Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5585/2024 11.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Rafiq Abdullayevin iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “kredit borcunun olmamasına dair məlumatın mərkəzləşdrilmiş kredit reyestrinə təqdim edilməsi barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2214/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.İddia ərizəsində tələb olunub ki, iddiaçının cavabdehə borcunun olmaması barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilməsi vəzifəsi cavabdehə həvalə edilsin. 2.İddiaçı tələbi onunla əsaslandırıb ki, kredit alınması üçün banklara müraciət etdiyi zaman ona məlum olmuşdur ki, Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumatında onun cavabdehə kredit borcunun olduğu qeyd edilib. Lakin cavabdehin qarşısında kredit öhdəliyi yoxdur. Ona görə də cavabdehə müraciət edərək həmin kreditə dair sənədlərin ona verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina etmiş, imtinanı isə onunla əsaslandırmışdır ki, tələb edilən məlumat bank sirridir. Mərkəzləşdirilmiş Kredit Reyestrindəki məlumata görə heç bir bankdan kredit ala bilmir. Ona görə də həmin məlumatın silinməsi zəruridir. 3.Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, iddiaçının cavabdehə borcunun olmaması barədə məlumatın Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilməsi vəzifəsi cavabdehə həvalə olunsun. Apellyasiya instansiyası məhkəməsində icraat 4.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilməsin. 5.Məhkəmə iclasında iştirak edən cavabadehin nümayəndəsi Rafiq Abdullayev apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının vəkili və nümayəndəsi Vəkil isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.Cavabdeh xx.xx.2023-cü il tarixli, 20xx/xx/6380 nömrəli məktubu ilə iddiaçıya bildirib ki, iddiaçı ilə cavabdehin arasında xx.xx.2009-cu ildə 1 il müddətinə, illik 28 faiz dərəcəsi ilə 3.000 manat kreditə dair müqavilə rəmiləşdirilib. Müqavilə üzrə ümumi borc 9.176,38 manat təşkil edir (iş v. 4). 7.Lakin cavabdeh həmin kreditə dair hər hansı sənədi (kredit müqaviləsini, ödəniş cədvəlini və s.) iddiaçıya və ya məhkəməyə təqdim etmir. İddiaçı isə cavabdehin qarşısında hər hansı kredit öhdəliyinin olmadığını bildirir. Belə vəziyyətdə iddiaçının cavabdehin qarşısında kredit öhdəliyinin olduğunu sübutetmə yükü cavabdehin üzərinə düşür, lakin o, bu barədə heç bir sübut təqdim edə bilmir. Ona görə də hesab olunmalıdır ki, iddiaçının cavabdehin qarşısında kredit öhdəliyi yoxdur və bu barədə Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumat həqiqi deyil. 8.Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2021-ci il tarixli 32/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, bu Qayda kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın X1 Kredit Reyestrinə verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir. 9.Cavabdeh məlumat təchizatçısı sayılır. Belə ki, Qaydanın 2.1.2-ci bəndinə görə, məlumat təchizatçısı – Mərkəzləşdirilmiş Kredit Reyestrinə kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatıdır. Cavabdeh Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilən məlumatın dəqiqliyini təmin etməlidir. Belə ki, Qaydanın 3.9-cu bəndinə görə, məlumat təchizatçıları Mərkəzləşdirilmiş Kredit Reyestrinə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. Cavabdeh Mərkəzləşdirilmiş Kredit Reyestrindəki məlumata düzəliş aparılması üçün yazılı müraciət etmək öhdəliyi daşıyr. Belə ki, Qaydanın 3.10-cu bəndinə görə, Mərkəzləşdirilmiş Kredit Reyestrində olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. 10.Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 11.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(006)-2214/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5585/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5585/2024
11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver