Məhkəmə qərarları › İş №2(103)-5628/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5628/2025

12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5628/2025 12.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruğu İdarəsi”nə və Cavabdeh1 QSC-yə qarşı mülki iş üzrə (Açar sözlər: ziyan) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-68/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi” tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 22 noyabr 2017-ci il tarixli İddiaçı ilə Cavabdeh2 DTMQ İdarəsi arasında bağlanmış müqaviləyə əsasən İddiaçı (mülkiyyətçi) Bakı şəhəri, Böyük Qala küçəsi 3 ünvanında yerləşən 3 nömrəli mənzildə aparılacaq təmir-bərpa və möhkəmləndirmə işləri ilə əlaqədar mənzili şəxsi əşyaları və digər əmlakı ilə birlikdə boşaldaraq Xidmətə təhvil verməyi, Xidmət isə təmir-bərpa işlərini görüb mənzili mülkiyyətçiyə təhvil vermək öhdəliyini üzərlərinə götürürlər.

2. 02 oktyabr 2019-cu il tarixli İddiaçı ilə Cavabdeh2 DTMQ İdarəsi arasında bağlanmış barışıq sazişinə əsasən Cavabdeh2 DTMQ İdarəsi öhdəsinə götürür ki, Bakı şəhəri, Böyük Qala küçəsi 3 ünvanında yerləşən 3 nömrəli mənzildə binanın bərpagücləndirmə işləri zamanı heç bir ziyan dəyməyəcək.

3. Sazişin 1.2-ci bəndinə əsasən Cavabdeh2 DTMQ İdarəsi öhdəsinə götürür ki, binanın bərpa-gücləndirmə işləri Sazişin imzalandığı tarixdən 10 ay müddətində yüksək standartlara cavab verən formatda tam yekunlaşacaq.

4. 13 aprel 2018-ci il tarixli “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi” (Sifarişçi) ilə Cavabdeh1 MMC (İcraçı) arasında bağlanmış mallar üzrə satınalma müqaviləsinə əsasən Sifarişçi 2018-ci ildə ünvan 1 ünvanında yerləşən yaşayış binalarının fasadlarında üzlük daşlarının sökülüb yenisi ilə əvəz olunması və bərpa gücləndirmə işlərinin satın alınması üçün İcraçının ƏDV daxil 1,668192.31 manat məbləğində tender təklifini qəbul edir.

5. Müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı Sifarişçiyə satın alınan 2018-ci ildə ünvan 1 ünvanında yerləşən yaşayış binalarının fasadlarında üzlük daşlarının sökülüb yenisi ilə əvəz olunması və bərpa gücləndirmə işlərinin müqavilənin icra müddəti müqavilə bağlandığı gündən 5 ay müddətində xx.xx.2018-ci il tarixi daxil olmaqla müəyyən edilir.

6. Müqavilənin 18.3-cü bəndinə əsasən İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, Sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və İcraçıya ödəniləcək məbləğdən çıxır.

7. 03 aprel 2023-cü il tarixli İddiaçı (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında bağlanmış müqaviləyə əsasən Sifarişçi mənzil təmiri xidmətlərinin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin müəyyən etdiyi qaydada Mənzil təmiri xidmətləri göstərməyi öhdəsinə götürür.

8. İddiaçı tərəfindən “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”nə ünvanlanmış müraciətdə qeyd edilir ki, 02 oktyabr 2019-cu il tarixli İddiaçı ilə Cavabdeh2 DTMQ İdarəsi arasında bağlanmış barışıq sazişinin evin təmiri ilə əlaqədar hissəsi yarımçıq və keyfiyyətsiz icra edilmişdir. Evin və ona bitişik evin təmirini həyata keçirən təşkilatın gördüyü keyfiyyətsiz, əksər hallarda yarıtmaz işi barədə Qoruq İdarəsinə məlumat verib kömək istənilsə də, heç bir nəticəsi olmamışdır. Narazı qalınan işlərin foto şəkillərini və video çəkilişlərini Qoruq İdarəsinin məsul şəxslərinə təqdim etdikdən sonra onlar mənzilə baxış keçirmişlər. Nöqsanların aradan qaldırılması üçün podratçı təşkilata tapşırılq verəcəklərinə söz versələr də, bu elə söz olaraq qalmışdır.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”nə və Cavabdeh1 QSC-yə qarşı “ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 36235,55 manat məbləğində maddi zərərin, 10.000 manat məbləğində mənəvi zərərin, 520 manat vəkil xərcinin və 230 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 Dövlət Tarixi- Memarlıq Qoruğu İdarəsi tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın təmir-bərpa və möhkəmləndirmə işləri ilə bağlı sakinlərlə mənzilin boşaldılması və təhvil verilməsi haqqında müqavilə bağlanılmışdır. İddiaçıya məxsus və həmin binada yerləşən 3 nömrəli mənzil tərəfimdən 22 noyabr 2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinə təhvil verilmiş və aylıq kirayə haqqı 1000 (bir min) manat müəyyən edilmişdir. Kirayə haqqının ödənilməsi ilə bağlı yaranmış problem həll edilmişdir. Lakin müqavilə şərtlərinə uyğun olaraq mənzilin təmiri 18 aya başa çatdırılmalı olduğu halda buna əməl edilməmiş və mənəvi-psixoloji əziyyətlərə düçar edilmişdir. Səbail rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciətindən sonra yaranmış problemin həlli üçün Cavabdeh2 Qoruq İdarəsi ilə uzun müzakirələr nəticəsinə 02 oktyabr 2019-cu ildə Barışıq Sazişi bağladılar və təmir-bərpa işləri aparılmağa davam etdi. Həmin Sazişin 1.1.-ci bəndinə əsasən təmir-bərpa və gücləndirmə işləri zamanı mənzildə hər hansı zədənin təsirindən çat və ya kostruktiv dəyişiklik baş verdiyi təqdirdə Cavabdeh2 Qoruq İdarəsi mənzili yenidən tam və əsaslı bərpa edəcək. Belə ki, Cavabdeh2 Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin sifarişi əsasında ona məxsus mənzilin yerləşdiyi evin və ona bitişik evin təmirini həyata keçirən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) adlı təşkilatın gördüyü keyfiyyətsiz, əksər hallarda yarıtmaz işi barədə Cavabdeh2 DTMQİ-nin rəhbərliyinə dəfələrlə məlumat verib kömək istəsə də heç bir nəticəsi olmamışdır. Bildirir ki, Cavabdeh1 QSC-nin təmir-bərpa işləri zamanı mənzilinə ciddi ziyan vurulmuş və ziyanın aradan qaldırılması üçün dəfələrlə QSC-nin və Qoruq İdarəsinin rəhbərliyi ilə görüşüb tələblərini çatdırsa da tələblərinə məsuliyyətsiz yanaşılıb. Narazılığını təsdiq edən foto şəkilləri və video çəkilişləri Qoruq İdarəsinin məsul şəxslərinə təqdim etdikdən sonra onlar məxsus mənzilə baxış keçirmiş və dediklərində haqlı olduğunun şahidi olmuşlar. Ona həmin ziyanların aradan qaldırılması üçün podratçı təşkilata tapşırıq verəcəklərini və işin qısa müddətdə başa çatdırılmasına nəzarət edəcəklərinə söz versələr də, bu elə söz olaraq qaldı. Evi olduğu halda uzun müddət kirayələrdə yaşaya bilməzdi. Eyni zamanda bildirir ki, bu səbəbdən 2022-ci ilin oktyabr ayının 01-də evə köçməli olduğu halda, yalnız səkkiz ay sonra, yəni xx.xx.2023-cü il tarixdə mənzilə köçə bilmişdir. Qoruq İdarəsinin uzun müddət hərəkətsizliyindən təngə gəlib evə vurulmuş ziyanın aradan qaldırılması məqsədilə "xxxx" MMC (VÖEN **********) ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlamaq məcburiyyətində qaldı. "xxxx" MMC tərəfindən 05 aprel 2023-cü il tarixdə görülməli işlərin smetası tərtib olundu və işlərin dəyəri 36235,55 manat qiymətləndirildi. "xxxx" MMC iki ay ərzində mənzilin təmirini başa çatdırdı və görülmüş işlərin dəyəri olan 36235,55 manat məbləğində pul vəsaiti Müqavilənin 4.4-cü bəndinə əsasən tərəfimdən 2024-cü ilin fevral ayının 15-dək MMC-yə ödənilməli idi. Lakin bu günədək həmin vəsaiti MMC-yə ödəyə bilməmişdir. Cari ilin yanvar ayının 22-də Cavabdeh2 Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri cənab Şahin Seyidzadəyə podratçı təşkilat olan Cavabdeh1 QSC-nin vurduğu 36235,55 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənilməsi məqsədilə verilməsinə göstəriş verməyi xahiş etsə də, nəinki pul köçürüldü, heç müraciətinə cavab belə verilmədi. Bu müddət ərzində mənəvi və psixoloji sarsıntılardan səhhətində ciddi problemlər yarandı. Hüquqlarının müdafiəsi üçün Vəkil Bürosu ilə müqavilə bağlayaraq 520,00 manat xidmət haqqı və məhkəməyə 230,00 manat dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır.

11. Cavabdeh2 DTMQ İdarəsi etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001 -ci il tarixli 132 nömrəli Qərarına əsasən Böyük Qala küçəsi, 3 saylı yaşayış evi (inventar № 2124) yerli əhəmiyyətli tarix və memarlıq abidələri siyahısına daxil edilmişdir. Böyük Qala küçəsi ev 5 və 3 saylı ünvandakı yaşayış binaları qəzalı vəziyyətə düşməsi müəyyən edilmişdir. Bu səbəbdən də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin verdiyi müvafiq rəyə əsasən Böyük Qala küçəsi ev 5 ünvanında regenerasiya, ev 3 ünvanında isə bərpa-gücləndirmə işlərinin aparılmasının zəruri olduğu bildirilmişdir (qəzalı evlər). Bu məqsədlə dövlət vəsaiti ayrılmış, layihə-smeta sənədləri hazırlanaraq təsdiqlənmişdir. “Dövlət satınalma haqqınada” qanuna əsasən tender keçirilib və qalib "xxxx" MMC ilə A-02 saylı, xx.xx.2018-ci il tarixli Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsi bağlanılıb. Böyük Qala küçəsi, ev 3 və 5 saylı yaşayış binalarında regenerasiya bərpa-gücləndirmə işləri satınalma müqaviləsinə əsasən podratçı təşkilat "xxxx" MMC tərəfindən aparılmışdır. Məlumat üçün bildirilir ki, Böyük Qala küçəsi, ev 5 ünvanında regenerasiya və ev 3 saylı ünvanda yerləşən binanın bərpagücləndirmə işlərinə başlanılmasının əsas səbəblərindən biri də sakinlər tərəfindən abidələrdə qanunsuz (özbaşına) tikililər aparılaraq əlavə yükləmələri olmuşdur. Böyük Qala küçəsi ev 5 ünvanında regenerasiya işləri bitdikdən sonra oradakı mənzillərin təmir edilərək sakinlərə təhvil verilməsi nəzərdə tutulmuşdur. Böyük Qala küçəsi ev 3 saylı ünvanındakı binada bərpa-gücləndirmə işləri aparılmış və oradakı mənzillərin (vətəndaş İddiaçı mənzili daxil olmaqla) təmir işlərinin aparılması nəzərdə tutulmamışdır. Böyük Qala küçəsi, ev 3 və 5 saylı ünvanlarda yerləşən hər iki yaşayış binalarında görülməsi nəzərdə tutulmuş işlər barədə vətəndaşlar məlumatlandırılmışlar. Buna baxmayaraq Tikintidə X3 Agentliyi ilə birgə baxış zamanı 3 və 5 ünvanlarında bütün ailələrin köçdüyünü, həmin dövrdə yalnız onun yeganə sakin olaraq İddiaçı köçməyinə dair razılıq bildirməmişdir. Vətəndaş İddiaçı ilə Cavabdeh2 Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi xx.xx.2019-cu il tarixdə (bir ildən sonra) Məhkəmə qərarı əsasında xx.xx.2019-cu il tarixində barışıq sazişini bağlanmışdır. Barışıq sazişinə əsasən İdarə binanın bərpa-gücləndirmə işlərinin bərpa işləri tam yekunlaşacaq vaxta qədər İddiaçı hər ay 1000 manat kirayə haqqı ödənilməsini öz öhdəliyinə götürmüşdür. Vətəndaş tərəfindən 1 (bir) ildən çox törədilən maneələr səbəbindən, 2019- 2020-ci illərdə Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar bərpa-gücləndirmə işlərinin nəzərdə tutulmuş zamanda başlanması mümkün olmamışdır. Böyük Qala küçəsi, ev 3 və 5 saylı yaşayış binalarında regenerasiya və bərpa- gücləndirmə işləri yekunlaşdıqdan sonra mülkiyyətçilər mənzillərini təhvil almışdılar. Vətəndaş İddiaçı binada aparılmış bərpa-gücləndirmə işləri zamanı ona məxsus mənzilə ziyan dəyməsindən narazılığını bildirmişdir. Böyük Qala küçəsi ev 5 ünvanında regenerasiya işləri bitdikdən sonra oradakı mənzillərin təmir edilərək sakinlərə təhvil verilməsi nəzərdə tutulmuşdur. Böyük Qala küçəsi ev 3 saylı ünvanındakı binada bərpagücləndirmə işləri aparılmış və oradakı mənzillərin (vətəndaş İddiaçı mənzili daxil olmaqla) təmir işlərinin aparılması nəzərdə tutulmamışdır. Böyük Qala küçəsi, ev 3 və 5 saylı ünvanlarda yerləşən hər iki yaşayış binalarında görülməsi nəzərdə tutulmuş işlər barədə vətəndaşlar məlumatlandırılmışlar. Buna baxmayaraq Tikintidə X3 Agentliyi ilə birgə baxış zamanı 3 və 5 ünvanlarında bütün ailələrin köçdüyünü, həmin dövrdə yalnız onun yeganə sakin olaraq İddiaçı köçməyinə dair razılıq bildirməmişdir. Vətəndaş İddiaçı ilə Cavabdeh2 Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi xx.xx.2019-cu il tarixdə (bir ildən sonra) Məhkəmə qərarı əsasında barışıq sazişini bağlanmışdır. Barışıq sazişinə əsasən idarə binanın bərpa-gücləndirmə işlərinin bərpa işləri tam yekunlaşacaq vaxta qədər İddiaçı hər ay 1000 manat kirayə haqqı ödənilməsini öz öhdəliyinə götürmüşdür. Vətəndaş tərəfindən 1 (bir) ildən çox törədilən maneələr səbəbindən, 2019-2020-ci illərdə Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar bərpagücləndirmə işlərinin nəzərdə tutulmuş zamanda başlanması mümkün olmamışdır. Böyük Qala küçəsi, ev 3 və 5 saylı yaşayış binalarında regenerasiya və bərpa- gücləndirmə işləri yekunlaşdıqdan sonra mülkiyyətçilər mənzillərini təhvil almışdılar. Vətəndaş İddiaçı binada aparılmış bərpa-gücləndirmə işləri zamanı ona məxsus mənzilə ziyan dəyməsindən narazılığını bildirmişdir. Böyük Qala küçəsi, ev 3 və 5 saylı yaşayış binalarında regenerasiya bərpa- gücləndirmə işləri satınalma müqaviləsinə əsasən podratçı təşkilat "xxxx" MMC tərəfindən aparılmışd. İddiaçı heç bir səbəb olmadan onun şərəf və ləyaqətinin təhqir edilməsini iddia edir. Belə ki, 7 saylı xx.xx.2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarına əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Əlavə olaraq, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları 10000,00 manat məbləğində formada qiymətləndirməsi reallığa uyğun olmamışdır. İddiaçı iddiasında hüquqi əsası olmadan Cavabdeh2 Dövlət Tarixi- Memarlıq Qoruğu İdarəsi tərəfindən dəymiş zərər barədə tərəfindən imzalanmış müqaviləyə istinad edib. Belə ki təqdim olunan 22.11,2017- ci il tarixli Böyük Qala küçəsi, 3 ünvanındakı qəzalı vəziyyətdə olan binada təmir-bərpa və möhkəmləndirmə işləri ilə bağlı sakinlərin əşyaları ilə birlikdə mənzilin boşadılması və təhvil verilməsi haqqında müqavilədə Cavabdeh2 Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidməti “Xidmət” tərəfindən imzalanmayıb . Bununla da, qeyd olunan müqaviləni bildirməsi heç bir rəsmi sübutlara istinad edilmir. İddiaçının göstərdiyi 46985,55 manat dəymiş zərərin ödənilməsi əsassız və reallığa uyğun deyil. Belə ki, Cavabdeh1 MMC gördüyü işləri zamanı damın üstündən sement məhlulun evə tökülməsi olub.

12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-68/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddianın qismən təmin edilməsi, 31,058 manat məbləğində maddi zərərin əvəzinin və hüquqi yardım göstərilməsi üçün ödənilmiş pul vəsaitinin 250 manat hissəsinin “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”ndən tutulub İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun 120 manat hissəsinin “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”ndən tutulub İddiaçı ödənilməsi, Azərbaycan Respublikası "xxxx" MMC-nin hesabına İddiaçı tərəfindən köçürülmüş 300 manat vəsaitin 150 manat hissəsinin “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”ndən tutulub İddiaçı ödənilməsi, xx.xx.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin 50 manat hissəsinin İddiaçı, 50 manat hissəsinin isə “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi”ndən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEMVÖEN ********** X2 VÖEN ********** Kod: 210005 Müxbirhesabı 41nABZ********************, hesab AZ34CTRE********************,S.W.İ.F.T. Bik:CTREAZ22) köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2, 385.1, 442, 443.1, 1096, 1097.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 115.0.6, 119.1, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən cavabdeh “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi” apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçı zərərin CONCO QSC tərəfindən vurulduğunu iddia edir və məhkəmə də qətnamədə zərərin delikt səbəbilə vurulduğunu müəyyən edir. Lakin məhkəmə iclas protokollarından da aydın olacağı kimi delikti törədən CONCO QSC heç bir məhkəmə iclasında təmsil olunmamışdır və məhkəmə tərəfindən də bununla bağlı heç bir tədbir görülməmiş, işə əsas cavabdehin iştirakı olmadan, bütün faktları qiymətləndirmədən baxmış və qətnamədə bu məsələyə ümumiyyətlə münasibət bildirməmişdir. İşin faktiki hallarından da göründüyü kimi məhkəmə dəymiş ziyanın miqdarını müəyyənləşdirərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən sözügedən ünvanda Azinqrup MMC-nin gördüyü təmir işlərinin dəyərinin müəyyən olunması üçün aparılan tikinti-texniki ekspertizası üzrə ekspert rəyinə əsaslanmışdır. Lakin bu sübut hərtərəfli və tam qiymətləndirilməmişdir. Belə ki, ekspert rəyində göstərilən təmir işlərinin həqiqətən də CONCO QSC tərəfindən vurulmuş zərərə görə aparılıb aparılmadığı müəyyən olunmamış və bununla bağlı hər hansı sübut təqdim və tədqiq olunmadan qərar verilmişdir. Həmçinin Mülki Məcəllənin 1096.1-ci maddəsində tələb olunan səbəb-nəticə əlaqəsi sübut olunmuşdur. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzilkommunal və təmir Xidməti ilə iddiaçı arasında bağlanmış 22 noyabr 2017-ci il tarixli müqavilədən və İdarə ilə CONCO MMC arasında bağlanmış 13 aprel 2018-ci il tarixli müqavilədən də göründüyü kimi sözügedən təmir işləri memarlıq abidəsi olan və qəzalı vəziyyətdə binanın bərpası və möhkəmləndirilməsi məqsədilə aparılmışdır. Məhkəmənin qət etdiyi zərərin məbləği isə məhkəmə tikinti-texniki ekspertizasının və məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələri əsasında müəyyən olunmuşdur. Bu eksperteiza isə Azinqrup MMC tərəfindən görülmüş təmir işlərinin məbləğini müəyyən etmişdir. Lakin binanın təmirdən əvvəl qəzalı vəziyyətdə olduğunu nəzərə alaraq sözügedən mənzilin CONCO QSC tərəfindən aparılan bərpa və möhkəmləndirmə işlərindən əvvəl hansı vəziyyətdə olduğu zərərə məhz CONCO QSC tərəfindən aparılan işlərin səbəb olduğu və əgər səbəb olmuşdursa hansı həcmdə səbəb olduğu aydınlaşdırılmamışdır. Beləliklə, məhkəmə tərəfindən baş vermiş zərərlə ona səbəb olduğu iddia edilən CONCO QSC tərəfindən aparılan bərpa və möhkəmləndirmə işləri arasaındakı səbəb-nəticə əlaqəsi aydınlaşdırılmamış və əsassız olaraq iddiaçının özünün sifarişi əsasında Azinqrup MMC tərəfindən görülmüş təmir işləri əsasında ekspertiza rəyinə uyğun olaraq zərər məbləği müəyyən olunmuşdur. Məhkəmə zərərin əvəzinin ödənilməsi öhdəliyini iddia olunan delikti törədən CONCO QSC-nin deyil, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin üzərinə qoymuşdur. Məhkəmə hazırki iş üzrə məhz hansı qanunda müəyyən olunan konkret hala istinad etdiyini bildirməyib və iddia olunan delikti törətmiş CONCO QSC-ni ümumiyyətlə məsuliyyətə cəlb etməmişdir. Hazırki halda İdarə ilə iddiaçı yalnız müqavilə münasibətlərində olmuşlar və nə İdarə, nə də onun əməkdaşları tərəfindən hər hansı delikt törədilməmişdir. Həmçinin belə bir deliktin törədilməsi də sübuta yetirilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iştirak edən cavabdeh “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edir.

18. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş edir.

19. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh CONCO QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

21. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

24. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

25. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Maddə 384.0.1. apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Hazırki halda, cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, iddia qismən təmin edildiyindən qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-68/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

36. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

37. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

38. Hazırkı mülki işin müəyyən edilmiş hallarından məlum olur ki, 22 noyabr 2017-ci il tarixli İddiaçı ilə Cavabdeh2 DTMQ İdarəsi Mənzil-kommunal və təmir xidməti arasında bağlanmış müqaviləyə əsasən İddiaçı (mülkiyyətçi) Bakı şəhəri, Böyük Qala küçəsi 3 ünvanında yerləşən 3 nömrəli mənzildə aparılacaq təmir-bərpa və möhkəmləndirmə işləri ilə əlaqədar mənzili şəxsi əşyaları və digər əmlakı ilə birlikdə boşaldaraq Xidmətə təhvil verməyi, Xidmət isə təmir-bərpa işlərini görüb mənzili mülkiyyətçiyə təhvil vermək öhdəliyini üzərlərinə götürmüşlər. Bundan sonra iddiaçı mənzili cavabdehə təhvil verib, tərk etmişdir. Daha sonra iddiaçı Qoruq İdarəsinin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi səbəbindən məhkəməyə müraciət etmiş və məhkəmənin gedişində tərəflər arasında barışıq sazişi imzalanmışdır. Sazişə əsasən Cavabdeh2 DTMQ İdarəsi öhdəsinə götürmüşdür ki, Bakı şəhəri, Böyük Qala küçəsi 3 ünvanında yerləşən 3 nömrəli mənzildə binanın bərpa-gücləndirmə işləri zamanı iddiaçıya məxsus mənzilə heç bir ziyan dəyməyəcək və Cavabdeh2 DTMQ İdarəsi 10 ay müddətində təmirbərpa işlərini standartlara cavab verən formatda yekunlaşdırıb iddiaçıya təhvil verəcəkdir. İddiaçı cavabdehin barışıq sazişinin şərtlərinə əməl etmədiyini görüb həmin saziş üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə sözügedən qərar ləğv edilmişdir. Məhkəmə belə nəticəyə gələrkən qeyd etmişdir ki, borclu tərəfindən barışıq sazişi icra edilməmişdir. Cavabdeh2 DTMQ İdarəsinin müqavilə şərtlərinə əməl etmədiyini görən iddiaçı dəfələrlə bununla əlaqədar Qoruq İdarəsinə müraciət etməsinə baxmayaraq müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra iddiaçı Cavabdeh2 DTMQ İdarəsinin sifarişi əsasında görülən işlər nəticəsində ona məxsus əmlaka dəymiş zərərin aradan qaldırılması və nəhayət evinə köçüb yaşaya bilməsi üçün öz təşəbbüsü ilə başqa bir tikinti şirkəti ilə müqavilə bağlayaraq evində təmir-bərpa işləri aparmışdır.

39. Hazırki iş üzrə mübahisələndirilən hal ondan ibarətdir ki, Cavabdeh2 DTMQ İdarəsi birinci instansiya məhkəməsinin zərərin əvəzinin ödənilməsi öhdəliyini İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin üzərinə qoyulmasını mübahisələndirir.

40. Kollegiya qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər.

41. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus evə dəymiş zərər Cavabdeh2 DTMQ İdarəsinin təqsiri nəticəsində yaranmışdır. Belə ki, İdarə iddiaçı ilə müqavilə bağlayaraq ona məxsus mənzili təmir-bərpa üçün ondan təhvil almasına baxmayaraq, müqavilə ilə razılaşdırılmış müddət daxilində, habelə həmin müddət bitdikdən sonra da müqavilə ilə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı yarımçıq qalmış və keyfiyyətsiz görülmüş işlərin nəticələrini aradan qaldırmaq üçün başqa bir tikinti şirkəti ilə müqavilə bağlamağa məcbur olmuş və lüzumsuz olaraq maddi zərərə məruz qalmışdır.

42. Belə ki, AR MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Həmin ünsürlərdən hər hansı birinin aşkar edilməməsi deliktə söykənən tələbin rədd edilməsi üçün əsasdır.

43. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, iddiaçının tələbinin yalnız Cavabdeh2 DTMQ İdarəsinə münasibətdə təmin edilməsi əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı mənzilini təmir üçün məhz Cavabdeh2 DTMQ İdarəsinə təhvil verib, məhz ondan təhvil almağı razılaşdırmışdır. Bundan sonra isə Qoruq İdarəsi tender keçirilməsi yolu ilə İcraçı ilə müqavilə bağlayaraq işin görülməsini Cavabdeh1 MMC -yə tapşırmışdır. İşin keyfiyyətli görülməsində Cavabdeh1 MMC Qoruq İdarəsinin qarşısında məsuliyyət daşımışdır. Belə ki, iş materiallarında olan Qoruq İdarəsi ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin 18.3-cü bəndindən də görünür ki, tərəflər razılaşırlar ki, İcraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, Sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və İcraçıya ödəniləcək məbləğdən çıxır. Yəni ki tikinti şirkəti müqavilə öhdəlikləri üzrə məhz Qoruq İdarəsi qarşısında məsuliyyət daşıyır. Belə olan halda iddiaçıya dəymiş maddi zərərin əvəzi Cavabdeh2 DTMQ İdarəsindən tutulmalıdır.

44. Kollegiya zərərin əvəzi kimi ödənilməli olan məbləğə münasibətdə aşağıdakıları qeyd edir:

45. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyində qeyd olunur ki, ünvan 3 ünvanında yerləşən 3 saylı mənzildə müxtəlif növ tikintitəmir və quraşdırma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 27,504 manat məbləğində müəyyən olunur. Rəydə qeyd olunmuşdur ki, video müşahidə sistemlərinin dəyərini müəyyən etmək məsələsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlərə aid olmadığından həmin hissə üzrə tədqiqat aparılmır.

46. Birinci instansiya məhkəməsi video müşahidə sistemlərinin dəyərini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası “X4” MMC-nin 01 aprel 2025-ci il tarixli rəyində qeyd edilir ki, ünvan 3 ünvanında yerləşən 3 saylı mənzildə quraşdırılmış videomüşahidə sistemlərinin dəyəri 3554 manat təşkil edir.

47. Kollegiya ekspert rəyinin əsaslılığını və bitərəfliliyini əsas götürərək hesab edir ki, məhkəmə ümumilikdə 31,058 (27,504+3554) manat məbləğin zərərin əvəzinin Cavabdeh2 DTMQ İdarəsindən tutulmalı olması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarında bunun əksini təsdiq edən sübut müəyyən edilmir.

48. Kollegiya apellyasiya şikayətinin digər cavabdeh CONCO QSC-nin məhkəmə iclasında izahatının alınmamasına münasibətdə qeyd edir ki, qeyd edilən cavabdeh tərəf məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəfindən proses iştirakçılarını məlumatlandırma vəzifəsi yerinə yetirilmişdir. Bununla belə bu hal Cavabdeh2 DTMQ İdarəsinin hazırki iş üzrə sübut edilmiş hal olan - dəymiş maddi zərərin əvəzinin ondan tutulmasını istisna etmir.

49. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Kollegiya məhkəmə xərclərinə münasibətdə hesab edir ki, bu hissədə də məhkəmənin gəldiyi nəticə əsaslıdır. Həmçinin , hazırki halda apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh “İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-68/2025 saylı, 18 aprel 2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar