Məhkəmə qərarları › İş №2(103)-5613/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5613/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5613/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: icraatın təzələnməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 602/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 602/2023 nömrəli qərardadı ilə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır.

3. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlanaraq, mülki işin məhkəmə baxışının təzələnməsi xahiş edilmişdir.

4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 602/2023 nömrəli qərardadı ilə (hakim Ş.Ş.Qədirova) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. İddiaçı həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini və iş üzrə icraatın təzələnməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmənin xx.xx.2023cü il tarixli, e-2(008)-602/2023 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Məhkəmənin baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilsə də, məhkəməyə ünvanlanmış işə “iştirakımız olmadan baxılması barədə ərizəmiz” olduğundan məhkəmənin baxış iclasında nümayəndənin iştirakına zərurət görülməmişdir. Belə ki, elektron kabinetə, nümayəndə Aqil Zeynallı tərəfindən xx.xx.2023-cü il tarixdə ərizə yerləşdirilmiş, xx.xx.2023-cü il tarixə təyin edilmiş iclasın iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa cavabdeh tərəf də xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının 15 gün təxirə salınmasını xahiş etdiyi halda işə baxan hakim tərəflərin ərizələrini nəzərə almamış və əsassız olaraq ərizəni baxılmamış saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-3(103)-54/2023 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. “Banklar haqqında” Qanunun 71.3-ci maddəsinə əsasən banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Bundan sonra LPO İddiaçı ASC xx.xx.2024-cü il tarixdə məhkəməyə mülki işin təzələnməsinə dair ərizə ünvanlamış lakin işə baxan hakim 5 aydan sonra ərizəyə baxılmasına dair iclas təyin etmişdir. Göründüyü kimi hakim elektron kabinetə yerləşdirilmiş ərizələrin heç birinə baxış keçirmədən əsassız olaraq qərardad qəbul etmişdir.

7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim N.A.Cəfərli) şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 259.0.6. İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Maddə 260.4. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Maddə 260.5. Məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-602/2023 nömrəli qərardadı ləğv edilməli və iddiaçının məhkəmə baxışının təzələnməsi barədə ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir.

12. İşdən görünür ki, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh tərəf isə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq razılıq əldə olunması məqsədilə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, buna baxmayaraq birinci instansiyası məhkəməsi tərəfindən həmin tarixli qərardadla iddia ərizəsi baxılmamış saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Hazırda da onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməmişdir.

14. Kollegiya ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ərizəyə xx.xx.2024-cü il tarixdə, yəni təxminən 5 aydan sonra münasibət bildirməklə mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir.

15. Bundan başqa, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-3(103)-54/2023 nömrəli qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Bu isə ona dəlalət edir ki, həmin məhkəmə aktı qəbul edilməmişdən öncə artıq iddiaçı bankda onun müflisləşməsinə gətirib çıxaran proseslər başlamışdır.

16. Qeyd olunan qərar iddiaçı tərəfindən şikayətə əlavə edilsə də, birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadında ona münasibət bildirməmişdir.

17. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının məhkəmə iclasında iştirak etməməsinin üzürlü səbəblərdən baş veribverməməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalıdır.

18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 602/2023 nömrəli qərardadı ləğv edilsin və iddiaçının vəsatətinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar