Məhkəmə qərarları › İş №2(103)-5588/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5588/2022

07.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5588/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə (keçmiş adı "xxxx" MMC) qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5588/2022 (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Bakı şəhəri 07 dekabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, cavabdeh "xxxx" MMC-nin (keçmiş adı "xxxx" MMC) nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə (keçmiş adı "xxxx" MMC) qarşı “dəymiş ziyanın və hüquqi yardıma görə ödədiyi xərcin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli 2(007)-324/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 07 dekabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 12 may 2021-ci il tarixdə, "xxxx" MMC-də (indiki "xxxx" MMC) həmin hospitalın həkim cərrahı Elnur Mehrəli tərəfindən “blefaroplastika” və “üz gərmə” əməliyyatı edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" MMC-yə (keçmiş adı "xxxx" MMC) qarşı dəymiş ziyanın və hüquqi yardıma görə ödədiyi xərcin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 12 may 2021-ci il tarixdə,’’Davinci Hospitalıda” (indiki "xxxx") həmin hospitalın həkim cərrahı Elnur Mehrəli tərəfindən ona “blefaroplastika” və “üz gərmə” əməliyyatı edilmişdir. Həkimlə görüşərkən o, əməliyyatın icra olunması üçün 3200 manat istəmişdir. İddiaçı həmin pulu klinikaya ödəmiş və əməliyyat olunmuşdur. Əməliyyatdan öncə Elnur Mehrəli on əməliyyatının uğurlu və tam qüsursuz olacağına söz vermiş, hətta bir problem olarsa klinikanın və onun etdiyi əməliyyatın arxasında olacaaqlarını söyləmişdir. Artıq əməliyyatdan 5 ay keçməsinə baxmayaraq üzündə şişkinlik, üz cizgilərinin günü-gündən əyilməsi, gözlərinin aşağıya doğru dartılması gözlərində quruluga səbəb olub və bu da görmə qabiliyyətinin zəifləməsinə doğru gedir. İddia ərizəsinə əlavə olunan fotoşəkillərdə üz nahiyəsinin şişkinliyi, gözün birinin aşağıda, birinin isə yuxarıda olması, bir sözlə estetik cəhətdən çox bərbad olması görünür. Həm sağlamlığı, həm də psixoloji gərginlik onun cəmiyyətdən təcrid olunmasına gətirib çıxarıb. Dr.Elnur Mehrəli ilə əməliyyatdan 3 ay sonra görüşmüş və ona üzünün çox bərbad olması barədə söyləmişdir, o isə 6 aydan sonra hər şeyin normal vəziyyətə düşəcəyini söyləymişdir. Lakin axır iki aydır ki, Elnur Mehrəli telefonlarına cavab vermir. Bundan sonra klinika ilə baş həkim Elşən Kələntərli ilə həm özü, həm də vəkili vasitəsilə əlaqə saxlamasına baxmayaraq, pulunu qaytarmaqdan imtina etmişlər. Yenidən üzündə və gözündə əmələ gələn fəsadları aradan qaldırmaq üçün ödədiyi 3200 manat pulu geri tələb etsə də, klinika və həkim bundan boyun qaçırır, onu öz laqeydlikləri ilə daha da alçaldırlar. Əməliyyatın fəsadlarının aradan qaldırılması üçün digər həkimlərə müraciət etmişdir, lakin bunun üçün ondan ödəniş tələb olunur. Ödəniş etməyə isə hazırda maddi imkanı yoxdur. Hazırda gözündə, həm estetik, həm də sağlamlıq cəhətdən ciddi problemlər mövcuddur, görmədə problem yaranıb. Bunun üçün də dərmanlardan, göz damcısından daimi istifadə etmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən əməliyyat üçün ödədiyi 3200 manat pulun vəkil xərcləri üçün ödədiyi 500 manat pulun "xxxx" MMC-dən alınıb ona verilməsinə dair qətnamə çıxsrılmasını xahiş etmişdir

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-324/2022 nömrəli 23 may 2022ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia təmin edilməmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi iş üzrə qətnamə qəbul edərkən iddiaçının üz və göz nahiyyələrində əməliyyat sonrası fəsadlarla bağlı təqdim olunmuş ekspert rəyindəki ziddiyyətli məlumatlara münasibət bildirməmiş və heç bir prosessual hərəkət etməmişdir. Belə ki, ekspert rəyini imza edən ekspertlər X3 və X1 verdikləri rəylərdə ziddiyyətli məqamlar yetərincədir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən onun təqdim eydiyi dəlillərə və tibbi arayışa hüquqi qiymət verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə baxışı zamanı iddiaçı və onun nümayəndəsi-vəkili verilmiş apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişlər.

12. Cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi

13. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir

18. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanun

19. Maddə 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. «Özəl tibbi fəaliyyət» haqqında Qanun

20. Maddə 9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.

21. Maddə 16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

27. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə maddi hüquq norması ümumiyyətlə tətbiq edilməmişdir.

29. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

30. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Kollegiya hesab edir ki, yuxarıda sadalanan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

32. İşin qeyd edilən ilkin hallarının müəyyən olunmaması sonrakı tələblərin yoxlanılmasını istisna edir.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqlara malik olsa da, məhkəmə baxışı zamanı tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir.

34. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2 X6 xx.xx.2022-ci il tarixli, 1015/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı aparılan estetik əməliyyat zamanı həkim səhvinə yol verilməmişdir

35. Apellyasiya icraatı zamanı obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X2 X6 verdiyi xx.xx.2022-ci il tarixli 718 saylı ekspert rəyində göstərilmişdir ki, 1."xxxx" MMC-də (keçmiş adı "xxxx" MMC) İddiaçı adına tərtib edilmiş tibbi sənədlərə əsasən, o, üzdə, göz ətrafında olan qırışlardan, üz sallanmasından, alında qırışların olmasından, göz qapaqlarının sallanması, estetik görünüşün qeyri-kafi olması şikayətləri ilə xx.xx.2021-ci il tarixdə hospitalın cərrahiyyə şöbəsinə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Üz sallanması. Alt göz qapaqlarının sallanması” diaqnozu təyin edilmişdir. 2. "xxxx" MMC-də (keçmiş adı "xxxx" MMC) İddiaçı üzərində icra edilmiş “Üz gərmə, alt blefaroplastika” cərrahiyyə əməliyyatının aparılması üçün hər hansı əks göstəriş olmamışdır.3. İddiaçı mütəxəssis müayinəsi zamanı onda hazırda qeyd olunan estetik qüsur, ona cərrahi əməliyyatdan daha əvvəl yeridilmiş süni gelin fassiyyalara sirayət etməsi səbəbindən qeyri qənaətbəxş olmuşdur. Yaranmış estetik qüsurun onun üzünə vurulmuş süni biopolimer “gel” ilə səbəbli-əlaqəsinin olması inkar olunmur. 4. İddiaçı üzünə daha əvvəl yeridilmiş süni biopolimer “gel” ona təyin edilmiş cərrahiyyə əməliyyatına əks göstəriş hesab edilmir.

36. Göründüyü kimi, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya icraatı zamanı keçirilmiş ekspertiza rəylərində iddiaçı üzərində keçirilmiş əməliyyatların düzgün aparıldığı, hər hansı həkim səhvinə yol verilmədiyi təsdiq olunur.

37. İddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sübutü məhkəməyə təqdim edə bilməmişdir.

38. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iş materiallarında olan sübutlarla "xxxx" MMC-nin (keçmiş adı "xxxx" MMC) həkim cərrahı Elnur Mehrəli tərəfindən iddiaçı üzərində keçirilmiş əməliyyat zamanı həkim səhvinin olması sübut olunmur.

39. Eyni zamanda məhkəmə kollegiyasi qeyd edir ki, iddiaçının dəymiş ziyanla bağlı tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, həmin tələbdən irəli gələn tələbinin digər hissəsi də (hüquqi yardıma görə ödədiyi xərcin tutulması) təmin edilməməlidir.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-324/2022 saylı iş üzrə 23 may 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar