Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5598/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(011)-2756/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 5000 manat əsas borc, 654,45 manat faiz borcu, 85,91 manat cərimə olmaqla, cəmi 5740,36 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27.02.2020-ci il tarixli 032CASA200580003 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 03.03.2021-ci il tarixədək illik 23% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 5000 manat məbləğində nağd pul şəklində kredit verilmişdir. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 27.02.2020ci il tarixli 032FİZAM62655103 saylı zaminlik müqaviləsinə əsasən o, borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz və cərimə məbləğini ödəməli idi. Lakin, cavabdehlər bank qarşısında öhdəliklərini yerinə yetirməmişlər. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(011)-2756/2021 saylı qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev) iddia təmin olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, faizlərin və cərimənin şişirdilməsi, pandemiya ilə əlaqədar maddi vəziyyətinin pisləşməsi, biznes fəaliyyətinin dayanması, bu halın fors-major hal kimi qiymətləndirilməli olması, bu halların məhkəmə tərəfinlən nəzərə alınmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia təmin olunmuş, digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlara əsasən – iddiaçı ilə Cavabdeh1 arasında 27 fevral 2020-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən cavabdehə illik 23 faiz ödənilməsi şərti ilə 03.03.2021-ci il tarixədək 5000 manat məbləğində kredit verilmişdir. Həmçinin, digər Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 27.02.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən sonuncu borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Eyni zamanda işdən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit borcunu ödəməmişdir (cavabdehin özü də bu halı mübahisələndirmir). Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə faizlərin və cərimənin düzgün hesablanmamasını göstərsə də, bunun nədə ifadə olunması, ödənişlərinin məbləği ilə tələb olunan borc məbləği arasında uyğunsuzluğun olması və s. bu kimi zəruri halları əsaslandırmamış, etirazının əsası kimi məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin, işdə olan sübutlardan (kredit müqaviləsi, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Belə olan halda, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Bununla yanaşı, işdən görünür ki, tələb olunan 85 manat cərimə 5000 manat əsas borca münasibətdə tənasübsüz deyildir (belə olan halda məhkəmə kollegiyası cərimənin azaldılmasını məqsədə müvafiq hesab etmir). Cavabdehin maddi vəziyyəti ilə əlaqədar kredit ödənişlərini vaxtında həyata keçirməməsi halı isə sonuncunu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etməmişdir. Cavabdeh apellyasiya şikayətində Covid-19 epidemiyası ilə əlaqədar biznes fəaliyyətinin dayanmasını, bu halın fors-major hal kimi qəbul edilərək, ödənişlərdən azad olunmalı olmasını göstərsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Çünki, pandemiya faktının mövcudluğu özü-özlüyündə tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi üzrə fors-major hal kimi qiymətləndirilə bilməz. Pandemiyanın baş verməsi cavabdehin müqavilə şərtlərini yerinə yetirmək imkanından məhrum etməmiş və ya öhdəliyin icrasını mümkünsüz etməmişdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmiş, etirazını əsaslandırmamışdır. Həmçinin, cavabdeh pandemya ilə əlaqədar biznes (sahibkarlıq) fəaliyyətinin dayanmasını göstərsə də, tərəflər arasında bağlanmış müqavilədə kreditin sahibkarlıq məqsədilə verilməsi öz əksini tapmamışdır (belə olan halda isə tərəflər arasında yaranmış mübahisə kommersiya xarakterli də deyildir). Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yoxlanılan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2 qarşı «müqavilənin və razılaşmanın ləğvi, kreditin, faizlərin və zərərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(011)-2756/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(011)- 2756/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən (yoxlanılan hissədə) dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5598/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5598/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver