Məhkəmə qərarları › İş №2(103)-562/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-562/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-562/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-255/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 152.500 manat pul vəsaitinin, 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, tanıyır və onlar hər ikisi qardaşdırlar. Tərəflərin həmişə yaxşı münasibətləri olmuş, bir gün Vüqarla danışarkən iddiaçı söhbət əsnasında ona pulu olduğunu və bu pula biznes qurmaq istədiyini demişdir. Vüqar iddiaçıya heç kəsə bir söz deməməsini, onun qardaşı Şamo ilə danışıb xəbər verəcəyini bildirmişdir. Daha sonra tərəflər görüşmüş, iddiaçıdan nə qədər pul vəsaitinin olduğunu soruşmuşlar. Cavabdehlər iddiaçıdan 150.000 (yüz əlli min) manat pulu borc olaraq istəmiş, özü nə zaman istəsə geri qaytaracaqlarını demişlər. İddiaçı isə cavabdehləri və onların ailə üzvlərini uzun müddət tanıdığına, onlara olan güvənə görə 23 fevral 2018-ci il tarixdə 150.000 (yüz əlli min) manat pulu vermiş, bunu yazılı olaraq Vüqar öz əlyazması ilə təsdiqləmişdir. Bir müddət sonra isə cavabdehlər ondan əlavə olaraq 20000 (iyirmi min) manat da borca pul istəmış, Bakı şəhəri Nərimanov rayonun ərazisində yerləşən Bakon ticarət mərkəzinin yanında qardaşı Rasim iddiaçıya məxsus 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini Cavabdeh1 vermişdir. İddiaçı 2019-cu ilin mart ayından onlardan pulunu geri istəyir, lakin cavabdehlər onun telefon zənglərinə cavab vermir. İddiaçı məcbur qalaraq cavabdehlərin anasının yanına getmiş, olanları ona danışmışdır. Bundan sonra Vüqar və Şamo ondan borc olaraq aldıqları 170,000 (yüz yetmiş min) manat pul vəsaitinin 17500 (on yeddi min beş yüz) manatını hissə-hissə ona qaytarmışlar. Lakin qalan 152.500 (yüz əlli iki min beş yüz) manatını isə hələdə geri qaytarmayıblar. İddiaçı hər dəfə cavabdehlərdən pulunu istəyəndə, onlar müxtəlif bəhanələr gətirərək, pulu geri qaytarmaqdan imtina edirlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-255/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 132.500 (otuz iki min beş yüz) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi şahid ifadəsini mötəbər sübut kimi qəbul etmədiyini qətnamədə göstərsə də, həmin sübutun/şahid ifadəsinin rədd edilməsi üçün hər hansı dəlil gətirməmiş, habelə bu zaman rəhbər tutduğu hər hansı qanuna və ya normativ akta istinad etməmişdir. Bundan başqa iddiaçının sübutetmə vasitəsi kimi təqdim etdiyi iddiaçının, hər iki cavabdehin və cavabdehlərin analarının hazırkı mülki işin predmeti olan pul vəsaitinin qaytarılması ilə bağlı müxtəlif vaxtlarda aparılmış telefon danışıqlarının səs yazılarını disk şəklində qəbul edərək iş materiallarına əlavə etsə də bir sübut növü kimi nə həmin səs yazılarını məhkəmə iclasında tədqiq etməyib, bununla bağlı Cavabdeh1 hər hansı suallar verməyib, nə də qətnamədə ümumiyyətlə həmin sübuta hər hansı hüquqi qiymət verməyib. Digər tərəfdən iş üzrə diqqətəlayiq hallardan biri bundan ibarətdir ki, cavabdeh tərəf məhkəməyə təqdim etdiyi etirazında, habelə Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmədə verdiyi izahatlarında iddiaçıdan pul almadığını qəti şəkildə bildirməyib. Onlar öz etirazlarını borc müqaviləsinin bağlanmaması və iddia tələbini qəbul etməmələrini bildirməklə ifadə ediblər. Cavabdehlərdən Cavabdeh2 isə məhkəmə prosesinin əvvəlində aidiyyət barədə vəsatət versə də ümumiyyətlə heç bir məhkəmə iclasına gəlməyib və nə yazılı, nə də şifahi formada iddia tələbinə hər hansı etirazını bildirməmişdir. Həmin qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 iddiaya dair etirazında iltizamda olan imzanın deyil, mətnin özü tərəfindən icra edilmədiyini mübahisələndirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçının şəxsən özü tərəfindən imzalanıb məhkəməyə təqdim olunan iddia ərizəsində qeyd edilir ki, “23 fevral 2018-ci il tarixdə iddiaçı cavabdehlərə 150.000 manat borc pul vermişdir. Hətta həmin vaxt Vüqar öz xətti ilə ondan borc olaraq 150.000 manat pulu qəbul etdiyini yazdı”. Eyni zamanda iddia ərizəsinə əlavə olunan sənədlər siyahısında qeyd edilir ki, Cavabdeh1 məxsus əl yazmanın surəti əlavə edilir. İddiaçının qeyd olunan sözü həqiqəti əks etdirmədiyi üçün məhkəməyə təqdim edilən etiraz ərizəsində iddia ərizəsinə əlavə olunmuş əl yazmanın Cavabdeh1 məxsus olmadığını göstərilmişdir. Göründüyü kimi iddia ərizəsinə dair verilmiş etirazda, iltizamdakı mətn və imzanı bir-birindən ayırmamışlar, ümumiyyətlə bütün əl yazmanın cavabdehə məxsus olmamsı qeyd edilmişdir. Məhkəmənin qətnamədə cavabdehin adından qeyd etdiyi yalnış ifadə, ekspertizanın keçirilməsi ilə bağlı məhkəmənin 23.02.2021-ci il tarixli qərardadında ekspert qarşısında qoyulan yeganə sualla ziddiyət təşkil edir. Məhkəmə prosessində şahid qismində iştirak edən X2 məhkəməyə verdiyi izahatında həqiqət ortaya çıxmış, o, əl yazmadıkı mətnin onun tərəfindən icra olunduğunu etiraf etmişdir. Daha sonra iş materiallarında olan iltizamdakı imzanın Cavabdeh1 tərəfindən icra olunub-olunmamasını müəyyənləşdirmək üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin etmişdir. Cavabdeh1 23.02.2021-ci il tarixdə keçirilən məhkəmə prosessində şəxsən iştirak etmiş digər proses iştirakçılarının iştirakı ilə onun imza və xətt nümunələri ekspertə təqdim olunmaq üçün götürülmüşdür. Ekspertin vəsatəti üzrə 12 mart 2021-ci il tarixdə Cavabdeh1 imza nümunələri əks olunan ona məxsus sürücülük vəsiqəsi və hərbi biletin surəti tədqiqat üçün şəxsən orun tərəfindən məhkəməyə təqdim olunmuşdur. Daha sonra 23.04.2021-ci il tarixdə ekspert tərəfindən yenidən vəsatət verilərək Cavabdeh1 3-5 vərəqdə sərbəst imza nümunəsi və 5-7 vərəqdə əlavə eksperimental imza nümunələrinin təqdim olunması tələb olunmuş, imza nümunələrini məhkəməyə təqdim etmiş və həmin nümunələr ekspertizaya göndərilmişdir. Lakin ekspert tərəfindən 09 iyun 2021-ci il tarixində ekspertizanın aparılmasından imtina olunaraq iş geri qaytarılmışdır. Ekspert tərəfindən məhkəməyə göndərilən məktubda imtinanın əsası kimi 23 aprel 2021-ci il tarixli vəsatətin icra olunmaması qeyd olunmuşdur. Bunndan sonra 06.08.2021-ci il tarixdə keçirilən iclasda qətnamə qəbul edilərək iddia tələbi qismən edilmişdir. Məhkəmə tərəfindən ümumi olaraq qeyd edilir ki, cavabdeh ekspertin vəsatətində göstərdiyi sənədləri təqdim edə bilməmişdir. Buna görə də məhkəmə həmin imzanın Cavabdeh1 məxsus olması qənatinə gəlmişdir. Halbuki Cavabdeh1 ondan tələb olunan, ona məxsus və onda ola biləcək olan bütün sənədləri məhkəmə araşdırmasına təqdim edib, imza nümunələrinin götürülməsi ilə bağlı iki dəfə məhkəməyə gələrək hakimin və iclas katibinin iştirakı ilə özünün imza və yazı nümunələrini icra edərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, birinci intansiya məhkəməsi təqdim edilmiş sübutlara düzgün qiymət verməmişdir, apellyasiya baxışı zamanı təqdim edilmiş ekspert rəyi ilə təsdiq edilmişdir ki, cavabdehlər 152.500 manat pul vəsaitini iddiaçıdan almışlar. Hesab edir ki, qətnamə ləğv edilməklə iddia tələbi tam təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iddiaçının istinad etdiyi pulun verilməsi barədə qəbzdəki imza Cavabdeh1 məxsus olmamış, eləcə də diskdəki səs yazılarının cavabdehlərə aidiyyəti olmamışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin - iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunması və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətində isə qətnamənin qismən ləğv olunması və iddia tələbinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, belə olan halda məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək hesab edir ki, cavabdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin Cavabdeh1 münasibətdə qismən təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə Cavabdeh1 152.500 manat pul iddiaçının xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi baxışı zamanı iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iddiaçı Nailə xanım ona bildirdi ki, borc pul verilməlidir və ona məxsus ofisdə Vüqarla görüşdülər. Şamonu tanımır. Vüqar onun ofisinə gəldi və bildirdi ki, bir əl yazması ilə pulu alması barədə bir iki cümlə yazsın. Vüqar isə bildirdi ki, gözü zəifdi və yazını o yazısın imzanı isə özü edər. Elə də etdi, yazını yazdı məzmunu ilə tanış oldu və imzanı şəxsən özü çəkdi. Daha sonra nələrin baş verdiyini, hansı söhbətlərin olduğu barədə məlumatı yoxdur. Pul verilərkən o iştirak etməmişdir. Sonra eşitdi ki, Vüqar borcu qaytarmır və Nailə xanımın telefon zənglərini açmır. Borcun qaytarması barədə Vüqarla telefon əlaqəsi saxlamaq istəmiş, lakin onun da zənglərinə cavab verməmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iştirakı İddiaçı tərəfindən təmin edilmiş şahid X4 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, İddiaçı qardaşıdır. Cavabdehlərlə ailəvi tanışlıqları olub. Borcun alınıb verilməsində, ancaq 20000 manat olan borc pulun verilməsi hissəsində iştirak etmişdir. 150000 manat borc pulun verilməsi prosesində isə iştirak etməmişdir. Daha sonra bacısı ona bildirdi ki, verdiyi borc pulları cavabdehlər qaytarmır. Mən də neçə dəfə onlarla telefon əlaqəsi saxlamağa çalışsa da, telefon zənglərinə cavab verməyiblər. Digər qardaşları Azərlə də əlaqə saxlayıb borcu qaytarmaqlarını bildirmişdir. İddiaçı tələbində göstərmişdir ki, cavabdehləri və onların ailə üzvlərini uzun müddət tanıdığına, onlara olan güvənə görə 23 fevral 2018-ci il tarixdə 150.000 (yüz əlli min) manat pulu vermiş, bunu yazılı olaraq Vüqar öz əlyazması ilə təsdiqləmişdir. Bir müddət sonra isə cavabdehlər ondan əlavə olaraq 20000 (iyirmi min) manat da borca pul istəmış, Bakı şəhəri Nərimanov rayonun ərazisində yerləşən Bakon ticarət mərkəzinin yanında qardaşı Rasim iddiaçıya məxsus 20000 (iyirmi min) manat məbləğində pul vəsaitini Cavabdeh1 vermişdir. Vüqar və Şamo ondan borc olaraq aldıqları 170.000 (yüz yetmiş min) manat pul vəsaitinin 17500 (on yeddi min beş yüz) manatını hissə-hissə ona qaytarmışlar. Lakin qalan 152.500 (yüz əlli iki min beş yüz) manatını isə hələdə geri qaytarmamışlar. İddiaçı istinad etdiyi halların təsdiqi üçün 23.02.2018-ci il tarixli Cavabdeh1 tərəfindən yazılmış və imzalanmış iltizamnaməyə istinad etmişdir, həmin iltizamnamədə “Mən Cavabdeh1 şəxsiyyət vəsiqə № AZE ******** təsdiq edirəm ki, İddiaçı 150 000 (yüz əlli min) manat pulu borc olaraq alıram, 23 fevral 2018 tarixində” qeyd olunmuşdur. Cavabdeh1 iddia tələbinə etirazda, eləcə də apellyasiya şikayətində həmin iltizamnamədəki imzanın ona məxsus olmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı ekspertiza təyin edilsə də ekspert tərəfindən göndərilmiş ekspert vəsatətlərinin tam olaraq təmin edilməməsi səbəbindən ekpertiza baş tutmamışdır. Halbuki iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən V.Əhmədova məxsus eksperimental imza nümunələri ekspertizaya göndərilmişdir. İşin qeyd olunan hallarına düzgün qiymət verilməsi eləcə də iş üzrə obyektiv nəticəyə gəlmək üçün apellyasiya baxışı zamanı xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında “mülki işin 29-cu səhifəsində olan əlyazmada Cavabdeh1 adından icra edilmiş imza Cavabdeh1 tərəfindən icra edilmişdirmi; mülki işin 29 və 77-ci səhifələrində Cavabdeh1 adından icra edilmiş imzalar eyni şəxs tərəfindən icra edilmişdirmi; mülki işin 114-cü səhfəsində olan sənədin surəti ilə ekspertiza araşdırılması mümkün olduğu halda işin 29 və 77-ci səhifələrindəki Cavabdeh1 adından icra edilmiş imzalarla 114-cü səhifədə olan Cavabdeh1 adından icra edilmiş imzalar eynilik təşkil edirmi, yəni eyni şəxslər tərəfindən icra edilmişdirmi sualları qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli, 4/1844-4/1882 saylı rəyindən görünür ki, mülki işin 29-cu vərəqəsində 23 fevral 2018-ci il tarixli qəbzdə “İmza” qrafasındakı imza, 24 sentyabr 2021-ci il tarixli etibarnamədə (i.v 77) “Əmrahov” yazıları önündəki imza və AB seriyalı 436534 saylı sürücülük vəsiqəsinin kserosurətində “İmza” qrafasında əks olunmuş imza – eyni şəxs Cavabdeh1 tərəfindən icra olunmuşdur. Göründüyü kimi təqdim edilmiş ekspert rəyi ilə istinad edilən iltizamnamədəki imzanın Cavabdeh1 tərəfindən icra olunması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli, 4/1844-4/1882 saylı rəyinin sübut kimi qəbul edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göründüyü kimi 23.02.2018-ci il tarixli Cavabdeh1 tərəfindən yazılmış və imzalanmış iltizamnamədə 150.000 manat pul vəsaitini iddiaçıdan aldığını qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 150.000 manat pul vəsaitinin iddiaçıdan almasını düzgün müəyyən etsə də, iddiaçının tələb etdiyi 20000 manatın cavabdehə verilməsinin sübut edilməməsi əsası ilə rədd etməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, iddia tələbinin qeyd olunan hissəsində iddiaçı cavabdehlərin səs yazılarına istinad etmiş və bu barədə disklər iş materiallarına əlavə edilmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan diskə əhəmiyyət verməyərək, bu barədə araşdırma aparmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 12 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, «mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz». Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş səs yazılarını sübut qismində qəbul etmişdir, lakin cavabdeh tərəfin apellyasiya baxışı zamanı verdiyi izahatında həmin səs yazılarının cavabdehlərə məxsus olmaması bildirildiyindən iş üzrə Məhkəmə-fonoskopik ekspertizası təqdim edilmiş və ekspert qarşısında: işə əlavə edilmiş diskdə əks olunmuş səs yazılarından kişi səsinə bənzər səslər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aiddirmi; əgər səslər həmin şəxslərə aiddirsə səs yazılarındakı mətnlərin (mətnlər açıqlanmaqla) hansının Cavabdeh1 və hansının Cavabdeh2 aid olduğu müəyyən edilsin kimi suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli, 4/1844-4/1882 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd ”KODAK” markalı CD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir; eksertizaya təqdim olunmuş 1 ədəd ”KODAK” markalı CD diskdə olan və tədqiqatı tələb olunan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdə “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi – Cavabdeh1, “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi – Cavabdeh2a məxsusdur. Həmin rəyin tədqiqi hissəsində verilmiş yazılı mətnlərdən isə görünür ki, “K1” – yəni rəy ilə müəyyən edilmiş Cavabdeh1 iddiaçıdan 150000 manatla yanaşı 20000 manat pul vəsaitinin almasını təsdiq etməklə bildirmişdir ki, “hə, yəni o mənlikdi” “mənlikdi də elə bil mənə vermisən”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci və 14.2.6-cı maddələrinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi Cavabdeh1 iddiaçıdan 20000 manat pul vəsaitinin də alması təqdim edilmiş diskdə olan səs yazısı ilə qəbul etmişdir ki, Cavabdeh1 iddiaçıdan götürdüyü 20000 manat pulu iddiaçıya qaytarmamaqla iddiaçının hesabına əssassız varlanmışdır. Birinci instansiya məhkəməsi isə sübutları düzgün qiymətləndirməyərək, nəticə etibarı ilə iddia tələbinin qeyd olunan hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslı olmuşdur, çünki iddiaçı tərəf tələb edilən pul vəsaitinin digər Cavabdeh2 verilməsini sübut edə bilməmişdir, belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin 14 fevral 2022-ci il tarixli, 4/1844-4/1882 saylı rəyinin tədqiqi hissəsində verilmiş yazılı mətnlərdən görünür ki, Cavabdeh2 ümumi borcdan danışsa da konrekt olaraq borcun onun tərəfindən götürülməsini qəbul etməmiş, sadəcə bu məsələni müzakirə etmək istədiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının birbaşa olaraq Cavabdeh2 pul verməsi və onun birbaşa bu proseslərdə iştirakı öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsi düzgün olaraq iddia tələbini ona münasibətdə rədd olunması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni iddia tələbinin Cavabdeh1 münasibətdə qismən təmin edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə Cavabdeh1 ümumilikdə 152.500 manat pul iddiaçının xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilməli, həmçinin apellyasiya baxışı zamanı həyata keçirilmiş ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-255/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin Cavabdeh1 münasibətdə qismən təmin edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh1 ümumilikdə 152.500 (bir yüz əlli iki min beş yüz) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 380 (üç yüz səksən) manat Cavabdeh1 tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X1, Kod 210005, VÖEN **********, M/h-AZ41NABZ********************, SFİFT-BİK CTREAZ22) keçirilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar