Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5601/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maddi zərərin ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı iştirakı ilə, Nəsimi Rayon Məhkəməsinin 2(006)-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və istifadəsində olan icarə obyektinə Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzilindən çirkab suların axıdılması nəticəsində ona dəymiş 6.800 manat maddi ziyanın, 88 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi, həmçinin Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən mənzilin təmir olunmasının öhdəliyinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 24 avqust 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən icarə obyektini “Ortopedik Mərkəz” kimi fəaliyyət göstərmək üçün notarial qaydada icarəyə götürmüşdür. İcarə obyektini icarəyə götürdükdən sonra həmin obyektin təmiri pis vəziyyətdə olduğu üçün oranı yüksək səviyyədə təmir etdirmişdir. Təmirə təxminən 13.000 manat pul xərcləmişdir. Lakin bütün problemləri bundan sonra başlamışdır. Fəaliyyətə təzə başlamışdır ki, bir gün obyektə gələndə görmüşdür ki, obyektin tam orta yerinə yuxarı qonşuluqda yerləşən mənzildən çirkab su axıdılmışdır. Nəticədə təxminən 8 kv.m sahə, yəni divar və parket yararsız vəziyyətə gəlməklə obyektin iç görünüşü bərbad hala düşmüşdür. Bundan sonra o, yuxarı mərtəbədə yerləşən mənzilin sahibi olan Cavabdeh baş vermiş bu vəziyyəti başa salmış və əyani olaraq göstərmişdir, lakin bu vəziyyət sanki onun vecinə deyilmiş kimi onunla kobud danışmış və problemə qulaq asmaq istəməmişdir. O, məcbur qalıb həmin hissəni hər dəfə çirkab su axıdılandan sonra təzədən təmir etdirmiş və təmirə ümumilikdə 1.700 manat pul xərcləmişdir. Bundan sonra fikirləşmişdir ki, yəqin hər şeyi başa düşüb yaranmış çirkablı su axıntı problemini özü həll edəcək. Bu hadisədən təxminən 5-6 gün sonra yenidən səhər obyektə gələndə görmüşdür ki, Cavabdeh məxsus mənzildən yenidən çirkablı su axaraq obyektdə yerləşən qiyməti 3000 ABŞ dolları olan ayaqların müayinəsi üçün nəzərdə tutulan aparatın üzərinə və içərisinə su dolmuşdur. O, aparatı sudan təmizləsə də, artıq aparatın içinə girmiş çirkab su onun elektron mexanizmini zədələmiş və yararsız hala gətirmişdir. Bu vəziyyəti gördükdən sonra məcbur qalıb Bakı şəhəri, Nəsimi rayonu, 13 saylı MKİS-nin rəisinə ona dəymiş ziyanın rəsmi şəkildə aktlaşdırmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə 13 saylı MKİS-nin rəisi Mürvələdov E.Q., mühəndis Nuriyev V.A., sahə nəzarətçisi Sərdarov Z.V. və onun tərəfindən əlavə olaraq ödənişli dəvət olunmuş “Su Sızma" MMC-nin mütəxəssisinin iştirakı ilə akt tərtib olunmuşdur. Tərtib olunmuş aktda çirkab sularının Cavabdeh məxsus ünvan 2 yerləşən mənzilindən axıdıldığı öz təsdiqini tapmışdır. Bildirmək istəyir ki, Cavabdeh məxsus mənzilin su-kanalizasiya sistemi bərbad olduğundan o, dəfələrlə ondan kanalizasiya sisteminin dəyişməsini tələb etsə də, o, bu tələbini heçə sayıb mövcud problemi həll etməkdən boyun qaçırmışdır. Bununla da, onun mülkiyyət hüquqları pozulmuş, istifadəsində olan obyektə maddi ziyan dəymişdir. Ona görə də, cavabdehdən ona dəymiş maddi ziyanın məhkəmə qaydasında ödənilməsini tələb edir.
3. Nəsimi Rayon Məhkəməsinin 2(006)-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Ceyhun Tağıyev) ilə iddia qismən təmin edilmiş, iddia qismən təmin edilmiş, su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi ziyana görə 1.326 manat və ödənilmiş dövlət rüsumunun 33,26 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh tutularaq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
4. İddiaçı qətnaməni mübahisələndirməmişdir.
5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi işi hərtərəfli araşdırmamış, sübutlara düzgün qiymət verməmiş, törədilmiş delikt əməldə onun təqsirinin olub-olmamasını müəyyən etməmişdir. Su axıdılması onun mənzildə yerləşməyən, balansında olmayan nasaz vəziyyətdə olan kanalizasiya borusundan axan axıntılar nəticəsində baş vermişdir. Buna görə də qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, qətnamənin qüvvədə qalmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Sübutların tədqiqi:
10. Mülki işdə olan xx.xx.2005-ci il tarixdə bağlanmış AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinə görə ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh tərəfindən satın alınmışdır.
11. Mülki işdə olan xx.xx.2022-ci il tarixli, reyestrdə 3M-1081 nömrə ilə qeyd edilmiş icarə müqaviləsindən görünür ki, müqavilə X1 ilə İddiaçı arasında bağlanmışdır. Müqaviləyə görə icarəyə verən R.Nəsrullayev tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 49 saylı mənzili icarəçi İddiaçı icarəyə verilmişdir.
12. 13 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 60/44 saylı evin 49 saylı mənzildə icarə əsasında fəaliyyət göstərən “Ortopedik Mərkəz”in direktoru İddiaçı 13 saylı MKİS-ə müraciət edərək bildirmişdir ki, üst mərtəbədə yaşayan qonşunun mənzilindən onların fəaliyyət göstərdiyi mənzilə su axıntısı baş verir, dəfələrlə qonşuya məlumat versə də, heç bir tədbir görülmədiyindən, onların fəaliyyətinə mənfi təsir göstərir və mənzilə maddi ziyan dəyir. Yerində araşdırma zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı fəaliyyət göstərdiyi 49 saylı mənzil qeyd olunan 4 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. 2-ci mərtəbədə 40 nömrəli mənzildə yaşayan Cavabdeh mənzilinə baxış keçirmişlər və məlum olmuşdur ki, mənzilin hamam otağından su axıntısı baş verir. Lakin Cavabdeh təkidlə bildirir ki, onun mənzilində heç bir nasazlıq yoxdur. Bundan sonra İddiaçın "xxxx" MMC-dən mütəxəssis dəvət emiş, mütəxəssis X2 xüsusi aparat vasitəsilə bütün mənzilləri yoxlamış və bildirmişdir ki, 2-ci mərtəbədə yerləşən Cavabdeh məxsus 40 nömrəli mənzilin kanalizasiya xəttində olan nasazlıqdan 1-ci mərtəbəyə su axıntısı baş verir. Dəfələrlə su axması nəticəsində 1-ci mərtəbədə yerləşən 49 nömrəli mənzilin tavanında, divarlarında və döşəməsində yararsız vəziyyət yaranmış, mənzilə maddi ziyan dəymişdir.
13. “Lider” kompüter mağazasının xx.xx.2023-cü il tarixli təmir aktına əsasən, servisə təqdim olunmuş “Ack Metisens” ayaq analizi aparatının istismar vəziyyəti yoxlanılmış, həmin aparatın istismar vəziyyəti yoxlanılan zaman istismara yararsız olması aşkar olunmuş, tərəflərindən aparata baxış keçirilən zaman aparatın iç hissəsində yerləşən elektromexanizmlərin üzərinə hansısa mayenin töküldüyü izləri aşkar edilmiş, bununla da “Ack Metisens” ayaq analizi aparatının içərisində yerləşən elektromexanizmlərin əvəzlənməsi üçün lazım olan hissələrin olmaması səbəbindən təmirinin mümkün olmadığı bildirilmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6761 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan 49 saylı qeyri-yaşayış sahəsinin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə həmin qeyri-yaşayış sahəsinin üst mərtəbəsində yerləşən 40 saylı mənzildən su axıdıldığı və nəticədə 49 saylı qeyri-yaşayış sahəsinin dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur.
15. Eyni zamanda qeyd olunmuşdur ki, 40 saylı mənzilin sanitar-qovşağı tikilisi təmirli olduğundan, sukanalizasiya xətlərinin üzərində hər hansı qüsur olmadığından, 49 saylı qeyri-yaşayış sahəsinə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 49 saylı qeyri-yaşayış sahəsinə su sızması 40 saylı mənzilin su-kanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verə bilər və ünvan 3 ünvanında yerləşən 49 saylı qeyri-yaşayış sahəsində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.326 manat məbləğində müəyyən olunmuşdur.
16. 13 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli, 62 saylı məktubuna əsasən, Nəsimi rayon 13 saylı MKİS-nin nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 60/44 ünvanında yerləşən 40 saylı mənzilin kanalizasiya xəttindən alt mərtəbədə yerləşən mənzilə (obyektə) su axıdılması ilə əlaqədar akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, kanalizasiya xəttində baş verən axıntını "xxxx" şirkətinin əməkdaşları aşkar etmişdir. Həmin vaxt mənzilin hamam otağının döşəməsi, divarları tam kafel-metlax ilə örtüldüyündən hansı borudan sızması məlum olmamışdır. Sonradan hamam otağında ümumi kanalizasiya xətti keçən divarın həmin hissəsində kafel-metlax sökülmüş və məlum olmuşdur ki, həqiqətən də, hamam otağında kafel-metlaxın altında qalmış ümumi kanalizasiya xəttindən axıntı baş vermişdir. Bundan sonra X5 İdarəsinin Kanalizasiya Xidmətinin əməkdaşı dəvət olunmuş və onlar tərəfindən nasazlıq aradan qaldırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, bütün təşkilatların balansında olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 345 №li, xx.xx.2012-ci il tarixli Sərəncamına əsasən "xxxx" ASC-nin balansına verilmişdir.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-9/2525/2024 saylı məktubundan görünür ki, “Metisens” ayaq analizi aparatına hər hansı bir ziyanın dəyib-dəyməməsi barədə sualların məhkəməəmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığı qeyd edilərək, ekspertizanın aparılmasından imtina edilmişdir. Tətbiq edilən maddi hüquq normaları:
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Tətbiq edilən prosessual hüquq normaları:
19. Mülki Prosessual Məcəllə
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
23. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
24. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
25. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
26. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
30. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
31. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
33. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Mülki işlə müəyyən olunur ki, qeyri-yaşayış sahəsinə ziyanın dəyməsi iş materiallarında olan 13 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2-10/6761 saylı rəyi və bir sıra digər faktlarla öz təsdiqini tapır. Göstərilən sənədlərdə su sızmasının məhz üst mərtəbədə yerləşən mənzilin sukanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş verməsi qeyd edilir. Bu əsasla da iddiaçı haqlı olaraq zərərin ödənilməsini tələb etmişdir.
36. Mülki qanunvericiliyin sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
37. İddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır.
38. Beləliklə, cavabdehə məxsus mənzildən su sızması nəticəsində həmin ünvan üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə su sızması hallarına yol verildiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurulmuşdur.
39. Cavabdeh apellyasiya şikayətində əsas dəlil kimi göstərmişdir ki, su axıdılması məhz onun mənzilində olmayan kanalizasiya sistemindəki nasazlıq səbəbindən baş vermişdir.
40. Kollegiya bununla bağlı qeyd edir ki, mülki işdə olan ekspert rəyi və digər aktlarla müəyyən edilir ki, həqiqətən də su axıdılması məhz üst mərtəbədə yerləşən mənzilin sukanalizasiya xətlərində yaranmış nasazlıq səbəbindən baş vermişdir. Cavabdeh isə hazırkı ekspert rəyini şübhə altına ala biləcək hər hansı mötəbər, şübhədənkənar sübutlar təqdim etməmişdir. Buna görə də hesab edilir ki, cavabdehin şikayəti açıq-aşkar əsassız olmuşdur.
41. Bu baxımdan, Kollegiya hesab edir ki, mülki işdə olan ekspert rəyi ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1.326 manat məbləğində müəyyən edildiyindən rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.
42. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Beləliklə, Kollegiya qeyd edir ki, cavabdehin mənzilindən su sızması nəticəsində iddiaçının mənzilinə dəyən zərər təsdiq olunduğundan rayon məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, bu səbəbdən apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
45. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
47. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
48. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
49. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
50. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nəsimi Rayon Məhkəməsinin 2(006)-98/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.