Məhkəmə qərarları › İş №2(103)-5599/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5599/2023

25.10.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5599/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: sahiblik hüquqlarının həyata keçirilməsinə maneənin aradan qaldırılması və digər) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi Cavabdeh1 Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-127/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi. İşin halları

1. ünvan 1 ünvanında yerləşən özbaşına tikili iddiaçının istifadəsində olmaqla, 2019-cu il tarixdən ailə üzvləri ilə birlikdə orada yaşayır. Özbaşına tikilmiş həmin evin əldə edilməsinə dair hər hansı rəsmi sənəd yoxdur və iddiaçının hər hansı bir hüququ səlahiyyətli orqanlar tərəfindən qeydiyyata alınmamışdır. İddiaçının istifadəsində olan özbaşına tikiliyə dair yalnız 66 saylı MKİS tərəfindən sxem tərtib edilərək verilmişdir. 2021ci tarixdə iddiaçı tərəfindən özbaşına tikiliyə bitişik əlavə tikililər inşa edilmiş, cavabdehin istifadəsində olan özbaşına tikilinin də çıxışı olan ümumi küçəyə tərəf olan divardan pəncərə və qapı açılmış, sonradan cavabdeh tərəfindən bağlanmışdır.

2. Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, ev 1/52 ünvanında yerləşən özbaşına tikili isə cavabdehin istifadəsindədir. Deməsinə görə 2017-ci il tarixdən əldə edilmişdir. Cavabdehin istifadəsində olan özbaşına tikili ilə bağlı da hər hansı rəsmi sənəd mövcud deyil, hər hansı hüquqları səlahiyyətli dövlət orqanları tərəfindən qeydiyyata alınmamışdır, həmin özbaşına tikiliyə dair yalnız 66 saylı MKİS tərəfindən sxem tərtib edilmişdir. Tərəflər arasında mübahisə yarandıqdan sonra iddiaçı tərəfindən sonradan açılmış pəncərə və qapının qarşısında cavabdeh hasar inşa etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı sahiblik hüquqlarının həyata keçirilməsinə maneənin aradan qaldırılması, yaşayış otağının sökülmüş qapı və pəncərəsinin bərpasını cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, əlavə olaraq cavabdeh tərəfindən inşa edilmiş eni 6 metr, hündürlüyü 2 metr olan mişar daşından ibarət hasarın sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu NZS qəsəbəsi, Ş.A.Qurban küçəsi ev 59/1 saylı 2 otaqlı özbaşına tikili həyət evini xx.xx.2019-cu ildə şifahi razılaşma əsasında həmin evin əvvəlki sahibi X1 almışdır. Həmin vaxtdan sözügedən ev onun ailəsiylə birlikdə şəxsi istifadəsindədir. Orada o, arvadı, iki yetkinlik yaşına çatmış oğlu (onlardan biri ailəlidir), onun iki azyaşlı uşaqları, qızı və iki azyaşlı uşaqları yaşayır. 2021-ci ilin oktyabr ayından qeyd olunan ünvandakı evində təmir işlərinə başlamışdır. 19.032.2022-ci il tarixdə sahəsi 220,0 m2 olan otağa qızı iki azyaşlı uşaqları ilə sığınacaqdan gətirərək yerləşdirmişdir. Həmin otaq giriş qapısı və pəncərəsi olmadığına görə 140x160 sm ölçüdə 250 manat dəyərində pəncərə və 100x200 sm ölçüdə 300 manat dəyərində dəmir qapı alaraq sözügedən otağın əvvəldən mövcud nəfəsliyini söküb əvəzinə sözügedən pəncərəni və yanında da divarı söküb sözügedən qapını qoydurmuşdur. Həmin gün axşam, yəni xx.xx.2022-ci il tarixdə qonşu cavabdeh onun iradəsinə zidd olaraq həmin qapı və pəncərəni çıxarıb, onları yararsız vəziyyətə salaraq onun evinin içinə qoyaraq pəncərənin və qapının yerlərini mişar daşları ilə hördürərək arxasını da suvatdırmışdır. Onun həyat yoldaşı Sara Abbasova bu haqsızlıqla bağlı 37-ci polis bölməsinə ərizə ilə müraciət etmiş, 01 mart 2022-ci il tarixdə baş təhqiqatçı X4 cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək, ona izah etmişdir ki. həmin mübahisə ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ var. Həyat yoldaşı sözügedən haqsızlıqla bağlı Xətai rayon İcra Hakimiyyətinə də müraciət edib. Cavabdeh onunla yan-yana qonşuluqda yaşayır, onun evindən açdığı qapı və pəncərə ona heç bir maneə törətmir. Həmin qapı və pəncərə heç kimin istifadəsində olmayan həyətə açılır.

6. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə yazılı etirazında qeyd etmişdir ki, iddiaçı evinin 2 qapısının həyətə çıxışı vardır. Onun açdığı digər qapı isə yəni üçüncü qapı onun həyətinin evinin giriş hissəsinə maneə törədir. Bununla bağlı bir neçə dəfə onunla söhbəti olmuşdur Orada üçüncü qapının qoyulması ona o, cümlədən digər qonşulara da problemlər yaradır. Onun evdən və evin həyətindən istifadə etməyinə iddiaçı tərəfdən narahatçılıqlar yaranır. Ondan başqa qonşuların da iştirakı ilə bununla bağlı akt tərtib olunmuş, bundan əlavə Bakı şəhəri, Xətai rayon İcra hakimiyyəti başçısına ərizələrlə müraciətlər etmişlər və müraciətlərində qonşuluqda yaşayan iddiaçı və onun ailə üzvlərinin evlərin yanında icazəsiz qapı pəncərə açılmasını bildirmişlər və iddiaçının qanunsuz hərəkətlərinə son qoyulmasını şikayət ərizələrində göstərmişlər. Lakin iş üzrə ekspertiza təyin edilmiş ekspert işin bu halını nəzərə almamış, qonşuları, o cümlədən onu ətraflı dindirməmiş əsasız bir rəyin verilməsinə nail olmuşdur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-127/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən tikilidə yaşayış otağının bağlanmış pəncərəsi Cavabdeh2 tərəfindən açılaraq əvvəlki vəziyyətində bərpa edilməsi, ünvan 2 ünvanında yerləşən tikilinin həyətində tikilmiş mişar daşından ibarət, hündürlüyü 2 metr, eni 6 metr olan hasar Cavabdeh2 tərəfindən öz vəsaiti hesabına sökülməsi, ekspertiza xərcinin 50 manat hissəsinin X2, 50 manat hissəsinin isə Cavabdeh2 qızından tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 43cü maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1, 12.1, 12.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 152.2, 159-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 119 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

9. Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1, apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunması və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə 2019-cu ildən Xətai rayonu, Aşıq Qurban küçəsi 1/59 saylı evdə yaşayır. Fərdi yaşayış evi mülkiyyət kimi dövlət qeydiyyatına alınmasa da tikilidən faktiki sahiblik hüququ əsasında istifadə edirəm, necə ki, cavabdehin Xətai rayonu, Aşıq Qurban küçəsi 1/52 D saylı evdən istifadə edir. İstifadədə olan bir otağın qapı və pəncərəsi olmadığından 2021-ci ildə ümumi küçəyə iddiaçı tərəfindən açılmış pəncərə və qapılara cavabdeh əvvəl etiraz etməmiş, susmaqla razılığını nümayiş etdirmiş, lakin sonradan buna etiraz edərək adı çəkilən pəncərə və qapıları bağlamış və qarşısında hasar inşa etməklə iddiaçını və ailə üzvlərini həmin otaqdan normal istifadə etmək hüququndan məhrum etmişdir. Baxmayaraq ki, açılmış qapı və pəncərələr cavabdehin hüquqlarını və öz tikilisindən istifadəni heç bir halda məhdudlaşdırmır və onun hüquqlarını pozmur. İkinci qapının çıxışında cavabdehə məxsus olan saxlanc yerindən sonuncunun istifadəsinə hazırda heç bir maneçilik törətməməsi məhkəmənin yerində baxış zamanı aşkar olunsa da, (bu hal işdə olan evlərin cizgiləri və iş üzrə keçirilmiş məhkəmə tikinti ekspertizasının rəyində öz təsdiqini tapmışdır) məhkəmənin gəldiyi nəticəyə görə həmin qapının açılması cavabdehə gələcəkdə saxlanc yerindən məqsədəuyğun istifadə edə bilməyəcəyi qənaətinə gəlməsi əsassızdır, ehtimaldır, məhkəmə qətnaməsi isə ehtimallara əsaslana bilməz, qəti olmalıdır. Hazırda həmin saxlanc yerindən istifadəyə hər hansı bir maneçilik yoxdursa, cavabdehin həmin qapını mübahisələndirməyə subyektiv hüququ da yoxdur, demək iddia həmin hissədə də əsaslıdır, təmin olunmalıdır. İstifadədə olan tikiliyə digər tərəfdən giriş-çıxışın olması, həmin qapının bağlanması üçün əsas ola bilməz, tikilidə hər-hansı bir fövqəladə hal baş verərsə, həmin qapıdan istifadəyə zərurətin olduğu ortaya çıxacaqdır.

11. Qətnamədən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv olunması və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi və vəkilinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki mülki iş üzrə iddiaçıX9 oğlunun mövcud iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmadığına görə iddia tələbi məhkəmə tərəfindən birmənalı olaraq rədd edilməlidir. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasənÖzbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi iddiaçı və cavabdehin yaşadığı hər iki ünvanda yerləşən evlər özbaşına tikili hesab edilir. Nə qədər ki, iddiaçının yaşadığıünvan 3 ünvanında yerləşən ev özbaşına tikilidir, belə olan halda həmin evə dair iddiaçı Ramiz Abbasovun hər hansı bir hüququnun pozulmasından və ya pozulmuş hüququnun bərpa edilməsindən söhbət gedə bilməz. Xətai Rayon Məhkəməsinin qətnaməsinə nəzər yetirdikdə Mülki Məcəllənin 180.1-ci və 180.2-ci maddəsinin tələbinin pozulmasını və yekunda həmin evin qanuni tikili olması qənaətinə gəlindiyini görürük Ramiz Abbasov qeyd edilən ünvanda yerləşən özbaşına tikilinin nə sahibi, nədəki mülkiyyətçisi deyildir. Belə olan halda onun özbaşına tikiliyə dair heç bir hüququ yoxdur. İddiaçının özbaşına tikiliyə mülkiyyət və sahiblik hüququ olmadığı təqdirdə həmin hüquqların məhkəmə qaydasında müdafiəsindən söhbət belə gedə bilməz. Xətai Rayon Məhkəməsi subyektiv hüquqla bağlı iddia ərizəsinə düzgün qiymət vermədiyinə görə Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin tələbi baxımından qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi tərəfindən Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-127/2023 saylı qətnaməsi ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən etiraz verilmişdir.

14. İddiaçının yazılı etirazı iddiaçının faktiki tikilinin dövlət qeydiyyatına alınmasa da, onun uzun illərdir etirazsız və maneəsiz istifadəsində olması ilə əsaslandırılmışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi X6, nümayəndəsi-vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətinə uyğun izahat verib, cavabdehin apellyasiya şikayətinə etiraz edərək iddia tələbinin tam təmin olunmasını xahiş etmişlər.

16. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi Cavabdeh1, cavabdehin nümayəndəsi-vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətinə uyğun izahat verib, iddiaçının apellyasiya şikayətinə etiraz edərək iddia tələbinin rədd olunmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının

17. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin

18.

19. Maddə 1.1. Mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır.

20. Maddə 12.1 Yaşayış sahələri mənzil hüququnun obyektidir.

21. Maddə 12.2. Yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

22. Maddə 27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

23. Maddə 152.2. Sahiblik hüququna verilən anlayışda qeyd edilir ki, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

24. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərində qətnamənin müvafiq olaraq rədd olunan və təmin olunan hissədə ləğv olunması xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-127/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının açdığı pəncərənin cavabdehin istifadəsində olan yaşayış sahəsindən istifadəyə hər hansı maneə yaratması, yaxud onun hər hansı hüquq və mənafelərini pozması kimi hallar müəyyən edilməmişdir. Cavabdeh sökdüyü pəncərənin mövcud olmasının onun sahibliyində olan evdən sərbəst istifadəsinə hər hansı mane yaratdığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Birinci instansiya məhkəməsində araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin pəncərə heç kimin mülkiyyətində olmayan sahəyə açılır.

38. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/7404 saylı, xx.xx.2023-cü il tarixli rəyində ekspert müəyyən etmişdir ki, pəncərə boşluğu ilə cavabdehin istifadəsində olan həyətyanı sahənin giriş qapısı arasında 1,0 metr məsafə olduğu, eləcə də iddiaçı tərəfindən aparılmış işlərin öz istifadəsində olan evin daxilində aparıldığı nəzərə alınaraq pəncərənin cavabdehin istifadəsində olan evə və digər qonşulara hər hansı maneə yaratmadığı müəyyən edilmişdir.

39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı tikililərin yerində müayinəsi ilə müəyyən edilmişdir ki, pəncərənin açıldığı otağın işıqlandırılması və havalandırılması üçün həmin pəncərəyə ehtiyac vardır, pəncərənin açıldığı otağın yerləşmə vəziyyətinə əsasən başqa tərəfdən açılması mümkün deyil. Çünki həmin pəncərənin olduğu otağın çölə yalnız bir divarı mövcuddur, digər iki divarı, evin daxili otaqlarına, bir divarı isə cavabdehin istifadəsində olan tikilinin otağına açılır. Pəncərənin açıldığı yerdə isə əvvəllər nəfəslik olmuşdur.

40. Bundan əlavə mübahisəsi gedən pəncərə bağlanacağı təqdirdə otağa hava axınının, günəş işığının daxil olması mümkünsüz olar ki, bu da iddiaçının və onun ailə üzvlərinin həyat və sağlamlığı üçün əlverişsiz nəticələrə gətirib çıxara bilər. Bu hal həmin evdə yaşayan şəxslərin Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş sağlam yaşamaq hüquqlarını pozmuş olur.

41. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin iddiaçının tikiliyə hüququnun olmaması dəlilinə münasibətdə qeyd edir ki, hər iki tərəf yaşadıqları özbaşına tikililər barədə eyni hüquqi statusa malikdirlər və onların həmin tikililər barədə mülkiyyət hüquqları mövcud deyil. Bu baxımdan cavabdehin iddiaçının yaşadığı özbaşına tikilidə açdığı pəncərəni bağlamağa subyektiv hüququ da yoxdur. Hər iki tərəfin yaşadıqları “evlərə” dair mülkiyyət hüquqları dövlət tərəfindən qeydiyyata alınmamışdır və həmin tikililərin yerləşdiyi torpaq sahələri hazırda dövlətə məxsusdur. Bu halda, orada aparılan hər hansı tikintinin qarşısının alınması, yaxud hər hansı müdaxilə yalnız müvafiq dövlət orqanları tərəfindən həyata keçirilə bilər. Cavabdehin isə başqasına məxsus torpaq sahəsində aparılan tikintiyə müdaxilə etmək səlahiyyəti yoxdur.

42. Beləliklə, birinci instansiya məhkəməsi iddiaçının yaşadığı 1/59 saylı evin daşıyıcı divarında açılmış pəncərənin cavabdehin hər hansı hüquq və mənafelərini pozması müəyyən edilmədiyindən iddianı həmin hissədə təmin edərək, sökülmüş pəncərənin cavabdeh tərəfindən açılması ilə bağlı düzgün nəticəyə gəlmişdir.

43. İddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı kollegiya bildirir ki, iddiaçı tərəfindən sonradan inşa edilmiş otaqdan istifadə üçün açılmış qapının sol tərəfində cavabdehin istifadəsində saxlanc yeri var. Həmin yerin cavabdehin istifadəsində olması iddiaçı tərəfindən birinci instansiya məhkəməsində araşdırma zamanı mübahisələndirilməmişdir. Mübahisəli qapı iddiaçı tərəfindən açıldığı təqdirdə cavabdeh istifadəsində olan həmin saxlanc yerindən məqsədinə uyğun istifadə edə bilməyəcəkdir. Həmçinin, iddiaçının istifadəsində olan tikiliyə mübahisəli giriş qapısından başqa ön hissədən də giriş-çıxış üçün qapı mövcuddur. Yəni, mübahisələndirilən qapı iddiaçının istifadəsində olan tikiliyə giriş-çıxış üçün yeganə vasitə deyil. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının ədalətli olması şərtlərindən birincisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Tikiliyə giriş-çıxış qapısı olduğu halda, ikinci bir giriş-çıxış qapısının hər hansı fövqəladə hal zamanı istifadə olunmasının zərurəti cavabdehin mövcud hüququnun pozulması ilə əhatə oluna bilməz.

44. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən sonradan açılmış qapı cavabdehin istifadəsində olan saxlanc yerinin istifadəsinə maneə yaratdığından, habelə iddiaçının sonradan açdığı qapı olmadan da onun istifadəsində olan evdən istifadə mümkün olduğundan məhkəmə haqlı olaraq həmin hissədə iddianı təmin etməmişdir.

45. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən inşa edilmiş hasarın daxilində yerləşən (cavabdehin istifadəsində olan özbaşına tikilinin giriş-çıxışı istisna olmaqla) sahə əvvəllər hər iki tərəfin istifadəsində olmuşdur. Həmin sahədə həm cavabdehin istifadəsində olan saxlanc yeri, həm də, iddiaçının istifadəsində olan yaşayış sahəsinə aid su sayğacı yerləşir. Cavabdeh tərəfindən həmin sahə hasarla əhatə olunandan sonra iddiaçının su sayğacına lazımi xidməti göstərməsinə, ondan məqsədinə uyğun istifadəsinə maneə yaranmış olur. Belə ki, iddiaçı mütəmadi olaraq sayğacın üzərindəki göstəricilərlə tanış olmaq üçün həmin sayğaca baxış keçirməli, bu isə mübahisəli hasarın çəkilməsi səbəbindən iddiaçı üçün çətinlik yaratmış olacaq, iddiaçı hər dəfə həmin sahəyə daxil olmaq üçün cavabdehə müraciət etməli olacaq. Nəzərə alınmalıdır ki, həm tərəflərin istifadəsində olan tikililər, həm də hasarla əhatə olunmuş sahə dövlət mülkiyyətinə aid olduğundan, nə iddiaçı, nə də cavabdeh həmin sahəyə hər hansı üstünlük hüququna malik deyildir.

46. Bundan başqa, cavabdehin istifadəsində olan özbaşına tikilmiş evin divarının bir hissəsi, eləcə də gəlcəkdə bərpa olunduğu halda mübahisəli pəncərə qanunsuz inşa edilmiş hasarın daxilində qalır. Hasarın mövcudluğu isə iddiaçının istifadəsində olan özbaşına tikiliyə, orada yaşamasının təmin edilməsi məqsədilə, qulluq göstərilməsinə maneələr yaratmış olur. Həmçinin, hasar cavabdeh tərəfindən iddiaçı ilə aralarında mübahisə yarandıqdan sonra özbaşına inşa edilmişdir. Hasar inşa olunmamışdan əvvəl də cavabdeh istifadəsində olan tikiliyə sərbəst girib çıxmış və onun isitfadəsinə heç bir maneə yaranmamışdır. Hasar cavabdehin istifadəsində olan özbaşına tikilidən təxminən 1,5 metr aralıda, ümumi istifadədə olan yerdə inşa edilmişdir.

47. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən mişar daşı ilə inşa edilmiş hasarın mövcudluğu iddiaçının istifadəsində olan özbaşına evin istifadəsinə maneə yaratdığından cavabdeh tərəfindən onun vəsaiti hesabına sökülməlidir.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçının nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-127/2023 nömrəli, 24 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar