Məhkəmə qərarları › İş №2(103)-5624/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5624/2020

14.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5624/2020 14.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 7704/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx xxxxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxxxx 2005-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 160 manat olmaqla ümumilikdə 320 manat sabit pul məbləğində alimentin, həmçinin uşaqların xəstəliyinə görə əlavə 100 manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildə Cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan Anar və Fatimə adlı iki uşaqları vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən məhkəmənin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən xx xxxxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxxxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin və uşaqların xəstəliyi ilə əlaqədar 100 manat əlavə xərcin alınaraq onun xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda uşaqların 14 və 16 yaşları var. Qətnamə ilə müəyyən edilmiş aliment uşaqların tələbatlarının ödənilməsinə kifayət etmir, cavabdeh alimenti vaxtlı vaxtında ödəmir, indiyədək cəmi 500-600 manat aliment ödəmişdir. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, 2019-cu ildə ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Özü də ikinci qrup əlildir, heç yerdə işləmir, belə olan halda əlil uşaqlarını necə saxlayacağını bilmir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 7704/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(008)-10023/2016 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx xxxxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxxxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-7704/2019 nömrəli qətnaməsinin qismən, iddianın rədd edilmiş hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətini onunla əsaslandırır ki, hal-hazırda uşaqlardan birinin 16, digərinin isə 14 yaşı var. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də məsrəfləri yetərincə artmışdır. Məhkəmə qərarı çıxarılmış olsa da, məhkəmə qərarı icra olunmur. Belə olan halda isə o iki əlil övladı ilə çıxılmaz vəziyyətdə qalmışdır, onların gündəlik tələbatlarını ödəyə bilmir və dərmanlarını ala bilmir. Özü də ikinci qrup əlildir və heç bir yerdə işləmir. Uşaqların hər ikisinə müddətsiz əlillik verilmişdir, onun dərmanları və müalicəsi də xeyli vəsait tələb edir. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və iddiaçının izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə Cavabdeh 2000-ci ildə faktiki nikaha daxil olmuş, birgə nikahdan xx xxxxxxxx 2003-cü il tarixdə X5 və xx xxxxxxxx 2005-ci il tarixdə X4 doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016- cı il tarixli 2(008)- 10023/2016 No-li qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(008)-6614/2012 No-li qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx xxxxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxxxx 2005-ci il təvəllüdlü X2 yekinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin və uşaqların xəstəliyi ilə əlaqədar 100 manat əlavə xərcin alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması müəyyən olunmuşdur ki, Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(008)- 10023/2016 No-li qətnaməsinə əsasən iddiaçıya ödəməli olduğu vəsait yetkinlik yaşına çatmayan uşaqların hal-hazırda saxlanılması üçün onların xərclərini ödəmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.4. maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri- müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2019-cu ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə kollegiyası qanunvericiliyin tələblərini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini, o cümlədən, tərəflərin diqqətəlayiq maraqlarını, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, xx xxxxxxxx 2003-cü il təvəllüdlü X3 və xx xxxxxxxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(008)-10023/2016 No-li qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin, alimentin dəyişdirilmiş məbləği iddia tələbində göstərildiyi kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi gündən deyil, bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 81.1. və 81.2. maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. İddiaçı cavabdehdən uşaqların xəstəliyi ilə əlaqədar ayda 100 manat məbləğində əlavə xərcin tutulmasını tələb etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq qaydada öz iddia tələbini həmin hissədə əsaslandıran, yəni cavabdehin tələb edilən məbləğdə əlavə xərci ödəmək imkanının olmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanımaq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinin tələblərinə uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşağın saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddia tələbi əlavə xərclərin tutulması hissəsində əsassız olduğundan rədd edilməsi ilə bağlı 1-ci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 7704/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar