Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5606/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Nizami qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Cavabdeh ona 16000 manat və 44550 ABŞ dolları məbləğində borcunun olduğunu iddia edir.
2. Vatssap platfoması vasitəsilə göndərilən mesajlardan və flaş kartda olan səs yazılarından müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdehin anasının istifadəsində olan mobil nömrəsi ilə aparılan danışıqlarda Cavabdeh İddiaçı borcunun olduğunu etiraf etmişdir. Belə ki, mesajda və səs yazılarında cavabdeh dəfələrlə borcunu ödəyəcəyini, 30000 manat pulu verəcəyini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16000 (on altı min) manat və 44550 ABŞ (qırx dörd min beş yüz əlli) dolları məbləğində (ödəniləcək günün bank məzənnəsinə uyğun olaraq) borc pulun və 372,96 (üç yüz doxsan iki manat doxsan altı qəpik) manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra – iddiaçı) iş üzrə Cavabdeh (bundan sonra – cavabdeh) Bakı Baş Gömrük İdarəsində birlikdə işlədikləri vaxtdan tanıyır. Onunla iş yoldaşı kimi münasibətləri yaxşı olmuş, bir-birlərinə etibarları olmuşdur. Bu etibardan istifadə edən iş üzrə cavabdeh iddiaçıdan anasının müalicəsi üçün 2022-ci ilin aprel ayından 1000 (min) manat, daha sonra isə hissə-hissə olmaqla, 2022-ci ilin sentyabr ayına kimi ümumilikdə 16000 (on altı min) manat pul borc olaraq almışdır. Bundan başqa iş üzrə cavabdeh iddiaçıdan borclarının qaytarılmasına köməklik edilməsi üçün 2022-ci ilin sentyabr ayında 44550 (qırx dörd min beş yüz əlli) ABŞ dolları məbləğində pulu borc alaraq almış, özünə məxsus mənzilini satıb həmin günə qədər olan pulları tam şəkildə geri qaytaracağına söz versə də, sonradan o verdiyi sözünə əməl etməmişdir. İddiaçı ailədə iki bacıdırlar. O, böyük bacı olmaqla 1993-cü il təvəllüdlü, X1 isə 2003-cü il təvəllüdlü olmaqla kiçik bacısıdır. Bacısı böyrək çatışmazlığından əziyyət çəkməklə dialez xəstəsidir və 2-ci qrup əlildir. Onun müalicəsi və əməliyyatları üçün yardımsevər insanlar tərəfindən 44.550 ABŞ dollarının bir hissəsi olmaqla 2021-ci ildən başlayaraq anası Mənsurə Balaməmmədovanın adına açılan karta yığılan həmin pullardır, digər hissəsi isə anası ilə iddiaçının özünün əmək haqlarından yığıb saxladıqları pullardır. Hal-hazırda iş üzrə iddiaçı cavabdehdən 16000 (on altı min) manat və 44550 ABŞ (qırx dörd min beş yüz əlli) ABŞ dolları məbləğində borc verdiyi pulları geri istəsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu verməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 16000 (on altı min) manat və 44550 ABŞ (qırx dörd min beş yüz əlli) ABŞ dolları məbləğində borc verdiyi pulların alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2656/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Babazadə) iddia qismən təmin edilmiş, Cavabdeh 30000 (otuz min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 406, 739.1, 739.2, 337.1, 337.4, 337.5, 386.1, 442, 445, 448.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin qismən – iddianən təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan sübutlardan (tərəflər arasında aparılan səs yazısından) bilinir ki, iddiaçı cavabdehə “44.550 dollar, 17.260 manat pulu şəxsən vermişdir.” Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.” Hazırki işdə də ortada etibarsız borc müqaviləsi olduğu və həmin müqavilə üzrə verilən pul əvəz edilən əşya olduğu üçün işin müəyyən edilmiş hallarına görə cavabdehin iddiaçının hesabına əhəmiyyətsiz əqd üzrə əsassız varlanması faktı mövcuddur. Belə olan halda, iddiaçının Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq cavabdehdən əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılmasını tələb etmək hüququ vardır və həmin tələb qeyd edilən normaya əsasən qismən təmin edilməli idi.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2-ci maddəsinə əsasən, əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 385.1-ci maddəsin əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
13. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı iş üzrə qətnamədən iddiaçı apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını iddianın təmin olunmayan hissəsində yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir.
18. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış 30000 manat pulun borc kimi verilməsinə dair müqavilə qanunvericiliyin müəyyən etdiyi formada, yəni yazılı formada bağlanmadığından etibarsızdır. Bununla belə, cavabdeh iddiaçının borc olaraq 30000 manat pul verdiyini etiraf etmişdir. Ona görə də, tərəflər arasında bağlanmış 30000 manat pulun borc kimi verilməsinə dair müqavilə etibarsız olduğundan, cavabdeh etibarsız əqd üzrə iddiaçıdan aldığı 30000 manat məbləğində pulu ona geri qaytarılmalıdır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də əsassız varlanmadır.
20. Apellyasiya şikayətinin əsas dəlili vatsap yazışmalarının sübut hesab edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdehin iddiaçıdan 30 000 manat pul götürməsi barədə qismən etirafını işin mübahisəsiz halı kimi qiymətləndirir. Belə ki, iddiaçı tərəf cavabdehdən 16000 (on altı min) manat və 44550 ABŞ (qırx dörd min beş yüz əlli) dolları məbləğində pul tələb etsə də, bu barədə təqdim etdiyi vatsap yazışmalarında 18 oktyabr 2022-ci il tarixdə 44500 $, 17260 m 3000 – 900 m %, 21 dekabr 2022-ci il tarixdə 13760 m, 3000 m+ 1000%, 13 yanvar 2023-cü il tarixdə “sabah mütləq bankdan götürəcəm 53000 dollar”, 01 sentyabr 2023-cü il tarixdə saat 5 üçün 30.000 AZN sizə gətirəcəm” kimi fərqli vaxtlarda fərqli məbləğlər və faiz ifadələri qeyd edilmişdir. Göründüyü kimi, iddia tələbində qeyd edilən məbləğdən sonra müxtəlif məbləğlər qeyd edilmiş və son olaraq isə 30 000 manat qaytarılacağı bildirilmişdir. Belə olan halda məhkəmə sözügedən yazışmaları işin faktiki halını müəyyən edən mötəbər sübut kimi qəbul etmir və cavabdehin nümayəndəsi və vəkilinin 30000 manat borcun verilməsi barədə izahatını qismən etiraf olaraq qəbul edir. Eyni zamanda cavabdeh tərəf borc məbləğindən 14000 manat qaytardığını bildirsə də, bu barədə hər hansı sübut təqdim etməmişdir, halbuki həmin hissədə sübutetmə cavabdeh tərəfin üzərindədir.
21. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
22. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdikləri halları iddianın rədd olunan hissəsində sübuta yetirə bilməmişdir. Bu baxımdan, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur.
23. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 07 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.