Məhkəmə qərarları › İş №2(103)-5628/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5628/2021

26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5628/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair ilkin, iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı “müqavilənin xitam edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-177/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 28 yanvar 2015 il tarixli kredit müqaviləsi üzrə banka 8610.28 ABŞ Dolları əsas borc, 5366.47 ABŞ Dolları faiz borcu, 969.98 ABŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 28 fevral 2018 il tarixdən, 30 iyun 2020 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1019.9 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 15966.63 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə əlavə barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 28 yanvar 2015 il tarixli kredit müqaviləsi üzrə 11.122,79 ABŞ Dolları əsas borc, 5366.47 AbŞ Dolları faiz borcu, 969.98 AbŞ Dolları cərimə və kredit müqaviləsi üzrə 28 fevral 2018-ci il tarixdən 19.02.2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 1294,70 ABŞ Dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 18.753,94 ABŞ Dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı ASC-yə qarşı “28.01.2015-ci il tarixli zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 28.01.2015-ci il tarixli, 6MZ-5-0-146-15 saylı kredit müqaviləsinə bağlanmış 28.01.2015-ci il tarixli, 6MZ-5-0-146-15 saylı zaminlik müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-177/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, Cavabdeh1 28.01.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit müqaviləsi üzrə 8262,70 ABŞ dolları əsas, 4094,15 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə və illik 5% hesablanmaqla 1294,70 ABŞ dolları, cəmi 13.751,55 (on üç min yeddi yüz əlli bir ABŞ dolları, əlli beş sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulması, iddia qalan hissədə təmin olunmaması, qarşılıqlı iddia tələbinin təmin olunması, 28.01.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li bank hesab, kredit və zaminlik müqaviləsi üzrə Cavabdeh2 münasibətdə zaminliyə xitam verilməsi, ekspertiza xərci-50 (əlli) manat dövlət rüsumu Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, ekspertiza xərci-125 (yüz iyirmi beş) manat İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən aparılmış şəxsi hesablamalar üzrə cavabdehin faiz borcunun məbləği düzgün müəyyən edilməmişdir. Belə ki, işin materiallarından görünür ki, cavabdeh "xxxx" İKB ASC-dən 12.740 ABŞ dollan kredit almış və bu vaxtadək həmin kredit üzrə faiz borcundan cəmi 2624,15 ABŞ dolları məbləğində ödəniş aparmışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi cavabdehlə bank arasındakı 30.11.2015ci il tarixdə bağlanmış Əlavə Sazişi (prolonqasiyanı) nəzərə almamışdır. Həmçinin, qeyd olunanlara əsasən, cavabdehin faiz borcunun məbləği isə onun bankdan götürdüyü 12.740 ABŞ dollarına münasibətdə müəyyən edilməlidir. Cavabdeh1 Banka müraciət edərək ödənişdə çətinlik çəkdiyinə görə kredit borcunun qaytarılma müddətinin uzadılmasını xahiş etmişdir. Belə ki, 30 noyabr 2015-ci il tarixdə Bank Hesab, Kredit və Zaminlik müqaviləsinə Əlavə bağlanmışdır və bununla da kredit müqaviləsinin müddəti 28 fevral 2018-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 bankdan 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə yuxarıda qeyd edilən faiz məbləğini, yəni 2624,15 ABŞ dollarını nəzərə alsaq, belə olan halda, cavabdehin faiz borcunun məbləği 4094,15 ABŞ dollan təşkil edə bilməz. Qeyd olunanlara əsasən, cavabdehin faiz borcunun məbləği onun bankdan götürdüyü 12.740 ABŞ dollarına münasibətdə müəyyən edilməli idi. Lakin buna baxmayaraq məhkəmə tərəfindən cavabdehin faiz borcunun məbləğinin 4094,15 ABŞ dolları kimi müəyyən edilməsi isə anlaşılmazdır və faiz borcunun düzgün hesablanmamasının nəticəsi olaraq səhvdir. Məhkəmə iddia tələbinin zamin Cavabdeh2 tutulmasına dair hissəsini rədd edərkən, qətnamədə göstərir ki, “...bundan əlavə hazırki iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh2 28.01.2015-ci il tarixli 6-MZ-5-0-146- 15 №-li kredit müqaviləsinə 31.03.2015-ci il tarixli əlavə sazişi imzalamamış və kredit borcu üzrə üzərinə öhdəlik götürməmişdir. Müqavilə ilə nəzərdə tutulan halların zaminə münasibətdə mövcud olmamasına baxmayaraq, həmçinin 28 yanvar 2015-ci il tarixli 6-MZ-5-0-146- 15 №-li “Bank hesab, kredit və zaminlik” müqaviləsində qeyd edilən şərtlər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilməmiş hissəsində yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində də müəyyən edilmişdir ki, 28.01.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, "xxxx" X3 ilə borclu Cavabdeh1 arasında bank hesabı, kredit və zaminlik müqaviləsi imzalanmışdır. Həmin kredit müqaviləsi üzrə borcluya 12740 ABŞ dolları məbləğində illik 26% olmaqla 24 ay müddətinə kredit verilmiş, həmçinin Cavabdeh2 və borcalan Cavabdeh1 bank qarşısında öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdürlər. 28.01.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit və zaminlik müqavilələrinə 31.03.2015-ci il tarixli əlavədən görünür ki, 28.01.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit və zaminlik müqavilələri 28.01.2017-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 28.02.2018-ci il tarixədək uzadılmışdır. Həmin 31.03.2015-ci il tarixli əlavə saziş "xxxx" X3 borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında imzalanmışdır. Maliyyə arayışından (iş vər.: 102) müəyyən olunur ki, Cavabdeh1 28.01.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit müqaviləsi üzrə 11122.79 ABŞ dolları əsas borcu, 5366.47 ABŞ dolları faiz borcu, 969.98 ABŞ dolları cərimə borcu və əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) 1294.7 ABŞ dolları borcu vardır. Məhkəmə Ekspertiza Mərkəzinin 10.11.2020-ci il tarixli 4/910 nömrəli rəyindən görünür ki, Cavabdeh1 (borcalan) və Cavabdeh2 (zamin) adlarından olan 28.01.2015-ci il tarixli 6-MZ-5-0-146- 15 №-li Bank hesab, Kredit və zaminlik 31.03.2015-ci il tarixli Müqavilədə “Zamin Cavabdeh2” yazılarından aşağıdakı “imza” qrafasındakı imza- Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 22.12.2020-ci il tarixli 9/4627 nömrəli rəyindən görünür ki, Cavabdeh1 ilə "xxxx" X4 arasında bağlanmış 28.01.2015-ci il tarixli 6-MZ-5-0-146-15 №-li kredit müqaviləsi üzrə borcluların banka 11.122,79 ABŞ dolları əsas borcu və 3694,53 ABŞ dolları faiz borcu vardır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, kreditin qaytarılma müddəti ilkin olaraq 28.01.2017-ci il tarixə kimi müəyyən olunduğundan və Cavabdeh2 ilə zaminlik müqaviləsi 28.01.2017-ci il tarixə kimi bağlandığından, sonradan kredit müqaviləsinin müddəti uzadılsa da, zaminlik müqaviləsinin müddəti uzadılmadığından, zaminin razılığı olmadan həmin müqavilənin müddətinin artması onun üçün əlverişsiz nəticələrə səbəb olduğundan bankla Cavabdeh2 arasında imzalanmış 28.01.2015-ci il tarixli 6-MZ-5-0- 146-15 No-li zaminlik müqaviləsinə xitam verilməlidir. İddiaçı bankın Cavabdeh2 31.03.2015-ci il tarixli əlavə saziş üzrə iddia tələbi əsassızdır. İddia həmin hissədə təmin edilməməli, yalnız, Cavabdeh1 münasibətdə qismən təmin edilməlidir. İşdən göründüyü kimi, tərəflər arasında kredit və zaminlik müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini borcluya vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onların bank qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, cəriməni, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası əsas və faiz borcunun tutulması hissəsi ilə bağlı qətnaməyə hüquqi qiymət verərək bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma zamanı cavabdehin banka olan əsas və faiz borcunun məbləği məhkəmə tərəfindən aparılmış hesablamalar əsasında müəyyən edilmişdir. Buna baxmayaraq, apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/4482 saylı 03.08.2021-ci il tarixli ekspert rəyinə əsasən, 28.02.2018-ci il tarixə (müqavilə müddətinin sonuna) banka olan əsas kredit borcu 8872,95 ABŞ dolları, faiz borcu 5792,27 ABŞ dolları; 23.07.2020-ci il tarixə (iddia ərizəsi verilən tarix) 8296,56 ABŞ dolları əsas borc, 5792,27 ABŞ dolları faiz borcu, 1001,61 ABŞ dolları əldən çıxmış fayda; 26.02.2021-ci il tarixə (qətnamə qəbul edilən tarix) 8296,56 ABŞ dolları əsas borc, 5792,27 ABŞ dolları faiz borcu, 1247,05 ABŞ dolları əldən çıxmış fayda borcu müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş məbləğin hüquqi əsası olmadığından, cavabdehin iddiaçıya olan əsas borcu məhkəmə kollegiyasına təqdim edilmiş ekspert rəyi əsasında müəyyən edilməlidir. Həmin ekspert rəyinə uyğun olaraq, 23.07.2020-ci il tarixə (iddia ərizəsi verilən tarix) 8296,56 ABŞ dolları əsas borc, 5792,27 ABŞ dolları faiz borcu (müqavilə müddətinin sonuna) və iddiaçının 22.02.2021-ci il tarixdə iddia tələbinin həcmini artıraraq 1294.70 ABŞ dolları məbləğində əldən çıxmış faydaya görə pul vəsaitinin tələb edildiyini nəzərə alaraq, əldən çıxmış faydanın məbləği 1247,05 ABŞ dolları həddində müəyyən edilməlidir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə illik 5 faiz dərəcəsi ilə əldən çıxmış faydanın tutulması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (443.1 və 443.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq hesab edir ki, kredit müqaviləsi üzrə cərimə borcunun birinci instansiya məhkəməsi tərəfindən 100 ABŞ dolları məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli hesab edir. Məhkəmə kollegiyası zaminə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə zaminə münasibətdə düzgün qərar gəlmişdir. Belə ki, kreditin qaytarılma müddəti ilkin olaraq 28.01.2017-ci il tarixə kimi müəyyən olunduğundan və Cavabdeh2 ilə zaminlik müqaviləsi 28.01.2017-ci il tarixə kimi bağlandığından, sonradan kredit müqaviləsinin müddəti uzadılsa da, zaminlik müqaviləsinin müddəti uzadılmadığından, zaminin razılığı olmadan həmin müqavilənin müddətinin artması onun üçün əlverişsiz nəticələrə səbəb olduğundan bankla Cavabdeh2 arasında imzalanmış 28.01.2015ci il tarixli 6-MZ-5-0- 146-15 №-li zaminlik müqaviləsinə xitam verilməlidir. İddiaçı bankın Cavabdeh2 31.03.2015-ci il tarixli əlavə saziş üzrə iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Bundan başqa apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 372, 384-386, 388, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-177/2021 saylı, 26 fevral 2021-ci il tarixli qətnaməsi borc məbləğinin həcmi hissəsində dəyişdirilsin. İddiaçı ASC-nin xeyrinə Cavabdeh1 tutulmalı olan əsas borcun məbləği 8296,56 ABŞ dolları, faiz borcu 5792,27 ABŞ dolları və əldən çıxmış faydaya görə 1247,05 ABŞ dolları (ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnəsinə uyğun olaraq) müəyyən edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manat İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar