Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5626/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və Vəkil2 oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3025/2024 saylı 03 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Toyota Prius (Hibrid)” markalı 99HF798 dövlət qeydiyyat nişanlı avomobilin mülkiyyətçisi X2 nəqliyyat vasitəsini idarə etmək məqsədilə: xx.xx.2020-ci il tarixdə 3 il müddətinə X10, xx.xx.2021-ci il tarixdə 4 ay müddətinə Cavabdeh etibarnamə vermişdir.
2. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müxtəlif tarixli qəbzlərdən görünür ki, Cavabdeh və X7 xeyrinə ödəniş “Milliön” ödəmə terminalları vasitəsilə müvafiq ödənişlər edilmişdir.
3. Standart formada tərtib edilmiş icarə müqaviləsinə əsasən: icarəyə verən «A.V.Brabus» şirkəti avomobili 36 ay müddətinə gündəlik 25 manat məbləği ödəmək şərtilə icarəçinin istifadəsinə verir, təyin olunmuş müddət ərzində avtomobili icarəyə götürmüş şəxs tərəfindən gündəlik ödənişlər ardı kəsilməz şəkildə 36 ay ərzində ərzində ödənilərsə, həmin nəqliyyat vasitəsi avtomobil müddətin sonunda icarəyə götürən şəxsin adına keçirir və bundan sonra o, həmin nəqliyyat vasitəsi avtomobilin tam hüquqi sahibi adlanacaqdır, icarəyə götürən şəxs icarəyə verən «A.V.Brabus» şirkəti ilə qarşılıqlı razılaşma əsasında ilkin təyin edilmiş depozit məbləği alınacaq, icarəyə götürən şəxs istər müqavilə müddəti bitəndən sonra, istərsə də müddət bitməmiş qarşılıqlı razılıq əsasında avtomobili qaytarmaq və müqaviləyə xitam verməsi tələbi irəli sürərsə həmin depozit məbləği ona heç bir halda qaytarılmayacaq, avtomobili icarəyə götürən şəxs tərəfindən törədilmiş yol hərəkətləri qaydaları qanun pozuntusu AR DYP tərəfindən qeyd olunub cərimə olunarsa, icarəyə verənəni tələbi ilə müəyyən vaxt içində ödənilmərsə, avtomobil geri alınacaq və müqaviləyə xitam veriləcək. Həmin müqavilədə əlyazma ilə «icarəyə götürən»in X18, tarix xx.xx.2021, avtomobilin dövlət qeydiyyat nişanı 99HF798 (hazırki mübahisə predmeti olan avtomobil) göstərilmişdir.
4. Nizami RPİ-nin 25-ci PŞ-nin baş təhqiqatçısı G.Zeynalov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardan aydın olur ki, X12 ərizə ilə Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə özü üçün kredit yolu ilə avtomobil almaq istəmiş, əvvəlcədən tanıdığı X14 ilə bu barədə söhbət etmiş, Ramin ona tanışı Cavabdeh kredit yolu ilə avtomobil satdığını bildirmiş, Ramindən onu Vasif ilə tanış etməsini xahiş etmiş, Vasif ona “Toyota Prius” markalı 99-HF798 dövlət qeydiyyat nişanlı avtomobili göstərmiş, həmin avtomobilin ilkin ödənişinin 1500 manat, 18 aylıq isə 750 manat kredit ödənişinin olduğunu demiş, söhbət zamanı Vasif onu Raminin vasitəsi ilə tanıdığı üçün ona satmaq istədiyi avtomobili sürmək üçün Raminə etibarnamə verəcəyini demiş, o, da Ramini tanıdığı üçün Vasifin bu təklifi ilə razılaşmış, Vasif kredit pulunun sonunda avtmobilin onun adına baş etibarnamə verəcəyini bildirmiş, o, Vasifə 1500 manat Raminin yanında avtomobilin ilkin ödənişini etmiş, xx.xx.2021-ci ildən xx.xx.2023-cü il tarixədək X1 adına olan həmin avtomobili Cavabdeh ona satmaq üçün Vasifə ödədiyi ilkin ödənişdən əlavə, onun adına olan "xxxx" ASC-yə aid kartın son 8 rəqəmi : 10929200 nömrəli plastik bank kartına və X3 məxsus "xxxx" ASC-yə aid 4098 0944 2102 5493 nömrəli plastik bank kartına 12895 manat olmaqla, ümumilikdə Cavabdeh 14395 manat pul köçürmüşdür. Sonuncu dəfə isə Cavabdeh göstərişi ilə ona çatacaq pulu X8 məxsus "xxxx" ASC-yə aid 4098 0944 2102 5493 nömrəli plastik bank kartına köçürməyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən “Turan market”də qoyulmuş "xxxx" MMC-nin “Milliön” elektron ödəmə sistemindən istifad edərək X5 məxsus "xxxx" ASÇ-yə aid 4098 0944 2102 5493 nömrəli plastik bank kartına 250 manat pul köçürmüşdür. Lakin, X11 ona heç bir avtomobil satmamış və ondan aldığı 14395 manat pulu geri qaytarmamışdır. Cavabdeh ona vurduğu 14395 manat pulun geri qaytarılmasına kömək etmək və Cavabdeh cinayət məsuliyyətinə cəlb etmək üçün aidiyyəti əməkdaşa göstəriş verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14500 manat məbləğində pulun və 134 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, özünə avtomobil almaq istəyirmiş, 2021-ci ilin oktyabr ayında tanışı Ramin Bədəlov kredit yollu ilə ona avtomobil almaqda köməklik edə biləcəyini bildirmiş və onu Vasif adlı şəxslə tanış etmişdir. Vasif ona “Toyota Prius (Hibrid)” markalı avomobil sata biləcəyini, ilkin olaraq ondan 1500 manat alacağını sonra isə aylıq kreditə bölməklə 18000 manat dəyərində həmin avtomobilə iddiaçıya sata biləcəyini bildirmiş, o da onunla razılaşmışdır. Video görüntü ilə o ona 1500 manat pul vermişdir. Sonra onlar Nizami rayon ərazisində yerləşən 15 saylı Notariat ofisinə getmişlər, həmin avtomobilə dair tanışı Raminin adına etibarnamə verilmişdir. Ona isə guya maşının onun adına rəsmləşdirildiyini bildirən müqavilə vermişlər. Bundan sonra, o, mütəmadi olaraq 2023-cü ilin oktyabr ayına qədər pul ödəmiş, ancaq bu müddət ərzində maşın ona verilməmişdir. Artıq 2023-cü ilin oktyabr ayında maşını tələb edəndə ona bildirilmişdir ki, avtomobil cərimə meydançasına qoyulub. Avtomobili götürmək üçün getdikdə isə ona bildirilmişdir ki, həmin avtomobili mülkiyyətçisi aparıb. Bundan sonra o, dəfələrlə Vasif adlı şəxsdən pulunu tələb etsə də, o, zənglərə cavab verməməyə başlamışdır. O, bu günə qədər Vasifə, onun xahişi ilə Müşfiq adlı şəxsin kart hesabına 14500 manat pul ödəmişdir.
7. Cavabdeh tərəf iddiaya yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının iddia tələbi tamamilə əsassız olduğu və tərəflər arasında hər hansı müqavilə olmadığından təmin edilə bilməz. İddiaçı iddia tələbində AR Mülki Məcəlləsinin 385 və 739-cu maddələrinə istinad etsə də, işin hallarından da açıq-aydın görünür ki, tərəflər arasında bu hüquq normaları ilə tənzimlənən heç bir mülki (müqavilə) öhdəlikləri olmamışdır. İddaçının təqdim etdiyi "İcarə Müqaviləsi" isə cavabdeh şəxslə bağlanmamışdır və cavabdehin hər hansı bir öhdəlikləri mövcud deyildir. İddiaçının bəhs etdiyi ödənişlərə münasibətdə isə bildirilir ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında olan yazışmalardan da görünür ki, iddiaçı özü cavabdehə bildirir ki, Ramin adlı şəxs Vasifə ödənişlər edir. Bu baxımdan da Raminlə Vasif arasında olan ödənişlərə münasibətdə isə iddiaçının ümumiyyətlə subyektiv hüququ mövcud deyildir.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3025/2024 saylı, 3 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehin onun hesabına əsassız varlanmasına dair mötəbər sübutlar təqdim etməmişdir. Lakin, tərəflər arasında yaranmış qeyri-rəsmi münasibətlərdən müəyyən etmək olur ki, iddiaçı cavabdehə avtomobili 36 ay müddətinə gündəlik 25 manat məbləği ödəmək şərtilə istifadəsinə vermiş, həmin avtomobil müddətin sonunda iddiaçı avtomobili adına keçirib onun qanuni sahibi olacaqdı. Məhkəmə bu qənaətə o əsasdan gəlmişdir ki, iddiaçı bu çür məzmunlu müqaviləni imzalamışdır, yəni iddiaçı həmin müqaviləni imzalamaqla öz iradə ifadəsini bildirmişdir. İddiaçı həmin müqaviləni aldadalıraq imzaladığına dair sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı 1500 manat ilkin ödəniş etmiş, 24 ay avtomobili öz istifadəsində saxlamış, 24 ay ərzində ödənişləri etmiş, avtomobil cərimələrə görə cərimə meydançasına yerləşdirilmiş, bundan sonra iddiaçı avtomobili götürmüş və bunula da onların aralarındakı qeyri-rəsmi münasibətlərə xitam verilmişdir. İddiaçı həmin münasibətlərin davam etməsini istəmir, qalan 12 ayın ödənişini edib avtomobili öz sahibliyinə keçirtmək istəmir. Məhkəmə hesab etmişdir ki, iddiaçı 24 ay ərzində avtomobildən istifadə etdiyinə görə ödədiyi pulu cavabdehdən istəyə bilməz. Bundan başqa, həmin pulların hamısını da iddiaçı özü ödəməmiş, bir qismini adına etibarnamə verilmiş X14 etmişdir.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəllənin 386.1, 1091 və 1092-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-3025/2024 saylı, 3 iyul 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qarşılıqlı iddia ərizəsi olmadığı halda hakim dönə-dönə cavabdehin əldən çıxmış gəlirini müdafiə etmiş, onun nə qədər qazanc itirdiyini vurğulamışdır. Bundan əlavə ona təqdim etdiyi saxta müqaviləni belə məhkəmə zalında həqiqi müqavilə kimi qəbul etdiyini bildirmiş, yekunda tərəfindən imzalandığını diqqətə çatırmışdır. Bundan əlavə cavabdeh məhkəməyə qədər ona könüllü olaraq 5000 AZN ödəniş etməyə hazır olduğunu bildirmiş bu barədə səs yazısı olsa da hakim buna da əhəmiyyət verməmişdir. Daha sonra məhkəmə zalında hakim tərəfindən vurğulanmışdı ki, guya o, avtomobili günü 20 AZN icarəyə verib. Bunun da heç bir sübutu olmadığı halda məhkəmə ancaq qərəzli olaraq cavabdehin maraqlarını qorumuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, maşın götürmək istədiyini Raminə demişdir. Ramin ilə maşın götürəcəyi, oğlu əsgər gedib-gələnə kimi işlədəcəyi barədə razılaşmışlar. Onun süücülük vəsiqəsi yoxdur. Maşının pulu 28 minə başa gəldi. Ramin dedi ki, narahat olma, “bu məsələ mənlikdir”. Ramin onun həm qonşusu olub, həm də özünü vəkil kimi tanıtmışdır. Onun işə bərpa məsələsində ərizəni Ramin yazıb, nümayəndəlik etmişdir. O, Raminə maşın almamışdır. İlkin ödəniş olaraq 1500 manat, daha sonra isə 36 ay ərzidə hər ay 750 manat olmaqla razılığa gəliblər. Sonda maşın adına keçəcəkdir. Maşını o almış, ödənişi də o etmişdir. 1700 manat əlində var idi. Onun 1500 manatını ilkin ödəniş qismində verdi, 80 manatını maşının yağı üçün verdi, 20 manatını etibarnamə üçün verdi. Hətta videogörüntü də var. Ramin hər ay 300 manat ödənişə köməklik edirdi. O da övladının aliment kartındakı məbləğlə Raminin verdiyi pulu üst-üstə qoyub biryerdə ödəniş edirdi. O, ayıq sürücü çağırıb maşını şirkətə arendaya vermək istəyirdi. Ramin ona dedi ki, şirkət maşınını pis günə qoyacaq. Şirkətə verməkdənsə ona versin, onsuz onun sürdüyü maşın da arendadır. O maşına öz maşını kimi baxacaq. Ayı 750 manatdır. 300 manatı Ramin ödəyib, 400 manatı o ödəmişdir. Axır-axırda heç Ramin pulu vermirdi. O, Vasiflə əlaqə saxlayanda dedi ki, Ramin pulu atacağını deyib, amma atmamışdır. Lazımdırsa, o, uşağının aliment kartını versin, özü ordan pul çəksin. Vasif dedi ki, bu kartın müddəti bitib, ödənişi başqa karta at. O da dediyi kimi digər karta pul köçürdü. Vasif hər dəfəsində onunla əlaqə saxlayırdı, o da qəbzləri atırdı. Ramin maşını sürdüyü halda ona pulu vermədi deyə onun maşını tələb etməyə ixtiyarı çatırdı. Vasifin onlarda 15 min manatla bağlı səsyazısı var. Maşının yağını o vurudu. Pul Vasifə çatırdı. Raminin sürdüyü maşının hərşeyini o qarşılayırdı. Özlərinin şərt qoyduğu yerdə maşının yağını dəyişdirirdi. 55-60 manatlıq yerdə yağ dəyişmək yerinə 80-85 manatlıq yerdə dəyişirdi. O, ondan sonra Vasifə zəng vurdu, Vasif telefonu götürmədi. Sonra qardaşına zəng vurdurdu, qardaşına dedi ki, sən kimsən ki, zəng vurursan. Ondan sonra qardaşı da zəng eləmədi. Bugünə qədər Vasifə ödənilmiş məbləğ 14500 manatdır, ilkin ödəniş 1500 manatdır. Maşın 2 ilə yaxın onda qaldı, heç 2 il olmadı. Orada Ağa da var, Vasif də var. Ona qarşı dələduzluq elədilər. Ramin tək onu yox, bir neçə adamı aldadaraq ölkədən qaçmışdır. Razışlaşmanın olmasını təsdiqləyən videogörüntü var, amma qarşı tərəfdədir, onlara verməyiblər. Onun qol çəkdiyi sənədi verməyiblər, videogörüntüdə var. Başqa sənədi veriblər. Axırıncı dəfə avqustun 15-i saxlatdırdılar, o vaxta kimi ödəyirdi. Çekləri məhkəməyə təqdim etmişdir. Əvvəlcə qarşı tərəf onlara demişdi ki, 10 gündən bir ödəniş edilsin. Onlar əvvəl o qaydada başlamışdı. Hesablayanda gəlib belə çıxır. Ramin ora heçnə ödəməyib, o ödəmişdir. Birinci instansiya məhkəməsində həmin səsyazısının yalnız özlərinə sərf edən tərəfini dinlətdilər, o isə bütöv səsi təqdim etdi. O, səsi vəkilinə təqdim etmişdi, lakin vəkili məsuliyyətsiz davranıb səsi telefonda dinlətmişdi. Birinci instansiya məhkəməsində səs yazılarına qulaq asmışdır. Bütün cərimələr Raminin üstünə gəlirdi. Maşını Ramin üçün almamışdı.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və Vəkil2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qarşı tərəf məsələni səmimi şəkildə danışmır. Xanım səsyazıda dəfələrlə üzr istəyir, bildirir ki, Ramin ödənişi edəcək. Maşın bütün bu müddət ərzində faktiki olaraq Ramində olub. İddiaçı da Ramin ilə bir yerdə gəlmişdir. Avtomobil bir növ Ramində sub-icarədə olmuşdur. Qarşı tərəfin Raminlə belə bir razılaşması olmuşdur ki, iddiaçı maşını götürüb Raminə verəcək, Ramin ödənişləri həyata keçirdəcək, yekunda maşın iddiaçıya qalacaqdır. Bununla bağlı təxmini 1 dəqiqəlik səsyazısı var. Xanım səsdə deyir ki, belə olmaz, Ramin deyir ki, “mən ödəniş edəcəm”. Ramin eyni anda həm icarə ödəyir, həm gəlir götürür. Onun fəaliyyət göstərdiyi vaxt “Toyota Prius” marka maşınlara tələb çox idi. Burada icarə şərtləri də pozulub. Əgər mülkiyyətçinin ortada heç bir maddi marağı yoxdursa, niyə avtomobili fasiləsiz olaraq 2 il müddətinə başqasının istifadəsinə versin? Azərbaycanda taksilər arasında belə bir qayda var ki, əgər fasiləsiz olaraq 3-4 il maşın üçün ödəniş edirsənsə, sonda maşın sənə qalır. Gündə ortalama 20-25 manat ödəniş etdikdə ay sonunda bu məbləğ 600-750 manat edir. Belə olan halda niyə 2 il müddətinə maşını başqasının istifadəsinə versin? Ödənişləri Ramin həyata keçirmişdir. Xanım hətta ona görə səsdə üzrxahlıq edirdi. Vasif bəy ödənişlə bağlı Durna xanımla əlaqə saxlayanda xanım bildirirdi ki, Ramin ödəniş edəcəkdir. İddiaçının subyektiv hüququ yoxdur. Qarşı tərəfin əsassız varlanma deyə qələmə vermək istədikləri ödənişlər Ramin tərəfindən həyata keçirilmişdir. Bu səsyazmalardan, screenshotlardan da bəllidir. Maşının 500 manatdan çox ödənilməmiş cəriməsi var idi. Aylıq ödənişlər Ramin tərəfindən davam etdirilsə idi, bəli, maşın Raminə verilərdi. Münasibətlər alqı-satqı deyil, icarə müqaviləsidir. İcarəyə götürüb, faktiki sahibliyində olub və istifadə edib. İcarə haqqını ödəyirsənsə, 1 ay rahat istifadə edə bilərsən. Durna xanımla təmsil etdiyi şəxs arasında hüquqi baxımdan tərəflər arasında heç bir münasibət yoxdur. İddiaçı Raminlə bir yerdə gəldi. Sonda maşının kimə qalacağı cavabdehə maraqlı deyildir, ödənişi etməkləri kifayət idi. Eyni zamanda maşının cərimələri, sürət qutusu və s. yararsız vəziyyətə düşmüşdür, onların heç biri ilə bağlı heç təzminat istəməmişdir. Maşının cərimələri 2000 manatı keçib, amma heç bir ödəniş olmamışdır. Maşının xərcləri 5000 manatı keçmişdir. Sürət qutusu sıradan çıxmış, mühərrik sisteminin əsaslı təmirə ehtiyacı vardır. Maşın indi də yararsız vəziyyətdə duracaqda qalır.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
20.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.
21.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
22. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
23. 1091.2-ci maddəsinə görə, əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cürvarlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermis sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. 1092.1-ci maddəsinə görə, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə onaqaytarmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
25.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 26.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. İddiaçının istinad etdiyi hallara görə, o, “Toyota Prius (Hibrid)” markalı 99HF798 dövlət qeydiyyat nişanlı avtomobili əldə etmək məqsədilə cavabdehə ilkin ödəniş olaraq 1.500 manat pul ödədiyi, 36 ay ərzində isə ayda 750 manat məbləğində ödəniş etməli olduğu, həmin avtomobilin öz razılığına əsasən X9 vasitəli sahibliyinə keçdiyi, avtomobilin mülkiyyətçisi tərəfindən sonuncunun adına etibarnamə verildiyi, daha sonra ödənişlərin bir hissəsinin onun tərəfindən, bir hissəsinin X14 tərəfindən ödənildiyi, ödənişlərin tam həyata keçiriləcəyi təqdirdə avtomobilin rəsmi olaraq adına qeydə alınacağına istinad etmişdir. Avtomobil cavabdeh tərəfindən geri alındığından iddiaçı ödədiyi pulun qaytarılmasını xahiş edir. Tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək məqsədilə məhkəməyə səs yazısını, Cavabdeh və X7 xeyrinə ödəniş “Milliön” ödəmə terminalları vasitəsilə müxtəlif tarixlərdə ödənişlərin edilməsini təsdiq edən qəbzləri, “wathsap” sosial şəbəkə vasitəsilə aparılmış yazışmanı, Nizami RPİ-nin 25-ci PŞ-yə etdiyi müraciəti təqdim emişdir.
29. Cavabdeh tərəf ödənişlərin edildiyini inkar etmir, lakin iddiaçı ilə onun arasında hər hansı öhdəlik hüquq münasibətlərinin yaranmadığını, avtomobili X9 istifadəsinə verdiyini, ödənişləri ondan aldığını, ödənişlərin aralarında olan razılaşmaya uyğun qaydada həyata keçiriləcəyi təqdirdə avtomobilin onun mülkiyyətinə keçəcəyini qeyd etmişdir.
30. Yuxarıda qeyd edilənlərə əsasən X9 istifadə etdiyi avtomobilin əldə olunması məqsədilə vəsaitin iddiaçı tərəfindən cavabdehə ödənildiyi halının mövcudluğu barədə qənaətə gəlmək mümkün deyildir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlar əsasında da onunla cavabdeh arasında öhdəlik hüquq münasibətlərinin yarandığını, yaranıbsa həmin münasibətlərin mahiyyətini, hansı məbləğdə ödəniş etdiyini, avtomobilin hansı səbəbdən X9 vasitəli sahibliyinə keçdiyini, etibarnamənin niyə sonuncunun adına tərtib edildiyini, “wathsap” sosial şəbəkə vasitəsilə aparılmış yazışmalarda cavabdehdən ödəniş etməsi üçün X10 möhlət verməsini xahiş etdiyini və s. kimi ziddiyyətli məqamlara aydınlıq gətirə bilməmişdir.
31. Qeyd edilməlidir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
32. İddiaçının təqdim etdiyi sübutlar əsasında isə iddiaçının “Toyota Prius (Hibrid)” markalı 99HF798 dövlət qeydiyyat nişanlı avtomobili məhz əldə etmək məqsədilə cavabdehə müvafiq məbləğdə pul verdiyi, bununla da onların arasında öhdəlik hüquq münasibətlərinin yarandığı halları öz təsdiqini tapmamışdır. Halbuki bu halı, yəni nəyinsə müqabilində pulun cavabdehə verildiyini sübut etmək yükünü iddiaçı daşıyır.
33. Beləliklə məhkəmə kollegiyası Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə istinadən qeyd edir ki, hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Çünki iddia tələblərinə uyğun gələn qanuni əsası kimi Mülki Məcəllənin müvafiq maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.
34. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir.
35. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
37. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3025/2024 saylı, 3 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev