Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5606/2021 11.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-364/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 43.188,99 ABŞ dolları məbləğində əsas, müqavilənin bitdiyi tarixə hesablanmış 6.699,25 ABŞ dolları məbləğində faiz, 6.699,25 ABŞ dolları məbləğində cərimə borcu, müqavilənin bitdiyi tarixdən 04 mart 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4.248 ABŞ dolları borc olmaqla, cəmi 60.835,49 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 07 aprel 2017-ci il tarixli 006T04170006 nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən illik 8 faizlə 102.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit müqaviləsinin müddəti 27 mart 2018-ci il tarixdə bitmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. 04 mart 2020-ci il tarixədək cavabdehin banka 43.188,99 ABŞ dolları məbləğində əsas, müqavilənin bitdiyi tarixə hesablanmış 6.699,25 ABŞ dolları məbləğində faiz, 6.699,25 ABŞ dolları məbləğində cərimə, müqavilənin bitdiyi tarixdən 04 mart 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 4.248 ABŞ dolları borc olmaqla, cəmi 60.835,49 ABŞ dolları məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-364/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi iddia tələbi qismən təmin edilərək, Cavabdeh 43.188,99 (qırx üç min yüz səksən səkkiz dollar doxsan doqquz sent) ABŞ dolları əsas, 6.699,25 (altı min altı yüz doxsan doqquz dollar iyirmi beş sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 49.888,24 (qırx doqquz min səkkiz yüz səksən səkkiz dollar iyirmi dörd sent) ABŞ dolları pul vəsaitinin ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Aygün Həsənova).
4. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-364/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla Cavabdeh arasında bağlanan müqavilənin 2.1.4-cü bəndinə əsasən borc ödənilmədikdə cərimə faizi hesablanır. Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ogər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin məhkəmə tələb edilən 6699.25 ABŞ dolları məbləğində illik 5 % məbləği təmin etməmişdir. Cavabdehə kredit 07.04.2017-ci tarixdə, yəni bankın fəaliyyət göstərdiyi dövrdə verilmişdir. Həmin dövrdə Bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirmişdir. Cavabdehin öhdəliyini vaxtında icra etməməsi bankın bu fəaliyyətləri həyata keçirməsinə mane olmuş və belə olan halda iddiaçının əldən çıxmış fayda olaraq cavabdehdən 5%- lik məbləği tələb etmək hüququ yaranmışdır. Lakin məhkəmə, iddiaçının bu hüququnu əsassız yerə təmin etməyərək, onun mənafeyini pozmuşdur. Tərəflərin izahatları:
6. İşə baxılasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:
9. Belə ki, iş materialları ilə müəyyən edilir ki, 07 aprel 2017-ci il tarixli 006T04170006 nömrəli kredit xətti müqaviləsinə əsasən Cavabdeh ləğv prosesində olan İddiaçı ASC tərəfindən illik 8 faizlə 102.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Hüquqi dəyərləndirmə:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
11. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
13. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit xətti müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır.
14. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Apellyasiya şikayətində qətnamənin tam deyil, iddianın təmin olunmayan faiz borcu və dəbbə pulu hissəsində ləğv edilməsi xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni mübahisələndirilən hissədə yoxlayır.
18. Kollegiya iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissədə rədd edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
19. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehə kredit xətti açılarkən müqavilənin təminatı olaraq cavabdehin iddiaçı bankda mövcud olan əmanət hesabındakı vəsait çıxış etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2017- ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu onun ləğvedicisi təyin edilmişdir.
21. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdehin iddiaçı bankda 900.000 ABŞ dolları məbləğində “göy əmanət” bank əmanəti hesabı mövcud olmuşdur. İş üzrə tərəflərin təqdim etdiyi sənədlərdən görünür ki, bank bağlandıqdan sonra cavabdehə bankdakı əmanəti banka olan borcu çıxıldıqdan sonra geri ödənilmişdir.
22. Belə ki cavabdehə 900.000 ABŞ dolları əmanətdən 705.966,12 ABŞ dolları qaytarılmış, 195.96,12 ABŞ dolları isə cavabdehin iddiaçı banka olan iki kredit xətti müqaviləsi üzrə icra edilməmiş öhdəliyi cəm şəkildə tutulmuşdur.
23. Sadalanan hallara və hüquq normalarının tələblərinə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı olduğundan, iddiaçının apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-364/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev