Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5625/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2023-cü il tarixli qətnamədən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, Fondun nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Bankın ləğvedicisinin buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehlərə qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ********* №-li “Kredit müqaviləsi” çərçivəsində xx.xx.2017-ci il tarixdə bağlanmış 02 №-li “Əlavə saziş” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 542,82 manat, “Sazişin” qüvvədə olduğu müddətdə əsas kredit borcuna “Sazişin” şərtinə əsasən hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.426,44 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 2.521,76 manat, “Sazişin” müddəti bitdiyi tarixdən sonrakı müddət üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 82 manat, cəmi 4.573,02 manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 65,74 manat məbləğində pulun Cavabdeh2 və sonuncunun Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat vermiş zamindən – iş üzrə digər Cavabdeh1 müştərək qaydada tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2, onunla Bank arasında xx.xx.2015-ci il tarixdə bağlanmış ********* №-li “Kredit müqaviləsinə” əsasən Bankdan 24 ay müddətinə illik 22% dərəcəsi ilə 5.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh2 “Kredit müqaviləsi” üzrə öhdəliklərinin icrasının təminatı kimi hazırki iş üzrə digər Cavabdeh1 borcalan Cavabdeh2 Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və bu barədə onunla Bank arasında xx.xx.2015-ci il tarixdə 170010751/ZM №-li “Zaminlik müqaviləsi” bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 02 №-li xx.xx.2017-ci il tarixli “Əlavə sazişlərə” əsasən, borcalanın kreditor qarşısında kredit öhdəliyinin əsas məbləğinin qalığı manata konvertasiya edilməklə (1 ABŞ dolları = 1,45 Azərbaycan manatı) 4.036,61 manat təşkil etmişdir. Restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restruktizasiya edilmiş kredit üzrə borcalan tərəfindən həmin Əlavə saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməsi nəzərdə tutulmuşdur. Lakin cavabdehlər müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməmiş, Banka olan borcu ödəməmişlər. Nəticədə cavabdehlərin iddiaçı Banka yuxarıda qeyd edilən növlərdə və məbləğlərdə borcu yaranmışdır. Bank həmin məbləğlərin ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq göndərsə də, bu nəticə verməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 65,74 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə qarşı etirazı barədə məlumat
3. Cavabdeh tərəfindən Rayon Məhkəməsinə “iddia müddətinin tətbiqi barədə” ərizə təqdim edilərək, Bankın iddia tələbinə iddia müddətinin tətbiq edilməsi və rədd edilməsi xahiş edilmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə əlavə araşdırmaya zərurət yarandığından sadələşdirilmiş icraat üzrə işə iddia icraatında baxılması qərara alınmışdır.
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini, məhkəmə xərclərinin iddiaçıya aid edilməsini, məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Fonddan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərin icra müddəti kimi 24 ay müəyyənləşdirilmiş, bundan sonra xx.xx.2017-ci il tarixdə restrukturizasiya müqaviləsi bağlanmış, müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımının başlanmasına baxmayaraq, iddiaçı bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etməmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini hər hansı üzrlü səbəb olmadan keçirmişdir. Belə olan halda iddiaçı, işin baxılması zamanı cavabdeh “iddia müddətinin tətbiqi barədə” ərizə verdiyindən iddia rədd edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı Bank həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı xx.xx.2020-ci il tarixdir. Çünki kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış “Əlavə sazişə” əsasən kreditin qaytarılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Beləliklə iddia müddətinin son günü xx.xx.2023-cü il tarixdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə iddia müddəti ötürülmədən verilmişdir. Lakin hazırki işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, iddia müddətini əsassız tətbiq etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat
9. Bankın ləğvedicisi olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
10. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və “iddia müddətinin tətbiqi barədə” ərizəsinin məzmuna, habelə Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.
11. İş üzrə digər Cavabdeh1 işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
13. Belə ki, iddiaçı Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı “Kredit müqaviləsindən” görünür ki, iddiaçı Bank tərəfindən Cavabdeh2 24 ay müddətinə, illik 22 faiz ödəmək şərti ilə 5.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
14. Bank ilə hər iki cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 170010751/ZM nömrəli “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh1 kreditor olan Bank ilə borcalan olan Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə borclanan üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş və borcalanın öhdəliklərinə görə sonuncu ilə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür.
15. Bank ilə cavabdehlər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Əlavə sazişlərdən” görünür ki, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” xx.xx.2017-ci il tarixdə restruktizasiya edilmişdir. Borcalanın kreditor qarşısında kredit öhdəliyinin əsas məbləğinin qalığı manata konvertasiya edilməklə (1 ABŞ dolları = 1,45 Azərbaycan manatı) 4.036,61 manat təşkil etmişdir. Restruktizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Restruktizasiya edilmiş kredit üzrə borcalan tərəfindən həmin Əlavə saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməsi nəzərdə tutulmuşdur.
16. Məhkəmə işin hallarını nəzərə alaraq bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
17. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əlavə sazişlərlə öhdəliyin icra müddəti xx.xx.2020-ci il tarixədək uzadıldığından iddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən başlanmış hesab edilməlidir.
18. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
19. Belə olan halda müəyyən edilir ki, 3 illik iddia müddətinin bitməsinin son günü xx.xx.2023-cü il tarixdir. İddiaçı Bank isə həmin tarixdən təxminən 1 ay əvvəl, yəni xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş, qanunla müəyyən olunmuş 3 illik iddia müddətini ötürməmişdir.
20. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsini cavabdehin verdiyi “iddia müddətinin tətbiqi barədə” ərizəyə əsasən rədd etməkdə haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
21. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, iddiaçı Bank ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsindən” və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh2 bu müqaviləyə əsasən Bankdan illik 22 faiz dərəcəsi ilə, 24 ay ərzində aybaay, hissə-hissə qaytarmaq şərti ilə 5.000 ABŞ dolları məbləğində kredit almışdır.
22. İş materiallarından görünür ki, qeyd edilən “Kredit müqaviləsinə” baxmayaraq borclu Cavabdeh2 Banka olan borcu lazımi qaydada ödəyə bilməmişdir. Bununla bağlı olaraq Cavabdeh2 Banka etdiyi müraciətə əsasən Bank ilə Cavabdeh2 arasında razılıq əldə olunmuş və xx.xx.2017-ci il tarixdə “Əlavə saziş” bağlanmışdır. Əldə olunmuş razılığa əsasən borcun ödənilməsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, borcun illik faiz dərəcəsi 20 faizə endirilmiş, borc ABŞ dollarından Azərbaycan manatına konvertasiya olunaraq 4.036,61 manat məbləğində müəyyən edilmişdir.
23. Cavabdeh1 ilə Bank arasında bağlanmış xx.xx.2015-ci il tarixli 170010751/ZM №-li “Zaminlik müqaviləsindən” görünür ki, Cavabdeh1 borcalan Cavabdeh2 Bank qarşısında üzərində götürdüyü öhdəliklərin icrasına zamin durmuşdur.
24. Bank tərəfindən təqdim edilmiş hesablamalardan və işdə olan digər sənədlərdən görünür ki, Cavabdeh2 Banka olan borcu lazımi qaydada ödəməmişdir.
25. İşdə olan xx.xx.2022-ci il tarixli “Bildirişdən” görünür ki, Bank, borcun ödənilməsini cavabdehlərdən tələb etsə də, borc ödənilməmişdir.
26. Göstərilənləri və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərini nəzərə alan Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Lakin hazırki iş üzrə cavabdehlər kredit borcun ödənilməsini təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmiş, onlar məhkəmə baxışı iclaslarında iştirak etməmişlər (maddə 739.1.). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5 faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (maddə 445.7.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2.).
27. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
28. Mülki Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
29. İşin hallarından görünür ki, Cavabdeh2 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, Banka olan borcunu lazımı qaydada və məbləğdə ödəməmişdir.
30. Bank tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Maliyyə arayışından” görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə Banka 542,82 manat məbləğində əsas borc, 1.426,44 manat məbləğində faiz borcu, 2.521,76 manat məbləğində cərimə borcu, 82 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 4.573,02 manat borcu vardır.
31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixinə 2.316,39 manat əsas borc üzrə, 500,60 manat faiz borcu üzrə; xx.xx.2023-cü il tarixinə 522,88 manat əsas borc üzrə, 500,60 manat faiz borcu üzrə, 328,24 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu müəyyən edilir.
32. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir və ona əsaslanaraq hesab edir ki, Bankın iddiası qismən təmin edilərək Bank ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” çərçivəsində xx.xx.2017-ci il tarixdə bağlanmış 02 №-li “Əlavə saziş” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 522,82 manat, “Sazişin” qüvvədə olduğu müddətdə əsas kredit borcuna “Sazişin” şərtinə əsasən hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə isə 500,60 manat cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməlidir.
33. Məhkəmə iddianın “Sazişin” müddəti bitdiyi tarixdən sonrakı müddət üçün hesablanmış faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
34. İddia ərizəsində “Sazişin” müddəti bitdiyi tarixdən sonrakı müddət üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 82 manat məbləğində pulun tutulması xahiş edilmişdir. Belə olan halda, ekspert rəyi ilə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 328,24 manat müəyyən edilmiş olsa da, həmin tələb iddia tələbi həcmində təmin edilə bilər.
35. Odur ki, “Sazişin” müddəti bitdiyi tarixdən sonrakı müddət üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 82 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Banka ödənilməlidir
36. Cavabdehlərdən tutulmalı olan cərimə borcuna gəldikdə isə Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (maddə 462.1.). Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.3.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).
37. Qeyd edilən maddi hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, cərimə borcu əsas borc məbləğinə mütənasib olmadığından azaldılaraq 52 manat məbləğində müəyyən edilməklə cavabdehlərdən iddiaçının xeyrinə müştərək qaydada tutulmalıdır. g) apellyasiya baxışının nəticəsi
38. Odur ki, qeyd edilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı Bankın iddiası yuxarıda təsvir edilən qaydada, yəni qismən təmin edilməlidir.
39. Apellyasiya şikayəti və iddia ərizəsi qismən təmin edildiyindən, məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsinin tələbinə görə tərəflər arasında bərabər bölünməlidir. Bu məqsədlə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısı 32,87 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun yarısı 16,43 manat cavabdehlərə aid edilməklə onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, dövlət rüsumlarının qalan yarısı isə iddiaçının özünə aid edilməlidir.
40. Bundan başqa, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul bərabər şəkildə iş üzrə tərəflərə aid edilməklə, 50 manat iddiaçıdan, 50 manat isə müştərək qaydada cavabdehlərdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir.
41. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
42. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddiadır.
43. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 21 iyun 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddiası qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh oğlu Cavabdeh2 arasında 20 noyabr 2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsi” və xx.xx.2017-ci il tarixdə bağlanmış “Əlavə saziş” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 522 (beş yüz iyirmi iki) manat 88 (səksən səkkiz) qəpik, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 500 (beş yüz) manat 60 (altmış) qəpik, “Əlavə sazişin” müddəti bitdiyi tarixdən sonrakı müddət üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədilə 82 (səksən iki) manat, kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş və azaldılmış cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 52 (əlli iki) manat, iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 (otuz iki) manat 87 (səksən yeddi) qəpik məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 16,43 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul bərabər şəkildə iş üzrə tərəflərə aid edilməklə, 50 (əlli) manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən ayrıca, 50 (əlli) manat isə müştərək qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.