Məhkəmə qərarları › İş №2(103)-5656/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5656/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5656/2022 11.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(003)-1941/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 13 avqust 2019-cu il tarixli, SDK5739140 saylı kredit müqaviləsinə əsasən 700 manat əsas borc, hesablanmış 300 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1030 manat pul vəsaitinin alınaraq MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh MMC ilə müddəti 15 ay olmaqla 13 avqust 2019-cu il tarixli kredit müqaviləsi bağlamış, həmin müqaviləyə əsasən cavabdeh dəyəri 1095 manat olan avadanlığı əldə etmiş, müqavilə üzrə ödənişlər etdikdən sonra 700 manat əsas borcu qalmışdır. Qeyd edilən kredit müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Belə ki, cavabdehin əsas borcdan əlavə olaraq 3570 manat cərimə borcu yaranmışdır (700 manat x 510gün x 1%=3570 manat). Cərimə borcu cavabdehdən cəmi 300 manat məbləğində tələb edilir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 20 iyun 2022-ci il tarixli 2(003)-1941/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixdə SDK5739140 saylı borc müqaviləsi üzrə ödənilməmiş 700 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh müqavilə öhdəliyini tam icra etməyib, ona görə əsas borcla yanaşı cərimə borcu da tələb edilir. Tərəflər arasında cərimə ödənilməsi öhdəliyi cavabdehin üzərinə götürdüyü öhdəlikdir və cavabdehin bu öhdəliyi üzərinə götürməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İşin müəyyən olunmuş hallarına görə, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə SDK5739140 saylı borc müqaviləsi bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 1095 manat olan məişət avadanlığı Cavabdeh nisyə satılmış və cavabdeh 45 manat ilkin ödəniş etməklə 15 ay müddətində ödəniş cədvəli üzrə hər ay 70 manat məbləğində pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 700 manat ödənilməmiş borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində cavabdeh öhdəliyini lazımınca icra etməmişdir. Məhkəmə əsas borc məbləğinə aid hissədə iddia tələbini təmin etsə də, cərimə borcuna aid hissədə belə qənaətə gəlmişdir ki, 300 manat cərimə borcunun mövcudluğu barədə sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı isə həmin hissədə qətnaməni mübahisələndirmişdir. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə qənaəti düzgün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Tərəflər arasında bağlanmış müqavilənin «qeyd» hissəsində göstərilmişdir ki, borcalan borc üzrə əsas borc məbləğini Şirkətə vaxtında qaytarmadıqda əlavə olaraq Şirkətə vaxtında qaytarılmayan (müqavilə müddəti bitdikdən sonra) məbləğ hər gün üçün 1%-dək faiz dərəcəsi ilə hesablanan faizləri ödəyir. İddiaçı borclu tərəfindən öhdəlik icra edilmədiyi üçün müqavilə şərtinə uyğun olaraq cərimə məbləği tələb etməkdə haqlı olmuşdur. İşin hallarını nəzərə alan Kollegiya belə qənaətə gəlir ki, tələb edilən cərimə məbləği azaldılaraq 50 manat məbləğində tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1941/2022 saylı iş üzrə 20 iyun 2022-ci il tarixli qətnaməsi qismən (iddia tələbinin 300 manat cərimə məbləğinin tutulmasına dair təmin edilməyən hissəsində) ləğv edilsin, həmin hissədə iddia tələbi qismən edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixdə SDK5739140 saylı borc müqaviləsi üzrə 50 manat cərimə məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar