Məhkəmə qərarları › İş №2(103)-5589/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5589/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5589/2020 18.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə X1 Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçı və cavabdehin iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinə əsasən “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 14.000 manat əsas borcun, hər ay ödəməli olduğu 1.000 manat olmaqla, 9.000 manat əlavə borcun, 4.000 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun, ümumilikdə 27.030 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının tanışı olan cavabdeh 2015-ci ilin sentyabr ayında iddiaçıya müraciət edərək, iş qurmaq üçün ona borc olaraq 20.000 manat pulun verilməsini xahiş etmiş və iddiaçı aralarında olan münasibətlərə görə cavabdehə inanaraq ayrı-ayrılıqda 5.000 manat və 15.000 manat, ümumilikdə isə 20.000 manat pulu borc vermişdir. Aralarında olan razılığa əsasən cavabdeh 20.000 manat borcu imkanı olan kimi hissə-hissə qaytarmağı, qurulan işə uyğun olaraq hər ay 1-2 vaqon taxta gətirməyi, hər vaqondan aşağısı əldə ediləcək, 3.000 manat gəlirin 1.500 manat hissəsinin şərik olaraq ona verməyi barədə vəd vermişdir. Cavabdeh verdiyi vədə uyğun olaraq, ilk bir ay 1.500 manatı iddiaçıya ödəsə də sonradan ödənişlər etməkdən yayınmışdır. Daha sonra pul vermək əvəzinə cavabdeh iddiaçıya taxta verməyi təklif etmişdir. İddiaçı, əvvəlcə bu təklif ilə razılaşsa da sonradan taxtaların keyfiyyətsiz olduğunu gördüyündən taxta verilməsindən imtina edərək, danışıq üzrə aylıq ödənişi və ödənilməmiş borc pulu tələb etmişdir. Bu zaman cavabdeh min bir xahiş edərək, ondan vaxt istəmişdir. Cavabdehin xahişini və aralarında olan münasibəti nəzərə alıb, ona vaxt vermişdir. Lakin bunun müqabilində cavabdeh tərəfindən pulun ödənilməsi ilə bağlı heç bir addımın atılmadığı, ödənişlərin edilmədiyi üçün yenidən pulun ödənilməsini tələb etmişdir. Lakin cavabdeh yenə də xahişlər edərək, vaxt istəmişdir. xx.xx.2019-cu il tarixdə isə öz xətti ilə borcun etirafı və razılıq ilə bağlı qəbz yazmışdır. Qəbzdə cavabdehin xx.xx.2019-cu il tarixə ona 14.000 manat borcunun olması, əgər həmin puldan 6.000 manatı aprel ayında, 3.000 manatı isə may ayında ödəyərsə borcdan 5.000 manat onun xeyrinə keçəcəyi, əgər qeyd olunan vaxta kimi ödənişləri etməsə şərtin pozulacağı və hər ayın 10-u 1.000 manat pulun 14.000 manatın üzərinə gələcəyi barədə müddəa öz əksini tapmışdır. Yaxınları həm də Rüstəm adı ilə onu çağırdıqlarından, qəbzdə adı Rüstəm kimi qeyd edilmişdir. Lakin aralarındakı danışıqlar, sənədləşmələr, hətta həmin qəbzdə Ruslan adı ilə imza etməyi cavabdehin ona borclu olduğunu birbaşa sübut edir. Bundan sonra da cavabdeh öhdəliklərinin icrasından birtərəfli qaydada yayınaraq borcunu ödəmir. Dəfələrlə əlaqə yaradaraq cavabdehdən öhdəliklərinin icrasını, yəni 21.000 manat pulun ödənilməsini tələb etsə də, cavabdeh heç bir tədbir görməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh qeyd olunan vaxtda pulunu qaytarmadığı üçün borclara düşmüş, maddi vəziyyəti ağırlaşmışdır. Belə ki, cavabdeh həmin pulu vaxtında qaytarsa idi o, borclara düşməzdi və ya həmin pulu ən aşağı faizlə banka yerləşdirsə idi gəlir əldə edərdi və yaxud həmin pulu başqa cür dəyərləndirə bilərdi. Amma göründüyü kimi, cavabdehin təqsiri üzündən ona ziyan dəymiş və əldə edəcəyi faydalardan, gəlirlərdən məhrum olmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehdən 14.000 manat məbləğində əsas, 7.000 manat məbləğində cərimə, cəmi 21.000 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv ediliməsini və iş üzrə yeni qətnamə qəbul edilllməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya borcunun olmasını qəbul edir. Lakin hesab edir ki, borcun məbləği qətnamə ilə müəyyən edilən məbləğdən aşağıdır. Cavabdehin iddiaçıya cəmi 8.500 manat məbləğində borcu qalıb. Belə ki, cavabdeh iddiaçıdan 20.000 manat məbləğində borc pul götürmüş, həmin puldan 6.000 manatı nağd şəkildə iddiaçıya qaytarmış, 5.000 manat məbləğində borc iddiaçı tərəfindən güzəşt olunmuş, 500 manat borc əvəzi isə iddiaçıya taxta material verilmişdir. Göstərilənlərə əsasən, cavabdeh qətnaməni borcun məbləği hissəsində mübahisələndirmiş, 8.500 manat borcunun olmasını bildirərək, həmin məbləğin ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin və Rayon Məhkəməsinin qətnaməsinin məzmununa uyğun izahat verdi. Məhkəmə hazırki apellyasiya baxışının hədləri ilə bağlı bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də iddiaçı qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh də qətnamənin həmin hissəsini mübahisələndirməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alaraq qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin mübahisəsiz halları kimi müəyyən olunur ki, iddiaçı taxta materiallarının ticarəti ilə məşğul olmaq üçün cavabdehə 20.000 manat məbləğində pul vermişdir. Cavabdeh həmin pulu qaytarmağı və həmçinin işdən əldə olunacaq gəlirdən hər ay gəlir kimi iddiaçıya pul verəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh aralarında olan razılığa baxmayaraq, üzərinə götürdüyü öhdəliyi icra etməmiş, müəyyən edilmiş müddətlərdə və qaydada ödənişlər etməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. Tərəflərin tərtib etdikləri xx.xx.2019-cu il tarixli yazılı qəbzdən görünür ki, onlar aralarında əldə olunmuş razılığa əsasən borcun ümumi məbləğinin 14.000 manat olduğu müəyyən edilmiş, cavabdeh həmin məbləğin 6.000 manat hissəsini aprel ayında, 3.000 manat hissəsini isə may ayında ödəməyi, iddiaçı isə ödənişin cavabdeh tərəfindən bu qaydada aparılması təmin edildiyi təqdirdə qalan 5.000 manat məbləği ondan tələb etməyəcəyi barədə vəd vermişdir. Həmin qəbzdən görünür ki, cavabdeh tərəfindən qeyd edilən vədə əməl edilmədiyi təqdirdə ödənilməli olan məbləğ yenə də 14.000 manat təşkil etməli və bundan əlavə hər ayın 10-da cavabdeh 1.000 manat ödəniş etməlidir. Bundan sonra da cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, borcdan heç bir ödəniş etməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli ilə və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır (maddə 740.1.). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (maddə 740.2.). Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəflər arasında borc münasibətlərinin yaranması, 20.000 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi və qalıq əsas borcun məbləğinin 14.000 manat olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapır. İşə baxmış Rayon Məhkəməsi 14.000 manat əsas borcun və 7.000 manat cərimə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlmişdir. Cavabdeh borcun məbləğini mübahisələndirir və bildirir ki, borcdan 5.000 manat iddiaçı tərəfindən ona güzəşt edilmiş, 500 manat dəyərində isə iddiaçıya taxta material vermişdir. Göstərilənlərə əsasən qalıq borc 8.500 manat təşkil edir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Borcdan 5.000 manat məbləğində ödəniş edilməsi və borcun əvəzi olaraq 500 manat dəyərində taxta material verilməsi ilə bağlı cavabdeh tərəfindən Məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə X1 Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar