Məhkəmə qərarları › İş №2(103)-5636/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5636/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5636/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” 2(008)-4365/2020 saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və X2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə əsas borc üzrə 5407,87 manat, faiz borcu üzrə 3492,57 manat, müqavilə müddəti bitdikdən sonra illik 5 faiz hesablanmaqla faiz borcu üzrə 758,6 manat, cərimə borcu üzrə 5191,53 manat olmaqla, cəmi 14850,57 manat kredit borcunun, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh1 arasında bağlanmış 131-15.08.2014-SM33 nömrəli 15.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 25 faizlə 36 ay müddətinə 6000 AZN kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi iddiaçı ilə X4 arasında 15.08.2014-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Cavabdehlər tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. Yuxanda adı çəkilən 131- 15.08.2014-SM33 nömrəli 15.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 05.06.2020cu il tarixinə Cavabdeh1 cəmi 14850.57 AZN borcu mövcuddur. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada 5407 (beş min dörd yüz yeddi) manat 87 (səksən yeddi) qəpik əsas, 3492 (üç min dörd yüz doxsan iki) manat, 57 (əlli yeddi) qəpik faiz, illik beş faiz hesablanmaqla 503 (beş yüz üç) manat 25 (iyirmi beş) qəpik faiz borcu, 540 (beş yüz qırx) manat cərimə borcu olmaqla, 9943 (doqquz min doqquz yüz qırx üç) manat, 69 (altmış doqquz) qəpik məbləğində pulun və 30 (otuz) manat, 40 (qırx) qəpik ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, 3492 (üç min dörd yüz doxsan iki) manat, 57 (əlli yeddi) qəpik faiz, illik beş faiz hesablanmaqla 503 (beş yüz üç) manat 25 (iyirmi beş) qəpik faiz borcu, 540 (beş yüz qırx) manat cərimə borcunun ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bankdan krediti götürdüyü zaman xırda ticarətlə məşğul olub, sonradan Respublikada baş vermiş devalivasiyadan sonra, xırda ticarəti dayanmış və o, borcunu ödəniş cədvəlinə əsasən ödəyə bilməmişdir. Bu zaman o, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə krediti ödəyə bilməyəcəyi barədə məlumat verib, bankın əməkdaşlarından xahiş etmişdir ki, faiz və digər ödənişləri dayandırsınlar. Bank isə öz növbəsində altı ildən sonra bilərəkdən, məhkəməyə “kredit müqaviləsi üzrə borc tələbi” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, ona və digər cavabdeh X3 əlavə faizlər, cərimə hesablamışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın faiz borcunun, illik beş faiz hesablanmaqla faiz borcunun və cərimə borcunun təmin olunmuş hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla işin müəyyən edilmiş halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 15.08.2014-cü il tarixli, 131-15.08.2014-SM33 saylı kredit müqaviləsi bağlanmış və həmin müqavilə ilə cavabdehə 36 ay müddətinə, illik 25% olmaqla 6000 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə X4 arasında bağlanmış 15.08.2014-cü il tarixli, 131-15.08.2014-SM33 saylı zaminlik müqaviləsinə əsasən, qeyd edilən 15.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə zamin borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. 08.10.2020-ci il tarixli, MXK 0485 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 15.08.2014-cü il tarixli, 131- 15.08.2014-SM33 saylı kredit müqaviləsi üzrə 5407,87 manat əsas, 3492,57 manat faiz, müqavilə müddətinin bitməsindən sonra hesablanmış faiz borcu 503,25 manat, cərimə borcu 5191,53 manat olmaqla, cəmi 14595,22 manat təşkil edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 449.1 və 472.1-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, kredit borcu öhdəliyi yerinə yetirilmədiyi üçün iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın cavabdehlərə qarşı təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, cavabdeh apellyasiya şikayətində faiz borcunun, illik beş faiz hesablanmaqla faiz borcunun və cərimə borcunun təmin olunmuş hissəsinin qanunsuz və əsassız olduğunu bildirsə də, həmin borcların tutulmasının qanunsuz olduğunu əsaslandırmamış, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 15.08.2014-cü il tarixli, 131-15.08.2014-SM33 saylı kredit müqaviləsi ilə ayrılmış kredit məbləği üzrə illik 25% olmaqla faiz hesablanması qeyd edilmişdir. 08.10.2020-ci il tarixli, MXK 0485 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 15.08.2014-cü il tarixli, 131-15.08.2014-SM33 saylı kredit müqaviləsi üzrə 5407,87 manat əsas, 3492,57 manat faiz, müqavilə müddətinin bitməsindən sonra hesablanmış faiz borcu 503,25 manat, cərimə borcu 5191,53 manat borcu mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azəərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cavabdehlərdən ödənişi gecikdirməyə görə hesablanmış 5191,53 manat məbləğində cərimə (dəbbə) pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab etməsi və həmin dəbbə pulunun azaldaraq 540 manat müəyyən edilməsini cavabdehlərin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlməsi ilə də razılaşaraq qeyd edir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, iddianın qismən təmin edilməsi barədə qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli, 2(008)- 4365/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə - iddianın faiz borcunun, illik beş faiz hesablanmaqla faiz borcunun və cərimə borcunun təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar