Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-561/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X10 iştirakı ilə İddiaçı cavabdeh X7 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-3553/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2510 manat məbləğində pul vəsaitinin, bundan əlavə avtomobil cavabdehin təqsiri ucbatından yararsız halda olduğundan əldən çıxmış fayda olaraq günü 60 manat olmaqla 20 gün müddətinə, 60 x 20 olmaqla 1200 manat pul vəsaitinin, ümumilikdə 3710 manat vəsaitin və ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mülkiyyətində olan Mercedes Benz C180 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobili üzərində idarə etmək, bağışlamaq, ipoteka qoymaq, qeydiyyata salmaq və digər hərəkətlər etmək üçün 24.11.2020-ci il tarixdə X4 etibarnamə vermişdir.Rəşad Musayev də həmin avtomobili 24.11.2020-ci il tarixdə "xxxx" MMC-yə arendaya vermişdir. "xxxx" MMC öz növbəsində 25.03.2021-ci ildə Nəqliyyat vasitəsinin İcarə müqaviləsi bağlamaqla təhvil-təslim aktı əsasında sözügenən avtomobili yol vərəqəsi əsasında idarə etmək üçün X7 vermişdir. X11 25.03.2021-ci il tarixdə Göygöl şəhəri, A.Kazımov küçəsində sözügedən avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə yol nəqliyat hadisəsi törətmişdir və həmin avtoqəza nəticəsində avtomobilə 4010 manat məbləğində ziyan vurmuşdur. Bununla bağlı cavabdehin barəsində DYP əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Eyni zamanda təqsirkar sürücü kimi cavabdehin izahatı alınmışdır. Sözügedən avtomobilə dəymiş zərər 4010 manatdır və bu barədə 01.04.2021-ci il tarixdə Gəncə şəhər Avtoservis müəssisəsinin mühəndis-məsləhətçisi tərəfindən ziyana dair rəy tərtib edilmişdir. O, təqsirkarın ona dəymiş zərəri könüllü ödəməsini gözləsə də, cavabdeh həmin məbləğdən 1500 manat ödəmiş, yerdə qalan hissəni ödəməkdən boyun qaçırmışdır. Bundan əlavə, cavabdehin avtomobilə vurduğu ziyanı ödəməməklə avtomobilin hazırkı günə kimi işləməməsinə səbəb olmuşdur. Buna görə də o, cavabdeh tərəfindən avtomobilinə vurduğu ziyandan əlavə olaraq hər gün üçün 60 manat olmaqla, 60x20 cəmi 1200 manat pul vəsaitini tələb edir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-3553/2021 saylı, 16 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh X5 İddiaçı xeyrinə 2510 (iki min beş yüz on) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutulması və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələblərinin həmin hissədə də rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə iddiaçı nəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da, öz hərəkətlərinə hüquqi ixtiyar baxımından qanunla müəyyən edilmiş qaydada "xxxx" MMC ilə icarə münasibətlərində olduqları üçün tələb etmə və müdafiə hüququ "xxxx" MMC-yə qarşı yaranmışdır. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsində iddiaçının nəqliyyat vasitəsini "xxxx" MMC-yə icarəyə verməsini etiraf etsə də xəyali mülahizələri ilə həmin müqavilənin olmamasını qeyd etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, hazırki iş üzrə iddia tələbinin nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı olan hissəsi də əsassız və qanunsuzdur. Belə ki, həmin hissədə iddia şişirdilmiş məbləğdə hesablanmışdır və real ziyan məbləğini əks etdirmir. Qeyd olunan nəqliyyat vasitəsi dəymiş ziyan 1500 manat məbləğindədir və həmin məbləğ də iddia ərizəsində qeyd olunduğu kimi ödənilmişdir. Əgər tərəf dəymiş ziyanın göstərilən məbləğdə olduğuna israr edirsə o zaman məhkəmə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı müvafiq ekspertiza təyin etməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili X14 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilmədən və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir, kollegiya cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələblərinin həmin hissədə də rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamə iddia tələbinin təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsi – iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Məhkəmə kollegiyası bu kontekstdə şikayətin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan AD 309887 nömrəli nəqliyat vasitəsinin qeydiyat şəhadətnaməsinin surətindən görünür ki, Mercedes Benz C180 minik markalı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan ƏN-Vİİ 485378 № li, 24 noyabr 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, həmin etibarnamə ilə İddiaçı mülkiyyətində olan Mercedes Benz C180 minik markalı **-CP-*** dövlət qeydiyat nişanlı avtomobilinə dair sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətlərini 1 il müddətinə olmaqla, 24.11.2021-ci il tarixinədək X4 vermişdir. İş materiallarında olan ƏN-V 382844 № li, 24 noyabr 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan Mercedes Benz C180 minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə etmək hüququnu 1 il müddətinə olmaqla, 24.11.2021-ci il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından X8 vermişdir. İddiaçı adından nümayəndə kimi Rəşad Musayev çıxış etmişdir. İş materiallarında olan 25 mart 2021-ci il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, bir tərəfdən icarəçi qismində Hənifəyev Əziz, digər tərəfdən icarəyəverən adlandırılan "xxxx" MMC-nin rəhbəri X1 Benz C180 markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı minik nəqliyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə bağlamışlar. İş materiallarında olan İnzibati tənbeh vermə haqqında 26.03.2021-ci il tarixli, TP ******* № li qərarın surətindən görünür ki, X11 25.03.2021-ci il tarixində idarə etdiyi Mercedes Benz C180 markalı, ** CP *** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan əməli törətmiş və nəticədə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Gəncə şəhər Avtoservis müəssisəsi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli rəyə əsasən Mercedes Benz C-180 markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4010 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2.-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, “hazırki iş üzrə iddiaçı nəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da, öz hərəkətlərinə hüquqi ixtiyar baxımından qanunla müəyyən edilmiş qaydada "xxxx" MMC ilə icarə münasibətlərində olduqları üçün tələb etmə və müdafiə hüququ "xxxx" MMC-yə qarşı yaranmışdır. Lakin birinci instansiya məhkəməsi iddia ərizəsində iddiaçının nəqliyyat vasitəsini "xxxx" MMC-yə icarəyə verməsini etiraf etsə də xəyali mülahizələri ilə həmin müqavilənin olmamasını qeyd etmişdir”. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlilinə münasibətdə qeyd edir ki, hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı özünə məxsus avtomobilə dair ilk olaraq X2 adına etibarnamə vermiş, bundan sonra R.Musayev iddiaçının adından çıxış edərək, ƏN-V 382844 № li, 24 noyabr 2020-ci il tarixli etibarnamə ilə İddiaçı mülkiyyətində olan Mercedes Benz C180 minik markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnu 1 il müddətinə olmaqla, 24.11.2021-ci il tarixinədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adından X8 vermişdir. Daha sonra 25 mart 2021-ci il tarixli Nəqliyyat vasitəsinin icarə müqaviləsi ilə bir tərəfdən icarəçi qismində Hənifəyev Əziz, digər tərəfdən icarəyəverən adlandırılan "xxxx" MMC-nin rəhbəri X1 Benz C180 markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı minik nəqliyat vasitəsinin icarəyə verilməsi haqqında müqavilə bağlamışlar. Göründüyü kimi İddiaçı mülkiyyətində olan avtomobilə dair hər hansı icarə müqaviləsi bağlamamış, yalnız avtomobilə dair hüquqları digər şəxsə ötürmüşdür. Həmin şəxs də öz növbəsində sonradan cavabdehlə bağlanılan müqavilənin icarəyəverən tərəfi kimi çıxış etmişdir. Bununla da müəyyən edilir ki, cavabdeh iddiaçıya məxsus avtomobili qanuni əsaslarla idarə etmişdir. Həmçinin işin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin qanunazidd hərəkəti nəticəsində iddiaçının əmlakına ziyan vurulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması faktı işin mübahisəsiz halı olduğundan, eləcə də cavabdeh iddiaçıya məxsus avtomobili qanuni əsaslarla idarə etdiyindən yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçının cavabdehdən ona vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Belə ki, yuxarıda qeyd edilən normaların tələblərinə əsasən əsasən zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia tələbinin mübahisələndirilən hissəsində mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Lakin dəymiş maddi zərərin məbləğini müəyyən edərkən işin faktiki hallarını düzgün araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi avtomobilə dəymiş ziyanın məbləğini müəyyən edərkən, belə nəticəyə gəlmişdir ki, işə əlavə edilən sənədə əsasən avtomobilə dəyən ziyanın məbləği 4010 manat məbləğində olmuşdur, cavabdeh tərəfindən isə işin bu halını təkzib edəcək hər hansı əks sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi hadisə 25.03.2021-ci il tarixində baş vermiş, avtomobilə dəymiş ziyanla bağlı rəy isə Gəncə şəhər Avtoservis müəssisəsi tərəfindən 01.04.2021-ci il tarixdə verilmişdir. Birinci instansiya məhkəməsi də həmin rəyə istinad etmişdir. Cavabdeh isə apellyasiya şikayətində həmin rəylə razı olmadığını və ekspertiza təyin edilməli olduğunu qeyd etmişdir. Qeyd olunanlara əsasən də apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi eləcə də hazırki mübahisənin obyektiv həlli üçün iş üzrə avtomobilə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədi ilə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2022-ci il tarixli 9/8865 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Gəncə avtomotoservis və ticarət müəssisəsinin 01.04.2021-ci il tarixli qüsur aktındakı məumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1997-ci il buraxılışlı “Mercedes Benz C-180” markalı ** CP *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xrəci hadisə baş verən tarixə təxminən 3710 manat müəyyən edilmişdir. (Aparılmış ekspert tədqiqatının dəyəri 100 manat təşkil edir). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən ekspert rəyini şübhə altına alan hər hansı əsas müəyyən edilmədiyindən hazırda iddiaçıya məxus avtomobilə dəymiş maddi zərərin məbləği 3710 manat müəyyən edilməlidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi baxışı zamanı hər iki tərəfin izahatı ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya 1500 manat ödəmişdir və həmin hal mübahisələndirilmədiyindən apelyasiya baxışı zamanı müəyyən edilmiş maddi zərərin məbləğindən cavabdehin iddiaçıya ödədiyi məbləğ (3710manat-1500manat=2210manat) çıxılmaqla vurulmuş maddi zərərə görə cavabdehdən iddiaçıya ödənilməli olan vəsaitin məbləği 2210 manat müəyyən edilməlidir. Göründüyü kimi cavabdehin dəlilləri qismən əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, cavabdeh X5 İddiaçı xeyrinə tutulmalı olan məbləğ 2210 manat müəyyən edilməklə, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, həmçinin işə apellyasiya qaydasında baxılarkən keçirilmiş ekspertiza xərci müştərək qaydada tutulmalı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə apellyatorun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmçinin qeyd edilməlidir ki, iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 2510 manat olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz, belə ki, MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh X6 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 2(010)-3553/2021 saylı 16 iyul 2021-ci il tarixli qətnaməsi “vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi” hissəsində dəyişdirilsin. Cavabdeh X5 İddiaçı xeyrinə 2210 (iki min ik yüz on) manat məbləğində pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi isə cavabdeh X5 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X3, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22) keçirilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdeh X7 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-561/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-561/2022
09.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver