Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5589/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qızına qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əldən çıxmış faydanın və təmir xərclərinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və təmir xərclərinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-128/2022 saylı, 01 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən həmin binanın zirzəmisində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə su axıdılması və sonuncuya ziyan dəyməsi müəyyən olunmuşdur.
2. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/5150 saylı, 30 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən həmin binanın zirzəmisində İddiaçı məxsus qeyri-yaşayış sahəsinə su axıdılması və sonuncuya ziyan dəyməsi müəyyn olunur. Su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-bərpa işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1048 manat məbləğində müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı “əldən çıxmış faydanın və təmir xərclərinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, təkrar susızmaaların qarşısının alınması məqsədi ilə cavabdehə məxsus mənzildə sanitar qovşağın və digər əlaqəli kommunikasiya xətlərinin təmir-bərpa işlərinin cavabdehin üzərinə qoyulması, yararsız vəziyyətə düşmüş, mülkiyyətində olan qeyri yaşayış sahəsinin tavan və divarlarının bərpa işlərinin görülməsi üçün sərf etdiyi 1160 manat məbləğində pulun 18.000 manat əldən çıxmış faydanın və 30 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın zirzəmisində yerləşən qeyri-yaşayış sahəsini 30 iyul 2019-cu il tarixində qanunla müəyyən edilmiş qaydada alqı-satqı yolu ilə almışdır. Bununla bağlı Dövlət Reyestri Xidməti tərəfindən ona hüquqların dövlət qeydiyyatı haqqında ********* saylı 30 iyul 2019-cu il tarixli çıxarış verilmişdir. Mülkiyyətimdə olan qeyri-yaşayış sahəsini təmir etdirib aylıq 500 manat icarəyə verəcəkdi. Bir mərtəbə yuxarıda yerləşən mənzilin konstruksiyasında cavabdeh qanunsuz oalarq dəyişikliklər etmiş, çirkab su borularının yerlərini dəyişmiş və nəticədə çirkab suları ona məxsus qeyriyaşayış sahəsinə axmışdır. Hazırda cavabdehə məxsus mənzildə bərbərxana fəaliyyəti göstərir. Dəfələrlə şifahi qaydada xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh tərəfindən heç bir qabaqlayıcı tədbir görülməmiş və çirkab sularının axması nəticəsində ona məxsus qeyri-yaşayış sahəsinin tavanının və divarlarının təkrar təmirə ehtiyacı yaranmışdı. O, öz vəsaiti hesabına bir neçə dəfə təmir bərpa işləri gördürmüş və mənzil mülkiyyətçisinə bu barədə xəbərdarqlıqlar etmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq cavabdehlər tərəfindən haqlı tələbləri yerinə yetirilməmiş və ona maddi ziyan vurulmuşdur. Cavabdehin təqsiri üzündən ona məxsus qeyri-yaşayış sahəsinə dəymiş ziyanla və baş verən nəticələrlə onun hərəkətləri arasında bağlılığın mövcudluğu Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 83 saylı Mənzil Kommunal İstismar Sahəsinin 14 aprel 2021-ci il tarixli aktı ilə təsdiq olunur. Beləliklə cavabdehin təqsirli hərəkətləri nəticəsində ona məxsus öbyektin təmirinə zərurət yaranıb və təmir xərclərinə və icarəyə münasibətdə maddi ziyan dəymişdi. Artıq üç ildir ki, cavabdehə məxsus mənzildən çirkab suyun axması ilə əlaqədar qeyri yaşayış sahəsini icarəyə verə bilmir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(007)-128/2022 saylı, 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddianın qismən təmin edilməsi, Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 54.97 kv.m sahəsi olan qeyri-yaşayış sahəsində təkrar susızmaların qarşısının alınması məqsədi ilə sanitar qovşağın və digər əlaqəli kommunikasiya xətlərinin təmir-bərpa işlərinin Cavabdeh üzərinə qoyulması, susızma nəticəsində dəymiş ziyana görə 1.048 manatın və ödənilmiş dövlət rüsumuna görə 30 manat Cavabdeh İddiaçı xeyrinə tutulması, qalan hissədə iddianın təmin olunması, ekspertiza tədiqatının dəyəri olan 50 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh məxsus Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən həmin binanın zirzəmisində İddiaçı məxsus qeyri-yaşayış sahəsinə su axıdılması və sonuncuya ziyan dəyməsi müəyyn olunur.
7. Ekspert rəyi ilə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-bərpa işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1048 manat məbləğində müəyyən olunmuşdur. Ona görə də təkrar susızmaların qarşısının alınması məqsədi ilə cavabdehə məxsus qeyri-yaşayış sahəsində sanitar qovşağın və digər əlaqəli kommunikasiya xətlərinin təmir-bərpa işləri cavabdehin üzərinə qoyulmalı, susızma nəticəsində dəymiş ziyanın ödənilməsi hissəsində iddia qismən, 1048 manat məbləğində təmin olunmalıdır.
8. Birinci instansiya məhkəməsi iddia tələbinin 18.000 manat əldən çıxmış faydanın tələb olunması hissəsinə qiymət verərək hesab etmişdir ki, həmin hissədə iddia təmin olunmamalıdır. Belə ki, iddiaçı bu hissədə öz tələblərini əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 21.2, 1096.1, 1097.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
10. Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmaması barədə qətnamə qəbul etməsini xahiş etmişdir.
12. Cavabdeh apelyasiya şikayətində göstərilmişdir ki, keçirilmiş məhkəmə proseslərində Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olmaması dəfələrlə deyilsə də, məhkəmə bunu nəzərə almamışdır. O, ona məxsus olmayan qeyri-yaşayış sahəsindən heç kesə ziyan vura bilməzdi. İş üzrə sübutetmə vəzifəsi iddiaçının üzərində olduğundan, iddiaçı həmin qeyri-yaşayış sahəsinin ona məxsusluğuna dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə ziyanın müəyyən edilməsində ekspert rəyinə istinad etmişdir. Lakin, ekspert rəyində göstərilməyib ki, iddiaçıya ziyan konkret olaraq nə vaxt vurulub. Məhkəmə Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin kimin mülkiyyətində olmasını aydınlaşdırmalı olduğu halda aydınlaşdırmamışdır. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. İddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz verərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatı:
14. Məhkəmə iclasında iştirak edən İddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəllə:
19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az mıqdarda ödənilməsi nəzərdə tutulmasın.
20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya pəkməli olduğu xərclər, əmlakından məhrum olrnası və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitındə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır
22. Maddə 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmasıdır.
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
24. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə:
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
33. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən, məhkəmə kollegiyası birinci inistansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi, ekspert rəyi və digər sübutlarla tam təsdiqini tapmışdır.
37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur.
38. Bu baxımdan məhkəmə kоllegiyası hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsindən həmin binanın zirzəmisində yerləşən İddiaçı məxsus qeyri-yaşayış sahəsinə su sızması baş verməsi nəticəsində iddiaçıya maddi zərər vurulmasını, həmin faktın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/5150 saylı, 30 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə təsdiq edilməsini əsas götürərək birinci instansiya məhkəməsi iddia tələbini ekspert rəyində göstərilən məbləğdə təmin etməkdə haqlı olmuşdur.
39. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh apelyasiya şikayətində Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin ona məxsus olmamasını iddiaçı həmin qeyri-yaşayış sahəsinin ona məxsusluğuna dair hər hansı sübut məhkəməyə təqdim etməməsini, məhkəmə Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin kimin mülkiyyətində olmasını aydınlaşdırmadığını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmaması ilə qəbul edilməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun olmamasını bildirsə də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişdir.
41. Əksinə iş materiallarında olan Cavabdeh ilə X5 arasında bağlanmış 13 mart 2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, Cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 84B saylı binanın 54.97 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini xx.xx.2026-cı il tarixədək X2 icarəyə vermişdir.
42. Eyni zamanda, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı ziyan dəyməsi Bakı şəhəri Nizami rayonu 83 saylı MKİS tərəfindən tərtib edilmiş akt, ekspert rəyi və iş materiallarında olan digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını, həmçinin təkrar ekspertiza keçirilməsini zəruri hesab etmir və həmin dəlilləri əsassız hesab edir.
43. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
45. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
46. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-128/2022 saylı, 01 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.