Məhkəmə qərarları › İş №2(103)-5650/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5650/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5650/2021 01.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-133/2010 saylı, 24.02.2010-cu il tarixli qətnaməsinin izah edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-133/2010 saylı 14.04.2021-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-133/2010 saylı, 24.02.2010-cu il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddiası tam təmin edilmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1103 manat əsas kredit borcu, 150 manat hesablanmış faiz borcu, 362 (üç yüz altmış iki) manat vaxtı keçmiş kredit üçün faiz borcu, 387 (üç yüz səksən yeddi) manat dəbbə üzrə borc, cəmi 2002 (iki min iki) manat məbləğində borc və 22 fevral 2010-cu il tarixindən etibarən qətnamə icra olunan günədək 2002 manat borc məbləğinə hesablanmış illik 28 % (iyirmi səkkiz) faiz məbləğinin alınaraq İddiaçı ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 20 manat ödənilmiş dövlət rüsumunun alıması qət edilmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, bildirmişdir ki, qətnamənin icra mərhələsində ondan gündəlik olaraq 28% pul tutulması qanusuzdur yəqin bu texniki səhf olubdur. Odur ki, həmin qətnaməyə izah verilməsini xahiş edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-133/2010 saylı 30.04.2021-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1. maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfındən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.2-ci maddəsinə görə birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir. Azərbaycan Respublikası MPM-nin 230.3-cü maddəsinə görə qətnamə icra edilməmişsə onun izahına yol verilir. Bundan başqa qətnamənin izah edilməsi onun məzmununun dəyişdirilmədən izah edilməsi kimi nəzərdə tutulmuşdur. Qətnamənin nəticə hissəsi qeyri-müəyyən olduqda, bu da qətnamənin icrasında ziddiyət, qeyri-müəyyənlik və anlaşmazlıq yaratdıqda qətnamənin izah olunmasına yol verilir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hazırkı iş üzrə qəbul edilmiş mövcud məhkəmə qətnaməsi aydın və anlaşılan olduğuna görə, hər hansı bir izaha ehtiyac olmadığı qənaətinə gəlir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin izah edilməsi barədə ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-133/2010 saylı 14.04.2021-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar