Məhkəmə qərarları › İş №2(103)-564/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-564/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-564/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4774/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2017-ci il tarixli qətnaməsindən iddiaçı “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxxxxxxx” ASC (əvvəlki adı İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh4, X1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Ömərov Ələsgər Abbas oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Adadil Məzahim oğlundan və Ömərov Ələsgər Abbas oğlundan 1448993,63 manat əsas borc, 1047522,43 manat faiz borcu, 534362 manat dəbbə pulu, cəmi 3030878,06 manat borcun müştərək qaydada tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi və tələbin xx xxxxxx 2010-cu il tarixli, 2289(İ) a nömrəli, xx xxxxxx 2010-cu il tarixli, 2289(İ) b nömrəli və xx xxxxxx 2010-cu il tarixli, 2289(1) c nömrəli ipoteka müqavilələri üzrə müvafiq olaraq Cavabdeh3 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-1 bağ sahəsində yerləşən 1119 nömrəli bağ evinə, Cavabdeh2 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda yerləşən 165 nömrəli evə və Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi, ev 137a nömrəli evə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci tarixli 2(004)- 4774/2017 saylı qərardadı ilə mülki işin icraatına X2 və Ömərov Ələsgər Abbas oğlundan borcun tutulması hissəsində xitam verilmiş və eyni tarixli qətnamə ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(103)-3536/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddəti üzrlü səbəbdən ötürülmüşdür. Belə ki İddiaçı İKB ASC-nin keçmiş rəhbərliyi xüsusən, İdarə heyətinin sədri V.V.Xamaza bu tipli bir çox müqavilələr bağlamış və müqavilə bağladığı şəxslərlə razılaşaraq bütün müqavilələri gizli saxlamış və iddia müddətinin süni surətdə ötürülməsinə zəmin yaratmışdır. Bundan başqa borc məbləğinin cavabdeh tərəfindən götürülməsini isə cavabdeh tərəfindən kredit müqaviləsini öz imzası ilə təsdiq edir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(102)-6932/18 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(103)-1011/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(102)-5412/19 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı İKB ASC ilə Cavabdeh4 xx xxxxxx 2010-cu il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank Cavabdeh4 24 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 1.450.000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi İddiaçı İKB ASC ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında ayrı-ayrılıqda xx xxxxxx 2010-cu il tarixli ipoteka müqavilələri bağlanmış və müqavilələrə əsasən müvafiq olaraq Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-1 bağ sahəsində yerləşən 119 saylı bağ evi, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda yerləşən 165 saylı ev, həmçinin Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 137 “a” saylı ev bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı bildirir ki, Cavabdeh4 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə əsas kredit borcu 1448993,63 manat, faiz borcu 1047522,43 manat, dəbbə pulu 534362 manat, cəmi borcu isə 3030878,06 manat təşkil edir. Cavabdeh4 iddiaya etiraz edir və bildirir ki, o, ümumiyyətlə pul götürməyib, Xamazanı tanımır, heç kimdən əmlakını ipotekaya qoymasını xahiş etməmiş, pulu Ələsgər adlı şəxs götürmüşdür. Cavabdeh2 da iddiaya etiraz edir və bildirir ki, pulu bankdan kim tərəfindən götürməsindən xəbəri yoxdur. 2015-ci ilin əvvəllərində bankdan məktub alaraq evi ipotekadan çıxarmışdır. Bankdan ona demişlər ki, banka ödəniş edilmişdir. Cavabdeh1 da iddiaya etiraz edir və bildirir ki, pulu bankdan kim tərəfindən götürməsindən xəbəri yoxdur. Cavabdeh3 bildirir ki, iddia onların marağında deyil. Bağ 2015-ci ildə satılıb və bağın ipotekaya qoyulmasından xəbərləri yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı İKB ASC ilə Ömərov Azər Ələsgər oğlu, “xxxxxxxxxxxxx” MMC və “xxxxxxx” MMC (“xxxxxxx” MMC-nin adından müqaviləni Cavabdeh4 imzalamışdır) arasında xx.xx.2013-cü il tarixli Borcun köçürülməsi və hüququn güzəşti barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh4 ilə bağlanmış xx.xx.2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsi üzrə ******* manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər yeni borclu “xxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Mülki Məcəllənin 522.1 və 522.2-ci maddələrində isə təsbit olunmuşdur ki, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Hazırkı işin halları da ondan ibarətdir ki, kreditorla bağlanmış müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilmişdir. Belə olan halda isə kredit borcunun tutulması barədə iddia buna cavab verməli olmayan şəxsə qarşı, yəni artıq kredit müqaviləsi üzrə heç bir öhdəlik daşımayan Cavabdeh4 qarşı qaldırıldığı üçün təmin edilə bilməz. Tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia isə Mülki Məcəllənin 292 və 525-ci maddələrinə görə rədd edilməlidir. Belə ki, həmin maddələrinin tələblərinə görə girovla təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər girov qoyan yeni borclunun əvəzinə cavabdeh olacağı barədə kreditora razılıq verməyibsə, girova xitam verilir (maddə 292). Tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv edilir. Əgər tələb üçün ipoteka mövcuddursa, kreditorun ipotekadan etiraz etdiyi zaman baş verən eyni nəticələr baş verir. Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq verərlərsə, bu göstərişlər tətbiq edilmir. Müflisolma halı üçün tələblə bağlı üstünlük hüququ müflisolma zamanı öhdəliyi qəbul edənin əmlakı barəsində həyata keçirilə bilməz (maddə 525). Beləliklə, qeyd olunanlara əsasən müəyyən olunur ki, təmin edilməsi üçün heç bir əsas olmadığına görə iddia tələbləri rədd edilməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, iddia tələbləri əsassız olduğuna görə iddia müddətinin tətbiq edilməsi barədə ərizələrə hüquqi qiymət verilməsinə lüzum yoxdur. Hazırkı iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(102)-5412/19 saylı qərarında əks olunan göstərişlərə dair qeyd olunur ki, hazırkı apellyasiya baxışında iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və xx.xx.2020-ci il tarixli 2059 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən də kredit məbləğinin verilməsi və müqavilə üzrə cəmi 237624 manat məbləğində ödəniş edilməsi müəyyən olunmuşdur. Həmçinin cavabdeh tərəfin vəsatəti əsasında İddiaçı İKB ASC ilə Ömərov Azər Ələsgər oğlu, “xxxxxxxxxxxxx” MMC və “xxxxxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli Borcun köçürülməsi və hüququn güzəşti barədə müqavilənin təsdiq olunmuş surəti həmin müqaviləni təsdiq edən Bakı şəhəri 13 saylı notariat kontorundan götürülmüşdür. Həmin müqavilədə göstərilən Ömərov Azər Ələsgər oğlu, “xxxxxxxxxxxxx” MMC və “xxxxxxx” MMC-nin hazırkı mübahisəyə cəlb edilməsi və müqavilənin Mülki Məcəllənin 404-cü maddəsinə əsasən təfsir edilməsinə dair qeyd olunur ki, iddiaçı tərəfindən həmin müqavilə mübahisələndirilməmiş və ya müqavilənin məzmunun qeyridəqiq və yaxud ziddiyyətli olmasına istinad olunmamışdır. Məhkəmənin sualına cavab olaraq iddiaçının nümayəndəsi də bildirdi ki, həmin müqavilə ləğv olunmamış və ya məhkəmə qaydasında etibarsız hesab edilməmişdir. Eyni zamanda həmin müqavilədə aydın şəkildə göstərilmişdir ki, Cavabdeh4 ilə bağlanmış xx.xx.2010-cu il tarixli 2289(G) saylı kredit müqaviləsi üzrə ******* manat məbləğində əsas kredit borcu və ona hesablanan faizlər yeni borclu “xxxxxxxxxxxxx” MMC-yə keçmişdir. Ona görə kollegiya hesab edir ki, həm işin araşdırılması, həm də prosessual qənaət prinsipi baxımından həmin müqavilə üzrə tərəflərin hazırkı işə cəlb edilməsi və müqavilənin təfsir edilməsinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı İKB ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4774/2017 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar