Məhkəmə qərarları › İş №2(103)-5600/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5600/2021

02.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5600/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Həmidov Həmid Üzeyir oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4645/2020 saylı, 29 mart 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4645/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud keçəsi, 32 saylı evə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı həmin qətnamədən 26 yanvar 2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4645/2020 saylı 27.01.2021-ci il tarixli qərardadı ilə şikayət qanunla müəyyən edilmiş prosessual müddət buraxılmaqla verildiyindən geri qaytarılmışdır. İddiaçı 05.03.2021-ci il tarixdə ərizə ilə müraciət edərək qətnamədən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı ilə (hakim P.Zamanlı, iş № 2(011)-4645/20) ərizə təmin olunmamışdır. Həmin qərardaddan iddiaçı şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, qətnamə üzrə apellyasiya şikayəti vermək üçün 2020-ci ilin 18 dekabr tarixindən 2021-ci ilin 18 yanvar tarixinə kimi SMS qaydasında sərtləşdirilmiş karantin olmuşdur və eyni zamanda həmin vaxt Neft Daşlarında işdə olduğundan apellyasiya şikayətini gecikdirmişdir. Apellyasiya şikayətinin müddətinin pandemiya vaxtlarına düşməsi və onun neft daşlarında işdə olmağını nəzərə alaraq müddətin bərpa olunmasını xahiş edir. Bakı şəhəri Xətai Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, iddiaçının izahatını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə iddiaçı ərizəsində apellyasiya şikayətinin veriməsi üçün müddətin ötürülməsini neft daşlarında işdə olması ilə əlaqələndirsə də, qeyd etdiyi dəlillə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə olaraq qeyd edir ki, iddiaçının istinad etdiyi sərt karantin rejimi şikayətində də göstərdiyi kimi 18 dekabr 2020-ci ildən 18 yanvar 2021-ci ilə qədər olan dövrü əhatə edir. İddiaçı isə sözügedən qətnaməni 16 noyabr 2020-ci il tarixdə əldə etmişdir. Belə olan halda, sərt karantin rejimi başlayana qədər artıq prosessual müddət ötürülmüşdür. Yəni, karantin rejiminin sərtləşməsi də hazırkı qətnamədən şikayət vermə müddətinin ötürülməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci il maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçının prosessual müddətin bərpasına dair ərizəsində göstərilən halları təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 29 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər Həmid Həmidov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar