Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5649/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-465/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı qızı cavabdehlər Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinə və Əmanətlərin Sığortalanması Fonduna qarşı müqaviləyə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti arasında ********* saylı, xx xxxx 2014- cü il tarixli kredit müqaviləsinə və xx xxxx 2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-465/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci tarixli 457 saylı ekspert rəyinə əsaslanmışdır. Ekspert rəyində kifayət qədər ziddiyyətli məqamlar mövcuddur. Belə ki, qeyd olunan ziddiyyətli ekspert rəyi ilə iddianı qismən təmin edərək məhkəmə bankın mənafeyinə zərər vurmuş və borclunun məsuliyyətdən yayınmasına səbəb olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edib, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 bildirdi ki, bank ona borcun vaxtından əvvəl ödəniləcəyi halında maliyyə arayışı verəcəyini bildirmişdi. Lakin borcunu tam ödəməsinə baxmayaraq ona təmizlik kağızı verməmişdir. Buna görə adına hər hansı bir kredit borcu olmadığını təsdiq etmək üçün məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmədən apellyasiya şikayətinn təmin edilməməsini xahiş etdi. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, xx.xx.2014-cü ildə “Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən sonuncuya 2.724,07 (iki min yeddi yüz iyirmi dörd dollar yeddi sent) ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtı-vaxtında bir müddət icra etmiş, ölkədə baş verən devalvasiyalardan sonra iddiaçının oğlu X2 verdiyi etibarnamə əsasında xx xxxx 2017- ci il tarixində cavabdeh "Cavabdeh2" Açıq Səhmdar Cəmiyyəti ilə ********* saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 2 saylı əlavə saziş bağlamış, müqaviləyə əsasən kredit borcu restruktizasiya edilərək, son məbləğ 3.820,57 (üç min səkkiz yüz iyirmi dollar əlli yeddi sent) ABŞ dolları həddində müəyyən edilmişdir.Kredit öhdəliyinin qalığının tərkibini 2.402,96 (iki min dörd yüz iki dollar doxsan altı sent) ABŞ dolları əsas borc, 1.237,27 ABŞ dolları faiz borcu və 188,34 ABŞ (bir yüz səksən səkkiz dollar otuz dörd sent) dolları cərimə təşkil etmişdir. İddiaçı sözügedən məbləği xx.xx.2021-ci il tarixinə qədər hər ay 50 (əlli) ABŞ dolları ödəmək şərti ilə öhdəlik götürmüş və nəzərdə tutulan məbləği kredit cədvəli üzrə vaxtından əvvəl tam ödəmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 457 №-li ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli 02 saylı əlavə sazişdə qeyd olunan şərtlər nəzərə alınaraq İddiaçı xx.xx.2019-cu il tarixə Cavabdeh2 ASC-yə əsas və faiz borcu müəyyən edilmir. Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsaən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia tələbinin təmin edilən hissədə yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində iş üzrə düzgün nəticəyə gəlmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə cavabdehin iş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyində kifayət qədər ziddiyyətli məqamların mövcud olduğunu bəyan etməsidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının bank qarşısında kredit münasibətləri üzrə icra edilməmiş öhdəliyinin qalıb-qalmamasının düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş cavabdehin təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. Ona görə də, ekspert rəyinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-465/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-5649/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5649/2020
27.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver