Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5629/2024 25.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-4406/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh "xxxx" MMC-də stomatoloq vəzifəsində işləyir, ağız və üz çənə cərrahı (implantoloq) kimi fəaliyyət göstərir. “Xəzər” TV-də nümayiş etdirilmiş “Təsir dairəsi” verilişində cavabdeh tərəfindən ödənişsiz əsaslarla diş implantının əkilməsi barədə reklam xarakterli məlumat verildikdən sonra İddiaçı (bundan sonra iddiaçı) bu işlərin görülməsi üçün cavabdehə müraciət etmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçının üst çənəsinə ödənişsiz əsaslarla 4 ədəd implant əkilmiş, bir müddət sonra isə 12 qapaq qoyulmalı idi. İddiaçının bu barədə müraciətinin olmasına baxmayaraq, nəzərdə tutulmaması səbəbindən eyni işlərin ödənişsiz əsaslarla alt çənədə görülməsi mümkün olmamışdır. Tərəflər bu işlərin ödənişli, lakin endirimli əsaslarla görülməsini razılaşdırmış və nəticədə cavabdeh tərəfindən iddiaçının alt çənəsinə də 4 ədəd implant əkilmişdir. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2.600 manat məbləğində pul ödənilmişdir. İddiaçı 2024-cü ilin aprel ayında cavabdehin hərəkətləri (implantın qoyulması məqsədi ilə cavabdeh tərəfindən ondan 3.000 manat pulun alınması, lakin işləri tam görməməsi, onu söyüb təhqir etməsi) ilə bağlı Bakı şəhəri Nəsimi rayon Polis idarəsinin 21-ci Polis bölməsinə şikayət etmişdir. Onun müraciəti əsasında aparılmış araşdırma çərçivəsində cavabdeh verdiyi izahatında iddiaçının üst və alt çənəsinə ümumilikdə 8 ədəd implantın yerləşdirildiyini, 24 ədəd dişin də hazırlandığını və iddiaçının ağız boşluğuna taxılacağını bildirmişdir. Həmin qurum tərəfindən iddiaçıya göndərilmiş məktubda izahat yazmaqdan imtina etdiyi onun nəzərinə çatdırılmış və mübahisənin mülki xarakterli olması səbəbindən məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərin əvəzi olaraq 3.000 manat, mənəvi zərərin əvəzi olaraq 20.000 manat, cəmi 23.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2023-cü ilin mart ayında Xəzər televiziyasında “Təsir dairəsi” verlişinə baxaraq, Araş estetik mərkəzinin ağız və üz çənə cərrahı-implantoloq Cavabdeh görmüş və həmin televiziyaya gedərək, onun qəbulunda olmuşdur. Cavabdeh onu müayinə etdiyi zaman çəkiliş etmiş və reklam məqsədilə alt çənəyə protez qoyulacağını bildirmişdir. Cavabdeh ona 50% endirim olunduğunu bildirəndən sonra o, razılaşaraq cavabdehə 3.000 manat məbləğində ödəniş etmişdir. Bir ildən çoxdur ki, cavabdeh onu qəbul etmir, ona qarşı kobud hərəkətlər edir, aldığı 3.000 manat məbləğində pulu qaytarmır, işlədiyi klinikaya buraxmır. Bununla bağlı Nəsimi RPİnin 21-ci Polis Şöbəsinə təxminən 2024-cü ilin aprel ayında ərizə ilə müraciət edərək, cavabdehə verilən 3.000 manat məbləğində pulun qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Nəticə etibarı ilə cavabdeh aralarında olan razılaşmanın şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, 3.000 manat müqabilində implan əkilsə də, nə diş qapaqları qoyulmuş, nə də ki, pul geri qaytarılmışdır. Bununla da, ona maddi ziyan vurulmuşdur. Cavabdehin bu hərəkətləri ilə ona mənəvi zərər də vurulmuşdur. Belə ki, o, dəfələrlə cavabdehin arxasınca getmiş, cavabdehin hərəkətlərindən mənəvi sarsıntı, əzab və əziyyət çəkmiş, hər dəfə cavabdeh onu aldadaraq, yola salmış, polis şöbəsinə müraciət etməklə günlərlə vaxtını itirmiş, əsəb gərginliyi, stress, mənəvi iztirab keçirmişdir. Onda yaranmış əsəb gərginliyi və mənəvi ruh düşgünlüyü hələ də davam etməkdədir.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 4406/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə 1.000 manat məbləğində pul və dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim X7).
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, sifarişçi olan iddiaçı işin qüsurlu görülməsindən şikayət etmir, sadəcə hansısa səbəbdən iş qurtaranadək müqavilədən imtina edir və bu zaman görülmüş işin də ödənişinin geri qaytarılmasını istəyir. Halbuki qanunvericiliyə əsasən sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. Odur ki, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ödənilmiş 1.000 manat iddiaçıya ödənilməlidir.
6. Mənəvi zərərin tutulması tələbinə dair məhkəmə qeyd etmişdir ki, iddiaçı mənəvi ziyana dair sübut təqdim etmədiyindən iddia həmin hissədə rədd edilməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü, 752.1-ci, 753.1-ci, 756.1-ci, 759.1-ci, 759-cu, 765-ci, 770-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008ci il tarixli, 7 nömrəli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin əsassız olduğunu bildirmiş və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, o, implantın qoyulması barədə razılaşmadan 4 ay sonra implantdan imtina etmiş və pulları geri tələb etmişdir. Səbəb isə implantlar keyfiyyətsiz qoyulduğu üçün onun ağzında problemlərin yaranması olmuşdur. Podratçı öz öhdəliyini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində sifarişçiyə fiziki ziyan dəymişdir. İmplantların qoyulması və çıxarılması çox ağrılı prosesdir və xəstə uzun zaman xüsusi pəhriz saxlamağa məcbur olur. Həkim bu hallar barədə onu xəbərdar etməli idi. Beləliklə, cavabdehin implantı keyfiyyətsiz qoyulması nəticəsində o, bu gün də çox əziyət çəkir. Cavbadeh müqavilə şərtlərinə görə həm ödənilmiş pulu qaytarmalı, həm də dəymiş ziyanı ödəməlidir. Eyni zamanda o, bu gündən sonra dişlərini düzəltirmək üçün uzun zaman mualicə alacaq, həm də borc götürdüyü pulları ödəyəcək. Bu o deməkdir ki, o uzun zaman mənəvi sarsıntılar, gərginliklər, mənəvi iztirablar keçirəcək. Beləliklə onun 20.000 manat dəymiş mənəvi ziyanın əvəzi kimi istəməsinə haqqı vardır. Mülki qanunvericilikdə mənəvi ziyanın konkret hal üçün miqdarı müəyyən edilməmişdir. Çünki bu hal şəxsiyyətlə, mənəvi ziyanı tələb edən şəxsin öz iztirablarının dərəcəsi ilə əlaqədardır. Cavabdeh onun aşağı çənəsinə hər biri 400 manat olmaqla 4 implant əkmişdir. Lakin cavabdehin implantlar üçün aldığı məbləğ şişirdilmiş məbləğdir. Daha sonra implantların üzərinə diş qapaqlarının qoyulmasının ödənişli şəkildə həyata kecirilməsi səbəbindən cavabdeh bu prossedurun həyata keçirilməsindən imtina edir. Bütün bunlar onu deməyə əsas verir ki, cavabdeh tərəf sadəcə reklam xatirinə prosedurların ödənişsiz həyata keçirildiyini bildirir və vətəndaşları aldadaraq onlardan daha böyük məbləğlər tələb edir. Qeyd olunanlar nəticəsində o, mənəvi sarsıntılar, stres və ağrılı iztirablar çəkmişdir. Məhkəmə işlə bağlı onun heç bir sübutuna münasibət bildirməmiş, bununla onun hüququ pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin, habelə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, ona dişlərinin 3 aya hazır olacağı bildirilsə də, həmin vaxt ərzində dişləri düzəlməmiş, həmçinin müayinənin vaxtları gecikdirilmişdir. Dişlərinin tam düzəlməsi üçün nə qədər xərc tələb olunması barədə məlumatı yoxdur. Cavabdehlə barışıq sazişi bağlamağa və onun tərəfindən dişlərinin tamamlanmasına, onun təkrar hər hansı iş icra etməsinə razı deyil, cavabdehin işini gecikdirməsi səbəbindən sağlamlığımda problemlər olmuş, xərcləri yaranmış, bu səbəbdən cavabdehdən ona vurulmuş zərərin əvəzi olaraq 3.000 manat və mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, həqiqətən Xəzər TV-dəki verilişdən sonra iddiaçı onun yanında olmuş, televiziya verlişində tanıtım məqsədilə o, iddiaçının üst çənəsinə dörd implant əkmiş, sonradan həmin implantların üstünü ödənişsiz 12 qapaq qoymalı idi. Bu vaxt ərzində iddiaçı yenidən müraciət edərək alt çənəsinə implant və qapaq qoyulmasını xahiş etmiş, o, böyük endirim edərək, aşağı çənə üçün dörd implantı hər biri 400 manat olmaqla, onların üstünə hər birinin qiyməti 300 manat olan 12 ədəd qapağın 1.000 manat müqabilində qoymağı təklif etmiş, iddiaçı təklifi qəbul etmiş, 2.600 manat məbləğində ödənişi klinikaya etmiş, dörd implantı cavabdehin alt çənəsinə əkmişdir. Bundan sonra cəmi 24 qapağın, yəni üst çənəyə 12 ədəd ödənişsiz və alt çənəyə ödənilmiş 1.000 manat müqabilində 12 ədəd qapağın qoyulması işi qalmışdır. Hər iki çənədə dişlər eyni vaxtda yerləşdirilməli olduğundan və ödənişli xəstələr çox olduğundan iddiaçının dişlərinin tam yekunlaşmasının təxminən 1 ay müddətinə gecikdirilmişdir. Hazırda prosedurların hamısı tam icra olunub, sadəcə dişlərin çənəyə yerləşdirilməsi qalıb. İddiaçıya dişlərinin yerləşdirilməsi təklif olunub, lakin o bundan imtina edərək, ondan 12.000-15.000 manat məbləğində pul tələb etmişdir. İddiaçı planlı şəkildə işin gecikməsindən fürsət kimi istifadə edərək pul tələb edir. İddiaçının çənəsində icra olunmuş işdə heç bir qüsur yoxdur, ağırlaşmalar mövcud deyil. Hazırda cavabdeh iddiaçının ağız boşluğuna 24 ədəd dişin yerləşdirilməsinə də, iddiaçının ödədiyi 1.000 manat pulu onun özünə qaytarılmasına da, hətta həmin işlərin 1.000 manata görülməsi mümkün olmadığından əlavə olaraq 200 manat özündən ödəməyə də hazırdır. İddiaçının şikayəti üzrə polis orqanlarında araşdırma aparılan zaman, habelə birinci instansiya məhkəməsində də işin tamamlanmasına hazır olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 753-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır; 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir; 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun; 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
15. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarın: 2-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər; 8-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; 9-cu bəndinə əsasən mülki qanunvericilikdə müəyyən olunmuş zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları eyniliklə mənəvi zərərin ödənilməsi barədə iddialara da aiddir (məsələn, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə (Mülki Məcəllənin 1108.1-ci maddəsi); malın, işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərə görə (Mülki Məcəllənin 1128.1-ci maddəsi); təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərə görə (Mülki Məcəllənin 1101.1-ci maddəsi və s.); 10-cu bəndinə əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırki mülki iş üzrə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətində isə iddianın tam təmin edilməsi xahiş edildiyindən, qətnamə yalnız iddianın təmin edilməyən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilməlidir.
20. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd edir ki, tərəflər arasında şifahi podrat müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh ödənişsiz əsaslarla (həmin vaxt həyata keçirilən aksiya çərçivəsində) iddiaçıya üst çənədə 4 ədəd impant əkməyi və onun üzərinə 12 ədəd diş yerləşdirməyi, habelə 2.600 manat məbləğində pul müqabilində alt çənəyə hər birinin dəyəri 400 manat müəyyən edilməklə 4 ədəd implant əkməyi və onun üzərinə dəyəri 1.000 manat müəyyən edilmiş 12 ədəd diş yerləşdirməyi, iddiaçı isə razılaşdırılmış 2.600 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. Bu münasibətlər çərçivəsində cavabdeh tərəfindən üst və alt çənəyə ümumilikdə 8 ədəd implant əkilmiş, habelə 24 ədəd diş hazırlanmış, iddiaçı tərəfindən də razılaşdırılmış 2.600 manat məbləğində pul ödənilmişdir.
21. Hazırda iddiaçı implantların əkilməsinə baxmayaraq, dişlərin yerləşdirilməsinin cavabdeh tərəfindən gecikdirildiyini, bununla bağlı cavabdehə etdiyi müraciətlərin bir nəticəsinin olmadığını, əksinə cavabdehin kobud rəftarı ilə də üzləşdiyini bildirir və ödədiyi 3.000 manat pulun (2.600 manatdan əlavə 400 manat məbləğində pulu da tibb bacısına verdiyini bildirir) və cavabdehin hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat məbləğində pulun cavabdehdən alınaraq, ona ödənilməsini tələb edir. Eyni zamanda, yerləşdirilmiş bütün implantların çıxarılmasına da etiraz etmir.
22. Cavabdeh 8 ədəd implantın əkildiyini, 24 ədəd dişin də hazır olduğunu, lakin xəstələrin sayının çox olması səbəbindən iddiaçının ağız boşluğuna 24 ədəd dişin yerləşdirilməsinin 1 ay müddətinə (2024-cü ilin mart ayında olmalı idi) gecikdirdiyini, həmçinin, üst çənəyə implantların əkilməsindən sonra, alt çənəyə də implantlar əkildiyindən üst və alt çənələr üzrə dişlərin biri-birinə uyğunlaşdırılması baxımından 24 ədəd dişin eyni zaman yerləşdirilməli olduğunu, bu barədə iddiaçıya məlumat verildiyini, ona qarşı kobud rəftara və davranışa yol verilmədiyini, iddiaçının gecikmədən istifadə edərək, ondan 12.000-15.000 manat civarında pul tələb etməyə başladığını bildirir, eyni zamanda, 12 ədəd diş üçün ödənilmiş 1.000 manat pulun qaytarılmasına razılı olduğunu, lakin iddiaçının bu qiymətə diş yerləşdirə bilməyəcəyini qeyd edir və bu səbəbdən ona əlavə olaraq 200 manat məbləğində pulun ödəilməsinə də razılıq verir.
23. Məhkəmə kollegiyası iddia ərizəsinin məzmununu və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirib, ilk növbədə qeyd edir ki, iddiaçı birinci və apellyasiya instansiya məhkəməsindəki icraat zamanı tam fərqli faktiki əsaslardan çıxış etmiş və tam fərqli hallara istinad etmişdir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı cavabdeh tərəfindən nə 24 ədəd dişin yerləşdirildiyini, nə də ki, ödənilmiş 3.000 manat pulun qaytarıldığını iddia etdiyi halda, apellyasiya şikayətində fərqli mövqedən çıxış edərək, implantların keyfiyyətsiz qoyulması və ağız boşluğunda problemlərin yaranması, implantlar üçün şişirdilmiş məbləğdə pulun tələb edilməsi, onların üzərinə qapaqların da ödənişli əsaslarla quraşdırılması səbəbindən 4 aydan sonra artıq müqavilədən imtina etdiyini qeyd etmişdir. Halbuki, birinci instansiya məhkəməsində implantların keyfiyyətsiz əkilməsi ilə bağlı ümumiyyətlə hər hansı fikir söylənilməmiş, apellyasiya instansiya məhkəməsində isə bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.
24. Nəticə etibarı ilə iddiaçı apellyasiya instansiyası məhkəməsində işin faktiki əsasını dəyişmişdir ki, bu da yolverilməz olmaqla yanaşı reallığı da əks etdirmir. Belə ki, 2023-cü ilin iyul ayında iddiaçının üst çənəsinə 4 ədəd implant əkildikdən sonra, iddiaçının özünün müraciətinə əsasən və artıq ödənişli əsaslarla həmin ilin noyabr ayında onun alt çənəsinə də 4 ədəd implant əkilmişdir. Qeyd edilənlər də üst çənəyə implantların tələb olunan keyfiyyətdə əkildiyini və məhz bunun nəticəsi olaraq iddiaçının artıq ödənişli əsaslarla alt çənəyə də implant əkdirmək qərarına gəldiyini təsdiq edir. Digər tərəfdən təsdiqini tapan 2.600 manat pulun 1.600 manat hissəsi 4 ədəd implant, 1000 manat hissəsi isə məhz 12 ədəd diş üçün ödənilmişdir. Başqa sözlə, iddiaçı həm 4 ədəd implantın, həm 12 ədəd dişin razılaşdırılmış qiyməti barədə tam məlumatlı olmuş, bu məbləği ödəmiş (borc alaraq, ödədiyini bildirir) və həmin pul müqabilində işin bir hissəsinin (implantların əkilməsi) görülməsinə şərait yaratmış (hər halda, onun ağız boşluğunda iş görülümşüdür), nəticəsini bəyənmiş, hətta tamamlanmasını, yəni dişlərin də yerləşdirilməsini tələb etmişdir.
25. Məhkəmə kollegiyası iddia tələbini, iddiaçının polis orqanlarına müraciət etməsini, habelə apellyasiya şikayətində göstərilənləri, o cümlədən iddiaçının 4 aydan sonra implantdan imtina etməsi və pullarını geri tələb etməsi barədə mövqeyini nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı hüquqi nəticə etibarı ilə müqavilədən imtina etmişdir. Cavabdeh isə öz növbəsində 12 ədəd dişin yerləşdirilməsində gecikməyə yol verdiyini bildirir. Bu səbəbdən həmin dişlərin yerləşdirilməsi üçün ödənilmiş 1.000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə etibarı ilə cavabdeh özü də bu məbləğin qaytarılmasına razıdır. Hətta iddiaçıya edilmiş endirimlər nəticəsində həmin işlərin 1.000 manata görülməsi mümkün olmadığından əlavə olaraq 200 manat özündən ödəməyə də hazırdır. Bununla da cavabdeh mövcud vəziyyətdə faktiki olaraq iddianı ödənilməsi sübuta yetməyən 400 manat pulun 200 manat hissəsində etiraf edir. Bu səbəbdən məhkəmə kollegiyası həmin məbləğin də cavabdehdən iddiaçının xeyrinə tutulmasını mümkün hesab edir. Belə ki, 2.600 manat pulun cavabdeh tərəfindən ödənilməsi öz təsdiqini tapsa da, qalan 400 manat məbləğində pulun ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.
26. Məhkəmə kollegiyası 1.600 manat məbləğində pulun ödənilməsi ilə bağlı vurğulayır ki, bu məbləğ müqabilində şərtləşdirilmiş 4 ədəd implant iddiaçının alt çənəsinə əkilmiş, onlar hazırda da iddiaçının ağız boşluğundadır. Bu baxımdan iddiaçı hüquqi nəticə etibarı ilə həmin işi qəbul etmişdir. Digər tərəfdən mövcud vəziyyət, yəni implantın ağız boşluğunda olması onun görülmüş bu işə marağının itməsini istisna edir. İddiaçının həmin implantların cavabdeh tərəfindən çıxarılması mövqeyindən çıxış etməsi də (buna razı olması da) bu tələbi əsaslı etmir. Qeyd edilənlər öz növbəsində iddianın bu hissədə rədd edilməsini şərtləndirir.
27. Məhkəmə kollegiyası iddia tələbinin cavabdehdən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin tutulması hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, əlavə olaraq onu da qeyd edir ki, iddiaçı apellyasiya şikayətində (8-ci bənd) ağız boşluğu protez götürmədiyindən neçə ildir ki, əziyyət çəkdiyini göstərmişdir. Başqa sözlə, iddiaçının implantın əkilməsindən əvvəlki və sonrakı vəziyyəti nəticə etibarı ilə eyni olmuşdur. Mühüm fərq ondan ibarət olmuşdur ki, görüləcək işlər nəticə etibarı ilə iddiaçının bu məsələ ilə bağlı əziyyətlərinə son qoymalı idi. İddiaçıya 4 ədəd implant ödənişsiz əsaslarla əkilmiş və eyni qaydada 12 ədəd diş hazırlanmışdır, yəni iddiaçı bu işlərə görə maddi vəsait ödəmək, bunun üçün məbləğ axtarıb tapmaq vəzifəsindən (əziyyətindən) azad olunmuşdur. Bu implantdan bir neçə ay sonra ödənişli əsaslarla daha 4 implant əkilmişdir ki, bu da həmin müddətin iddiaçı tərəfindən könüllü gözlənildiyini təsdiq edir. Gecikməyə yol verilsə də (dişlərin yerləşdirilməsi vaxtı 2024-cü ilin mart ayı, iddiaçının polis orqanlarına müraciət etməsi ilə nəticələnmiş narazıçılığı da həmin vaxt başlamışdır) 2024-cü ilin aprel ayından etibarən, həm polis idarəsinə yazılmış ərizədə, həm birinci, həm də apellyasiya instansiya məhkəməsində cavabdeh 24 ədəd dişin artıq hazırlandığını və həmin dişləri yerləşdirilməyə hazır olduğunu bildirir. Lakin iddiaçı buna razı olmur, müddət etibarı ilə 2024-cü ilin aprel ayından hazır olan 24 ədəd dişin yerləşdirilməməsi bilavasitə ondan asılı olan vəziyyətdir. Digər tərəfdən iddiaçı hətta implantların çıxarılmasına razı olduğunu və bununla da bu prosesin bütün ağrısını könüllü şəkildə çəkməyə hazır olduğunu bildirir. Bundan sonra iddiaçı yenə də bu sahə üzrə başqa bir həkimə müraciət etmək və yenə də (böyük ehtimal artıq tam ödənişli əsaslarla) implant əkdirmək və müəyyən edilmiş müddətlər gösləmək məcburiyyətində qalacaqdır. İddiaçının bu mövqeyi ümumiyyətlə onun mənəvi zərərə məruz qalması, iztirab keçirməsi barədə mövqeyi ilə ziddiyyət təşkil edir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən işin keyfiyyətsiz, o cümlədən qüsurlu icra etməsi, habelə iddiaçı ilə kobud rəftar etməsi də müəyyən edilmir. Bununla belə, işin halarını, o cümlədən yuxarıda göstərilənləri nəzərə alıb, məhkəmə kollegiyası iddia ərizəsinin və apellyasiya şikayətinin bu barədə dəlillərini əsassız hesab edir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən 1.200 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)-4406/2024 saylı qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan pulun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.