Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5629/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı “xxxxxx” İKB ASC-nin (indiki adı “xxxxxxxxx” ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(008)-114/2020 saylı qətnaməsindən iddiaçı “xxxxxxxxx” ASC və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxx” İKB ASC əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «xxxxxx» İKB ASC-nin xeyrinə 16545,88 ABŞ dolları əsas borc, 6047,23 ABŞ dolları faiz borcu, 4741,55 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 27334,66 ABŞ dolları məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə «xxxxxx» X2 ASC arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 28 faiz olmaqla 19000 ABŞ dolları məbləğində kredit vermişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə borcalan və bank arasında xx xxxxxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında xx xxxxx 2015-ci il tarixdə və xx xxx 2015-ci tarixdə kredit və zaminlik müqavilələrinə əlavələr imzalanmaqla kredit müqaviləsinin müddəti 36 ay 7 gün, illik faiz dərəcəsi 26% müəyyən edilmişdir. Cavabdehlər müqavilə üzrə öhdəliklərini icra etməmiş və nəticədə 16545,88 ABŞ dolları əsas borc, 6047,23 ABŞ dolları faiz borcu, 4741,55 ABŞ dolları məbləğində dəbbə pulu borcu yaranmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 16545,88 ABŞ dolları əsas borc, 6047,23 ABŞ dolları faiz borcu, 4741,55 ABŞ dolları dəbbə pulu, cəmi 27334,66 ABŞ dolları məbləğində borcun (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla manatla) və 20 manat dövlət rüsumunun tutularaq “xxxxxx” İKB ASC-yə ödənilməsi əmr edilmişdir. Borclu Cavabdeh1 məhkəmə əmrinə etiraz edərək məhkəmə əmrinin ləğv edilməsini xahiş etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərardadı ilə həmin məhkəmə əmri ləğv edilərək, ümumi iddia icraatına keçirilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(008)- 114/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16545,88 ABŞ dolları əsas borc, 3091,67 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 19737,55 ABŞ dolları məbləğində borcun (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla manatla) və 20 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı “xxxxxxxxx” ASC apelyasiya şikayəti verərək qətnamənin qismən, cavabdehlərdən faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə faiz və cərimə borcunu düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə cavabdehin banka olan faiz borcunu öz şəxsi hesablamalarına əsasən 3091,67 ABŞ dolları məbləğində müəyyən etmiş, cərimə məbləğini isə tənasübsüz olaraq azaldıb 100 ABŞ dolları məbləğində müəyyən etmişdir. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Cavabdeh2 da qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ona aid hissədə ləğv edilib zaminliyə xitam verilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zaminlik müqaviləsinin bağlandığı tarixdən 2 ildən artıq müddət keçdiyinə və həmin müddətdə kreditor zaminə qarşı tələb irəli sürmədiyinə görə zaminliyə xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçı və cavabdehlər məhkəmə iclasına heç bir üzrlü səbəb göstərmədən gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onlarıniştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddiaçı “xxxxxxxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(008)-114/2020 saylı qətnaməsi faiz borcuna dair hissədə ləğv edilməli, həmin hissədə iddia tam təmin edilməli, Cavabdeh2 apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan sənədlərdən görünür ki, xx xxxxxxx 2014-cü il tarixli 22-M-0- 1-1320-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsi ilə “xxxxxx” X2 ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 28 % müəyyən edilməklə 19000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə zaminlik öhdəliyi götürmüşdür. xx xxxxxxx 2014-cü il tarixli 22-M-0-1-1320-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə edilmiş xx.xx.2015-ci il tarixli əlavədən görünür ki, “xxxxxx” X2 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 22-M-0-1-1320-14 saylı müqavilənin müddəti 36 ay 7 gün, illik faiz dərəcəsi 26%, kreditin bağlanma tarixi xx xxxxxxx 2017-ci il müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə banka 16545,88 ABŞ dolları əsas borc, 6047,23 ABŞ dolları faiz borcu, 4741,55 ABŞ dolları cərimə borcu vardır. İş materiallarında olan xx xxxxxxx 2014-cü il tarixli 22-M-0-1-1320-14 saylı kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən Cavabdeh1 müqavilə şərtlərinə əsasən banka 19000 ABŞ dolları əsas borc, 6029,17 ABŞ dolları məbləğində faiz borcu ödəməlidir. İş materiallarında olan xx xxxxxxx 2014-cü il tarixli 22-M-1-0-1320-14 saylı kredit müqaviləsinə xx xxx 2015-ci il tarixli əlavənin ödəniş cədvəlinə əsasən Cavabdeh1 “xxxxxx” X2 ASC-yə 16569,35 ABŞ dolları əsas borc, 6354,18 ABŞ dolları məbləğində faiz borcu ödəməlidir. Birinci instansiya məhkəməsində işə baxılarkən təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixə (maliyyə arayışında tələb olunan tarixə) “xxxxxx” İKB ASC-yə olan borcu 22593,11 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən əsas borc 16545,88 ABŞ dolları, faiz borcu isə 6047,23 ABŞ dolları məbləğindədir. Borclu tərəfindən cəmi 5716,63 ABŞ dolları məbləğində ödəniş aparılmış, bu məbləğdən 2454,12 ABŞ dolları əsas borcun, 3262,51 ABŞ dolları isə faiz borcunun ödənilməsinə yönəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində faiz borcunun 3091,67 ABŞ dolları təşkil etməsi barədə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyindən görünür ki, Cavabdeh1 “xxxxxx” İKB ASC-yə olan borcundan 5716,63 ABŞ dolları məbləğində ödəniş etmişdir ki, həmin pulun da 3262,51 ABŞ dollarını faiz borcu təşkil edir. Ekspert rəyi verilərkən həmin məbləğ nəzərə alınaraq cavabdehlərin banka olan faiz borcu 6047,23 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq ödənilmiş 3262,51 ABŞ dolları faiz məbləğini ödəniş cədvəlinə əsasən tələb olunan 6354,18 ABŞ dolları məbləğində faiz borcundan çıxaraq iddia tələbini faiz məbləğinə dair hissədə qismən təmin etmişdir. Halbuki, ekspert tərəfindən faiz borcu müəyyən edilərkən ödənilmiş 3262,51 ABŞ dolları nəzərə alınmışdı. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, faiz borcuna dair apelyasiya şikayətinin dəlilləri əsaslı olduğuna görə iddiaçının tələb etdiyi faiz məbləği ekspert rəyinə uyğun olaraq 6047,23 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cərimə məbləğinin tənasübsüz surətdə aşağı salınması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyası cərimə borcunun əsassız azaldılmasına dair iddiaçının apelyasiya şikayətinin dəlili ilə razılaşmayaraq bildirir ki, cərimə məbləği azaldılaraq 100 ABŞ dolları məbləğində müəyyən edilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmışdır. Cavabdeh1 ilə «xxxxxx» X2 ASC arasında xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin bağlandığı gündən ötən müddətdə ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsinin iki dəfədən artıq məbləğdə artmasını və kreditin ABŞ dolları ilə verilməsini nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun 100 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası Cavabdeh2 zaminlik müqaviləsinə xitam verilməsinə dair apelyasiya şikayətində irəli sürdüyü dəlilli əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşdən də göründüyü kimi, xx xxxxxx 2014-cü il tarixli, 22-M-0-1-1320-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən, “xxxxxx” X2 ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 28 % müəyyən edilməklə 19000 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh2 həmin müqavilə üzrə öz üzərinə zaminlik öhdəliyi götürmüşdür. Bundan əlavə, xx.xx.2015-ci il tarixdə “İddiaçı” İKB ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında əlavə müqavilə ilə xx.xx.2014-cü il tarixli kredit və zaminlik müqavilələrinə dəyişiklik edilməsi barədə razılıq əldə olunmuş, həmin razılıq müqaviləsinin 1.2-ci bəndinə əsasən, kreditin bağlanma tarixi xx.xx.2017-ci il hesab edilmişdir. Məhkəmə əmrinin verilməsi haqqında ərizədən görünür ki, iddiaçı bank məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. İddiaçı bank tərəfindən xx.xx.2017ci il tarixdə iddia qaldırıldığını nəzərə alsaq, onun zaminə qarşı iddia tələbini irəli sürmək üçün müddətin ötürülmədiyi aydın olur. Azərbaycan Respublikası MPM-in 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı “xxxxxxxxx” ASC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(008)- 114/2020 saylı qətnaməsi faiz borcu hissəsində ləğv edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «xxxxxx» İKB ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 6047,23 ABŞ dolları məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. İddiaçı “xxxxxxxxx” ASC tərəfindən apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. Cavabdeh2 tərəfindən apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.c
Məhkəmə qərarları › İş №2(103)-5629/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5629/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver