Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5643/2025 04.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 iyul 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun etibarnamə üzrə nümayəndəsi X2 və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı Birliyin nümayəndəsi Birliyin adından cavabdehə qarşı iddia ərizəsi ilə Pirallahı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə Birliyə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 8.601,12 manat, təbii qazdan qanuni istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə yarandığı debitor borcunun ödənilməsi məqsədi ilə 935,71 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115,37 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********00670 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, cavabdeh qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan qanunsuz qaydada istifadə etmiş, təbii qazı talamışdır. Birliyin əməkdaşları qeyd edilən faktları aşkar edərək bu barədə xx.xx.2022-ci il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı aktlar tərtib etmişlər. Tərtib olunmuş aktlar əsasında vurulmuş zərərin həcmi hesablanmış və müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli akt üzrə zərər 1.036,80 manat, xx.xx.2023-cü il tarixli akt üzrə zərər 4.147,20 manat, xx.xx.2023-cü il tarixli akt üzrə zərər 1.831,68 manat, xx.xx.2023-cü il tarixli akt üzrə zərər 362,88 manat, xx.xx.2023-cü il tarixli akt üzrə zərər 362,88 manat, xx.xx.2023-cü il tarixli akt üzrə zərər 264,24 manat, xx.xx.2023-cü il tarixli akt üzrə zərər 613,44 manat olmaqla, ümumilikdə isə zərər 8.601,12 manat təşkil edir. Bundan başqa müəyyən edilmişdir ki, təbii qazdan 2020-2022-ci illər ərzində qanuni istifadə etməsinə görə isə cavabdehin iddiaçı Birliyə borcu yaranmış, borcun bir hissəsi ödənilsə də, 935,71 manat məbləğində debitor borc ödənilməmiş qalmışdır. Birlik qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh bundan yayınmışdır. Bu səbəbdən də, Birlik hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 115,37 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, təbii qazdan qanuni istifadə etməsinə görə cavabdehin iddiaçı Birliyə yarandığı debitor borcunun ödənilməsi məqsədi ilə 935,71 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Birlik tərəfindən təqdim edilmiş aktlar üzrə istehlakçının – cavabdehin qazın talanmasında təqsirli olmasına dair tələb edilən sübutlar (müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qüvvəyə minmiş qərarları) məhkəməyə təqdim edilmədiyindən həmin aktlar əsasında hesablanmış zərərin tutulması barədə tələb təmin edilə bilməz. İşdə olan abonent saldosundan görünür ki, iddiaçı 935,71 manat dəyərində təbii qazdan istifadə etmiş lakin ödəniş etməmişdir. İddianın debitor borc üzrə 935,71 manatın tutulması barədə hissəsi sübuta yetdiyi üçün bu tələb təmin edilməlidir. İddia yuxarıda qeyd edilən qaydada və həcmdə qismən təmin olunduğu üçün dövlət rüsumunun 30 manat hissəsi cavabdehə, qalan hissəsi isə iddiaçı Birliyin özünə aid edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gələrək iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
7. İddiaçı Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, apellyasiya şikayətinə habelə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin tam təmin olunmasını xahiş etdi.
8. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. e) hazırkı iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
9. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, iş üzrə cavabdeh iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmış, qətnamədən apellyasiya şikayəti verməmişdir.
10. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı Birliyin isə apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, Birlik, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirir.
11. Odur ki bunu, mübahisə predmetinin bölünməz olmadığını və MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) işdə olan sənədlər barədə məlumat
12. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, iddiaçı Birliklə cavabdeh arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus olan yaşayış sahəsi təbii qaz ilə təchiz olunur. Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********00670 nömrəli abonent kodu verilmişdir.
13. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan görünür ki, cavabdehə məxsus yaşayış sahəsinə aid qaz sayğacına və qaz xətlərinə baxış keçirilən zaman sayğacdan kənar çəkilmiş xətt vasitəsi ilə təbii qazdan istifadə edilməsi faktı aşkar olunmuşdur.
14. Birlik tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş sənədlərdən görünür ki, həmin aktlar əsasında aparılmış hesablanma nəticəsində müəyyən edilmişdir ki, Birliyə dəymiş zərərin məbləği xx.xx.2022-ci il tarixli akt üzrə 1.036,80 manat, xx.xx.2023-cü il tarixli akt üzrə 4.147,20 manat, xx.xx.2023-cü il tarixli akt üzrə 1.831,68 manat, xx.xx.2023-cü il tarixli akt üzrə 362,88 manat, xx.xx.2023-cü il tarixli akt üzrə 362,88 manat, xx.xx.2023-cü il tarixli akt üzrə 264,24 manat, xx.xx.2023-cü il tarixli akt üzrə 613,44 manat olmaqla, ümumilikdə 8.601,12 manat təşkil edir.
15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3/354 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, cavabdehə məxsus ünvanda tədqiq edilən qaz borularının üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmişdir. Qaz sayğacından kənar xətərin çəkilməsi müşahidə edilmir. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb cavabdehə məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, apellyasiya baxışının predmetini təşkil edən mübahisə, iddiaçı Birliyə dəymiş maddi zərərin əvəzinin ödənilməsini cavabdehdən tələb edilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
17. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
18. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
19. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, hesablanmış borcun əsaslı olmasını sübut etmə vəzifəsi cavabdeh Birliyin üzərinə düşür. Lakin cavabdeh Birlik iddiaçı tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onun təqsirini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır.
21. Bundan başqa qeyd edilməlidir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanuna Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli, 486-VİQD nömrəli qanunu ilə əlavə edilmiş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 13.8-1-ci maddənin tələbinə görə, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
22. Göründüyü kimi, “Qaz təchizatı haqqında” Qanuna edilmiş əlavəyə əsasən hansı hallarda qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməli olması dəqiq müəyyən edilmişdir. Bunun üçün istehlakçının qazın talanmasında təqsirli olmasına dair müvafiq orqanların və ya məhkəmənin qərarı olmalıdır.
23. İddiaçı Birlik tərəfindən tərtib edilmiş aktlar “Qaz təchizatı haqqında” Qanuna qeyd edilən dəyişiklikdən sonra tərtib edilmişdir. Bu baxımdan, yuxarıda qeyd edilən aktlara həmin Qanuna edilən dəyişiklik kontekstində qiymət verməlidir.
24. Birlik tərəfindən “Qaz təchizatı haqqında” Qanunun 13.8-1-ci maddəsində qeyd edilən hərəkətlərin edilməsi, habelə istehlakçının – cavabdehin qazın talanmasında təqsirli olması barədə inzibati xəta və ya cinayət təqibi orqanlarının qərarının olması müəyyən olunmamışdır. Belə olan halda, qaz paylayıcısının – Birliyin vurulmuş zərərin ödənilməsini istehlakçıdan – cavabdehdən tələb etməsi üçün əsas yoxdur.
23. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən aktlar əsasında hesablanmış borcun tutulması ilə bağlı iddiaçı Birliyin tələbinin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı, apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlillərini isə əsassız hesab edır. h) apellyasiya instansiyası məhkəməsinin nəticəsi
24. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi üçün əsaslar yoxdur.
25. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
26. Buna görə də, Məhkəmə, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
28. Məhkəmə həmçinin bildirir ki, iddianın qismən təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirməmiş cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
29. İddiaçı Birliyin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə olduğundan Birlik hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
30. Odur ki göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 08 iyul 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.