Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5620/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)-1674/2024 nömrəli qətnaməsindən iddiaçı "Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.Şeyx Hüseyn (Ə.İbrahimov) küçəsi, döngə 2, 8B saylı ev Cavabdeh (bundan sonra cavabdeh) istifadə və sahibliyindədir. Onunla İddiaçı (bundan sonra iddiaçı) arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********20000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4), samovardan (1/1) və dəmir peçindən (yay-qış 1/1) istifadə edilir. Cavabdehin abonent kimi qeydə alındığı dövrdə təbii X7nın pozulması barədə xx.xx.2015-ci il və xx.xx.2022-ci il tarixlərdə aktlar tərtib edilmişdir. Həmin aktlarda qeyd edilən ünvan üzrə təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi barədə qeyd aparılmış və onların əsasında qəbul edilmiş qərarlarla ümumilkdə (349,20 + 1.425,60 = 1.774,80) 1.774,80 manat məbləğində maddi zərər hesablanaraq, cavabdehin abonent hesabına daxil edilmişdir. Cavabdeh tərəfindən aparılmış ödənişlərin 2,42 manat hissəsi aktlar üzrə hesablanmış zərər (cərimə) məbləğindən silinmişdir. Hazırda aktlar üzrə ümumi borc məbləği 1.772,38 manat təşkil edir. Cavabdeh birinci akt üzrə dəymiş maddi zərərin əvəzi kimi hesablanmış məbləği qəbul etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən aktlar üzrə yaranmış borca görə 1.772,38 manat və dövlət rüsumuna görə 37,73 manat olmaqla, cəmi 1.810,11 manat məbləğində pul vəsaitinin məcburi qaydada tutularaq, İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə birlik arasında xx.xx.2017-ci il tarixdə 11/309 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsi imzalanmış və həmin müqavilə əsasında İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən cavabdehə **********20000 nömrəli abonent kodu verilmişdir. Fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X7”nın tələblərinə əməl etmək) və “X7”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəniki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X7nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli, 088150 saylı akt əsasında 349,20 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında isə 1.425,60 manat olmaqla, cəmi 1.774,80 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh 349,20 manat zərərdən 2,42 manat ödəniş etmişdir. Beləliklə cavabdehin birliyə ödənilməli borc məbləği hazırda abonent saldosu üzrə ümumilikdə 1.772,38 manat təşkil edir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1674/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 349,20 manat dəymiş maddi ziyanın və 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim X5)
5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, “Təbii X7nın pozulması haqqında” xx.xx.2015-ci il tarixli akt iş materiallarına əlavə olunmasa da, həmin akt üzrə abonentə 349,20 manat dəymiş ziyan hesablanmışdır. Abonent – iş üzrə Cavabdeh həmin akt üzrə tələb olunan borcu qəbul etdiyini bildirmişdir. Ona görə də, iddia həmin hissədə əsaslı sayılaraq, təmin edilməlidir. Lakin xx.xx.2022-ci il tarixli aktla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı sonrakı akt üzrə zərərin tutulması üçün məhkəməyə daha tutarlı sübutlar təqdim etməli, məsələn dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində təkrar hesablanmış zərərə dair cavabdehə akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsi bununla bağlı bildirişin göndərilməsi iş materiallarına əlavə edilməmişdir. Yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmışdır ki, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Məhkəmə hesab etmişdirdir ki, sayğacdan kənar qaz xəttindən istifadəyə görə tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən hesablanmış borcla bağlı sübut təqdim edilmədiyindən və cavabdehin etirafı ilə də təsdiqini tapmadığından, iddia həmin hissədə təmin edilməməlidir.
6. Məhkəmə, məhkəmə xərclərinin bölüşdürülməsinə də hüquqi qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən 37,73 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 560cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X7nın 1.3-cü, 1.4-cü, 3.4.1-ci, 6.1.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehə məxsus ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, faktlar yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmiş, fotoşəkillər çəkilmişdir. Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Cavabdeh məhkəmə iclasında 2015-ci il tarixdə təbii qazdan qanunsuz istifadə etdiyini etiraf etmişdir. Lakin iş materiallarına əlavə edilmiş sübutlarla təsdiq edilir ki, cavabdeh tərəfindən 2022-ci ilin yanvar ayında da təbii qazdan qeyri-qanuni qoşulma vasitəsilə istifadə olunmuşdur. Odur ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş xx.xx.2022-ci il tarixli akt və iş materiallarında olan digər sübutlar cavadeh tərəfindən Birliyə vurulmuş zərəri sübut edir. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş həmin aktın bir nüsxəsi abonentə təqdim edilmişdir, abonentin həmin aktları imza etməkdən imtinası həmin aktların qanunsuz olduğuna dəlalət etmir. Bundan əlavə, aktlar tərtib olunarkən hər fakta dair ayrıca çəkilən fotoşəkillərdən də açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. . Belə olan halda birliyin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin Cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulmaya dair sübutların olmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
13. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X7 ilə tənzimlənir. X7 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
14. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X7”nın: əvvəlki redaksiyada 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunması və iddia tələbinin həmin hissədə də təmin edilməsi xahiş olunduğundan, qətnamə yalnız mübahisələndirilən, yəni iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.
22. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla cavabdehə **********20000 nömrəli abonent kodu verilmişdir. Həmin ev üzrə təbii qazdan sayğacdan kənar, qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi əsası ilə xx.xx.2015-ci il və xx.xx.2022-ci il tarixlərdə aktlar tərtib edilmişdir. Cavabdeh 2015-ci il tarixdə təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini etiraf edir və bunun nəticəsi olaraq iddiaçıya xx.xx.2015-ci il tarixli aktda göstərilən, yəni 349,20 manat məbləğində maddi zərər vurduğunu qəbul edir. Lakin xx.xx.2022-ci il tarixli aktda göstərilən zərər məbləğini qəbul etmir və həmin vaxt təbii qazdan bu qaydada istifadə etmədiyini bildirir. Birinci instansiya məhkəməsi də aparılmış araşdırma nəticəsində yalnız xx.xx.2015-ci il tarixli akt üzrə hesablanmış zərər məbləğini cavabdehdən tutmuş, xx.xx.2022-ci il tarixli aktı və onun əsasında qəbul edilmiş qərarı mötəbər sübut kimi qəbul etməyərək, iddianı bu məbləğin tutulması ilə bağlı hissədə rədd etmişdir. Bu səbəbdən hazırda apellyasiya şikayətində yalnız xx.xx.2022-ci il tarixli akt və onun əsasında qəbul edilmiş qərar üzrə hesablanmış 1.425,60 manat zərər məbləğinin tutulmasını tələb edir. Buna uyğun olaraq, hazırda yalnız həmin məbləğin tutulmasının mümkünlüyünə hüquqi qiymət verilir.
24. Məhkəmə kollegiyası iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Bununla belə, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
26. Bu baxımdan iddiaçı xx.xx.2024-cü il tarixdə akt tərtib edən zaman və ondan əvvəlki 30 gün ərzində cavabdehin təbii qazdan sayğacdan kənar, qanunsuz xətt üzrə və məhz aktda göstərilən cihazlar vasitəsi ilə istifadə etdiyini sübut etməli idi. Lakin abonentin saldosuna əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsinin (PQ-4), 1 ədəd Samovarın və 1 ədəd dəmir sobanın olduğu göstərilsə də, xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda və onun əsasında qəbul edilmiş qərarda təbii qazla işləyən 4 cihaz, o cümlədən 1 ədəd iran sobası qeyd edilmişdir.
27. Həmin akt xx.xx.2022-ci il tarixdə tərtib edilsə də, onun əsasında qəbul edilmiş qərarla zərər məbləği 30 gün əvvəli əhatə etməklə hesablanmışdır. Müddət etibarı ilə iddiaçı qanuna zidd əməlin əvvəli kimi xx.xx.2021-ci il tarixini, sonu kimi isə xx.xx.2022-ci il tarixini əsas götürür. Bu baxımdan ilk öncə cavabdehin qanunsuz qoşulmasının həqiqətən də aktın tərtib edildiyi, yəni xx.xx.2022-ci il tarixdən 30 gün əvvəl baş verdiyi və bütün həmin müddət ərzində davam etdiyi müəyyən edilməlidir.
28. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, cavabdehin abonent saldosuna əsasən aktın əhatə etdiyi 2022-ci ilin yanvar ayında həmin ünvan üzrə 61,92 manat dəyərinfə təbii qazdan istifadə edilmişdir. Belə olan halda, iddiaçı həmin vaxt cavabdehin reallıqda bu məbləğdən artıq məbləğdə təbii qazdan istifadə etdiyini sübut etməli idi. Lakin iddiaçı nə qanunsuz qoşulmanın xx.xx.2021-ci il tarixdən əvvəl baş verməsini, nədə ki, cavabdehin qeyd edilən həcmdən artıq həcmdə təbii qazdan istifadə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir.
29. İş materiallarında olan fotoşəkillər də həmin aktda göstərilən məbləğin tutulması üçün sübut qismində çıxış edə bilməz. Belə ki, həmin fotoşəkillər xx.xx.2022-ci il tarixdə, gecə saat 00:45-də çəkilmişdir. Akt isə bundan 18 gün sonra tərtib edilmişdir. Bu da öz növbəsində iddiaçının əməkdaşlarının xx.xx.2022-ci il tarixdə həmin ünvanda olmaması və cavabdehin aktı imzalamaqdan imtina etməsi barədə qeydin formal xarakter daşıması, reallıqda iddiaçının əməkdaşlarının gecə saat 00:45-də bu barədə cavabdehə hər hansı məlumat verməməsi qənaətinə gəlmək üçün əsas yaradır.
30. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt və onlar əsasında qəbul edilmiş qərar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və cavabdehə məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə cavabdehdən tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə iddianın bu hissədə rədd edilməsini, həmçinin bu sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində cavabdehin abonent hesabına daxil edilmiş məbləğin silinməsini şərtləndirir.
31. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il tarixli akt və onun əsasında qəbul edilmiş qərar üzrə hesablanmış 1.425,60 manat zərər məbləğini tutmamaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin bu tələb üzrə dəlilləri əsassızdır, bu səbəbdən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (1.425,60 manat) beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1674/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.