Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5586/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili X4, üçüncü şəxs Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, “xxxxxxxxxxxx” MMC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Cavabdeh3 MMC və “xxxxxxxxxx” MMC olmaqla) “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və “xxxxxxxxxxxx” MMC-dən müştərək qaydada dəymiş maddi ziyanın əvəzi olaraq 43.070 ABŞ dolları məbləğinin 62.141,25 manat əsas məbləğ və 11.185,43 manat ƏDV kimi ödənilmiş ekvivalentinin tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2017- ci il tarixdə İddiaçı MMC-də sürücü vəzifəsində işləyən Cavabdeh1 idarə etdiyi “DAF” markalı, ** JF *** dövlət nömrə nişanlı daşıyıcı ilə “Hyundai R520” markalı, ** FX *** dövlət nömrə nişanlı ekskavatorunu təmir üçün Bakı şəhərinə apararkən, X19 Sahəsini tərk etdikdən sonra X2 100 metr aralıda daşınan yük qəzaya uğramışdır. Belə ki, yol kənarında dayanmış avtomobillərə görə yolun hərəkət hissəsi daralmış və bu zaman qoşqunun sol tərəf təkərləri torpaq boşluğuna düşdüyünə görə qoşqunun ləngər vurması nəticəsində üzərində yerləşdirilən “Hyundai R520” markalı, ** FX *** dövlət nömrə nişanlı ekskavatoru sola sürüşərək, dərəyə aşmışdır. Hadisə vaxtı xəsarət alan olmamışdır. Belə ki, ekskavatorun maşinisti Cəfərov Eldəniz və yardımçı sürücü Kərimov Əkbər həmin vaxt “DAF” markalı daşıyıcıda olmuşlar. Lakin hadisə nəticəsində “Hyundai R520” markalı ekskavatora ciddi ziyan dəymiş və bununla da, İddiaçı MMC-yə maddi zərər vurulmuşdur. Hadisə nəticəsində dərəyə aşmış “Hyundai R520” markalı ekskavator Cavabdeh3 MMCyə məxsus olmaqla, xx xxxxx 2017-ci il tarixli № PT /SM/01/04/17 icarə Müqaviləsi əsasında İddiaçı MMC-yə xidmət göstərmiş və müqavilə müddəti ərzində ekskavatora dəymiş hər hansı bir zərərin əvəzinin ödənilməsi öhdəliyi İddiaçı MMC-nin üzərində olmuşdur. Bununla əlaqədar olaraq, hazırkı iş üzrə üçüncü şəxs olan Cavabdeh3 MMC 30 noyabr 217-ci tarixli, 10PG 17-301 saylı Pretenziya Məktubu ilə İddiaçı MMC-yə müraciət etmiş və mülkiyyətində olan “Hyundai R520” markalı ekskavatora dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Belə ki, hadisə nəticəsində “Hyundai R520” markalı ekskavatorun kabinəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar, ağır texnikaların satışı və servisi ilə məşğul olan “xxxxxxxxxx” şirkətinə müraciət olunmuşdur. “xxxxxxxxxx” Şirkətindən alınmış rəsmi məlumata əsasən “Hyundai R520” markalı ekskavatorun tam bərpa olunması üçün xərclərin cəmi 43.070 ABŞ dolları təşkil etmişdir. İddiaçı MMC Cavabdeh3 MMC-nin pretenziya məktubuna yazılı cavab verərək, dəymiş ziyanın aradan qaldırılmasını təmin edəcəyinə söz vermiş, lakin ziyanın məbləğinin çox olduğunu nəzərə alaraq, Cavabdeh3 MMC-dən ona möhlət verilməsini xahiş etmişdir. Nəticədə İddiaçı MMC xx xxxx 2018-ci il tarixli “Öhdəliklərin könüllü icrası” barədə müqaviləyə əsasən xx xxxxxx 2018-ci il tarixdə hazırkı iş üzrə üçüncü şəxs Cavabdeh3 MMC-yə “Hyundai R520” markalı ekskavatora dəymiş zərərin manat ekvivalenti olan 62.141,25 manat əsas məbləğ və 11.185,43 manat ƏDV kimi pul məbləğini ödəmişdir. Məhkəmənin təşəbbüsü ilə “xxxxxxxxxx” MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 679/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərin əvəzi kimi Cavabdeh1 61.200 (altmış bir min iki yüz) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin 10 (on) manat hissəsinin İddiaçı MMC-dən, 110 (yüz on) manat hissəsinin Cavabdeh1 tutulub dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh1 apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə vurulmuş zərərin ictimai təhlükəli əməl nəticəsində baş verdiyini qətnaməsində müəyyən etmir. Halbuki zərər, əgər ictimai təhlükəli əməl nəticəsində vurulubsa, burada mütləq səbəbli əlaqə olmalıdır. Qeyd olunan İXM-nin müvafiq maddəsində və qərarda Pirverdiyev əks istiqamətli hərəkət zolağına çıxmaqda və manevr etməkdə təqsirli bilinmişdir. Lakin nəqliyyat vasitəsinin sürüşərək təkərlərinin boşluğa düşməsinin, daşıyıcının əks istiqamətli hərəkət zolağına çıxması ilə səbəbli əlaqəsinin olması həmin qərarla müəyyən olunmur. Məhkəməyə təqdim edilmiş yol-nəqliyyat hadisəsinin sxeminə əsasən, Pirverdiyevin idarə etdiyi daşıyıcı əks istiqamətli hərəkət zolağının mərkəzində olmuşdur və həmin hərəkət zolağının torpaq qatında boşluq olmasını görə bilməzdi. Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolda və onun sxemində hadisə baş verən yerdə yolun hərəkət örtüyünün (asfalt, daş, torpaq və s.), yolun profili (üfıqi, eniş və ya yoxuşun dərəcəsi), yolun döngəli hissəsinin radiusu və bucağı qeyd edilməmişdir. Yalnız yolun hərəkət hissəsinin vəziyyəti - onun yaş olması qeyd edilmişdir. Məhkəmə İddiaçı MMC ilə Piriverdiyev Rövşən Hüseyn oğlu arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqaviləyə istinad edərək iddianın əsaslı olması qənaətinə gəlmiş, iddianı təmin edərkən Əmək Məcəlləsinin və Mülki Məcəllənin işçi ilə işə götürən arasında yaranan hüquq münasibətlərini tənzim edən müvafiq maddələrinə istinad etmişdir.Lakin zərər yüksək təhlükə mənbəyi tərəfindən vurulduğu üçün hazırki işdə xüsusi norma kimi yalnız Mülki Məcəllənin 1108-ci maddəsi çıxış edə bilərdi. Bundan əlavə iddiaçı yükün daşınması üçün xüsusi icazə almalı olduğu halda, bunu etməmişdir və ətrafdakılar üçün təhlükə yaradan əlverişsiz yol-iqlim şəraitində (yol yaş və palçıq idi) ağır çəkili və iri qabaritli nəqliyyat vasitəsinin hərəkət etməsinə göstəriş verməli deyildi. Yükün qabaritlərini nəzərə alaraq onun mühafizə avtomobili ilə müşayiətini lazımı səviyyədə təşkil etməmişdir. Ağır çəkili nəqliyyat vasitəsinin maneəsiz hərəkətini təmin etmək məqsədilə əlavə tədbirlər həyata keçirməmişdir. Şərh olunanlara istinad edərək cavabdeh qeyd olunan zərərin vurulmasında iddiaçının (və ya iddiaçının da ) bilavasitə təqsirli olması qənaətindədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X8 apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Cavabdeh3 MMC-nin nümayəndəsi və vəkili X9 onlara dəyən zərərin əvəzinin iddiaçı tərəfindən ödənildiyini və birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olduğunun qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər proses iştirakçıları məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İş materiallarında olan Cavabdeh3 MMC ilə İddiaçı MMC arasında bağlanmış PT/SM/01/04/17 saylı, xx xxxxx 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh3 MMC “Ağır texnika və nəqliyyat vasitəsini” İddiaçı MMC-nin müvəqqəti istifadəsinə vermişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı MMC-də yük maşını sürücüsü işləmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx xxxxxx 2017-ci il tarixli etibarnamələrinə əsasən Cavabdeh1 şirkətə məxsus özünlü platforma Low bed- ** ZX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini məhdudiyyətsiz olaraq idarə etmək etibar edilmişdir. İş materiallarında olan “xxxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli etibarnaməsinə əsasən Cavabdeh1 şirkətə məxsus “DAF yük” markalı ** JE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini məhdudiyyətsiz olaraq idarə etmək etibar edilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən Cavabdeh1 tam məsuliyyətlə ona etibar edilmiş əmlaka, maddi və ya digər sərvətlərə qayğı ilə yanaşmaq, itməsinə, korlanmasına, oğurlanmasına şərait yaratmamaq, işəgötürənin əmlak, maddi və ya digər sərvətlərinə ziyan vurmamaq, dəyən maddi ziyanın ödənilməsi barədə üzərinə öhdəlik götürüşdür. İş materiallarında əlavə edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 363 nömrəli, xx.xx.2017-cü il tarixli aktın surətinə əsasən Cavabdeh1 ayıqdır, onda alkoqolun qəbulu faktı müəyyən edilməmişdir, narkotik və digər madələrin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilməmişdir. İş materiallarında əlavə edilmiş Cavabdeh1 tərəfindən Daşkəsən Rayon Polis İdarəsinə verilmiş izahata əsasən o, 2017-ci ilin may ayından Daşkəsən rayon Çovdar kəndində İddiaçı MMC-də işləməyə başlamışdır. xx.xx.2017-ci il tarixdə işdə olan zaman idarə etdiyi ** ZX *** dövlət qeydiyyat nişanlı qoşqunu idarə etdiyi avtomobilə qoşmuş və şirkətdə olan ekskavatoru qoşquya yükləyib Bakı şəhərinə yola düşmüşdür. Ekskavatoru idarə etdiyi avtomobilə yüklədikdikdən sonra hərəkət edib şirkətin həyətindən çıxan zaman yolun dar olduğunu və nəm olduğunu nəzərə alıb avtomobili ehtiyyatla, yavaş sürətlə idarə edirdi. Şikətin qapısından çıxdıqdan 70-80 metr aralıda idarə etdiyi yük avtomobilinin arxa sol təkərləri yolda boş torpağa düşmüş, yük ağır olduğu üçün sürüşərək dərəyə aşmışdır. İddiaçı MMC-nin xx xxxxxxx 2017-ci il tarixli xidməti məruzəsi və ona əlavə edilmiş qəza haqqında məlumata əsasən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixdə saat 08:45 radələrində Cavabdeh1 idarə etdiyi “Transko-2012” şirkətinə məxsus və müqavilə əsasında İddiaçı MMC-yə xidmət göstərən “DAF” markalı, ** JF *** dövlət nömrə nişanlı daşıyıcı ilə Cavabdeh3 MMC-yə məxsus və müqavilə əsasında İddiaçı MMC-yə xidmət göstərən “Hyundai 520” markalı, 1** FX *** DNN ekskavatoru təmir üçün Bakı şəhərinə aparmış, ekskavatorun nəqli ilə bağlı daşıyıcıda ekskavator maşinisti Eldəniz Cəfərov və yardımçı sürücü Əkbər Kərimov da getmişlər. Lakin ÇFES-i tərk edərək X2 100 metr aşağıda daşınan yük qəzaya uğramışdır. Belə ki, yol kənarında dayanmış avtomobillərə görə yolun hərəkət hissəsi daralmış və bu səbəbdən DAF-ın sürücüsü Cavabdeh1 məcburiyyət qarşısında qalaraq, yol kənarında çəkilmiş məftildən olan çəpərin dibi ilə hərəkət etməli olmuşdur. Bu zaman qoşqunun sol tərəf təkərləri torpaq boşluğuna düşmüş və qoşqunun ləngər vurması nəticəsində üzərində yerləşdirilən ekskavator sola sürüşərək dərəyə aşmışdır. Hadisəyə səbəb ÇFES-də çalışan işçilər tərəfindən yol kənarında saxladıqları nəqliyyat vasitələri, yolun yaş olması və yük maşınının sürücüsü tərəfindən yolun düzgün qiymətləndirməməsi olmuşdur. Bundan başqa, ekskavator daşıyıcıya yüklənəndən sonra heç bir zəncir və ya trosla qoşquya bərkidilməmişdir. Yükün daşınmasında avtonəqliyyat şöbəsinin rəhbəri Hüseynov Səbuhi öndə getməli olduğu halda, müəyyən səbəblərdən ərazidə ləngimiş və daşıyıcı ÇFES-i müşahidəçisiz tərk etmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. “Hyundai 520” ekskavatorunun ÇFES-dən təmir üçün çıxarılacağı barədə SƏTƏM şöbəsinə heç bir məlumat daxil olmamışdır. İddiaçı MMC-nin nəqliyyat şöbəsinin rəhbəri X3 İddiaçı MMC-nin SƏTƏM şöbəsinin rəhbəri X6 verdiyi izahatına əssən, xx.xx.2017-ci il tarixdə “Hyundai 520” markalı, 1** FX *** DNN ekskavatoru təmir üçün Bakı şəhərinə göndərmişlər. Ekskavatorun daşınmasını “DAF” markalı, ** JF *** dövlət nömrə nişanlı daşıyıcının sürücüsü Cavabdeh1 həyata keçirirdi. ÇFES-i tərk edərək yola düşərkən yol dar olduğundan qoşqunun sol tərəfi boşluğa düşmüş, bu səbədən üzərindən ekskavator sürüşərək dərəyə aşmışdır. Cavabdeh1 İddiaçı MMC-yə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə ekskavatoru təmir üçün aparan zaman ərazidən gedərkən 30 metr irəlidə yolun sağ tərəfində avtomobillər olduğundan sol tərəflə hərəkət etməyə məcbur olmuş, yol yağış və palçıq olduğundan daşıyıcının təkərləri boşluğa düşmüş, bu səbəbdən üzərindəki ekskavator dərəyə aşmışdır. Ekskavator maşinisti X1 Mining” MMC-yə verdiyi izahatında gösətrmişdir ki,1** FX *** DNN ekskavatoru təmir üçün apararkən X2 30 metr irəlidə yol palçıq və dar olduğundan daşıyıcının təkərləri sürüşmüş və ekskavator dərəyə yuvarlanmışdır. Yük maşını sürücüsü X11 İddiaçı MMC-yə verdiyi izahatında gösətrmişdir ki, daşıyıcıya kömək edilməsi barədə ona göstəriş verilmiş, ekskavatorun daşıyıcıya mindirilməsində sürücüyə köməklik göstərmişdir. X2 200 metr aralıda yolun sürüşkən və dar olması səbəbindən daşıyıcının təkərləri sürüşmüş və ekskavator dərəyə aşmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daşkəsən RPŞ tərəfindən tərtib olunmuş TYP seriyalı, 018394 nömrəli xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokolun və xx.xx.2017-ci il tarixli TYP seriyalı 018394 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdə Daşkəsən rayonu Çovdar kənd ərazisində əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etməklə yük daşıma qaydasını pozmuşdur. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 352.0.3-cü maddələri ilə təqsirli bilinrək, 60 manat məbləğində cərimə edilmişdir. “xxxxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixli qüsur aktına əsasən “Hyundai 520” markalı, 1** FX *** dövlət qeydiyyat nişanlı ekskavatora vurulmuş ziyan ümumilikdə 43.070 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh3 MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli pretenziya məktubundan görünür ki, 5 iş günü ərzində pretenziyanın cavablandırılması və pretenziya məbləğini yəni 43.070 ABŞ dollarının manat ekvivalentinin ödənilməsi təklif edilmiş, əks halda, məhkəmədə iddia qaldırılacağı barədə xəbərdar edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh3 MMC-yə ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli məktubdan görünür ki, İddiaçı MMC“ tərəfindən Cavabdeh3” MMC-nin 43.070 ABŞ dolları borc tələbi qəbul edilmiş, lakin məbləğ böyük olduğundan ödənilməsinə möhlət verilməsini xahiş edilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx xxxx 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 borcun ödənilməsi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. Cavabdeh3 MMC ilə İddiaçı MMC arasında bağlanmış xx xxxx 2018- ci il tarixli Öhdəliklərin könüllü icrası barədə razılaşmaya əsasən tərəflər dəymiş ziyanın İddiaçı MMC tərəfindən xx xxxx 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək həyata keçiriləcəyi barədə razılığa gəlmişlər. xx xxxxxx 2018-ci il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən Cavabdeh3 MMC-nin bank hesabına 62.141,25 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 14837 saylı rəyinin nəticə hissəsinə əsasən nəzəri hesablama yolu ilə işin materiallarında olan “xxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən, 2013-cü il buraxılışlı “Hyundai 520” markalı, R520LC-9S modelli ekskavatorun təmir bərpa xərci hadisə baş verən tarixə təxminən 61.200 manat, aparılmış ekspertiza tədqiqatın dəyəri isə 120 manat müəyyən edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh3 MMC mülkiyyətində olan ağır texnika və nəqliyyat vasitəsini, o cümlədən “Hyundai 520” markalı, R520LC-9S modelli ekskavatoru İddiaçı MMC-nin istifadəsinə və sahibliyinə vermişdir. xx xxxxxxx 2017-ci il tarixdə əmək müqaviləsi ilə İddiaçı MMC-də sürücü vəzifəsində çalışan Cavabdeh1 etibarnamə əsasında idarə etdiyi “DAF” markalı, ** JF *** dövlət nömrə nişanlı daşıyıcı ilə həmin daşıyıcıya yüklənmiş İddiaçı MMC-nin istifadəsində olan “Hyundai 520” markalı, R520LC-9S modelli ekskavatoru təmir üçün Bakıya aparmaq məqsədi ilə istehsalat sahəsindən yola düşmüş, Daşkəsən rayonu Çovdar kənd ərazisində hərəkət edən zaman daşıyıcının sol arxa təkərləri sürüşmüş, nəticədə üzərindəki ekskavator dərəyə aşmışdır. xx.xx.2017-ci il tarixli, TP 018394 saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 həmin hadisənin törədilməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 352.0.3-cü maddəsi ilə təqsirli bilinmişdir. İddiaçı MMC-nin istifadəsində olan “Hyundai 520” markalı, R520LC-9S modelli ekskavatora dəyən ziyanın həcmi “xxxxxxxxxx” MMC tərəfindən 43.070 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh3 MMC qeyd olunan məbləğin ödənilməsi barədə İddiaçı MMC-yə müraciət etmiş, İddiaçı MMC həmin məbləği Cavabdeh3 MMC-yə ödəmişdir. Eyni zamanda, həmin məbləğlə yanaşı, İddiaçı MMC tərəfindən həmin məbləğə hesablanmış 11.185,43 manat məbləğində əlavə dəyər vergisi ödənilmişdir (cəmi 62.141,25 manat). İddiaçı MMC baş vermiş hadisədə Cavabdeh1 təqsirli olmasını nəzərə alıb, ona qarşı iddia qaldıraraq, ondan və “xxxxxxxxxxxx” MMC-dən həm dəymiş zərərin məbləğini, həm də bu məbləğə görə ödənilmiş əlavə dəyər vergisini tələb edir. Cavabdeh1 iddia tələbini qəbul etməyərək, qəzanın baş verməsində onun təqsirinin olmadığını, eyni zamanda təmir üçün çəkilmiş xərcin reallığı əks etdirmədiyini bildirmişdir. Müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Cavabdeh3 MMC iddiaçı tərəfindən Cavabdeh3 MMC-yə iddia üzrə tələb edilən məbləğin ödənildiyini bildirmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən 2013-cü il buraxılışlı “Hyundai 520” markalı, R520LC-9S modelli ekskavatorun təmir bərpa xərci təxminən 61.200 manat müəyyən edilmişdir. Aparılmış ekspertiza təqdiqatının dəyəri 120 manat təşkil etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məcəllənin 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddənin birinci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 199-cu maddəsinin “a” və “c” yarımbəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, habelə inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda, işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200-cü maddənin 1-ci hissəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 202.2-ci maddəsinə əsasən işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən də görünür ki, Cavabdeh1 işəgötürənin istifadə və sahibliyində olan əmlaka dəyən maddi ziyanın ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsiri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daşkəsən RPŞ-nin DYPB-nin İTBİ-nin xx.xx.2017-ci il tarixli, TP 018394 saylı İnzibati tənbeh vermə haqqında qərarı ilə sübut olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətində qeyd olunan dəlillərə hüquqi qiymət verərək həmin dəlillərlə razılaşmır. Belə ki, apelyator yol-nəqliyyat hadisəsinin baş verməsində və bunun nəticəsində daşıyıcıya yüklənmiş ağır texnikanın dərəyə aşmasında onun təqsirli olmadığını, yaxud da onunla birlikdə iddiaçının da məsuliyyət daşıdığını bildirmişdir. Lakin iş materiallarından görünür ki, Cavabdeh1 barəsində Daşkəsən RPŞ tərəfindən tərtib olunmuş TYP seriyalı, 018394 nömrəli xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla hadisənin məhz onun tərəfindən yol hərəkəti qaydalarını pozması nəticəsində baş verdiyi müəyyən edilmiş və bu səbəbdən inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabdeh1 həmin inzibati qərarı mübahisələndirməmişdir. Belə olan halda, onun baş vermiş hadisədə təqsirli olmamasına, yaxud hadisənin tək onun deyil, onunla birgə iddiaçı MMC-nin də təqsirli hərəkətləri ucbatından baş verməsinə dair dəlilləri əsaslı hesab edilə bilməz və həmin dəlillər birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(001)- 679/2019 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-5586/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5586/2020
15.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver