Məhkəmə qərarları › İş №2(103)-562/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-562/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-562/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1479/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 1677 manat əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu mağaza ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ona 15 ay müddətinə ümumi qiyməti 2850 manat dəyərində olan mebel satmışdır. Lakin borclu alqı-satqı müqaviləsində nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirməyərək əsas borcundan bu günədək 1163 manat ödəniş etmiş, 1677 manat əsas borcu indiyədək ödəməmiş, bununla da alqı-satqı müqaviləsinin və mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1479/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 1677 (bir min altı yüz yetmiş yeddi) manat pul tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir (sədrlik edən: Təranə Mahmudova). Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2016-cı ilin dekabr ayında “Maqnit” Delloro mebel dükanından ümümi məbləği 2840 manat olan mebel almışdır. Hər ay 200 manat olmaqla 6 ay ödəniş etmiş, qalan 9 ayı hər ayda 200 manat olmaqla ödəməli olmuşdur. Lakin, mebelin sonradan qüsurları meydana çıxmışdır. Cavabdeh 6 ay ərzində 2 dəfə servisə zəng etmiş, ona bildirilmişdir ki, alınan mebl vitrində olan mal olmuşdur və cavabdeh onu almalı deyildi. əgər alıbsa, pulunu ödəməlidir və mebel geri qaytarılmayacaq. Cavabdeh eyni zamanda bildirmişdir ki, birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxmıv və məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 60, 71, 127, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 7, Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinad etmişdir. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə bamayaraq tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2016-ci il tarixli 270271 №-li alqı-satqı müqaviləsinə əsasən cavabdehə 15 ay müddətinə ümumi qiyməti 2850 manat dəyərində olan mebel verilmişdir. Satılmış məhsulun təhvil verilməsi haqqında aktdan görünür ki, Cavabdeh mebel təhvil verilmişdir. Arayışdan görünür ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə 2850 manat əsas borcundan bu günədək 1163 manat ödəniş etmiş, 1677 manat əsas borcu qalmışdır. Xəbərdarlıq məktubundan müəyyən olunur ki, İddiaçı tərəfindən Cavabdeh 3 gün müddətndə borcun könüllü olaraq ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kollegiya qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılan zaman cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilləri yoxlamaq məqsədilə kollegiya xx xxxxxxx 2020-ci il tarixində məhkəmə texniki ekspertizasının keçirilməsinə dair qərardad qərardad qəbul etmişdir. Həmin qərardadda ekspert qarşısında Müqavilə üzrə verilmiş mebelin qüsurunun olub-olmaması və həmin qüsurun istehsal qüsuruolub olmaması sualları qoyulsa da, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli məktubunda həmin xüsusi bilik tələb etməməsi səbəbindən qeyd edilən suallar üzrə Mərkəzdə ekspertiza tədqiqatının aparılmadığı bildirilmişdir. Kollegiya iş materiallarına, apellyasiya şikayətinin məzmununa və qeyd edilən hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və bununla da tərəflər arasında olan müqavilənin şərtlərini və Mülki Məcəllənin tələblərini pozmuşdur. Nəticədə cavabehin iddiaçı qarşısında 1677 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi qüsurların mövcudluğu iş materiallarına əsasən sübuta yetirilmədiyindən qətnamənin ləğvi üçün əsas ola bilməz. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Odur ki, kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Birinci instansiya məhkəməsində işə cavabdehin iştirakı olmadan baxılması və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan zərfdən (i.v. 33) görünür ki, cavabdehin qeydiyyatda olduğu ünvan 1 ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, zərf “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Cavabdehin birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il tarixində ünvanladığı etirazında (i.v. 21) ünvanının zərfdə qeyd edilən ünvanla eyni olduğu görünür. Odur ki, birinci instansiya məhkəməsi cavabdehi qeydiyyatda olduğu ünvana bildiriş göndərməklə məlumatlandırmış və hər hansı prosessual pozuntuya yol verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1479/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar