Məhkəmə qərarları › İş №2(103)-5645/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5645/2025

27.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5645/2025 27.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: pəncərə boşluğunun bağlanması X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə Sadiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pəncərə boşluğunun bağlanması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 105/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində istifadədə olan 0.00716 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 30.9 kv.metr yaşayış, 24 kv.metr köməkçi sahədən ibarət 35 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh (bundan sonra “cavabdeh”) adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı (bundan sonra iddiaçı) məxsus ev cavabdehin mülkiyyətində olan fərdi yaşayış evi ilə üzbəüz yerləşir, hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/8086 nömrəli ekspert rəyinə əsasən cavabdehin istifadəsində olan evin hündürlüyünün 7.3 metr, cavabdehin iddiaçı ilə həmsərhəd olan daş hasarla ara məsafəsinin 3.75 metr (7.3x0.3=2.19 metr olmalı olduğu halda) olduğu və iddiaçının istifadəsində olan evin hündürlüyünün 4.1 metr, iddiaçının cavabdehlə həmsərhəd olan daş hasarla ara məsafəsinin 5.94 metr olduğu (4.1x0.3=1.23 metr olmalı olduğu halda) nəzərə alınaraq, iddiaçı və cavabdeh tərəfindən daş hasarla istifadələrində olan fərdi yaşayış evləri arasındakı ara məsafələrinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci yarım bəndinin tələbinə uyğun olduğu müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsindən onun həyətinə baxan pəncərənin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci il tarixdə fərdi yaşayış evinin tikintisi məqsədilə Suraxanı rayonu, Bülbülə Bələdiyyəsi tərəfindən ona ünvan 1 ünvanında, sahəsi 270 kv.metr olan torpaq sahəsi ayrılmışdır. Elə həmin il sözügedən torpaq sahəsində birmərtəbəli, iki otaqlı fərdi yaşayış evi inşa etdirərək ailə üzvləri ilə birlikdə orada yaşamağa başlamışdır. Cavabdeh qonşuluğundakı həyətində ikimərtəbəli ev inşa etdirərkən ikinci mərtəbədə onun həyətinə baxan divarda pəncərə qoydurmuşdur. Həmin pəncərədən onun mətbəxinin, hətta yataq otağının içərisi görünürdü. Bu səbəbdən də Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək, onun pəncərəsinin bağlanması barədə sərəncam verilməsini xahiş etmiş və İcra Hakimiyyəti başçısının sərəncamı ilə pəncərə bağlanmışdır. Lakin bu hadisədən xeyli zaman keçdikdən sonra cavabdeh yenə də həmin divardan eyni ilə həmin yerdən yenə pəncərə açdırmış və ailənin narahatlığına səbəb olan hərəkət etmişdir. Dəfələrlə cavabdehə müraciət edərək, qonşuluqda birgəyaşayış normalarını pozmamasını, qarşılıqlı münasibətlərin qorunmasını xahiş etsə də, cavabdeh buna məhəl qoymamış və onlardan intiqam alırmış kimi öz bəd niyyətini həyata keçirərək, sözügedən pəncərəni açdırmışdır. Bununla bağlı yenidən Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə müraciət etsə də heç bir tədbir görülməmişdir. Odur ki, mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır.

4. Məhkəmə mübahisəli ünvanda yerində müayinə keçirmiş və müəyyən etmişdir ki, cavabdehin evinin pəncərəsindən iddiaçı ilə sərhəd hasarına baxan pəncərədən nə iddiaçının evi, nə də həyətdə istirahət üçün tikilmiş talvar görünür. Görünən yalnız iddiaçının həyətinə giriş qapısından (darvazadan) evə qədər olan yolun bir hissəsidir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 105/2025 saylı qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılması, 100 manat məbləğində ekspertiza xərcinin iddiаçı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir (hakim X5).

6. Məhkəmə iş üzrə keçirilmiş ekspert rəyini mötəbər hesab edərək qeyd etmişdir ki, qanunvericilik tikililər arasındakı məsafələr ilə bağlı konkret göstəricilər müəyyən etmişdir ki, hazırkı işdə bu göstəricilərin pozulmadığı ekspert tərəfindən müvafiq ölçü işləri aparılaraq və rəydə ətraflı təsvir edilərək müəyyən edilmişdir. Bu baxımdan məhkəmə müvafiq rəylə razılaşmamaq üçün əsas görmür və mübahisəli pəncərənin tikinti-texniki normalar baxımından qonşuluq hüququna müdaxilə təşkil etmədiyi qənaətinə gəlir.

7. Pəncərədən iddiaçının həyətə giriş qapısından evinə gedən yolun bir hissəsinin görünməsinin şəxsi və ailə həyatına hörmət hüququna müdaxilə kimi qiymətləndirilməsinin mümkünlüyü ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən keçirilən yerində müayinə zamanı sözügedən pəncərədən nə iddiaçının evinin, nə də həyətdəki istirahət üçün talvarın görünmədiyi müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, pəncərədən görünən yolun bir hissəsi şəxsi və ailə həyatı elementlərinin yaşandığı sahə hesab edilmədiyindən həmin hissənin görünməsi də şəxsi və ailə həyatına hörmət hüququnun pozulması kimi qəbul edilməməlidir. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə tikinti-texniki normalara uyğun məsafədə yerləşmiş pəncərədən iddiaçının həyətinin şəxsi və ailə həyatı elementlərinin yaşanmadığı (təyinatı bu olmayan), yalnız funksional istifadə üçün nəzərdə tutulmuş yolun bir hissəsinin müşahidə edilə bilməsi yuxarıda istinad edilmiş maddənin mənası baxımından “hüququ əhəmiyyətsiz dərəcədə pozan” təsir kimi qiymətləndirilməli, iddiaçının bu təsirə dözmək vəzifəsi olduğundan pəncərənin bağlanması ilə bağlı iddia təmin edilməməlidir.

8. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, hazırkı iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli olsa da nəzərə alınmalıdır ki, iddiaçı məcburi köçkün olduğundan rüsumun ödənilməsindən azad olmuşdur. Belə olan halda məhkəmə iddiaçının məhkəməyə müraciət edərkən ödədiyi rüsumu artıq ödənilmiş rüsum kimi qiymətləndirmiş və artıq ödənilmiş həmin rüsum dövlət büdcəsindən iddiaçıya qaytarılması qənaətinə gəlmişdir.

9. Ekspertiza xərcinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmə xərclərinin ödənilməsindən bütövlükdə azad olmadığından və iddia təmin edilmədiyindən 100 manat məbləğində ekspertiza xərci iddiaçıdan tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 170-ci, 171ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 88-ci, 107-ci, 119.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, yerində müayinə aparan hakim cavabdehə məxsus evin birinci mərtəbəsində olan pəncərəsindən onun həyətinə və evinə baxış keçirib, ona görə onun mətbəxinin və yataq otağının içinin göründüyünü müəyyən edə bilməmişdir. Halbuki o, iddia tələbində cavabdehin iki mərtəbəli evinin onun həyətinə tərəf olan divarında, birinci mərtəbəsindəki pəncərənin deyil, məhz ikinci mərtəbəsində olan pəncərənin bağlanmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin və iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə məxsus olan fərdi yaşayış evi 2012-ci ildə inşa edilmiş, həmin vaxtdan da mübahisəli pəncərə mövcuddur. Həmin pəncərə onlara maneəçilik törədir. Cavabdeh və onun ailə üzvləri həmin pəncərədən istifadə edərək, onları izləyirlər. Həmin evin yanında cavabdehə məxsus ikinci tikili də mövcuddur və onun müraciətinə əsasən Suraxanı rayon İcra Hakimiyyəti ikinci tikilidə olan pəncərə boşluğunu sökmüşdür. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə Sadiq oğlu apellyasiya şikayətini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, iddiaçının hazırki evi onların evindən sonra inşa edilmişdir. Onların evi 2012-ci ildə inşa edilmiş və həmin vaxtdan da mübahisəli pəncərə boşluğu mövcuddur. Orada yerləşən onlara məxsus ikinci tikili də mövcuddur və qanuna uyğun olmadığından həmin tikilidə əvvəldən pəncərə boşluğu quraşdırmamışdılar. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz; 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur; 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3.4-ci maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinadən qeyd edir ki, tərəflər qonşuluq münasibətlərində olmaqla, qarşılıqlı təsirlərin yarandığı torpaq sahələrinin üzərində tikilmiş tikililərin istifadəçiləridir. İddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evi dövlət reyestrində qeydiyyata alınmamış və hüquqi vəziyyətinə görə özbaşına tikintidir. Cavabdehə məxsus fərdi yaşayış evi isə dövlət reyestrində qeydiyyata alınmaqla onun mülkiyyətindədir. Cavabdehin yaşadığı evin ikinci mərtəbəsində yerləşən pəncərə boşluğunun iddiaçının istifadəsində olan həyətyanı sahəyə açıldığı işin mübahisəsiz halıdır.

23. Hazırda iddiaçı cavabdehə məxsus ikimərtəbəli fərdi yaşayş evinin ikinci mərtəbəsində yerləşən və onun həyətinə baxan pəncərə boşluğundan onun yataq otağının və mətbəxinin göründüyünə istinad edərək, onun cavabdehin öz vəsaiti hesabına bağlanmasını tələb edir. Cavabdeh isə iddiaçının həyətinə baxan pəncərinin iddiaçıya heç bir maneə yaratmadığını, fərdi yaşayış evinin 2012-ci ildən inşa edildiyini, həmin tarixdən də pəncərə boşluğunun mövcud olduğunu, iddiaçının fərdi yaşayış evinin sonradan tikildiyini, ikinci mərtəbədə yerləşən pəncərə boşluğundan iddiaçının evinin görünmədiyini, bu səbəbdən iddianın əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş edir.

24. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddiaçının həyətinə baxan pəncərə boşluğunun mövcudluğunun iddiaçının şəxsi və ailə həyatına müdaxilə kimi qiymətləndirilməsi, müəyyən narahatlığa səbəb olması, iddiaçının yaşadığı evdən və həyətyanı sahəsindən istədiyi kimi istifadəsinə maneçilik törədilməsi kimi qiymətləndirilməsi və bundan irəli gələrək pəncərə boşluğunun bağlanılması qənaətinə gəlinməsi üçün nəzərə alınmalıdır ki, hər hansı hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli və mütənasib olmalıdır. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla şəxsin üzərinə fərdi və həddən artıq yükün qoyulması ilə nəticələnməməlidir.

25. Məhkəmə kollegiyası işin hallarına və tərəflərin izahatlarına istinadən vurğulayır ki, mübahisəli pəncərə boşluğu cavabdehə məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşir və faktiki olaraq həmin pəncərə boşluğu fərdi yaşayış evi inşa edildiyi tarixdən, yəni 10 ildən artıq müddətdir ki, mövcuddur. Cavabdeh isə istifadəsində olan fərdi yaşayış evini daha sonra inşa etmişdir. Başqa sözlə, iddiaçı fərdi yaşayış evini inşa edərkən onun həyətinə baxan cavabdehin pəncərəsinin olmasından xəbərdar olmuşdur (bunu ehtimal etmək üçün xüsusi biliyə və ya dünyagörüşünə malik olmağa ehtiyac yoxdur, sadə insan məntiqi və düşünmə qabiliyyəti bu qənaətə gəlmək üçün kifayətdir). Buna baxmayaraq, iddiaçı həmin vaxt bunun qarşısını alacaq hər hansı tədbir görməmiş, o cümlədən hazırki mövqedən çıxış etməmişdir. 2012-ci il tarixdən etibarən isə cavabdehə məxsus pəncərə boşluğunun mövcudluğunu qəbul edərək sahibliyini davam etdirmişdir. Başqa sözlə, öz rəftarı (hərəkətsizliyi ilə) ilə buna etiraz etmədiyini bildirmişdir. Hazırda isə iddiaçı hüquqi nəticə etibarı ilə əvvəlki rəftarına zidd rəftar nümayiş etdirir ki, bu da onun hərəkətlərinin hüquqdan sui istifadə kimi qiymətləndirilməsi üçün əsasdır. Belə bir halın mövcudluğu artıq iddianın rədd edilməsini şərtləndirir.

26. Digər tərəfdən, cavabdehin ona məxsus pəncərə boşluğundan iddiaçının mənafeyinə zidd və ya hüquqlarını pozan formada istifadə etməsidə (məs: çirkab sularının axıdılması, zibil tullantılarının atılması və s.) müəyyən edilməmişdir. İddiaçı özü də belə bir halların mövcudluğunu bildirmir. Həqiqətdə həmin pəncərədən belə bir formada istifadə edilməsi də demək olar ki, mümkün deyil. Belə ki, tərəflərin evlərini biribirindən ayıran daş hasarlar arasında kifayət qədər ara məsafəsi var.

27. Mübahisə ilə bağlı keçirilmiş ekspert tədqiqatı zamanı cavabdehin iddiaçı ilə həmsərhəd olan daş hasarla ara məsafəsinin 3.75 metr (7.3x0.3=2.19 metr olmalı olduğu halda) olduğu və iddiaçının istifadəsində olan evin hündürlüyünün 4.1 metr, iddiaçının cavabdehlə həmsərhəd olan daş hasarla ara məsafəsinin 5.94 metr olduğu (4.1x0.3=1.23 metr olmalı olduğu halda) nəzərə alınaraq, iddiaçı və cavabdeh tərəfindən daş hasarla istifadələrində olan fərdi yaşayış evləri arasındakı ara məsafələrinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci yarım bəndinin tələbinə uyğun olduğu bilavasitə müəyyən edilmişdir.

28. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli sahələrdə yerində müayinə keçirilmiş və ümumiyyətlə cavabdehə məxsus pəncərə boşluğundan iddiaçının tələbində istinad etdiyi kimi evin yataq otağı və mətbəxinin görünmədiyi aşkar edilmişdir.

29. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, pəncərə boşluğunun mövcudluğu hüquqi nəticə etibarı ilə iddiaçının hər hansı hüququnu pozmur, onun sahiblik və istifadəsində olan əmlakından sərbəst şəkildə istifadə etmək və ona sahiblik etmək imkanlarını hər hansı formada məhdudlaşdırmır. Birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayəti əsassızdır və bu səbəbdən təmin edilə bilməz.

30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)-105/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar