Məhkəmə qərarları › İş №2(103)-5618/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5618/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5618/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-2268/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16344,21 manat əsas kredit borcu, 1032,82 manat kreditdən istifadəyə görə faiz borc, 38,41 manat cərimə borc olmaqla, cəmi 17415,44 manat borcunun, həmçinin 142,25 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilnəsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli Əsas kredit limit müqaviləsinə əsasən Cavabdeh2 48 ay müddətinə illik 18 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 21500 AZN məbləğində sms kredit qaydasında kredit verilmişdir (sms krediti təsdiq edən sənəd əlavə edilmişdir). Digər cavabdehlər Cavabdeh3 ilə və X1 ilə kreditor arasında bağlanmış 12FİZAM141130101 saylı və 12FİZAM**********2 saylı xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Əsas kredit limit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh2 İddiaçıSC-yə 16344.21 AZN əsas kredit borcu, 1032.82 AZN kreditdən istifadəyə görə faiz borc, 38.41 cərimə borc olmaqla cəmi 17415.44 AZN borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyəti yaranmışdır.

3. Xəzər Rayon Məhkəməsinin 2(003)-2268/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Əkrəm Qəhrəmanov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 16344,21 manat kredit borcu, 1032,82 manat faiz borcu, 38,41 manat cərimə borcu və 142,25 manat dövlət rüsumu olmaqla cəmi 17557,69 (on yeddi min beş yüz əlli yeddi manat, altmış doqquz qəpik) manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermiş, şikayətin dəlili kimi qeyd etmişdir ki, İddiaçı ASC kredit müqaviləsinə görə borcun tutulması tələbinə dair iddiasını ilk növbədə əsas borcluya, yəni Cavabdeh2 qarşı deyil, eyni zamanda əsassız olaraq zamin kimi ona qarşı da qaldırılmışdır. Bundan başqa, Cavabdeh2 götürdüyü kreditə görə kredit öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürməsi öz iradəsi ilə olmamış, Cavabdeh2 təkidi və təzyiqi nəticəsində olmuş, məcburiyyət üzündən zaminlik müqaviləsinə imza etmişdir. Cavabdeh2 bankdan götürdüyü həmin krediti nə məqsədlə götürməsi, təyinatı üzrə hara xərclənəcəyi barədə onun heç bir məlumatı olmamışdır. Götürülən kredit ailənin ümumi xərclərinə deyil, Cavabdeh2 ailədən kənar şəxsi işləri ilə əlaqədar götürülmüş, ailənin ümumi ehtiyaclarına ümumiyyətlə sərf edilməmişdir. Cavabdeh2la rəsmi nikah qeydiyyatında olsalar da, faktiki nikah münasibətləri artıq uzun müddətdir ki, pozulmuşdur. Xərçəng xəstəsi olan Cavabdeh2 Bakı şəhərində ayrı-ayrı qohumlarının yanında yaşayır. Üç övladları var. Onlardan ikisi ödənişli ali təhsil alırlar. Bir azyaşlı uşağı isə məktəblidir. Ailənin bütün təminatı valideynlərinin üzərinə düşür. Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)-2268/2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin iddia tələbinin ona qarşı hissədə təmin edilməsi onun və övladlarının maddi vəziyyətini daha da pisləşdirmişdir. Göründüyü kimi, məhkəmə qeyd olunan qətnaməni qəbul edərkən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tələblərinə əməl edilməmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(003)- 2268/2024 saylı qətnaməsi mübahisələndirilən – cavabdeh (zamin) Cavabdeh3 aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı:

4. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, gələməmələrinin səbəbləri barədə məlumat verməmişdir.

5. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:

6. 12200***-*******01L saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC 48 ay müddətinə illik 18 faiz olmaqla 21500 manat məbləğində kredit verilmişdir.

7. kredit razılaşması üzrə 21500 manat bank tərəfindən hesaba köçürülmüş və Cavabdeh2 həmin pulu götürmüşdür.

8. Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 12FİZAM141130101 saylı zaminlik müqaviləsindən görünür ki, o, 12200***-*******01L saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.

9. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 12FİZAM**********2 saylı zaminlik müqaviləsindən görünür ki, o, 12200***-*******01L saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür.

10. cavabdehlərə ünvanlanmış pretenziyalardan görünür ki, bank onlara olan borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 428.4. Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır

15. Maddə 448.1-ci maddəsinə görə Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

17. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

18. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

24. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

25. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

26. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

27. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

30. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

32. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

33. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ona aid hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki işin materialları ilə birlikdə araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Cavabdeh3 apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarət olmuşdur ki, İddiaçı ASC kredit müqaviləsinə görə borcun tutulması tələbinə dair iddiasını ilk növbədə əsas borcluya, yəni Cavabdeh2 qarşı deyil, eyni zamanda əsassız olaraq zamin kimi ona qarşı da qaldırılmışdır.

36. Məhkəmə Kollegiyası bildirir ki, Cavabdeh3 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada digər Cavabdeh2 iddiaçı qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.

37. İşin faktiki hallarından da göründüyü kimi Cavabdeh2 iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçı banka olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur.

38. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tələb edilən borcun məbləği cavabdehlərdən müştərək qaydada tutulması barədə rayon məhkəməsi düzgün nəticəyə gəlmişdir.

39. Bundan başqa cavabdeh apellyasiya şikayətində bildirir ki, Cavabdeh2 götürdüyü kreditə görə kredit öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürməsi öz iradəsi ilə olmamış, Cavabdeh2 təkidi və təzyiqi nəticəsində olmuş, məcburiyyət üzündən zaminlik müqaviləsinə imza etmişdir.

40. Məhkəmə kollegiyası həmin dəlilləri də əsassız hesab edir. Belə ki, Cavabdeh3 həmin müqavilə iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuş, zaminlik müqaviləsinin təkid və ya hər hansı formada təzyiq nəticəsində bağlanması iş materialları ilə müəyyən edilməmiş, eləcə də cavabdeh tərəfindən bu barədə məhkəmələrə hər hansı sübutlar təqdim edilməmişdir.

41. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

42. Digər tərəfdən zaminlik müqaviləsi xx.xx.2022-ci il tarixdə bağlansa da Cavabdeh3 həmin müqavilə üzrə keçən bu müddət ərzində hər hansı etirazı olmamış, yalnız iddiaçı bank hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra hazırki dəlillərlə çıxış etmişdir.

43. Beləliklə, Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticə:

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini zamin – Cavabdeh3 münasibətdə təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh3 özünə aid edilməlidir.

46. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-2268/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh3 özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar