Məhkəmə qərarları › İş №2(103)-5615/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5615/2024

07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5615/2024 07.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi" tələbinə dair mülki iş üzrəBakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(003)-2341/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə 03-14008 nömrəli, 15 noyabr 2023-cü il tarixli müqaviləyə əsasən müqavilə əsasında İddiaçı ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus evi təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi Cavabdeh üzərinə öhdəlik götürmüşdür. Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə barəsində aktar tərtib edilməklə 1899,10 manat dəymiş zərər hesablanmışdır. Eyni zamanda cavabdehin əlavə olaraq 192,80 manat qalıq borcu vardır. Hazırda iddiaçı tərəf həmin aktlara görə, habelə təbii qazdan istifadəyə görə hesablanmış debitor borcun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 1899,10 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 192,80 manat və 40,92 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 2132,82 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2023-cü il tarixində 03-14008 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçıİB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00100 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3”nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 885,60 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 127,90 manat; cəmi 1899,10 manat məbləğində İddiaçı İB nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin 2015-ci ilin üzrə 370,20 manat sərfiyyat borcu, 2020-ci ilin aprel ayn üzrə 0,10 manat sərfiyyat borcu, cəmi 370,30 manat sərfiyyat borcu ödənilməmişdir. 2015-ci ilin dekabr ayından 2024-cü ilin aprel ayına qədər cavabdeh cəmi 177,50 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 192,80 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldosuna əsasən ümumi olaraq 2091,90 manat təşkil etməkdədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(003)- 2341/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 192,80 manat pul və 3,77 manat dövlət rüsumu olmaqla cəmi 196,57 (yüz doxsan altı manat, əlli yeddi qəpik) manat tutularaq İddiaçı Azərbaycan X4 şöbəsi üzrə bank hesabına ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş akt cavabdeh tərəfindən imzalanmamış, həmin akt iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktın tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Məhkəmə həmçinin qeyd etmişdir ki, istinad edilən qaydalara uyğun olaraq tərtib edilmiş aktın bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qanunun tələbindən göründüyü kimi akt iki nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş akt tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Qanunun tələbinə əsasən istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin cavabdehin təbii qazdan sayğacdan kənar istifadə etməsi, bunun nəticəsi olaraq qazın talanmasında təqsirli olması sübuta yetirilmədən İddiaçıdan vurulmuş zərərin ödənilməsini tələb etmiş, abonentin saldosuna həmin aktlar üzrə zərərin məbləğini daxil etmişdir. Bu baxımdan məhkəmə hesab etmişdir ki, cavabdehin (istehlakçının) qazın talanmasında təqsirli olması müəyyən edilmədiyindən iddia tələbi 1899,10 manat hissəsində təmin edilməməlidir. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı sayğacdan kənar qaz xəttindən qanunsuz istifadəyə görə hesablanmış borc məbləğindən əlavə cavabdehdən 192,80 manat məbləğində debitor borcunu tələb edir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd etmişdir ki, təbii qazdan istifadəyə görə cavabdehin 192,80 manat borcu yarandığına görə iddia həmin hissədə təmin edilməlidir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsinə və iddia tələbinin həmin hissədə də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “təbii X3nın pozulması haqqında” aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin akt əsasında “dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə iddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini tam təmin etməyərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin tam təmin edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini tam təmin yox, qismən təmin etmişdir. Digər tərəfdən, cavabdeh nə məhkəmə iclaslarında iştirak etmiş, nə iddia ərizəsinə etiraz bildirmiş, nə də ki ona dair aktın tərtib edilməsini mübahisələndirmişdir. Qeyd edilməlidir ki, cavabdehə aid olan **********00100 abonent koduna hesablanaraq vurulmuş məbləğ cavabdeh tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X3”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. (köhnə redaksiya) 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. (köhnə redaksiya) 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. (köhnə redaksiya) Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan iddiaçının səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X3nın pozulması haqqında” tərtib edilmiş aktlardan görünür ki, cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə etdiyinə görə barəsində İddiaçı İB-nə xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 885,60 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 127,90 manat; cəmi 1899,10 manat məbləğində maddi zərərin dəymiş olduğu iddia edilir. Hazırda iddiaçı apellyasiya şikayətində İddiaçı İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdeh tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı hesab edir ki, cavabdeh tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən isə bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları, aktların və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfindən aktlarda göstərilən müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirir və iddiaçının mübahisələndirdiyi borcun itirilmiş qazın məbləğinə görə yaranmış borc olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı işin müəyyən edilmiş hallarından görünür ki, hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktların bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir Həmçinin, iş materiallarından tərtib edilmiş aktların surətlərinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Daha sonra iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir. Göründüyü kimi həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 iyul 2024-cü il tarixli, e-2(003)- 2341/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Abdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar