Məhkəmə qərarları › İş №2(103)-5615/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5615/2021

30.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5615/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-148/2020 saylı, 11 sentyabr 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, əmlakına dəymiş ziyanı ödəmədiyi, qanundan və müqavilədən irəli gələn öhdəlikləri könüllü olaraq yerinə yetirmədiyi üçün cavabdeh Dövlət Sığorta Komersiya Şirkətinin Gədəbəy Filialından onun xeyrinə 15.000 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1124/2018 saylı, 10 dekabr 2018-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Komersiya Şirkətinin vəsatəti təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Komersiya Şirkətinə qarşı “əmlaka dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş aidiyyəti üzə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2140/2019 saylı, 26.02.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respbulikası Dövlət Sığorta Komersiya Şirkətinə qarşı “əmlaka dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı məhkəmənin dəftərxanası vasitəsi ilə şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2140/2019 saylı, 26.02.2019-cu il tarixli qərardadının ləğv edilməsini, mülki iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2140/2019 saylı, 27 mart 2019-cu il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8622/2019 saylı, 07.06.2019-cu il tarixli qərardadı ilə İddiaçı şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2140/2019 saylı, 26.02.2019-cu il tarixli qərardadı ləğv edilmiş və iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olduqdan sonra iddia ərizəsinə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-148/2020 saylı, 11 sentyabr 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respulikası Dövlət Sığorta Kommersiya Şirkətindən 15.000 (on beş min) manat məbləğində sığorta ödənişinin tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi F.Mustafazadə apellyasiya şikayətini müdafiə edərək, hazırkı işə aidiyyət qaydaları pozulmaqla baxıldığını, cavabdehin rəsmi qeydiyyat ünvanının Nəsimi rayonu olduğunu, bu səbəbdən, qətnamənin ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-148/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikaının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, ev 69 ünvanıdır. Bununla bağlı, Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bununla da aydın olur ki, hazırkı mülki işə aidiyyət qaydalarına uyğun olaraq Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmalı olduğu halda, Binəqədi Rayon Məhkəməsi işə aidiyyət qaydalarını pozaraq baxmışdır ki, bu da qətnamənin qeyd-şərtsiz ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-148/2020 saylı, 11 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş aidiyyəti üzrə baxılması Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-148/2020 saylı, 11 sentyabr 2020ci il tarixli qətnaməsi ləğv olunaraq mülki iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar