Məhkəmə qərarları › İş №2(103)-5630/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5630/2024

15.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5630/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı Birliyin buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçı Birliyə vurulmuş maddi zərərin əvəzi olaraq 6.991,92 manat, debitor borcun ödənilməsi məqsədi ilə 334,60 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 93,27 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsində yerləşən 12 “B” saylı fərdi yaşayış evi təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********20000 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan qanunsuz qaydada istifadə etmiş, təbii qazı talamışdır. Birliyin əməkdaşları qeyd edilən faktları aşkar edərək bu barədə xx.xx.2012-ci il tarixdə 039768 saylı, xx.xx.2017-ci il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2024-cü il tarixdə ******* saylı aktlar tərtib etmişlər. Tərtib olunmuş aktlar əsasında vurulmuş zərərin həcmi hesablanmış və müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixli akt üzrə zərər 291,60 manat, xx.xx.2017-ci il tarixli akt üzrə zərər 86,40 manat, xx.xx.2023-ci il tarixli akt üzrə zərər 4.147,20 manat, xx.xx.2023ci il tarixli akt üzrə zərər 1.175,04 manat, xx.xx.2023-cü il tarixli akt üzrə zərər 622,08 manat, xx.xx.2023-cü il tarixli akt üzrə zərər 302,40 manat, xx.xx.2024-cü il tarixli akt üzrə zərər 367,20 manat olmaqla, ümumilikdə isə zərər 6.991,92 manat təşkil edir. Bundan başqa müəyyən edilmişdir ki, cavabdehin 334,60 manat məbləğində ödənilməmiş debitor borcu da var. Birlik həmin məbləğlərin ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, borc ödənilməmişdir. Bu səbəbdən də Birlik hazırkı iddia ilə məhkəməyə müraciət etmək və bunun üçün 93,27 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2017-ci il tarixli ******* saylı akt üzrə hesablanmış zərərin ödənilməsi məqsədi ilə 43,20 manat, debitor borcun ödənilməsi məqsədi ilə 334,60 manat, dövlət rüsumunun bir hissəsinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Birlik tərəfindən təqdim edilmiş son 5 akt üzrə istehlakçının qazın talanmasında təqsirli olmasına dair tələb edilən sübutlar (müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarları) məhkəməyə təqdim edilmədiyindən həmin aktlar əsasında hesablanmış zərərin tutulması barədə tələb təmin edilə bilməz. İddiaçının iddia ərizəsində göstərilən xx.xx.2012-ci il tarixli akt isə məhkəməyə təqdim edilmədiyindən həmin akt əsasında hesablanmış zərərin tutulması barədə tələb də təmin edilə bilməz. İddia ərizəsində göstərilən xx.xx.2017-ci il tarixli akt üzrə isə 86,70 manat məbləğində borc itirilmiş (cavabdeh tərəfindən talanmış) 432 kub metr təbii qaza görə, qazın hər 1 kub metrinin qiyməti 0,20 manat olmaqla hesablanmışdır. X3 qərarına görə təbii qazın hər 1 kub metrin qiymətinin 0,10 manat olmalıdır. Buna görə də həmin akta görə cavabdehdən iddiaçı Birliyin xeyrinə (432 kub metr x 0,10 manat =) 43,20 manat məbləğində pul tutulmalıdır. İddianın debitor borc üzrə 334,60 manatın tutulması barədə hissəsi tam sübuta yetdiyi üçün bu tələb təmin edilməlidir. İddia qeyd edilən qaydada və həcmdə təmin olunduğu üçün dövlət rüsumunun 30 manat hissəsi cavabdehə, qalan hissəsi isə iddiaçı Birliyin özünə aid edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gələrək iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat

7. İddiaçı Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

8. Cavabdeh isə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. e) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat

9. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, iş üzrə cavabdeh iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.

10. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı Birliyin isə apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, Birlik, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirir.

11. Odur ki bunu və MPM-in 372.6-cı maddəsinin tələblərini, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) işdə olan sənədlər barədə məlumat

12. İşdə olan sənələrə əsasən müəyyən edilir ki, iddiaçı Birliklə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus olan yaşayış sahəsi təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********20000 nömrəli abonent kodu verilmişdir.

13. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il, xx.xx.2017-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, cavabdehə məxsus yaşayış sahəsinə aid qaz sayğacına və qaz xətlərinə baxış keçirilən zaman sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə təbii qazdan istifadə edilməsi faktı aşkar olunmuşdur.

14. “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, iddiaçının barəsində tərtib olunmuş aktlara əsasən itirilmiş təbii qazın həcmi aşağıdakı qaydada müəyyən edilmişdir: xx.xx.2017-ci il tarixli akta əsasən 432 kub metr; xx.xx.2023-cü il tarixli akta əsasən 34.560 kub metr; xx.xx.2023-cü il tarixli akta əsasən 9.792 kub metr; xx.xx.2023cü il tarixli akta əsasən 5.184 kub metr; xx.xx.2023-cü il tarixli akta əsasən 2.520 kub metr; xx.xx.2024-cü il tarixli akta əsasən 3.060 kub metr.

15. Birlik tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, həmin aktlar əsasında aparılmış hesablanma nəticəsində müəyyən edilmişdir ki, Birliyə dəymiş zərərin məbləği xx.xx.2012-ci il tarixli akt üzrə 291,60 manat, xx.xx.2017-ci il tarixli akt üzrə 86,40 manat, xx.xx.2023-ci il tarixli akt üzrə 4.147,20 manat, xx.xx.2023-ci il tarixli akt üzrə 1.175,04 manat, xx.xx.2023-cü il tarixli akt üzrə 622,08 manat, xx.xx.2023-cü il tarixli akt üzrə 302,40 manat, xx.xx.2024-cü il tarixli akt üzrə 367,20 manat olmaqla, ümumilikdə isə zərər 6.991,92 manat təşkil edir.

16. Cavabdehin adına tərtib edilmiş “Abonentin saldosundan” görünür ki, cavabdehin iddiaçı Birliyə 334,60 manat məbləğində ödənilməmiş debitor borcu var.

17. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Birlik tərəfindən 93,27 manat məbləğində dövlət rüsumu ödənilmişdir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

18. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb cavabdehə məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, iddiaçı Birliyə dəymiş maddi zərərin əvəzinin cavabdeh tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

19. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

20. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

21. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).

23. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Cavabdehin qaz xəttinə qanunsuz qoşulması və qeyri-qanuni istifadə nəticəsində hesablanmış borcun əsaslı olmasını sübut etmə vəzifəsi cavabdeh Birliyin üzərinə düşür. Birlik, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara” əsaslanaraq, həmin aktlarda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz cavabdeh tərəfindən törədilməsini, bununla da cavabdehin ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki iddiaçı Birlik həmin aktlarda qeyd edilən faktları təsdiq edə biləcək sübut kimi Rayon Məhkəməsinə təqdim etdiyi sənədlərə (aktlara, tələbnamələrə və fotoşəkillərə) istinad etsə də, həmin sənədlərdən görünmür ki, cavabdehə məxsus yaşayış sahəsinə aid qaz xəttinə qanunsuz qoşulma olmuşdur. Xüsusən qeyd edilməlidir ki, Birliyin istinad etdiyi və Rayon Məhkəməsinə təqdim etdiyi fotoşəkillərdən də bu kimi hal müəyyən edilmir.

25. Birlik bu kimi faktları təsdiq edə biləcək digər sübutları (məsələn: video yazıları, şahidləri və sair) məhkəmələrə təqdim etməmişdir.

26. Digər tərəfdən nəzərə alınmalıdır ki, Birlik həmin aktlarda göstərilən faktları – cavabdehin təbii qazın talanmasında təqsirli olmasını təsdiq edə biləcək müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarlarını da məhkəmələrə təqdim etməmişdir.

27. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli aktlar üzrə hesablanmış borcun ödənilməsi barədə tələbi təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticəyə aid dəlilləri əsassızdır.

28. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsi xx.xx.2012-ci il tarixli akt üzrə hesablanmış borcun ödənilməsi barədə tələbi təmin etməməkdə də haqlı olmuşdur. Çünki həmin akt, aktla bağlı toplanmış sübutlar Birlik tərəfindən Rayon Məhkəməsinə təqdim edilməmişdir.

29. Belə olan halda qəbul edilməlidir ki, sübuta söykənməyən tələb əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticəyə aid dəlilləri də əsassızdır.

30. Bundan başqa Məhkəmə bildirir ki, iddia ərizəsində göstərilən xx.xx.2017-ci il tarixli akt üzrə isə 86,70 manat məbləğində borc itirilmiş (cavabdeh tərəfindən talanmış) 432 kub metr həcmdə təbii qaza görə, qazın hər 1 kub metrinin qiyməti 0,20 manat olmaqla hesablanmışdır. X3 qərarına görə təbii qazın hər 1 kub metrin qiymətinin 0,10 manat olmalıdır.

31. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin həmin akta görə cavabdehdən iddiaçı Birliyin xeyrinə (432 kub metr x 0,10 manat =) 43,20 manat məbləğində pul tutmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin iş üzrə gəldiyi bu nəticəyə aid dəlili əsassızdır.

32. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsi iddia ərizəsinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsini də qismən təmin etməkdə haqlı olmuşdur. Çünki məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi

33. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

37. Məhkəmə həmçinin bildirir ki, iddianın qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

38. İddiaçı Birliyin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olduğundan iddiaçı Birlik MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

39. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 iyul 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Hazırkı iş üzrə cavabdeh bu qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar