Məhkəmə qərarları › İş №2(103)-5613/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5613/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5613/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3333/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2013-cü il tarixli 1xx/xx/52207/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1978,40 (bir min doqquz yüz yetmiş səkkiz manat, 40 qəpik) manat məbləğində əsas borc, 1045.35 (bir min qırx beş manat, 35 qəpik) manat məbləğində cərimə, 713,88 (yeddi yüz on üç manat, 88 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 3737,63 (üç min yeddi yüz otuz yeddi manat, 63 qəpik) manat məbləğində pulun, 57,38 (əlli yeddi manat, 38 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3333/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Fərid Hətəmzadə) ilə iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası təmin edilməmişdir.

3. Qətnamədən iddiaçı apelyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayət verib və şikayətinin dəlili kimi qeyd etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. İlk növbədə, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/52207/13 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2018-cu il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Lakin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(001)-1228/2019 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər tərəfimizdən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Hazırkı mülki iş üzrə iddia ərizəsi xx.xx.2019-cu il tarixli e-2(001)-1228/2029 saylı qərardadla baxılmamış saxlanılmışdır. Onlar həmin qərardaddan şikayət vermiş, lakin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-13806/2019 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(001)-1228/2019 qərardadı dəyişdirilmədən saxlanılmışdır. Müvafiq fərmanla əlaqədar iddia ərizələrinin məhkəmələr tərəfindən baxılmamış saxlanılması təcrübəsi öncədən mövcud olmadığından, onun tətbiqinə sərf ediləcək ağlabatan müddətin bank tərəfindən müəyyən edilməsi də mümkün olmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

6. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:

7. 13 dekabr 2013-cü il tarixli, 1xx/xx/52207/13 saylı kredit müqaviləsindən görünür ki, X2 (borclu) ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankı (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya istehlak məqsədi ilə 24 ay müddətinə, illik 25 faiz olmaqla 3.500 manat məbləğində kredit vermişdir. Müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlindən görünür ki, cavabdeh banka olan borcunu hər ay 186,80 manat olmaqla 12 dekabr 2015-ci il tarixinə kimi ödəməli idi.

8. 30 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 13 dekabr 2013-cü il tarixli, 1xx/xx/52207/13 saylı kredit müqaviləsi üzrə 10 mart 2023-cü il tarixə 1978,40 manat məbləğində əsas borcu, 1045,35 manat məbləğində cərimə, 713,88 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 3737,63 manat məbləğində borcu yaranmışdır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

9. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

10. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

11. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

12. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

13. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

18. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

19. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

20. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

22. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

23. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

25. Kollegiya qeyd edir ki, tərəflər arasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. Tərəflər arasında 13 dekabr 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən, kredit 24 ay müddətinə 13 dekabr 2015-ci il tarixədək verilmişdir.

26. 13 dekabr 2013-cü il tarixli, 1xx/xx/52207/13 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icra müddəti müəyyənləşdirilmiş və həmin müddət 13 dekabr 2015-ci il tarixdə bitmiş, Hazırki vəziyyətdə həmin müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı 13 dekabr 2015-ci il tarixdən başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini ötürmüşdür. Cavabdeh hazırki mülki iş üzrə məhkəmə qərarı qəbul edilənədək iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.

27. Kollegiya apellyasiya şikayətinin iddiaçı tərəfindən hazırkı müqavilə üzrə tələblə bağlı iddia ərizəsinin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2(001)- 1228/2029 saylı qərardadla baxılmamış qərardadla baxılmamış saxlanılması və müvafiq fərmanla əlaqədar iddia ərizələrinin məhkəmələr tərəfindən baxılmamış saxlanılması təcrübəsi öncədən mövcud olmadığından, onun tətbiqinə sərf ediləcək ağlabatan müddətin bank tərəfindən müəyyən edilməsinin də mümkün olmaması barədə dəlili üzrə qeyd edir ki, Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

28. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ona görə də Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı mübahisəyə iddia müddəti tətbiq etməklə, iddia tələbini təmin etməməkdə halı olmuşdur.

29. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Nəticə:

30. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı iddia müddəti tətbiq etməklə təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

32. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş idiaçının özünə aid edilməlidir.

33. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

34. MPM-in 402.1-ci maddəsinə əsasən, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı LPO "xxxx" Kommersiya Bankı QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3333/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar