Məhkəmə qərarları › İş №2(103)-5655/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5655/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5655/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) X1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 22 500 manat məbləğində borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsi ilə (hakim M.Sadıqov, iş №2(007)-1830/21) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Nizami Rayon Məhkəməsinin 14 iyun 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 17.10.2013-cü il tarixdə borcun etirafı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh 17.10.2018-ci il tarixədək ondan aldığı 22.500 manat borcu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilə üzrə öhdəliklərini bu günədək icra etməmiş, 22.500 manat borcunu qaytarmaq istəmir, bunun nəticəsində iddiaçı qarşısında öhdəliyi əmələ gəlmişdir. Artıq bir neçə ildir ki, cavabdeh onunla əlaqədən qaçır və borcunu ödəməyəcəyini bildirir. Beş ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh bu günədək borcundan ödəməmişdir və ödəmək niyyətində deyil. Bir neçə ay bundan əvvəl əlaqə saxladıqda cavabdeh bildirmişdir ki, artıq müflis olmuşdur, ona olan borcunu ödəmək qabiliyyətində deyil və ödəməyəcək. Buna görə məcbur olub, məhkəməyə müraciət etmişdir. Onunla Cavabdeh arasında bağlanmış 17 oktyabr 2013-cü il tarixli borcun etirafı haqqında müqavilədən irəli gələn ödənilməmiş 22.500 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin faktiki hallarına görə İddiaçı və Cavabdeh arasında 17.10.2013-cü il tarixli borcun etirafı müqaviləsi imzalanmış və cavabdeh iddiaçıya 22500 manat borcun verilməsini etiraf etmişdir. Tərəflər arasında olan şifahi razılaşmaya əsasən cavabdeh tərəfindən həmin borc hissə-hissə ödənilərək ümumilikdə 2016-2017-ci illərdə 11500 manat borc ödənilmişdir. Lakin iddiaçı bu faktları məhkəməyə bildirməyərək müqavilə üzrə borcun tam tutulmasına birtərəfli qaydada nail olmuşdur. Bundan başqa iş materiallarında məhkəmə bildirişlərinin cavabdehə çatması və məhkəmə iclasları barədə cavabdehin məlumatlı olmasını sübut edən heç bir sənəd əlavə edilməsə də məhkəmə işə cavabdehin iştirakı olmadan, lakin qiyabi icraatda baxmayaraq iddianı təmin etmiş və beləliklə cavabdehin prosessual hüquqları məhkəmə tərəfindən pozulmuşdur. Cavabdeh və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. İddiaçı və nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiqlənmiş borcun etirafı haqqında 17 oktyabr 2013-cü il tarixli müqaviləyə əsasən Cavabdeh 15 dekabr 2012-ci il tarixdə İddiaçı 22500,00 (iyirmi iki min beş yüz) manat məbləğində borc pul aldığını etiraf etmiş, həmin məbləğdə borc pulu 17 oktyabr 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı məhz həmin müqaviləyə əsaslanaraq müqavilə üzrə öhdəliyin cavabdeh tərəfindən yerinə yetirilmədiyini bildirmiş və hazırkı iddianı qaldırmışdır. İddiaçının tələbi cavabdehdən 22500 manat borc məbləğinin tutulması barədədir. Birinci instansiya məhkəməsi tərəflər arasında müqavilə öhdəliyinin olmasını və cavabdeh tərəfindən bu öhdəliyin yerinə yetirilmədiyini nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 331, 334, 448, 739-cu və s. maddələrini rəhbər tutaraq iddianı əsaslı saymış və təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır və qeyd edir ki,cavabdeh öz etirazında və apellyasiya şikayətində göstərdiyi halları təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətinin əsas dəlillərindən biri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməməsi barədədir. Məhkəmə kollegiyası bu dəlili əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin həm məlum olan sonuncu ünvanına, həm də istifadəsində olan telefonlara (**********, **********) məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilmişdir. **********, ********** saylı telefon nömrələrinə göndərilən sms bildirişlərin çatdırılması barədə çıxarış iş materiallarına əlavə edilmişdir. Apellyasiya şikayətinin digər dəlili tərəflər arasında kredit müqaviləsi üzrə borcun müəyyən hissəsinin qaytarılması barədədir. Cavabdeh tərəf bu borcun 11500 manatının hissə-hissə tərəflər arasında olan razılaşma əsasında qaytarıldığını bildirsə də, bu halı təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. İddiaçı 17.10.2013-cü il tarixli müqavilə üzrə ona hər hansı məbləğdə pulun qaytarılmadığını bildirdi. Apellyasiya baxışı zamanı cavabdeh tərəf şahidin dindirilməsi ilə bağlı vəsatət verdi və məhkəmə kollegiyası həmin vəsatəti təmin edərək məhkəmə iclasını təxirə saldı. Lakin cavabdeh tərəf təyin olunmuş məhkəmə iclasında həmin şahidi təqdim edə bilmədi. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh 11 500 manat pulun qaytarılmasını təsdiq edən başqa heç bir sübut təqdim edə bilmədiyindən apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsassız sayılmalı və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirsə də, cavabdeh həmin iddiaya qarşı etirazının əsası kimi istinad etdiyi faktları sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 14 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar