Məhkəmə qərarları › İş №2(103)-5601/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5601/2022

26.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5601/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5601/2022 (Açar sözlər: alimentin artırılması) Bakı şəhəri 26 sentyabr 2022-ci il Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2022 saylı 17 may 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh Sadatxan oğlu ilə 12 sentyabr 2012-ci il tarixdən 01 yanvar 2014cü ilə qədər rəsmi nikahları olmadan birgə yaşamışlar.

2. Qeyri-rəsmi nikahdan 07 iyul 2013-cü il tarixdə X6 adlı övladları anadan olmuşdur.

3. Bakı Şəhəri Nərimanov rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 136524 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır;

4. Bakı Şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-6184/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi təmin edilmiş, 07 iyul 2013-cü ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək Cavabdeh 11 noyabr 2014-cü il tarixdən hesablanaraq hər ay 103 (bir yüz üç) manat məbləğində aliment tutularaq İddiaçı xeyrinə tutulması qət edilmişdir.

5. 28.02.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2013-cü ildə anadan olmuş övladı X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 250 manat (iki yüz əlli) manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 12 sentyabr 2012-ci ildən 01 yanvar 2014-cü ilə qədər rəsmi nikahları olmadan birgə yaşamışlar. xx.xx.2013-cu ildə X6 anadan olmuşdur. Nərimanov rayon Məhkəməsinin 2(005)-6184/2014 saylı, 09 dekabr 2014cü il tarixli qətnaməsi ilə X1 üçün yetkinlik yaşına çatana qədər hər ay Cavabdeh 103 manat sabit pul məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. Hal-hazırda X5 9 yaşı var. Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin son vaxtlar qiymətlərin artması çox çətinlik yaradır və uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də görə də o “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, mübahisənin məhkəmədən kənar mediasiya vasitəsi ilə həll olunmasını təklif etsə də, cavabdeh imtina etmişdir.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(005)- 1835/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, işin materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından məhkəmə iclasında aydın oldu ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olmamışdır.

10. Məhkəmə öz mövqeyini, "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13, 19-cu maddələri, Ailə Məcəlləsinin 55.1, 75.1, 75.4, 78.1, 78.2, 112.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1835/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

32. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hal-hazırda X5 9 yaşı var. Nərimanov rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaq orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Həmçinin son vaxtlar qiymətlərin artması çox çətinlik yaradır və uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Bildirir ki, cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmır. Uşağın bütün qayğısını ehtiyacını tamamilə iddiaçı özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. Buna görə də görə də o, “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutların qiymətləndirilməsi ilə bağlı üzərinə düşən vəzifələri qəti olaraq icra etməmişdir, Azərbaycan Respublikasında 2022-ci ildə uşaqlar üçün yaşayış minumumunun 193 manat olması nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçının verdiyi izahat nəzərə alınmamışdır. Nəticədə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlməmişdir. Həmçinin məhkəmə özünün istinad etdiyi normaları düzgün tövsif etməmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsini, birgə nikahdan xx.xx.2013-cü ildə anadan olmuş X1 üçün hər ay 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddaçı İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Prosses iştirakçılarının izahatları

35. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

37. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir.

38. "Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

39. Maddə 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.

40. Maddə 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

41. Maddə 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

42. Maddə 78.1 və 78.2 maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

43. Maddə 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi ailə qanunvericiliyi qanunda nəzərdə tutulmuş hallarda aliment ödəyən şəxsə təyin olunmuş aliment məbləğinin azaldılması və ya onun aliment öhdəliyindən azad edilməsi imkanlarını nəzərdə tutmuşdur. Lakin qanunvericilik alimentin azaldılması və ya alimentdən azad etmə imkanını nəzərdə tutarkən heç də aliment alan şəxsin təminatının azaldılması və ya alimentə ehtiyacı olduğu halda aliment almaq imkanından məhrum edilməsi kimi nəzərdə tutmamışdır. Ona görə də aliment ödəyən şəxsin aliment ödənilməsi vəzifəsindən azad edilməsi və ya aliment məbləğinin azaldılması üçün məhkəməyə mötəbər sübutlar təqdim olunmalıdır. Hazırkı işdə isə iddiaçının apelyasiya şikayətində qeyd etdiyi hallar onun müəyyən edilmiş aliment öhdəliyindən azad edilməsi üçün əsas hesab edilə bilməz.

44. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.

45. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır.

46. Qərarda qeyd olunmuşdurki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

52. Maddə 384.0.2. Apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

53. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 54 .372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

56. Apellyasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

57. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

59. Məhkəmə kollegiyası işin müəyyən edilən hallarını tətbiq edilən normalar baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı Cavabdeh ilə 12 sentyabr 2012-ci ildən 01 yanvar 2014-cü ilə qədər rəsmi nikahları olmadan birgə yaşamışlar. xx.xx.2013-cu ildə X6 anadan olmuşdur. Nərimanov rayon Məhkəməsinin 2(005)-6184/2014 saylı, 09 dekabr 2014-cü il tarixli qətnaməsi ilə X1 üçün yetkinlik yaşına çatana qədər hər ay Cavabdeh 103 manat sabit pul məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.

60. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin aliment öhdəlikləri ilə bağlı normalarında–maddə 75, 78.1, 78.2 ( § 23, 24) bilavasitə “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa istinad olunmasa da, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində deyilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Uşağın minimum dolanacaq xərcləri işə “Yaşayış minumumu haqqında” Qanunla müəyyən edilmişdir. Bu baxımdan, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment tutularkən həmin qanunun tələbləri nəzərə alınmalıdır.

62. Odur ki, məhkəmə Kollegiyası cavabdehin maddi vəziyyətini, həmçinin uşağın mənafeyini və yuxarıda istinad olunan hüquq normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(005)-1835/2022 nömrəli qətnaməsi ləğv olunmalı və xx.xx.2013cu ildə anadan olmuş X2 üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 6184/2014 saylı, 09 dekabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş 103 manat alimentin məbləği artırılaraq 150 manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət olunmalıdır.

63. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(005)- 1835/2022 nömrəli qətnaməsi ləğv olunsun. İddia tələbi qismən təmin olunsun. xx.xx.2013-cu ildə anadan olmuş X2 üçün Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-6184/2014 saylı, 09 dekabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş 103 manat alimentin məbləği artırılaraq 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar