Məhkəmə qərarları › İş №2(103)-56/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-56/2022

13.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-56/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər: Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X6 Xidməti cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: yarımtikilinin cavabdehin hesabına sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X6 Xidməti cəlb edilməklə) “yarımtikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(001)-3899/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş 03 oktyabr 2016cı il tarixli, 091663 saylı lisenziyaya əsasən "xxxx" MMC-yə ünvan 1 ünvanında tikintisinə icazə tələb olunan və barəsində layihələndirmə icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini həyata keçirilməsinə icazə verilmişdir.

2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətinə əsasən ünvan 2 ünvanında yerləşən 0,0165 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 862 nömrəli reyetr kitabının 81688 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır.

3. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh ünvanladığı 01 mart 2019-cu il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən təqdim edilən sənədlər aşağıdakı şərtlər daxilində razılaşdırılır - tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə (Əmlak Layihə Smeta Bürosu MMC-nin işi) əsasında aparılmalı, tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydlarına riayət edilməklə saxlanmalı, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsipinə riayət edilməlidir. Mövcud məlumatlandıma icraatının tətbiq olunduğu halda tikinti işləri razılaşdırılmış layihənin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmadığı təqdirdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsaəsn tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəkdir.

4. Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X6 Xidmətinin 1-ci Ərazi X6 İdarəsinin İddiaçı ünvanladığı məktubun surətinə əsasən X1 25-ci maddəsini və X6 Xidmətinin Əsasnaməsinin 9.3-cü bəndini rəhbər tutub, qeyd olunan ünvanda gələcəkdə baş verə biləcək hər hansı bir fövqaladə və ya yanğın hadisəsi zamanı yanğınsöndürmə avtomobillərinin qeyd olunan əraziyə maneəsiz giriş çıxışını təmin etmək məqsədi ilə müvafiq göstəriş verilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyətinə xx.xx.2019-cu il tarixli, 3xx/xx-00761 saylı məktub ünvanlanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 5 ünvanının qarşısında apardığı yarım tikilinin Cavabdeh tərəfindən onun hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında uzun illərdir ailəsi ilə birlikdə yaşayır. Evinin qabaq hissəsi öz həyətinə və yola, arxa hissəsi isə qonşu həyətə düşür. Qonşunun həyətindən evinin içərisi görsənməməsi üçün pəncərənin qonşuya düşən hissəsi yarıya qədər tərəfindən daşla hörülmüşdür. Bir neçə gün bundan əvvəl həmin qonşuluqda yəni onun pəncərəsinin düz qarşısında təxminən 20-25 sm məsafə ilə yeni 2 mərtəbəli evin bünövrəsi qoyulmuş və tikinti işləri aparılır. Cavabdehin apardığı bu tikinti işləri onun evinin havalandırması, evə düşən günəş işığının kəsilməsi ilə yanaşı, eyni zamanda özbaşına tikili olmaqla həm yanğın zamanı yanğınsöndürənin girişi bağlanılmış, həm həmin ərazidən keçən su xəttinin üzərində tikilməklə ciddi qanun pozuntularına yol verilir. Cavabdehin qanunsuz hərəkətləri Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə də ziddir.

7. Birinci instansiya məhkəməsinin təşəbbüsü ilə Binəqədi Rayon İcra Hakimiyyəti, İddiaçı nümayəndəsi və vəkili X3 vəsatətinə əsasən isə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X6 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

8. X5 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 6 ünvanının arxasında apardığı yarım tikilinin Cavabdeh tərəfindən öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin iddiası icraata qəbul edilmişdir.

9. Bundan sonra mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X5 xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, həmin ərizəsi onun adından tərtib edilmiş və onun xəbəri olmadan onun yerinə imza edilmişdir. Bu səbədən də onun əvəzinə yazılmış iddia ərizəsini götürmək istəyir. Cavabdeh qarşı heç bir narazılığı və heç bir iddiası yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etməmişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 may 2019-cu il tarixli, 2(001)- 3899/2019 saylı qərardadı ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 Cavabdeh qarşı “yarımtikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair” iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanılmışdır.

11. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(001)- 3899/2019 saylı qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia tələbi təmin edilməmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində qeyd edir ki, cavabdeh tərəfindən inşa edilən yarımtikili iddiaçının istifadə sahibliyində olan evin birinci mərtəbəsinə düşən günəş işığının qarşısını alır və havalandırmanı məhdudlaşdırır. Məhkəmə bu əsaslandırması ilə əvvəla iddiaçının ünvan 7 ünvana hüquqlarının olmasını təsdiq edir. Bu xüsusat iddiaçının dövlət tərəfindən tanınan yaşayış və qeydiyyat yeri barədə vermiş olduğu şəxsiyyət vəsiqəsi ilə də təsdiq olunur. İddiaçı istifadəsində olan mənzildə pasport qeydiyyatında olmaqla həmin evə dövlət tərəfindən yaranan və tanınan hüquqlara malikdir. Hazırki iddia tələbi iddiaçının pasport qeydiyyatında olduğu və standartlar və qanunvericiliklə müəyyən edilmiş istifadə hüquqlarının cavabdeh tərəfindən məhdudlaşdırılması ilə əlaqədar qaldırılmışdır. Məhkəmənin özü tərəfindən də yerli baxış keçirilərkən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən inşa edilən tikili qonşunun pəncərəsi ilə 20-25 sm məsafədə tikilməklə evə düşən gün işığının və havalandırmanı tam olaraq məhdudlaşdırır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

15. Məhkəmə iclasında iştirak edən cavabdeh və onun nümayəndəsi, vəkili apellyasiya şikayətinə etiraz edərək bildirdilər ki, mübahisələndirilən ünvanda olan fərdi yaşayış evi artıq tikilmiş və cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçı hazırda özünə məxsus evi satıb, oradan köçmüşdür və aralarında mübahisə mövcud deyildir.

16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələri iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

18. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

20. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi

24. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

25. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

26. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.

27. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

28. Maddə 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

29. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli Qərarında qeyd edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.

30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

31. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Plenum Qərarında öz əksini tapmışdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 4.1 və 5.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

39. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

42. İşin müəyyən edilmiş hallarına əsasən, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının istifadə və sahibliyində olmuşdur. ünvan 1 ünvanında yerləşən 0,0165 ha torpaq sahəsi cavabdehin mülkiyyətindədir. "xxxx" MMC tərəfindən Cavabdeh məxsus həmin torpaq sahəsində fərdi yaşayış evinin eskiz layihəsi tərtib edilmişdir. Bundan sonra Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə xx.xx.2019-cu il tarixdə müraciət edərək, təqdim edilən layihə əsasında fərdi yaşayış evinin tikintisinə məlumatlandırma icraatının tətbiq olunmasını xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin Cavabdeh ünvanladığı 01 mart 2019-cu il tarixli məktubuna əsasən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən təqdim edilən sənədlər aşağıdakı şərtlər daxilində razılaşdırılır - tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə (Əmlak Layihə Smeta Bürosu MMC-nin işi) əsasında aparılmalı, tikinti işləri aparılarkən ətraf ərazi sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanmalı, qanunvericiliklə müəyyən edilmiş qonşuluq prinsipinə riayət edilməlidir. Mövcud məlumatlandıma icraatının tətbiq olunduğu halda tikinti işləri razılaşdırılmış layihənin memarlıq-planlaşdırma bölməsinə uyğun aparılmadığı təqdirdə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsinə əsaəsn tikinti işlərinin dayandırılması istiqamətində tədbirlər görüləcəkdir. Həmin torpaq sahəsi üzərində tikinti işlərinin aparılması üçün Cavabdeh tərəfindən fərdi yaşayış evinin tikintisinə başlanılmış və hazırda bildirdiyinə görə tikintini başa çatdırıb ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı hazırda özünə məxsus evi satıb, oradan köçmüşdür və aralarında mübahisə mövcud deyildir.

43. Məhkəmə kollegiyası, qeyd edilənlərə əsasən, cavabdeh tərəfindən şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı tətbiq olunmaqla mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi inşa etdiyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

45. İddiaçının apellyasiya şikayətinin dəlili əsassızdır və qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

46. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(001)-3899/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(001)- 3899/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar