Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5617/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı «artıq ödənilmiş pul məbləğinin qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov, iş № 2(006)-838/2021) iddia təmin edilməmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar 14 nəfər 19.02.2009-cu il tarixdə cavabdeh "xxxx" (hazırda Cavabdeh ASC) İKB ASC-dən kəndlərində 14 nəfərdən ibarət yaradılmış Birgə Borclular qrupu arasında hər birinə 600 manat məbləğində kredit almaq üçün «Kredit müqaviləsi» bağlayaraq 12 ay müddətinə 30% olmaqla kredit götürmüşlər. O, həmin qrupun başçısı müəyyən olunmuşdur. Müqavilə şərtlərinə əsasən digər 14 nəfər ödənişləri banka onun vasitəsi ilə ödəməli idilər və ödəyiblər. Yəni, qrupun digər iştirakçıları pulu ona verirdilər, o, isə pulu banka ödəyirdi. Daha sonra müəyyən səbəblərdən pulu ödəyə bilmədiklərindən cavabdeh onları məhkəməyə verərək əvvəlcə 5064 manat pul vəsaiti tələb etmiş, onların etirazlarından və cavabdehə ödədikləri pul vəsaitini düzgün hesabladıqdan sonra cavabdeh 3535 manat pul qaldığını iddia edərək məhkəməyə müraciət etmişdir. Nəticədə Ağdaş Rayon Məhkəməsinin 05.05.2010-cu il tarixli qətnaməsi ilə onlardan cavabdehə borclu olduqları 3535 manat və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3555 manat məbləğində borcun alnaraq cavabdehə verilməsi qət olunmuşdur. 05.05.2010-cu il tarixli məhkəmə qətnaməsindən sonra qrup üzvü Mayıl Məmmədov 14.05.2010-cu il tarixdə cavabdehin hesabına qət olunmuş borcdan 400 manat ödəmişdir. Daha sonra 22.06.2010-cu il tarixdə qrup iştirakçısı Qurban Osmanov qət olunmuş borcdan 125 manat cavabdehin hesabına ödəmişdir. Ağdaş rayon Təhsil Şöbəsinin 06.02.2012-ci il tarixli arayışı ilə onun əmək haqqından 2714 manat məbləğində pul vəsaiti cavabdehin xeyrinə tutulmuşdur. 02.05.2012-ci il tarixdə qrup iştirakçısı X21 cavabdehin hesabına 103,14 manat vəsait ödəmişdir. 02.05.2012-ci il tarixdə qrup iştirakçısı X15 cavabdehin hesabına 29,81 manat vəsait ödəmişdir. Ağdaş rayon Təhsil Şöbəsinin 29.04.2013-cü il tarixli arayışı ilə onun əmək haqqından 840,70 manat məbləğində pul vəsaiti cavabdehin xeyrinə tutulmuşdur. Yuxarıda ödənilən məbləğlər qrupunun cavabdehə ödəmiş olduğu məbləğdən 657,95 manat artıq olmuşdur. Bu da o səbəbdən olmuşdur ki, müqavilə şərtinə görə banka olan borc yalnız onun vasitəsi ilə ödənilməli idi. Lakin bank onun xəbəri olmadan qrup üzvlərinin ödədiyi 657,95 manat məbləği qəbul edib və uzun müddət onlardan gizlədib. Ona görə də onun uzun müddət müxtəlif ünvanlara yazılı və şifahi müraciətlərindən sonra 153 manat, 153 manat və 41,60 manat olmaqla 347,60 manat qrupa geri qaytarılmışdır. Cavabdeh onlara borclu qaldığı 347,60 manat məbləğində vəsaiti isə onlara geri qaytarmaq istəməmişdir. Bundan 6 il sonra o, Bərdə rayon prokurorluğunun köməyi ilə 65,73 manat vəsaiti cavabdehin onlara borclu olduğu 347,60 manat məbləğdən geri ala bilmişdir. Hal-hazırda cavabdehin onların qrupuna 281,86 manat borcu qalmışdır. Həmin borcun qaytarılması ilə əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi müraciət etsə də, cavabdeh ondan haqsız olaraq götürüb saxladığı borcunu qaytarmaq istəmir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Beləliklə, cavabdeh onlara onlardan artıq saxladığı 347,60 manat vəsaiti 2013-2017-ci illər ərzində istifadə etdiyinə görə illik 30% olmaqla 521,4 manat, 281,86 manat vəsaiti 2018-2020-ci illər ərzində qanunsuz və əsassız saxlayıb istifadə etdiyinə görə illik 30% olmaqla 253,6 manat məbləğində vəsait olmaqla, cəmi 775 manat faiz borcunu və 281,86 manat əsas borcunu, dövlət rüsumu olaraq ödənilmiş 20 manat dövlət rüsumunu, cəmi 301,86 manat məbləğində pul vəsaitini onlara qaytarmalıdır. Cavabdehlə Birgə Borclular arasında bağlanmış kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-nin (Cavabdeh) hesabına ödəmiş olduqları artıq ödənişlər məhkəməyə təqdim etdiyi çıxarışlarda da öz əksini tapır. Odur ki, Birgə Borclular qrupunun üzvlərindən artıq qəbul edib saxladıqları və istifadə etdikləri 281,86 manat əsas borcun və ödənilmiş 20 manat dövlət rüsumunun, cəmi 301,86 manat məbləğində vəsaitin ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" İKB ASC (Cavabdeh) üzərinə qoyulması barədə qərar çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" (Cavabdeh) İKB ASC-nin hesabına artıq ödəmiş olduğu 281,86 manat əsas borcun və 20 manat dövlət rüsumu, cəmi 301,86 manat məbləğində pul vəsaitinin iddiaçıya qaytarılması öhdəliyinin cavabdeh "xxxx" (Cavabdeh) İKB ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların nəzərə alınmaması ilə əsaslandırılmışdır. Apelyator həmçinin göstərmişdir ki, 02 may 2012-ci il tarixində ona verilmiş 275,65 AZN pulun mahiyyəti hakim tərəfindən araşdırılmamışdır. Həmin məbləğ ona nə üçün verilmişdir. Bankda həmin tarixdə ödənişlər olmuşdur. Əgər borclunun 275,65 AZN ona verəcəyi varsa, nə üçün əvvəlki göstərilən məbləğləri ondan alıb. O, özünə çatası 8 illik aylıq 30 faizədək olan pulu tələb edir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında izahat verərkən apellyasiya şikayətini qəbul etmədi və onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Ağdaş Rayon Məhkəməsinin 05.05.2010-cu il tarixli qətnaməsi ilə, cavabdehlər İddiaçı, X19, X6, X3, X9, X13, X10, X14, X1, X5, X11, X7, X4 və X2 müştərək qaydada 2913,25 manat əsas kredit borcu, 450,53 manat faiz borcu, 171,22 manat dəbbə pulu və dövlət rüsumu hesabına ödənilmiş 20 manat, cəmi 3555 manat borcun alınaraq "xxxx" İKB ASC-nin hesabına ödənilməsi qət edilmişdir. "xxxx" İKB ASCnin kassa məxaric orderlərin surətindən görünür ki, bank tərəfindən 02.05.2012-ci il tarixdə 275,65 manat, 07.06.2012-ci il tarixdə 153 manat, 29.06.2012-ci il tarixdə 153 manat, 24.07.2012-ci il tarixdə 41,6 manat, 29.01.2018-ci il tarixdə 65,73 manat məbləğində pul İddiaçı qaytarılmışdır. İddiaçı kredit müqaviləsi üzrə birgə borclular tərəfindən artıq ödənişlər edildiyini bildirərək hazırkı iddianı qaldırmışdır. Onun tələbi artıq ödənilmiş 281,86 manat əsas borcun iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Cavabdeh iddianı qəbul etməyərək cavabdehə hər hansı borcu qalmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının cavabdeh qarşısında heç bir öhdəliyi yoxdur. Eyni zamanda, iddiaçı tərəfindən cavabdehə artıq pul ödənilməmişdir. Həmçinin, cavabdeh tərəfindən əvvəllər əlavə ödənilmiş pul vəsaiti iddiaçıya ümumi qəbzlər əsasında geri qaytarılmışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442-ci və MPM-nin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki, iddiaçı öz iddiasında və apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5617/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5617/2021
11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver