəsi 65 saylı binaların kəsişməsində 1 saylı yaşayış ərazisində, qəzalı vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində Cavabdeh MTK tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsimi rayonu, Nizami küçəsi, 104 və Xəqani küçəsi 65 küçələrinin kəsişməsində yerləşən 1 saylı yaşayış ərazisinin ərazi-planlaşdırma sənədləri təsdiq olunmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 20 noyabr 2017-ci il tarixli, 303 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1979 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizi nəzərə alınmaqla, Nəsimi rayonu, Nizami küçəsi 104a və Xəqani küçəsi 65 saylı binaların kəsişməsində 1 saylı yaşayış ərazisində yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MTK-nın istifadəsinə verilmişdir. Sərəncamın 2.2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyriyaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi Cavabdeh MTK-ya tapşırılmışdır.Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2019-cu il tarixli, 242 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01 avqust 2018-ci il tarixli, 226 saylı Fərmanını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 08 oktyabr tarixli, 322 saylı, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 saylı və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarlarının ləğv edilməsi haqqında” 2019-cu il 17 dekabr tarixli 482 saylı Qərarını və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.3-cü maddəsini nəzərə alaraq qərara alınmışdır ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 302 və 303 saylı xx.xx.2017-ci il (Cavabdeh MTK), 38 və 39 saylı xx.xx.2018-ci il ("xxxx" MTK), 88 və 89 saylı xx.xx.2018-ci il ("xxxx" MMC), 106 və 107 saylı xx.xx.2018-ci il ("xxxx"MMC), 131 və 132 saylı xx.xx.2018-ci il tarixli ("xxxx"MMC) ərazi planlaşdırma sənədlərinin təsdiq olunması haqqında, yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında sərəncamlarının ləğv edilməsi, sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılova həvalə edilməsi qərara alınmışdır. Göründüyü ki, Cavabdeh MTK-ya verilmiş sərəncam Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2019-cu il tarixli, 242 saylı sərəncamı ilə ləğv edilmişdir. Həqiqətən Cavabdeh MTK tərəfindən söküntünün və tikintinin aparılması mümkün olmamışdır.Cavabdeh MTK tərəfindən sökülməli olan iddiaçının da mənzilinin yerləşdiyi bina sökülməmiş, bütün sakinlər öz mənzillərində yaşayırlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.Maddə 21.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 27.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 29.Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 30.Maddə 421.1.Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 31.Maddə 424.2.Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 32.Maddə 421.3.Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 33.Maddə 425.1.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 34.Maddə 442.1.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 35.Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 36.Maddə 443.2.Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 37.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 38.Maddə 448.4.Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 39.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 40.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 41.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 42.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamədən şikayət verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 43.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 44.Belə ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı olaraq qeyd olunmasa da, iş materiallarında mövcud olan: -Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 20 noyabr 2017-ci il tarixli, 302 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarını rəhbər tutaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarı ilə təsdiqlənmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və/və ya ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1979 saylı, xx.xx.2017-ci il tarixli məktubu ilə razılaşdırılmış, Nəsimi rayonu, Nizami küçəsi 104 və Xəqani küçəsi 65 saylı binaların kəsişməsində 1 saylı yaşayış ərazisində, qəzalə vəziyyətdə olan yaşayış və qeyri-yaşayış binalarının sökülərək yerində Cavabdeh MTK tərəfindən yeni yaşayış binalarının tikintisi nəzərə alınmaqla Nəsimi rayonu, Nizami küçəsi, 104 və Xəqani küçəsi 65 küçələrinin kəsişməsində yerləşən 1 saylı yaşayış ərazisinin ərazi-planlaşdırma sənədləri təsdiq olunmuşdur; -Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 20 noyabr 2017-ci il tarixli, 303 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1979 saylı, xx.xx.2017-ci il tarixli tikinti-planlaşdırma eskizi nəzərə alınmaqla, Nəsimi rayonu, Nizami küçəsi 104a və Xəqani küçəsi 65 saylı binaların kəsişməsində 1 saylı yaşayış ərazisində yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında Cavabdeh MTK -nın istifadəsinə verilmişdir. Sərəncamın 2.2-ci bəndinə əsasən ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması qarşılıqlı razılaşma əsasında müvafiq qanunvericiliyə əsasən həll edilməsi Cavabdeh MTK-ya tapşırılmışdır; -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış 20 may 2019-cu il tarixli, xx/xx-2918 saylı məktuba əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 104 və Xaqani küçəsi 65 küçələrinin kəsişməsində yerləşən Cavabdeh MTK tərəfindən çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi barədə xx.xx.2019-cu il tarixli, 09/19-02 saylı məktuba Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində baxılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016cı il tarixli 86 saylı qərarının icrası çərçivəsində tikintisi planlaşdırılan çoxmərtəbəli yaşayış binalarının tikintisinə icazə verilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edildiyindən aidiyyəti üzrə müraciət etməyiniz tövsiyyə olunur; -Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış 21 avqust 2019-cu il tarixli, xx/xx-4697 saylı məktubdan görünür ki,Cavabdeh MTK-nın xx.xx.2019-cu il tarixli məktubuna baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 4 saylı qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.1-ci bəndində nəzərdə tutulmuş sənəd və məlumatlar tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı tərəfindən Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilir. Bunanla əlaqədar yuxarıda qeyd olunan sənədlər Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Komitəyə təqdim olunmalıdır; -Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2019cu il tarixli, 242 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01 avqust 2018-ci il tarixli, 226 saylı Fərmanını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015ci il 08 oktyabr tarixli, 322 saylı, “Bakı şəhəri Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 saylı və “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli, 86 saylı qərarlarının ləğv edilməsi haqqında” 2019-cu il 17 dekabr tarixli 482 saylı Qərarını və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.2.3-cü maddəsini nəzərə alaraq qərara alınmışdır ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının 302 və 303 saylı xx.xx.2017-ci il (Cavabdeh MTK), 38 və 39 saylı xx.xx.2018-ci il ("xxxx" MTK), 88 və 89 saylı xx.xx.2018-ci il ("xxxx" MMC), 106 və 107 saylı xx.xx.2018-ci il ("xxxx"MMC), 131 və 132 saylı xx.xx.2018-ci il tarixli ("xxxx"MMC) ərazi planlaşdırma sənədlərinin təsdiq olunması haqqında, yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında sərəncamlarının ləğv edilməsi, sərəncamın icrasına nəzarət Rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılova həvalə edilməsi qərara alınmışdır; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən Cavabdeh MTK-ya ünvanlanmış 27 aprel 2020-ci il tarixli, İN-X/O-4262/2020 saylı məktubuna əsasən İqtisadiyyat Nazirliyinə daxil olmuş xx.xx.2020-ci il tarixli müraciətə baxılmışdır. Bildirilir ki, eyni məzmunlu müraciət Bakı şəhəri İcra Hakimiyyətinə göndərilmişdir. 45.Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. 46.Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 47.Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. 48.Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. 49.Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 448.4-cü maddəsi borclunun öhdəliyinin pozulmasına görə məsuliyyəti daşımamasının əsaslarını müəyyən etmişdir. Həmin maddənin 1-ci cümləsinə görə borclunun öhdəliyin pozulmasına görə məsuliyyətdən azad olunması üçün 1.pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, 2.yaxud da bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirməlidir. 50.Məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, Cavabdeh MTK müqavilə üzrə öz üzərinə düşən öhdəliyi qismən icra etsə də, ondan asılı olmayan səbəblərdən (Cavabdeh MTK-ya verilmiş sərəncam Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 28 dekabr 2019-cu il tarixli, 242 saylı sərəncamı ilə ləğv edilmişdir) söküntü və tikinti işlərini həyata keçirə bilməmişdir. Müqavilə bağlandıqdan sonra İddiaçı 5 ayın kirayə haqqını aldıqdan sonra, mülkiyyətində olan heç bir söküntüyə məruz qalmayan qeyri-yaşayış sahəsini geri almaqla, açarı və sənədləri götürmüşdür. Yəni tərəflər müqavilənin icrasından könüllü surətdə imtina etmişlər ki, bu halda müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinin tələblərinə əsasən müvafiq surətdə ləğv edilmiş sayılır. Bu halda isə müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilmişdir. 51.Kollegiya qeyd edir ki, araşdırılmış sübutlarla cavabdehin pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldi və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini gözləməyin mümkün olmadığı sübuta yetirilir. 52.Qeyd olunanlara əsasən kollegiya apellyatorun cavabdeh tərəfindən öhdəliyin yerinə yetirilməsi və zərərin ödənilməsi ilə bağlı dəlillərinin əsassız olduğu qənaətinə gələrək, hesab edir ki, ilk iddia əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edilməmişdir. 53.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(006)-592/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar