Məhkəmə qərarları › İş №2(103)-5578/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5578/2024

24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5578/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 avqust 2024-cü il tarixli, 2(005)-504/2023 nömrəli qərardadından Şahid tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ev 17-də yerləşən 13 saylı mənzilin ½ hissəsinə İddiaçı payı, Cavabdeh ½ hissəsinə payı müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixdə Şahid elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2023 saylı, xx.xx.2024- cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iş üzrə şahid qismində iştirak etmiş Şahid tərəfindən verilmiş apellyasiya şikayəti hüququ olmayan şəxs tərəfindən verildiyi üçün ona geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Şahid məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 2(005)-504/2023 nömrəli qərardadın ləğv edilməsini və iş üzrə maraqlı şəxs qismində tanınmaqla apellyasiya şikayətinin apelyasiya instansiyası məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında da qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsi ev 17-də yerləşən 13 saylı mənzilin ½ hissəsinə İddiaçı payı, Cavabdeh ½ hissəsinə payı müəyyən edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Belə olan halda onun mənzilinin başqa şəxslərin qurduğu qurama iddia ilə mənzilinin həmin şəxslər arasında böldüyü halda onun maraqlarına toxunmamaq barədə gəldiyi qənaət tamamilə əsassız və qərəzlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2023 saylı, 15 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, apelyasiya şikayəti ilə müraciət edən şəxs sözügedən mülki iş üzrə İddiaçı tərəfindən verilmiş vəsatət əsasında məhkəmədə şahid qismində ifadə vermişdir. Göründüyü kimi, Şahid apellyasiya şikayəti vermək hüququ olmayan şəxsdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Qeyd edilməlidir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraatı üzrə prosessual qayda, MPM-nin 357.1-ci maddəsində göstərilən şəxslərin şikayətlərindən fərqli formada müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə, məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Qanunvericiliyin tələbindən göründüyü kimi işdə iştirak etməyən şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti daxil olduqda, ilk addım qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını müəyyən etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi bu məsələni araşdırmalı, həmçinin apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalıdır. Qəbul edilən qətnamənin şikayət verənin hüquq və vəzifələrinə toxunması müəyyən edilərsə və apellyasiya şikayəti MPM-nin tələblərinə uyğundursa, bu barədə qərardad qəbul edilməli və apellyasiya şikayəti işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Lakin iş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən bu qaydaya riayət olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi apelyasiya şikayəti ilə müraciət edən Şahid sözügedən mülki iş üzrə İddiaçı tərəfindən verilmiş vəsatət əsasında məhkəmədə şahid qismində ifadə verdiyinə, bununla da onun apellyasiya şikayəti vermək hüququ olmayan şəxs olduğuna istinad etməklə verdiyi şikayəti mümkün saymayaraq geri qaytarmışdır. Halbuki Şahid apellyasiya şikayəti ilə müraciət edərək, hazırki mülki iş üzrə bölgü predmeti olan mənzilin onun verdiyi vəsait hesabına əldə edildiyini, tərəflərdən heç birinin bu əmlakın əldə olunmasında iştirak etmədiyini qeyd etmişdir. Birinci instansiya məhkəməsi bu məsələyə isə Şahid statusunda olması prizmasından yanaşaraq, onun Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsində göstərilən şəxslər siyahısına aid olmadığını qeyd etmişdir. Bununla da məhkəmə həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququna həm də işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilmiş qətnamə ilə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin də malik olduqlarını nəzərə almamış, bu məsələni, yəni mübahisələndirilən qətnamənin Şahid maraqlarına toxunub-toxunmaması məsələsini yoxlamamış və bunun nəticəsinə dair Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən müvafiq qərardad qəbul etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırki şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2023 nömrəli mülki iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Şahid maraqlarına toxunub-toxunmaması məsələsinin yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla həlli məqsədilə müvafiq prosessual hərəkətlərin edilməsi üçün yenidən həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şahid şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-504/2023 saylı 5 avqust 2024cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-504/2023 nömrəli iş üzrə qəbul etdiyi 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə Şahid maraqlarına toxunubtoxunmaması məsələsinin həlli məqsədilə müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar