Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5587/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5587/2022 (Açar sözlər: kredit borcunun tutulması) Bakı şəhəri 23 noyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, Cavabdeh Tahir oğlunun iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1160/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-ci il tarixli 12-2664 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə məişət avadanlığının alınması məqsədilə 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 3265 ABŞ dolları məbləğində kredit verilib. Həmin müqaviləyə xx.xx.2017-ci il tarixdə edilmiş əlavə razılaşmadan görünür ki, kredit faizi 12 faizədək azaldılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Səbail filialı ilə Cavabdeh arasında bağlanan xx.xx.2016-ci il tarixli 12-2664 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə məişət avadanlığının alınması məqsədilə 36 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 3265 ABŞ dolları məbləğində kredit verilib. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulan cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********340 saylı xx.xx.2022 tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməyib. Bank, tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilən borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə cəmi borcu 3301.76 ABŞ dolları təşkil edir. Bundan 1812.97 ABŞ dolları əsas, 641.78 ABŞ dolları faiz, 588.01 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 259 ABŞ dolları faiz borcudur. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməyib. Cavabdeh sonuncu dəfə xx.xx.2019 tarixində 75 ABŞ dolları məbləğində ödəniş edib. Qeyd olunanları nəzərə alıb xx.xx.2022-ci il tarixə olan 1812.97 ABŞ dolları əsas, 641.78 ABŞ dolları faiz, 588.01 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanan 259 ABŞ dolları faiz borcu olmaqla 3301.76 ABŞ dolları kredit borcunun və 76.13 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1160/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Borcun ödənilməsini təsdiq edən qanuni qüvvəsini almış məhkəmə qərarı və iddiaçının özünün məhkəməyə təqdim etdiyi hesabdan çıxarış cavabdehin borc öhdəliyinin olmasını təkzib edir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Cavabdeh apelyasiya şikayətinə etiraz verərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyşdirilmədən saxlanılmasını xahiş etmişdir.
Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmiş, eyni zamanda ekspert rəyinə də etiraz edərək qeyd etmişdir ki, 2019-cu ilə qədər ödənişlər edərək kredit borcunu bağlamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
16. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir.
28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.
29. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından iddiaçı bankla cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
30. Belə ki, apellyasiya instansiya məhkəməsində işin obyektiv həll olunması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının mütəxəssisləri cəlb olunmaqla ekspertiza təyin edilmişdir. 9/6008 nömrəli xx.xx.2022-ci il tarixli ekspertiza rəyində göstərilmişdir ki, təqdim olunmuş iş materiallarında olan maliyyə arayışı məlumatları, hesabdan çıxarış məlumatları və tərəflər arasında imzalanmış 02 mart 2016-cı il tarixli 12- 2664 saylı kredit müqaviləsinin, həmçinin həmin müqavilənin əsasında imzalanmış əlavənin qeyd olunan şərtlərini nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2019-cu il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi tarixə) olan borcu: əsas borc üzrə - 1875,50 ABŞ dolları, faiz borcu üzrə - 16,88 ABŞ dolları; xx.xx.2022-ci il tarixə (kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən etibarən 5%-lə hesablanmaqla) olan borcu: əsas borc üzrə - 1875,50 ABŞ dolları, faiz borcu üzrə - 286,74 ABŞ dolları. Bundan başqa qeyd edilir ki, tərəflər arasında imzalanmış müqavilənin müddəti bitdikdən sonra cavabdeh tərəfindən heç bir ödənişin aparılmadığı müəyyən edildi. Bundan başqa sualda soruşulanlar üzrə bildirilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 02 iyun 2016-cı il tarixli, 12-2664 saylı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsir dairesinə düşməmiş və bununla bağlı X2 borcu üzrə iddiaçıya (ləğv prosesində olan İddiaçı ASC-yə) hər-hansı ödənişlər və müvafiq olaraq hesabdan silinmələr aparılmamışdır.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları, o cümlədən ekspert rəyi ilə cavabdehin iddiaçı bank qarşısında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi və xx.xx.2017ci il tarixli əlavə razılaşmaya münasibətdə borc öhdəliyi yarandığı, həmin borcun isə tam olaraq cavabdeh tərəfindən ödənilmədiyi müəyyən olunur.
33. Məhkəmə kollegiyası iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2-1(112)-2756/2020 saylı qərarında Cavabdeh İddiaçı ASC-dən götürdüyü kredit məbləğini 2017-ci ildə tam ödəməsinin və Cavabdeh kompensasiya məbləğinin hesablanaraq öhdənilməsinin qeyd olunmasını hazırki mübahisə üzrə preyudisial hal və iddianın rədd edilməsi üçün əsas kimi qiymətləndirmir, çünki iş materialları, ekspertiza rəyi və Cavabdeh özünün bildirdiyinə görə müəyyən olunur ki, o, kredit borcu üzrə 2019-cu ilə qədər ödənişlər etmişdir.
34. Bununla yanaşı məhkəmə kollegiyası cavabdehdən tələb olunan cərimə məbləğini işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək hesab edərək onu azaldılmalı olması qənaətinə gəlir.
35. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti və iddia qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iş üzrə yeni qətnamə çıxarılmalı, Cavabdeh 1812,97 ABŞ dolları əsas (iddiaçının tələb etdiyi məbləğ), 286,74 ABŞ dolları faiz borcu (kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2019-cu il tarixdən etibarən 5%-lə hesablanmaqla), 100 ABŞ dolları cərimə borcu tutularaq iddiaçıya ödənilməlidir.
36. Kollegiya həmçinin hesab edir ki, iddia tələbinin təmin edildiyi həcmə uyğun iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının əvəzi qismində umumilikdə 86,10 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, ekspertiza xərci də cavabdehdən tutulmalıdır. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1160/2022 saylı, 03 iyun 2022-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 02 mart 2016-cı il tarixli kredit müqaviləsi üzrə 1812,97 (min səkkiz yüz on iki dollar 97 sent) ABŞ dolları əsas, 286,74 (iki yüz səksən altı dollar 74 sent) ABŞ dolları faiz borcu, 100 (yüz) ABŞ dolları cərimə borcu ümumilikdə 2199,71 (iki min yüz doxsan doqquz dollar 71 sent) ABŞ dolları borc (ödəniş gününə manatla məzənnəsi üzrə), iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 57,4 (əlli yeddi manat qırx qəpik) manat hissəsi, həmçinin, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 28,7 (iyirmi səkkiz manat yetmiş qəpik) manat hissəsi tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. İddia tələbləri qalan hissələrdə təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov