Məhkəmə qərarları › İş №2(103)-558/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-558/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-558/2021 09.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 268.18 ABŞ dolları əsas kredit borcu, 831.37 ABŞ dolları faiz borcu və 84.88 ABŞ dolları cərimə olmaqla, cəmi 1184.43 ABŞ dolları borc pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ilə iddiaçı «xxxx» KB ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 3200 manat məbləğində kredit verilmişdir. Cavabdehin xx xxxxxxxx 2019-cu il tarixə borcu aşağıdakı kimidir: 268.18 ABŞ dolları əsas kredit borcu, 831.37 ABŞ dolları faiz borcu və 84.88 ABŞ dolları cərimə olmaqla, cəmi 1184.43 ABŞ dolları. Məhkəmə qaydasından kənar həll edilməsi üçün danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. AR Mülki Məcəllənin müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı «xxxx» KB ASC-nin xeyrinə 268 (iki yüz altmış səkkiz) ABŞ dolları 18 (on səkkiz) sent əsas kredit borcu, 831 (səkkiz yüz otuz bir) ABŞ dolları 37 (otuz yeddi) sent faiz borcu və 10 (on) ABŞ dolları cərimə olmaqla, cəmi 1109 (min yüz doqquz) ABŞ dolları 55 (əlli beş) sent (ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə) borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, 120 (yüz iyirmi) manat ekspertiza xərcinin cavabdehdən tutularaq müvafiq hesab üzrə Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Günay Həşimova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2015-ci ilin fevral və dekabr ayları ərzində ABŞ dolları ilə verilmiş xarici valyutada olan əsas kredit məbləğləri iki dəfə devalvasiyaya uğramış və nəticədə devalvasiyadan zərər çəkmiş vətəndaşlara müvafiq güzəştlərin tətbiq edilməsi üçün “Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı olmuşdur. Həmin Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədi iə AR X3 Palatası tərəfindən xx xxxx 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” hazırlanmışdır. Qeyd edilən Fərmanın icrası ilə bağlı hazırlanmış “Qayda”ya uyğun olaraq cavabdehə də, devalvasiyadan zərər çəkmiş istehlakçı kimi xarici valyutada olan kreditin manatla artmış hissəsinin kompensasiya edilməsi nəzərdə tutulmuş, AR X2 Palatası tərəfindən yaradılmış elektron Portaldan Çıxarışa əsasən xx xxxx 2019-cu il tarixinə əsas kredit borcu üzrə, borcun azaldılmasına yönəldilən məbləğ üzrə və qalıq borcunun məbləği üzrə hər hansı öhdəliyin olmadığı göstərilmiş, cavabdehə çatan kompensasiya 2437 (iki min dörd yüz otuz yeddi) manat məbləğində hesablanaraq “xxxx” ASC-nin hesab nömrəsinə köçürülmüş və kart vasitəsi ilə cavabdehə ödənilmişdir. “xxxx” KB ASC-nin hesabına köçürülmüş kompensasiya məbləğini kart vasitəsi ilə əldə etdikdən sonra bank işçiləri tərəfindən cavabdehə dəfələrlə zəng edilərək əsas kredit borcuna hesablanmış 1184 (min yüz, səksən dörd) ABŞ dolları məbləğində faiz borcunun olduğu bildirilmiş və ödənilməsi tələb olunmuşdur. Mübahisənin mahiyyətcə zərərçəkmiş şəxsə verilmiş kompensasiya məbləğinin geri tələb edilməsindən ibarət olmasına baxmayaraq, Qaradağ rayon məhkəməsi həmin mübahisəli məsələni həll edərkən AR Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanının 3.1 və 7.3-cü bəndlərinin icrası ilə əlaqədar xarici valyutada olan kredit məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinə tətbiq edilməli olan güzəştləri nəzərə almamış və kredit müqaviləsi üzrə əsas kredit borcunun devalvasiya nəticəsində manatla artmış hissəsinə görə çəkilən zərərin sözügedən Fərmanın tətbiqi dairəsinə düşmədiyi qənaətinə gəlmişdir. Əgər doğurdan da, xarici valyutada götürülən kredit məbləğinin manatla artmış hissəsinə görə cavabdeh devavasiyadan zərər çəkmiş şəxs hesab olunmuşdursa, o halda AR X3 Palatası tərəfindən cavabdehə hesablanmış kompensasiya hansı maliyyə mənbələrinə əsasən ödənilmişdir? Xarici valyutada götürülən 3200 ABŞ dolları həcmində kredit məbləğinə görə cavabdehə Mərkəzi Bankın həmin tarixə elan etdiyi məzənnəyə uyğun olaraq cəmi 2500 manat kredit verilmişdir. Aylar üzrə tərtib edilmiş ödəniş cədvəlinə görə 48 ay müddətində illik 24% ödəmək şərti ilə müqavilə bağlanılmışdır. 2019-cu ilin yanvar ayında başa çatmış kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş cədvəli əsasında bank tərəfindən təqdim edilmiş hesabdan çıxarışa və aylar üzrə ödəniş qəbzlərində qeyd olunan ödəniş məbləğlərinə əsasən hər ay təxminən orta hesabla 120 manat həcmində kredit ödənişi etdiyi rəsmi sənədlərlə sübuta yetirilmiş və ümumilikdə kredit borcuna görə ödənilən məbləğ cəmi 6993 (altı min doqquz yüz, doxsan üç) manat təşkil etmişdir. Cavabdehlə bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 348 nklNSH/15 saylı kredit müqaviləsinin 1 saylı əlavəsində bank tərəfindən tərtib edilmiş qrafik üzrə hər ay 105 manat ödəmək şərti ilə 48 ay ərzində əsas kredit borcu və hesablanmış faizlərlə birlikdə ödəməli olduğu borcun ümumi məbləğinin cəmi 4998 manat göstərilmiş, lakin bank tərəfindən verilmş hesabdan çıxarışa əsasən ödənilən məbləğ cəmi 6993 manat olmuşdur. Məhz buna görə də, xarici valyutada olan əsas kredit məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinə görə cavabdehə zərər çəkmiş şəxs qismində kompensasiya ödənilmişdir. Bu mənada iş üzrə araşdırma aparan məhkəmə tərəfindən cavabdehin devalvasiya nəticəsində zərərçəkmiş şəxs qismində qeyd edilən Fərmanın təsir dairəsinə aid olmadığı barədə dəlilləri iş materiallarında olan sənədlərlə təkzib edildiyi üçün təmamilə əsassız hesab edilməlidir. Qaradağ rayon məhkəməsi mübahisənin mahiyyətini əks etdirməyən iddia tələbi ilə bağlı qətnamə qəbul edərkən iddiaçı bankla cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli sazişə əsasən kredit müqaviləsi üzrə aylıq ödənişlərin əsas borcun ödənilməsinə (ssuda borcu) yönəldilməsi barədə razılaşmaya görə ssudanın aylıq ödənişinin 69 manat olaraq müəyyən edildiyini qeyd etmişdir. Halbuki həmin dövrü əhatə edən aylar ərzində ödəniş çeklərində qeyd olunan ödənişin miqdarı 105 manatdan 125 manatadək olan məbləğ həcmində ödənilmişdir (Bu faktı təsdiq edən ödəniş çekləri mövcuddur). Bu isə öz növbəsində onu deməyə əsas verir ki, iddiaçı bankla cavabdeh arasında bağlanmış sazişə görə aylıq ödənişlərin əsas borcun ödənilməsinə yönəldilməsi barədə razılaşmadan sonra da, yəni 2016-cı ilin iyun ayından başlayaraq əvvəlki qrafik üzrə əsas borc və ona hesablanmış faizlərlə birlikdə ödənilən 105 manat həcmində olan ödəniş məbləğindən də artıq orta hesabla hər ay 120 manat məbləğində ödəniş etmişdir. Yəni sazişdən sonra aylar üzrə ödənilən məbləğlər əsas borcun ödənilməsinə yönəldilsə də, əslində əvvəlki qrafik üzrə faizlərlə birlikdə hər ay üçün ödənilən məbləğdən artıq olmuşdur. Bu isə öz növbəsində xarici valyutada olan kreditin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi tələbindən irəli gəlmişdir. İddianın təmin edilməsi ilə bağlı məhkəmənin iş üzrə qəbul etdiyi qətnaməsində AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/638 nömrəli ekspert rəyinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin banka xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 268.17 ABŞ dolları, faiz borcu üzrə isə 1198.48 ABŞ dolları borcunun olduğu göstərilmişdir. Məhkəmə tərəfindən işin mahiyyətinə aid olmayan və primitiv şəkildə qoyulmuş suallar əsasında verilmiş ekspert rəyi mübahisəni mahiyyətcə həll edilməsi üçün heç bir əhəmiyyətə malik olmamışdır. Belə ki, mabahisənin mahiyyəti üzrə tam və hərtərəfli araşdırmaq üçün məhkəmə ekspert qarşısında yaranmış mübahisəli hüquq münasibətinin yuxarıda qeyd edilən Fərmanın tətbiqi dairəsinə aid olub-olmadığını müəyyən edən suallar qoymalı olduğu halda iddiaçının borc tələbi barədə təqdim etdiyi sənədlərdə göstərilən borc məbləğinin təsdiq edilməsini tələb edən suallar qoymuşdur. İddiaçının borc tələbi ilə əlaqədar təqdim etdiyi sənədlərdə göstərilən borc məbləğinin təsdiq edilməsi barədə verilmiş ekspert rəyi isə mübahisənin mahiyyətinə uyğun olmadığı üçün hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinin də çıxarılmasına hüquqi əsas hesab edilə bilməzdi. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” AR Prezidentinin 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədi ilə AR X3 Palatası tərəfindən hazırlanmış xx xxxx 2019-cu il tarixli “Qayda”ya əsasən “xxxx” ASC-nin cavabdehə qarşı hesablanmış faiz borcunu tələb etməsi əsassızdır. Həmin “Qayda”nın 5.2.3.-cü bəndinin 1-ci yarımbəndinə əsasən fiziki şəxslərin kompensasiya hesablanan əsas kredit borclarına güzəştlərin tətbiq edilməsi nəzərdə tutulmuş və kompensasiya əsas kredit borcu qalığının 30 faizindən çox olduqda faiz və dəbbə pulunun tam şəkildə silinməsi göstərilmidir. Problemli kreditlərin kompensasiyası barədə cavabdehin adına tərtib edilmiş elektron Portaldan çıxarışa əsasən əsas kredit məbləği üzrə borcun ödənildiyini nəzərə alaraq əsas kredit borcuna hesablanmış faiz borcu Bank tərəfindən silinməlidir. Məlum Fərmanın icrası ilə bağlı hazırlanmış “Qayda” ya əsasən cavabdehə 21 manat, xx xxxxxx 2015-ci il tarixinə ödənilən məbləğə görə isə 1652 (min altı yüz, əlli iki) manat kompensasiya hesablanmışdır. Bu o deməkdir ki, devalvasiya ayından dekabr ayınadək olan dövr üçün hər bir ABŞ dollarına 25 qəpik, ondan sonrakı dövr üçün isə, yəni 2019-cu ilin may ayına qədər olan müddət ərzində hər bir ABŞ dollarına 60 qəpik azaldılaraq vətəndaşa çatan hissə kimi 2437 (iki min dörd yüz otuz yeddi) manat məbləğində kompensasiya edilmişdir. Belə olan halda 1-ci instansiya məhkəməsi heç bir hüquqi əsasla mənim yuxarıda istinad edilən Fərmanın tətbiqi dairəsinə cavabdehin aid edilmədiyi barədə mövqeyini əsaslandıra bilməmiş və formal mülahizələrə söykənən, qanuna zidd qətnamə qəbul etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi İ.Şahverdiyev cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit və bank hesabı müqaviləsindən görünür ki, iddiaçı «xxxx» KB ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 3200 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixə borcu aşağıdakı kimidir: 268.18 ABŞ dolları əsas kredit borcu, 831.37 ABŞ dolları faiz borcu və 84.88 ABŞ dolları cərimə olmaqla, cəmi 1184.43 ABŞ dolları. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxx 2016-cı il tarixli sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun ödənilməsinə yönəldilmiş, faizlər isə müddətin qurtardığı vaxt alınmış. Kredit müqaviləsinin müddəti xx xxxxxx 2019-cu il tarixədək müəyyən olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 2 saylı sazişdən görünür ki, ssudanın ödənişi aylıq 69 manat olaraq müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh iddiaçıya 48 ay müddətində aylıq 105 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/638 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən hesabdan çıxarışlardan və “xxxx” ASC ilə Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli kredit və bank hesabı müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh banka olan aşağıdakı kimi müəyyən olunur: xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 504.92 ABŞ dolları, faiz borcu üzrə 1139.81 ABŞ dolları, xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 268.17 ABŞ dolları, faiz borcu üzrə 1198.48 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş bildiriş məktubundan görünür ki, «xxxx» KB ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 328.1-ci maddəsinin tələbinə görə, əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və təqdim edilən ekspert rəyi əsasında cavabdehin xx.xx.2019-cu il tarixinə banka olan borcu əsas borc üzrə 504.92 ABŞ dolları, faiz borcu üzrə 1139.81 ABŞ dolları, xx.xx.2019-cu il tarixinə əsas borc üzrə 268.17 ABŞ dolları, faiz borcu üzrə 1198.48 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı məhkəmə mühasibalıq ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən, əsas borc 488.35 ABŞ dolları, faiz borcu isə 990.68 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Göründüyü kimi, həm birinci instansiya məhkəməsində icraat zamanı, həm də apellyasiya instansiyası məhkəməsində icraat zamanı verilmiş ekspert rəylərində iddia tələbində və maliyyə arayışında göstərildiyindən daha artıq məbləğ müəyyən etmişdir. Kollegiya hesab edir ki, iddia tələbində göstərilən məbləğ daha az olduğundan birinci instansiya məhkəməsi ekspert rəyi ilə müəyyən olunmuş məbləğləri deyil, iddia tələbində və eyni zamanda maliyyə arayışında göstərilən məbləğləri əsas götürməkdə haqlı olmuşdur. İddia tələbinin dəbbə pulu ilə bağlı hissəsinə münasibətdə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, dəbbə pulu ilə bağlı tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Bununla belə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi AR MM-in 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq kredit müqaviləsi üzrə dəbbə pulunun 10 (on) ABŞ dolları məbləğində müəyyən etməklə doğru nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-517/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar